Məhkəmə qərarları › İş №2(103)-6169/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6169/2021

17.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6169/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx” BOKT MMC-nə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” BOKT MMC-yə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «iddianın təmini tədbiri» barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə mübahisəsi həll edilənədək icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(006)-3681/2021 saylı qərardadı ilə İddiaçı «iddianın təmini tədbiri»nə dair ərizəsi təmin edilməmişdir. İddiaçı Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(006)-3681/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh “xxxx” BOKT MMC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki-Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İş materiallarından görünür ki, hazırkı ərizənin araşdırılması zamanı qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(060)-3953/2018 saylı qətnaməsi mövcuddur və həmin məhkəmə aktl hal-hazırda icra mərhələsindədir. Bu halın mövcudluğu ona dəlalət edir ki, bir məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrasını başqa bir məhkəmə tələbinə dair iş üzrə məhkəmə qərarı ilə dayandırılması uyğunsuzluq təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianı təmin etmə tədbirinə dair ərizənin təmin edilməsi qanuni qüvvəsini almış məhkəmə qərarının icrasına maneə yaradacağından onun təmin edilməsi əsassız olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018ci il tarixli qərarında qeyd edilir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə 26 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar