Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6169/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3699/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən Cavabdeh məxsus “Mercedes Benz 200” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı tərəfindən sığortalanmışdır.
2. Cavabdeh idarə etdiyi “Mercedes Benz 200” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Novxanı-Binəqədi yolunda törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində piyada X6 az ağır dərəcəli xəsarət almışdır.
3. "xxxx" ASC tərəfindən X4 qanuni nümayəndəsi Baxışova Firəngiz Səfər qızına 1500 manat məbləğində sığorta ödənişi edilmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 1(012)-309/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh AR CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, zərərçəkmişlə barışıq əldə etdiyi üçün ona AR CM-in 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və həmin epizod üzrə icraata xitam verilmiş, Cavabdeh əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb AR İXM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surətinin aidiyyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilməsi hökm edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – cavabdeh X2 1500 manat məbləğində vurulmuş zərər və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 1535 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz 200” markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək “Xalq Sığorta" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-cİ il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2020 ci ildə Cavabdeh idarə etdiyi “Mercedes Benz 200” markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Novxan-Binəqədi yolunun Binəqədi qəsəbəsi istiqamətində piyada X5 vuraraq həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərərvurmaya aid olan xəsarətlər yetirməklə, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-309/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 264cü maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüququ şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10Ə nömrəli ekspert rəyinə əsasən X4 aldığı xəsarətlərin dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun14.2.4-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət aldıqda- 30 faizi nisbətində ödənilir (5000 manat bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə x 30% = 1500 manat). İddiaçı xx.xx.2021-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs X4 anası Baxışova Firəngiz Səfər qızına sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir.
7. İddiaçı "xxxx" ASC sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində vurulmuş zərər və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 1535 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3699/2022 saylı qətnaməsi ilə (hakim L.Rəhimli) iddia rədd edilmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmir. Həmçinin, Cavabdeh tərəfindən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törədilməsi də iş materialları ilə sübuta yetirilmir.
10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh əməlində inzibati xəta tərkibinin olması, onun tərəfindən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törədilməsi iş materialları ilə sübuta yetirilmədiyindən, iddia əsassızıdır və təmin edilməməlidir.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı inzibati xətalara dair protokolun tərtib edilməsi barədə hər hansı sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Odur ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 24 iyun 2022-ci il, e-2(011)-3699/2022 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına və apellyasiya şikayətinin verilməsinə görə 17,50 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-309/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə cavadeh Cavabdeh Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə həmçinin Mülki Prossesual Məscəlləsinin 82.4-cü maddəsinin tələblərini bir kənara qoyaraq sadəcə “...Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı inzibati xətalara dair protokolun tərtib edilməsi barədə hər hansı sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır.. kimi “əsaslandrma” verməklə, məhkəmə kimi üzərinə düşən vəzifəni, yəni iddiaçının sübutlarını nə üçün qəbul etmədiyinə dair dəlliləri göstərməməklə, MPM-nin 220-ci maddəsində göstərilmiş vəzifəni yerinə yetirməkdən özünü kənarlaşdırmışdır. Qeyd olunanlardan göründüyü kimi Xətai Rayon Məhkəməsinin yanaşması tamamilə qeyri-obyektiv yanaşmadır, ədalətli məhkəmə araşdırması və iş üzrə məhkəmə baxışının prinsipləri ilə ziddiyyət təşkil edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
23. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;
24. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;
25. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər;
26. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır;
27. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
28. 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
29. Maddə 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
30. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakı əsaslarla razılaşmır.
34. İşin mübahisəsiz hallarından görünür ki, sığortalı Cavabdeh idarə etdiyi avtomobillə xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmiş, bu hadisə nəticəsində piyada X6 az ağır dərəcəli xəsarət almışdır. Abşeron rayon məhkəməsinin hökmü ilə sığortalı Cavabdeh cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinmiş və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxslə barışıq əldə etdiyi üçün həmin Məcəllənin 263-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və bu hissədə cinayət təqibinə xitam verilmişdir.
35. Abşeron rayon məhkəməsinin qeyd edilən hökmündən göründüyü kimi, təqsirləndirilən şəxs Cavabdeh Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmiş, onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir.
36. Bu isə onu deməyə əsas verir ki, sığortalı Cavabdeh baş vermiş sığorta hadisəsində təqsirli olması mübahisəsizdir və onun əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün qərarın rayon prokurorluğuna göndərilməsi, habelə onun barəsində sonradan inzibati xəta haqqında qərar qəbul edilib-edilməməsi hadisənin Cavabdeh təqsirli hərəkəti nəticəsində baş verməsini və bu əməlin hüquqa zidd olmasını aradan qaldırmır.
37. Məhz bu səbəbdəndir ki, Cavabdeh hadisə yerindən qaçmağa görə cinayət məsuliyyətinə cəlb edilmiş və AR CM-nin 264-cü maddəsi ilə məhkum edilmişdir.
38. CM-nin həmin maddəsinin dispozisiya şərtinə görə, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması qeyd edilən cinayət məsuliyyətinə səbəb olur.
39. Başqa sözlə, şəxsin CM-nin 264-cü maddəsi ilə məsuliyyəti yalnız o halda yaranır ki, şəxs həmin Məcəllənin 263 və ya 263-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş olsun.
40. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, iş materialları ilə xx.xx.2020-ci il tarixdə zərərçəkənin az ağır xəsarət alması ilə nəticələnmiş sığorta hadisəsi sığortalı Cavabdehun təqsirli hərəkətləri nəticəsində baş verməsi və onun hadisə yerindən yayınması öz təsdiqini tapır.
41. Bununla da, sığorta ödənişini etmiş sığortaçının “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən subroqasiya hüququ yaranmış olur.
42. Qeyd edilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, bununla da mübahisənin həlli ilə bağlı səhv nəticəyə gəlmişdir.
43. Ona görə də, kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
44. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
45. Hazırkı iddianın qiyməti 5000 manatdan az olduğundan, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən kassasiya şikayəti verilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3699/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Ödənilmiş zərərin əvəzi qismində 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün 35 manat və apellyasiya şikayətinin verilməsi üçün 17.50 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.