Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6170/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2236/2023 nömrəli, 02 avqust 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Musabəyov küçəsi ev 2 mənzil 9 ünvanı üzrə hal-hazırda faktiki olaraq abonent istifadəsi İddiaçı məxsusdur. Həmin ünvana aid **********00009 saylı abonent hesabına xx.xx.2020-ci il tarixdə 885,60 manat məbləğində, 2020-ci ilin mart ayında 295,20 manat, 2020-ci ilin aprel ayında 157,40 manat məbləğində cərimə yazılmışdır. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 885,60 manat məbləğində borc hesablanmışdır. Daha sonra xx.xx.2020-ci il tarixində həmin ünvana sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən abonent hesabına 2020-ci ilin mart ayında 295,20 manat, 2020-ci ilin aprel ayında 157,40 manat məbləğində cərimə yazılmışdır. 2020-ci ilin mart ayının aktında 295,20 manat, aprel ayının aktında isə 157,40 manat hesablanmış və həmin məbləğdə borcun hesablanmasına əsas olan hallar tamamilə qanunsuz və əsassız olmuşdur. İddiaçı hesab edir ki, 1 aya (mart) görə 295,20 manat və aprel ayının 17 günü üçün 157,40 manat əlavə sərfiyyat hesablanması əsassız və qanunsuzdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Musabəyov küçəsi ev 2 mənzil 9 ünvanına əsassız hesablanmış 1338,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2236/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddianın qismən təmin edilməsi, İddiaçı məxsus ünvana (ünvan 1 (abonent kodu **********00009) hesablanmış 1101,95 manat məbləğində borcun silinməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 31,02 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20, 21.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8, 5.2, 6.5, 6.6, 6.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2, 76.1, 76.2, 77.1, 124.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyimiz sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçılmazdır. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. Hakim iddianı nəyə görə təmin etdiyini tam və sübutlarla əsaslandırmadığına görə işə yenidən baxılaraq, iddia təmin edilməməlidir. Məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə əsaslanır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
9. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
10. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
11. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun
12. 11.6-cı maddəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir.
13. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
14. 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
15. 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
17. Maddə 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir:
18. 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...və.s
19. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
20. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
21. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
22. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
23. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
24. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
25. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
26. 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
27. 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”:
28. 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir.
29. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2236/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Belə ki, iş materiallarına əlavə edilmiş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ və dəmir sobadır.
40. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 8856 m3 həcmində dəymiş ziyan hesablanmışdır.
41. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ və dəmir sobadır.
42. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2952 m3 həcmində dəymiş ziyan hesablanmışdır.
43. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ və dəmir sobadır.
44. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 1574 m3 həcmində dəymiş ziyan hesablanmışdır.
45. İddiaçı adına olan **********00009 kodlu abonent saldosundan görünür ki, həmin abonent hesabına akt əsasında 2020-ci ilin fevral ayında 885,60 manat, 2020-ci ilin mart ayında 295,20 manat, 2020-ci ilin aprel ayında 157,40 manat məbləğində borc yazılmışdır.
46. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Musabəyov küçəsi ev 2 mənzil 9 ünvanına Natek Enerji G-4 Mexanika tipli 40015816 saylı sayğac quraşdırılmışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır.
48. İş materiallarını araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilmişdir. Belə ki, iddiaçı tərəfindən də etiraf olunan hala görə o, 2020-ci ilin fevral ayından başlayaraq qaz sayğacı quraşdırılan tarixədək təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən tərtib edilmiş hər üç akt qismən əsaslı hesab edilməlidir. İddiaçı fevral, mart və aprel aylarında təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etsə də, cavabdeh tərəfindən dəymiş ziyanın məbləği orta sərfiyyat nəzərə alınmadan xeyli yuxarı məbləğdə hesablanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən növbəti illərin müvafiq aylarında qazın sərfi əsas götürülməli, həmçinin həmin dövrdə təbii qazın hər m3 üçün mövcud olmuş 0.10 manat qiyməti ilə hesablanmaqla orta göstərici nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan aydın olur ki, İddiaçı tərəfindən təbii qazdan 2021-ci ilin fevral ayında 877 m3 (877x0.10=87.7 manat), 2022-ci ilin eyni ayında 1204 m3 (1204x0.10=120.4 manat), 2023-cü ilin həmin ayında 1140 m3 (1140x0.10= 114 manat) sərfiyyat, 2021-ci ilin mart ayında 1050 m3 (1050x0.10=105 manat), 2022-ci ilin eyni ayında 1204 m3 (1204x0.10=120.4 manat), 2023-cü ilin həmin ayında 816 m3 (816x0.10= 81.6 manat) sərfiyyat, 2021-ci ilin aprel ayında 576 m3 (576x0.10=57.6:2=28.8 manat), 2022-ci ilin eyni ayında 490 m3 (490x0.10=49:2=24.5 manat) sərfiyyat olmuşdur.
49. Beləliklə də təbii qaza görə məbləğ digər illərdəki eyni dövr üçün sərfiyyatı nəzərə almaqla, 2020-ci ilin fevral ayı üçün 107,3 manat (87,7 (2021-ci ilin fevral ayının sərfiyyatı)+120,4(2022-ci ilin fevral ayının sərfiyyatı)+114(2023-cü ilin fevral ayının sərfiyyatı)=322:3=107,3), 2020-ci ilin mart ayı üçün 102,3 manat (105(2021-ci ilin mart ayının sərfiyyatı)+120,4(2022-ci ilin mart ayının sərfiyyatı)+81,6(2023-cü ilin mart ayının sərfiyyatı)=307:3=102,3), 2020-ci ilin aprel ayının yarısı üçün 26,65 manat (28,8(2021-ci ilin aprel ayının yarısı üçün sərfiyyat)+24.5(2022-ci ilin aprel ayının yarısı üçün sərfiyyat)=53,3:2=26,65) olmaqla, cəmi 236,25 manat hesab edilməlidir. Bu səbəbdən, iddiaçının abonent hesabına aktlar üzrə yazılmış cəmi 1338,20 manat məbləğin 1101,95 manatı abonent hesabından silinməli, 236,25 manat isə saxlanmalıdır
50. Qeyd edilənlərə əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvana (ünvan 1 (abonent kodu **********00009) hesablanmış 1101,95 manat məbləğində borc silinməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 31,02 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir.
51. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar təbii qazdan istifadə halını etiraf etmiş, birinci instansiya məhkəməsi tərəfindən doğru olaraq təbii qaza görə məbləğ digər illərdəki eyni dövr üçün sərfiyyatı nəzərə alınmaqla hesablanmışdır.
52. Kollegiya həmçinin qeyd edir ki, istehlakçının təbii qazdan istifadənin ödənilməsindən yayınmasının səbəblərinin araşdırılması ilə bağlı cavabdehin tələbi iddianın təmin olunmamasının mahiyyətinə təsir göstərən amil deyildir. Aydındır ki, iddiaçı qazdan istifadəyə görə ödənişin edilməsindən yayınmaqla haqsız qazanc əldə etmək niyyətində olmuş, bu hal aşkar edildikdə isə vurulmuş zərərə uyğun hesablama birinci instansiya məhkəməsi tərəfindən aparılmışdır.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
55. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
57. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2236/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.