Məhkəmə qərarları › İş №2(103)-616/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-616/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-616/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər:sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 29.10.2021-ci il tarixdə, saat 07:40 radələrində Bakı şəhəri, X4 Kompleksinin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Hyundai Creta minik” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “Mazda CX9 minik” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə və X1 idarə etdiyi “Jeep Compass minik” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. “Hyundai Creta minik” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, “Jeep Compass minik” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4090 manat məbləğində, xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən “Mazda CX9 minik” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4752 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. Zərərin məbləği olaraq 2312.83 manat sığorta ödənişi iddiaçı "xxxx" ASC tərəfindən X1, həmçinin zərərin məbləği olaraq 2687.17 manat sığorta ödənişi X3 bank hesabına ödənilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 5000.00 manat zərər məbləğinin və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmiş, cərimə olunmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4734/24 saylı iş üzrə 04 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədədir və cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.2, 1096, 1097, 1108, 1114-cü və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6, 63.1, 63.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında Sığorta müqaviləsi 2021-ci ildə bitmiş, bu xüsusatı cavabdehin yüklədiyi sənədlər sübut edir. Məhkəmə inzibati hüquqpoma ilə bağlı tərtib olunmuş protokolun formal tərtib olunduğunu araşdırmamış, onun əhəmiyyətsiz olduğunu nəzərə almamışdır. Belə ki, sığorta müqaviləsində tərəflər arasında bağlanmış müqaviləyə əsasən bu vəziyyətdə zərərçəkmiş tərəf Cavabdeh olmalı olduğundan məhz 5000 manat Cavabdeh ödənilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və məhkəmə onun vəsatətini təmin edərək məhkəmə iclasını xx.xx.2025-ci il tarixə təxirə salmışdır. Lakin cavabdeh xx.xx.2025-ci ildə məhkəmə iclasında iştirak etməyərək yenə də iclasın təxirə salınması barədə ərizə göndərmişdir. Məhkəmə kollegiyası cavabdehin bu müraciətinin (ərizəsinin) əsassız olmaqla işi yubatmaq məqsədi daşıdığı qənaətinə gələrək onu təmin etmədi.

11. Beləliklə, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 23.1.6. Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Maddə 63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etsə də, qətnamə prosessual hüquq normalarına uyğun çıxarılmamışdır.

17. Belə ki, məhkəmə mübahisəyə sadələşdirilmiş icraat qaydasında baxmaqla Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinin tələbini pozmuşdur.

18. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

19. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddianın qiyməti beş min manatdan az olan işlərə sadələşdirilmiş qaydada baxılmasına yol vermişdir. Baxılan iş üzrə isə iddiaçının tələbi 5000 manat olmuş, 284-1-ci maddəsinin əhatə dairəsinə düşməmişdir.

20. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi MPM-in 385.1.1-ci maddəsinə əsasən, yəni prosessual hüquq normalarının pozulması əsası ilə ləğv edilməli və işə iddia icraatı qaydasında baxılmaqla yeni qətnamə çıxarılmalıdır.

21. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

22. İşdən görünür ki, iddiaçı subroqasiya hüququndan istifadə edərək cavabdehdən sığorta ödənişinin verilməsini tələb edir. İddiaçı subroqasiya hüququnun yaranması üçün əsas kimi cavabdehin yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmasını əsas gətirmişdir.

23. Cavabdeh isə yol-nəqliyyat hadisəsinin baş verməsində onun təqsirinin olmadığını, inzibati hüquqpozma ilə bağlı protokolun formal tərtib olunduğunu bildirərək iddiaya etiraz edir.

24. Halbuki, iddiaçının bu etirazı iş materialları ilə təkzib olunur. Belə ki, işdə olan DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat cərimə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.

25. İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət nəzərdə tutan normasıdır. Cavabdeh həmin qərarı mübahisələndirməmişdir. Eləcə də, iş materiallarında inzibati tənbeh qərarının formal olmasına dair də hər hansı mötəbər sübut yoxdur.

26. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

28. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

29. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. Cavabdeh subroqasiya qaydasında 5000 (beş min) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASCyə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar