Məhkəmə qərarları › İş №2(103)-6164/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6164/2025

11.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6164/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1708/2025 nömrəli 26 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli ÖM seriyalı 179280 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 81 saylı evin 35 saylı, yaşayış sahəsi 35,0 m2 olan mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 75 inv saylı reyestr kitabında 11220 saylı səhifəsində müvafiq qeydiyyat aparılmışdır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda (yeni qaydalarla: AZ1000, ünvan 2 yerləşən, ümumi sahəsi 59,80 m2 olan mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. İddiaçının müraciətləri ilə əlaqədar olaraq müxtəlif instansiyaların müraciət sahibinə ünvanladıqları məktublardan (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-35-1/2-Ş-21xx-xx-2204/2024 saylı; Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2024-cü il tarixli 5-15/2-9Ş-25/2-075/2/2024 saylı) görünür ki, Nəsimi rayonu Nizami küçəsi ev 81 ünvanda yerləşən yaşayış binasının ümumi istifadədə olan dəhlizinin bir hissəsinin Cavabdeh tərəfindən öz mənzilinə əlavə edərək zəbt olunması müşahidə edilmişdir. Lakin, dəhlizin bir hissəsinin zəbt olunması bir müddət öncə baş verdiyi üçün İcra Hakimiyyəti iddiaçıya qaldırılan məsələnin hüquqi müstəvidə həll edilməsini tövisyə etmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 81, 35 saylı mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 81/13, 36-37 saylı mənzillərə dair bütün texniki sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğuya uyğun olaraq müvafiq sənədlərin təsdiq edilmiş surətləri (16 vərəq) təqdim edilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 81, 35 saylı mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 81/13, 36-37 saylı mənzillərə dair sənədlərin təsdiqlənmiş surətlərinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaklara dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri (23 vərəq) təqdim edilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 81, 35 saylı mənzilə və Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 81/13, 36-37 saylı mənzilə dair texniki pasportların təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 81, 35 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 81/13, 36-37 saylı mənzilə dair texniki pasportların təsdiq edilmiş surətləri (15 vərəq) təqdim edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2025-ci il tarixli 10/3823 saylı ekspert rəyindən göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 81/13 ünvanda yerləşən 36-37 saylı mənzilin qapısı mənzilin daxilinə tərəf açıldığına görə qapılar açılıb – bağlanan zaman bir-birinə toxunmur. ünvan 3 ünvanda aparılan təmir işləri ilə bağlı ünvan 4 ünvanında mənzilə giriş-çıxışı məhdudlaşdırılıb məhdudlaşdırılmadığının müəyyən edilməsi məsələsi hüquqi xarakterli olduğundan, eləcə də, xüsusi bilik tələb etmədiyindən sual üzrə tədqiqat aparılmamışdır. ünvan 3 ünvanda quraşdırılmış qapı və inşa edilmiş divar, mülki iş materiallarında olan ünvan 3 ünvanına dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli texniki pasportda öz əksini tapmadığından, həmin qapının quraşdırılmasına və divarın inşa olunmasına dair müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər mülki iş materiallarında olmadığından, həmin qapının və divarın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla) «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz (özbaşına) tikintisinin sökülməsi; Cavabdeh hesabına zəbt edilmiş dəhlizin əvvəlki vəziyyətinə qaytarılması; iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlışdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş 179280 №-li Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 4 ünvandakı mənzil İddiaçı Şamil qızının mülkiyyətindədir. İddiaçı Şamil qızı bildirir ki, binaya giriş etdikdən sonra dəhlizə, dəhlizdən sonra mənzillərə daxil olmaq olur. 2023-cü ilin noyabr ayında Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 91-də mənzil 36 və mənzil 37-ni almışdır. Cavabdeh mənzilləri aldıqdan dərhal sonra təmir işlərinə başlamışdır. Təmir işləri isə özündə dəhlizin zəbt olunması, təmiri aparan ustalar vasitəsi ilə psixoloji təzyiq, dəhlizin girişinin qanunsuz olaraq dəyişdirilməsi, iddiaçının mənzilinin qarşısının zirzəmiyə çevrilməsi ilə davam etmişdir. İddiaçı öz qanuni evində uzun müddət yaşaya bilməmiş və aylarla kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Foto şəkilləri müqayisəli təhlil etdikdə də görünür ki, əvvəl dəhliz mövcud olmuş, daha sonra isə zəbt olunmuşdur. Hazırda mənzillərin qarşısında yerləşən təxmini olaraq 35 kvadratmetrlik dəhliz hissəsi qanunsuz olaraq zəbt edilmişdir. Hal-hazırda İddiaçı Şamil qızının mülkiyyət hüquqları pozulmuşdur və yeni qapının onun qapısına bitişik qoyulması mənzilə giriş-çıxışını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 7 noyabr 2024cü il tarixli 3-35-1/2-Ş-21xx-xx-2204/2024 №-li cavab məktubuna əasən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən yerində baxış zamanı Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 81 ünvanda yerləşən yaşayış binasının ümumi istifadədə olan dəhlizin bir hissəsinin Cavabdeh tərəfindən bir müddət öncə zəbt edilərək öz mənzilinə əlavə edildiyi müşahidə edilmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin 19 noyabr 2024-cü il tarixli məktubuna əsasən Nəsimi rayonu Nizami küçəsi ev 81 ünvanda yerləşən yaşayış binasının ümumi istifadədə olan dəhlizinin bir hissəsinin Cavabdeh tərəfindən bir müddət öncə zəbt edilərək öz mənzilinə əlavə edildiyi öz əksini tapmışdır. Cavabdeh hərəkətləri İddiaçı Şamil qızının mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Yanğın Təhlükəsizliyi Qaydalarına əsasən, binaların yanğın təhlükəsizliyi təmin edilməli və yanğın çıxışlarının maneəsiz olması təmin edilməlidir. Bu qaydaların pozulması insan həyatına və əmlaka ciddi təhlükə yaradır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Yanğın Təhlükəsizliyi Qaydalarına əsasən, dəhlizlərin və yanğın çıxışlarının hər zaman açıq və maneəsiz olması vacibdir. Bu tələblər pozulduqda, yanğın zamanı insanların təxliyəsi üçün ciddi təhlükə yaranır. Qanunsuz zəbt nəticəsində yaranan maneələr yanğın təhlükəsizliyini ciddi şəkildə pozur və bu səbəbdən dəhlizin əvvəlki vəziyyətinə qaytarılması zəruridir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1708/2025 nömrəli 26 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 5 ünvanda inşa edilən özbaşına tikilinin sökülməsi, Cavabdeh hesabına ünvan 5 ünvandakı dəhlizin əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim X3)

11. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, təqdim edilmiş sübutlardan, eləcə də, ekspert rəyindən göründüyü kimi, mübahisə predmeti olan dəhliz sakinlərin ümumi istifadəsində olmaqla, iddiaçı həmin dəhlizdən istifadə edir. Lakin cavabdeh tərəfindən aparılmış özbaşına tikinti-təmir işləri nəticəsində dəhlizin bir hissəsi ümumi istifadədən kənarlaşdırılaraq, cavabdehin mənzilinə qatılmışdır. Bu isə, binanın ilkin konstruktiv-memari həllini pozmaqla yanaşı, iddiaçının öz mənzilindən istifadə hüquqlarını məhdudlaşdırır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci, 218.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-cu, 35-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə həm ekspert rəyini təhrif etmiş, həm də iddiaçının subyektiv hüququnun olmadığı halda, iddia tələbindən kənara çıxmaqla qyri-obyektiv qərar qəbul etmişdir. İddiaçı binanın dəhlizinin cavabdeh tərəfindən deyil, 38 saylı mənzilin sahibi, yəni digər qonşu tərəfindən zəbt edildiyini bildiyi halda, iddia tələbini bilərəkdən cavabdehə qarşı qaldırmışdı. 38 saylı mənzilin sahibi binanın pilləkən qəfəsələri üzərinə əşyalar yığmaqla bütün binanın təxliyə çıxışını bağlamışdı. Binanın təxliyə çıxışının 38 saylı mənzilin məhdudlaşdırılması ekspert tərəfindən mənzilə baxış keçirilən zaman müşahidə olunmuşdur. Lakin bu haqda məhkmə tərəfindən ekspert qarşısında sual qoyulsada ekspert öz rəyində bu suala cavab verməkdən yayınaraq göstərmişdir ki, ünvan 6 ünvanında mənzilə giriş-çıxışı məhdudlaşdırlıbməhdudlaşdırılmadığının müəəyyən edilməsi məsələsi hüquqi xarakterli olduğundan, eləcə də xüsusi bilik tələb etmədiyindən sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə obyektiv araşdırma aparmadığı üçün nəticədə binanın dəhlizinin kim tərəfindən zəbt edilməsinə düzgün hüquqi qiymət verməmişdir. Halbuki, həm cavabdehin, həm iddiaçının mənzilin qapısı əvvəllər çölə tərəf açıldığı üçün bir-birinə dəydiyindən, narahatçılıq yaratmışdır. Busəbəbdən cavabdeh öz mənzilinin qapısının yerini bir qədər dəyişməklə, açılış istiqamətini mənzilin içərisinə doğru quraşdırmışdır. Cavabdeh mənzilini təmir edərkən həmin vaxt iddiaçı yaxın qonşu kimi cavabdehə özü təklif etmişdir ki, mənzilin qapısının yerini dəyişsin və açlış istiqamətini də içəriyə doğru quraşdırsın. Cavabdeh iddiaçının təklifini nəzərə alaraq, 2023-cü ildə öz mənzilini əsaslı təmir edərkən bu addımı atmış və iddiaçı buna etiraz etməmişdir. 2025- ci ilə qədər iddiaçı ilə cavabdeh arasında qonşuluq münasibətlərində heç bir narazılıq yaşanmamşdır. Lakin 2025-ci ildə iddiaçı dəhlizin yenidən təmirdən çıxmış divarına mismarlar vuraraq, məişət tullantılarını divardan asmışdır. Cavabdeh tərəfindən məişət tullantılarının dəhlizin divarından asılmasına, xoşagəlməz üfünət iyinin mənzilə dolmasına görə iddiaçıya bir dəhlizin divarından asılmasına, xoşagəlməz üfünət iyinin mənzilə dolmasına görə iddiaçıya bir neçə dəfə irad bildirmişdi. Bundan sonra tərəflər aralarında narazılıq yaranmışdır. İki il ərzində iddiaçı hazırkı tələblə bağlı cavabdehə qarşı heç bir iddia irəli sürməmişdir. Lakin iddaçı şəxsi münasibətlər zəminində qərəzli olaraq cavabdehə qarşıməhkəmədə iddia qaldırmışdı. Halbuki, onun heç bir maraqlarına toxunulmamış, belə tələblə bağlı subyektiv hüququ olmamışdı. Baxmayaraq ki, məhkəmə iş üzrə maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini prosesə cəlb etsə də, bu günədək maraqlı şəxs tərəfindən də cavabdehə qarşı heç bir iddia tələbi irəli sürülməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ekspert rəyini bütövlükdə qiymətləndirmiş, ondan çıxan hüquqi nəticəni – dəhliz sahəsinin bir hissəsinin mənzilə qatılmasının qanunsuzluğunu əsas götürmüşdür ki, bu da tam doğrudur. Apellyasiya şikayətində MPM-in 9.3, 88, 106 və digər maddələrinin pozulması barədə ümumi xarakterli istinadlar edilmiş, lakin iş üzrə konkret olaraq hansı prosessual hərəkətin, hansı mərhələdə və necə pozulduğu, bunun işin nəticəsinə hansı real təsiri olduğu göstərilməmişdir. Məhkəmənin qətnaməsi tərəflərin izahatlarına, aidiyyəti dövlət orqanlarından alınan rəsmi məktublara (BŞ Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, MənzilKommunal Təsərrüfatı Departamenti), ekspert rəyinə və fotoşəkillərə əsaslanmaqla qəbul edilmişdir. Apellyasiya şikayətində bu sübutların mövcudluğu inkar edilmir, yalnız onların hüquqi qiyməti ilə razılaşılmır. Bu isə artıq sübutların fərqli şərhi deməkdir və prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Cavabdeh hər hansı icazə almadan ümumi dəhliz sahəsinin bir hissəsini mənzilinə qatmış, binanın memarlıq-konstruktiv həllini və yanğın-təhlükəsizlik tələblərini pozmuş, iddiaçının mənzilə giriş-çıxışını, ümumi sahədən istifadə imkanlarını məhdudlaşdırmışdır. Bu baxımdan Nəsimi Rayon Məhkəməsinin qətnaməsi həm qanunvericiliyə, həm Konstitusiyada təsbit olunmuş mülkiyyət və məhkəməyə müraciət hüququna, həm də formalaşmış məhkəmə təcrübəsinə tam uyğundur. Yuxarıda göstərilən faktiki hallar və hüquqi əsaslar nəzərə alınmaqla Cavabdeh Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1708/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin rədd edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1708/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

d) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında cavabdeh, onun nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişlər.

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir;

20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Cavabdeh tərəfindən qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə birinci instansiya məhkəməsinin mövqeyini, o cümlədən tətbiq edilmiş maddi hüquq normalarını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməyərək, öz mövqeyini düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

26. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığını müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə tələbin hüquqi əsası və işin faktiki halları araşdırmalıdır.

27. Belə ki, işin faktiki hallarına əsasən ünvan 7 ünvanda (yeni qaydalarla: AZ1000, ünvan 2 yerləşən, ümumi sahəsi 59,80 m2 olan mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 81 saylı evin 35 saylı, yaşayış sahəsi 35,0 m2 olan mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 75 inv saylı reyestr kitabında 11220 saylı səhifəsində müvafiq qeydiyyat aparılmışdır. Hər iki tərəf qonşudurlar və baxılan mübahisə əvvəl mövcud olmuş dəhlizin cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlıdır. Belə ki, hazırda mənzillərin qarşısında yerləşən təxmini olaraq 3.4 kv.m dəhliz hissəsinin qanunsuz olaraq Cavabdeh tərəfindən zəbt edilməklə öz mənzilinə birləşdirilməsi İddiaçı Şamil qızının mülkiyyət hüquqlarnın pozulmasına və yeni qapının onun qapısına bitişik qoyulmaqla mənzilə girişçıxışını məhdudlaşdırmasına istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Başqa sözlə cavabdeh tərəfindən aparılmış tikinti işi onun mülkiyyət hüququnu pozmaqla ona ziyan vurur.

28. Göründüyü kimi, tərəflər arasında mübahisə mənzillərin qarşısında yerləşən təxmini olaraq 3.4 kv.m dəhliz hissəsinin cavabdehin öz mənzilinə birləşdirilməsi ilə bağlıdır. Bu səbəbdən apellyasiya icraatı zamanı keçirilmiş yerli müayinə zamanı (fotoşəkillər var), müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin mənzillərin giriş qapıları bir-birinə perpendikulyar yerləşir. Cavabdehin qapısı mənzilinin daxilinə, iddiaçının qapısı isə dəhlizə açılır. Cavabdehin qapısı faktiki olaraq işəri açıldığından həmin qapı açılarkən iddiaçıya heç bir maneə yaratmır. İddiaçı qapısını sərbəst açır və hətta qapı açılarkın cavabdehi mənzilinin qarşısına açılır. O cümlədəm yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının mənzilin daha öndə yerləşdiriyindən onun mənzilinə giriş çıxışda hər hansı maneə olmamaqla yanaşı, hər hansı bir əşyanın gətirilməsi və ya evdən çıxarılması zamanı da hər hansı maneə ilə rastlaşmayacaqdır. Cavabdeh tərəf sanitar qovşağa gedişini təmin etmək məqsədilə binanın dəhlizindən ümumilikdə az hissəini sahəni evinin dəhlizinə əlavə etmişdir.

29. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, 36-37 saylı mənzilin mülkiyyətçisi Cavabdeh 3.4 kv.m dəhliz hissəsini öz mənzil sahəsinə birləşdirərək divar inşa etmiş və qapı quraşdırmışdır. Birinci instansiya məhkəməsi zamanı əldə edilmiş ekspert rəyi ilə də quraşdırılan həmin qapının iddiaçının mülkiyyətində olan 35 saylı mənzilə zərər vurması, onun mənzilindən giriş-çıxışına mane yaratması müəyyən edilməmişdir. Eyni zamanda sonradan inşa edilən qapının cavabdehin mənzilinin daxilinə açıldığı, iddiaçının qapısının isə dəhlizə, yəni cavabdehin qapısının qarşısına açıldığı müəyyən edilmişdir. Hazırkı vəziyyətdə inşa edimiş qapının iddiaçının hər hansı bir mülkiyyət hüququnu pozmadığı, onun öz yaşayış sahəsindən sərbəst şəkildə istifadə etdiyi, eyni zamanda gedişgəlişi məhdudlaşdırmadığı görünür.

30. Belə olan halda kollegiya qeyd edir ki, cavabdeh tərəfindən inşa edilən qapı iddiaçının hər hansı bir hüququnu pozmur, onun mülkiyyətindən istifadə edilməsinə hər hansı bir formada maneə yaratmır, yəni cavabdeh tərəfindən hüquqdan sui-istifadə hallarına yol verilməmişdir. Başqa sözlə, iddiaçının öz mənzilindən istifadə hüquqları məhdudlaşdırılmayıb, dəhlizdən keçməklə sərbəst şəkildə öz mənzilinə girib çıxa bilir. Yerində müayinə zamanı çəkilmiş foto şəkillərdən isə göründüyü kimi sonradan işa edilmiş qapının açılış hissəsinin cavabdehin mənzilinin içərisinə doğru quraşdırılması belə tərəflərə məxsus mənzillərin qapılarının açılması zamanı bir-birinə toxunması halını da istisna edir.

31. Bundan əlavə kollegiya qeyd edir ki, tərəflərin verdikləri izahatlardan aydın olur ki, Cavabdeh 3.4 kv.m dəhliz hissəsini öz mənzil sahəsinə birləşdirərək divar inşa edərkən iddiaçı buna etiraz etməmiş və hətta qapının quraşdırılmasına şərait belə yaratmışdır. Həmin tikinti işi isə xeyli əvvəl inşa edilmiş, əsaslı təmir işləri aparmış və xeyli vəsait sərf etmişdir. İddiaçının buna hər hansı etirazının olmaması, təmirin gedişatı zamanı bununla bağlı hər hansı müraciətinin olmaması ilə də öz təsdiqini tapır. Daha sonra bütün tikintitəmir işləri başa çatdıqdan sonra bununla bağlı məhkəməyə müraciəti iddiaçının cavabdehə münasibətdə güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi fonunda baş vermişdir ki, kollegiya bunu hüquqdan sui-istifadə hesab edir.

32. Kollegiya qeyd edir ki, iddia tələbinin əsası cavabdeh tərəfindən aparılmış təmir işlərinin onun mülkiyyətindən istifadə hüquqlarının pozulmasına söykənir. Hazırda isə məhkəmə araşdırması zamanı cavabdehin apardığı təmir tikinti işlərinin iddiaçıya hər hansı formada ziyan vurmaması, həmçinin aparılmış təmir işlərinin onun hər hansı bir hüququnu pozmadığı müəyyən edilmişdir. Belə olan halda isə məhz iddia tələbinin əsasını təşkil edən hallar təsdiqini tapmadığından iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən işin göstərilən halları dəqiq müəyyənləşdirilməməklə araşdırılmamış, qeyd edilən xüsusatlar digər hallarla birlikdə məcmu qaydada qiymət verilməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir.

34. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1708/2025 nömrəli 26 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi təmin edilməməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1708/2025 nömrəli 26 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar