Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-618/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, İddiaçı Rafiq qızının cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (üçüncü şəxs “xxxxxxxxx” ASC) müqavilə öhdəliklərinin icra edilməsi və vurulmuş zərərin ödənilməsi tələblərinə dair 2(006)-3908/2019 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Rafiq qızı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – cavabdeh və ya Fond) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş zərərin əvəzi olaraq 13400 ABŞ dolları pulun və hər gecikdirilmiş gün üçün illik uçot fazi dərəcəsi 5 % nəzərə alınmaqla gecikdirilmiş 3 il üçün 2010 ABŞ dolları əldən çıxmış faydanın əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 13400 ABŞ dolları vurulmuş zərərin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının izahatına əsaslanaraq iddianı təmin edib. İddiaçı tərəfindən yerləşdirilmiş əmanət cəlb edildiyi vaxt qorunan əmanət olsa da, X2 xx.xx.2016-cı il tarixli qərarına uyğun olaraq, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən yuxarı olduğuna görə həmin qərarın qüvvəyə mindiyi andan etibarən qorunmayan əmanət statusunda olub. Bundan başqa, xx.xx.2016-cı il tarixində müddət bitən müqavilənin 5.2-ci maddəsinə əsasən, Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla 1 il müddətinə uzadılmışdır. Lakin iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin xarici əmanətlər üzrə müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmayıb. Habelə, iddiaçının tələbi kreditor tələbi kimi qeydə alınıb. Ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. Apellyasiya baxışı zamanı “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Bank) iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmişdir. İşdə olan sənədlər müəyyən edilir ki, iddiaçı ilə iddiaçı ilə Bank arasında bağlanmış xx xxxx 2015-ci il tarixli Bank əmanəti (“Göy Əmanət”) müqaviləsinə əsasən əmanətçi 13000 ABŞ dolları pulu illik 8,75 faiz dərəcəsi ilə 12 ay müddətinə depozitə qoymuşdur. Müqaviləyə əsasən Bank xx.xx.2007-ci il tarixindən Fondun iştirakçısı olaraq Fonda sığorta haqqı ödəyir. Bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. Bankın məcburi ləğvi və ya müflis elan olunması sığorta hadisəsidir (bənd 6.1-6.3). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) əsasən banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər (maddə 950.1). «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir (2.1.3). Kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir (maddə 2.1.11). Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir (26.1). X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə X1 Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarı ilə "xxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 1992-ci il 23 fevral tarixli lisenziya ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 27 dekabr tarixli qərarı ilə "xxxxxxxxxx" ASC müflis elan edilmiş və Fond Banka ləğvedici təyin edilmişdir. Baxılan iş üzrə iddiaçı ilə "xxxxxxxxx" ASC arasında xx.xx.2015-ci ildə Bank əmanəti (“Göy Əmanət”) müqaviləsi bağlanmış, əmanətçi əmanət məbləğini Banka illik 8,75% ödənilməsi şərti ilə yerləşdirmiş, depozit yerləşdirilərkən tərəflərin razılaşdıqları illik faiz dərəcəsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsində müəyyən edilmiş həddən yuxarı olmadığı üçün həmin əmanət qorunan əmanət olmuşdur. xx.xx.2016-cı il tarixdə tərəflər arasında bağlanmış əmanət müqaviləsinin müddəti bitmişdir. Müqavilənin 5.2-ci maddəsinə müvafiq olaraq həmin müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Əmanət müqaviləsi bitdikdən sonra iddiaçının əmanəti geri götürmədiyi işin mübahisəsiz halıdır. Bu baxımdan tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin əqd eyni şərtlərlə uzadılmış hesab edilir. Həmçinin iş materiallarında həmin günə bankda qüvvədə olan faiz dərəcəsinin fərqli olduğu barədə heç bir məlumat (sübut) olmadığı üçün müqavilənin istinad olunan şərtinə əsasən əmanətin faiz bəndi də eyni şərtlərlə (8,75 %) uzadılmışdır. xx.xx.2016-cı il tarixdə isə istinad olunan faiz X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən (xarici valyutalar üçün 3 %) çox olduğundan iddiaçının əmanəti tam sığortalı əmanətlərə aid edilə bilməz. Buna baxmayaraq “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvəyə minməsi ilə “Əmanətlərin sığortalanması haqqında” Qanun qüvvədən düşmədiyi üçün, sonuncu qanunun qüvvədə olduğu dövrdə bağlanmış, o cümlədən sonradan uzadılmış əmanət müqavilələri qismən sığortalı (30000 manat həddinədək) əmanət statusunu itirməmişdir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən əmanətin sığortalanmış əmanət hesab olunması üçün onun faiz dərəcəsinin cəlb edildiyi günə X2 müəyyən etdiyi həddi aşmayan illik faiz dərəcəsi ilə qəbul edilməsidir. Göründüyü kimi qanun əmanətin qismən sığortalı əmanət hesab olunmasını onun cəlb edildiyi günə müəyyən edilmiş faiz dərəcəsindən asılı etmişdir. Bu baxımdan iddiaçı qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə əsasən bağlanmış və qismən sığortalı olan əmanət müqaviləsi üzrə istinad olunan həddi aşmayan kompensasiya məbləğini Fonddan tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində işin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Nəzərə alınmalıdır ki, baxılan iş üzrə cavabdeh olan Fond, həmçinin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Bankın ləğvedicisidir. Apellyasiya baxışı zamanı cavabdeh və üçüncü şəxs səbəbləri barədə məlumat vermədən məhkəmə iclasında təmsil olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, iddiaçının mübahisəli əmanət üzrə tələbinin ləğv prosesində qeydə alınması onun hazırkı iddianı qaldırmasını və həmin tələbə baxılmasını istisna edən hal kimi qəbul edilə bilməz. Belə ki, baxılan iş üzrə iddiaçı Fondu Bankın ləğvedicisi qismində deyil, müstəqil cavabdeh kimi işə cəlb etmiş və hesab etmişdir ki, Fond kompensasiya ödəməkdən imtina etməklə onun hüquqlarını pozur. Həmçinin gələcəkdə hazırkı qətnamə qanuni qüvvəyə minərsə, bu məhkəmə aktı iddiaçının ləğv prosesində qeydə alınmış kreditor tələbinin silinməsi üçün əsas olacaqdır. Ona görə də şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondununapellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3908/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-618/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-618/2020
07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver