Məhkəmə qərarları › İş №2(103)-6160/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6160/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6160/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2669/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 25.10.2019-cu il tarixli müqaviləyə əsasən Apple Airpods qulaqcıq üçün 480 manat ödənilməmiş hissə, 48 manat cərimə, ümumilikdə 528 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 558 manatın Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2669/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh əsas borc üzrə 480 (dörd yüz səksən) manat, cərimə borcu üzrə 48 (qırx səkkiz) manat, ümumilikdə 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında heç bir maliyyə öhdəliyinin olmaması barədə qərar qəbul edilməsini və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödədiyi 96 manat tutularaq ona qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətin onunla əsaslandırılmışdır ki, qulaqcığı 21 gün işlətdikdən sonra onda müəyyən texniki problem yaranmışdır. Bununla əlaqədar olaraq həmin mağazaya müraciət etmiş, onlar da mağazanın satdığı məhsullara texniki servis göstərən Link Serviseə yönəldiblər. Apple Airpods 2 MV7N2 modelli,SGT3Z67FULX2Y seriya nömrəli qulaqcığı təmir etmək üçün servisə təqdim etmişdir. 06 yanvar 2020-ci il tarixdə servis ona Apple airpods 2 MV7N2 modelli SGT6Z8115LX2Y seriya nömrəli, X2 məxsus köhnə qulaqcığı təqdim etmişlər. Bununla razılaşmayaraq qulaqcığı onlara təqdim etmiş və qəbul etməkdən imtina etmişdir. 18 yanvar 2020-ci il tarixində servis qulaqcığı təmir etdikdən sonra ona qaytarmış və bir müddət sonra sonra problemin aradan qalxmadığını aydınlaşdırmışdır. Bundan sonra problemi aradan qaldırmaq üçün yenidən qulaqcığı servisə təqdim etmişdir. Daha sonra servis tərəfindən ona qulaqcığı təqdim etmədiyinə görə müvafiq kredit ödənişini dayandırmışdır və bununla bağlı dəfələrlə iddiaçıya şifahi olaraq bildirmişdir ki, qulaqcığındakı texniki problem həll edilib qaytarıldıqdan sonra ödəməni davam etdirəcək. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, cavabdehin aldığı qulaqcıq birinci dəfə servisə təqdim edilərkən qulaqcığın normal olması müəyyən edilmişdir. Cavabdeh hazırda aldığı qulaqcığı dəyişdirmək istəyir ki, qulaqcıqlar gigyenik məhsul olduğu üçün bu mümkün deyil. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında 25.10.2019-cu il tarixdə bağlanmış 01003734 nömrəli müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 576 manat olan olan Apple Airpods qulaqcığı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 48 manat (ilkin ödəniş 0 manat) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 96 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Birinci instansiya məhkəməsi də Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1 və 462.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək iddia tələbinin təmin olunması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, cavabdehin aldığı məhsul 20 dekabr 2019-cu il, 06 yanvar 2020-ci il və 18 yanvar 2020-ci il tarixlərdə təmir üçün servisə təqdim edilmiş case üzərində cızıqlar, ləkələr qeydi servisə təqdim eilmişdir. Hazırki iş üzrə təqdim edilmiş zəmanət talonunda qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməmişdir. Göründüyü kimi məhsula dair tələblər əhəmiyyətli dərəcə pozulmuş və cavabdehin aldığı qulaqcıq 2 ay sonra 3 dəfə təmir üçün servisə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmasına istinad etməklə iddiaçının tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində “iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında heç bir maliyyə öhdəliyinin olmaması barədə qərar qəbul edilməsini və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödədiyi 96 manat tutularaq ona qaytarılması” barədə xahişinə münasibətdə isə qeyd edir ki, həmin xahiş öz-özlüyündə yeni iddia tələbidir və hazırki apellyasiya baxışının predmeti deyildir. Şərh olunanları nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz, belə ki, hazırki iddia tələbinin qiyməti iki min manatdan az təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2669/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası edilməsin. İddia ərizəsi, habelə apellyasiya şikayətlərii üzrə ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar