Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-618/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş 300 mm-lik yerüstü neft kəmərinin 1.4-cü km-də, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massivi, 4-cü döngədə, kəmərdən 42 metr aralıda, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən aparılmış tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-39/21) iddia təmin edilmişdir. Hazırda cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı istismarında olan Bibi- Heybət/Yasamal Dş- 300 mm-lik magistral neft kəmərinin 1.4-cü km-də, Bakı şəh., Səbail ray., Badamdar qəs., 2-ci yaşayış massivi, 4-cü küçədə, kəmərdən 42 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən qanunsuz tikintilər aparılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasları barədə cavabdeh tərəfə məlumat verilməmiş, onlar cavabdeh tərəf olaraq məhkəmə iclaslarından xəbərdar olmadığı üçün proseslərdə iştirak edə bilməmişdir, iddiaçının gətirdiyi dəlillərə münasibət bildirmək, iddiaya etiraz etmək, həmçinin özünə aid sübutları məhkəməyə təqdim etmək kimi hüquqlardan və qanunun cavabdehə verdiyi bütün digər prosessual hüquqlarından istifadə etmək imkanından məhrum olmuşlar. Bu isə öz növbəsində çəkişmə prinsipinə riayət edilməməsinə səbəb olmuşdur ki, bununla da qeyri-obyektiv qərar qəbul edilmişdir. Ekspertizanın təyin edilməsindən məlumatlı olmamışdır. Buna görə də ekspert qarşısında qoyulan sualların müəyyən edilməsində iştirak etmək hüququndan məhrum olmuşdur. Həmçinin, həmin ekspertiza tədqiqatında cavabdehin iştirakı təmin edilməmişdir. Ən əsası, üçüncüsü isə bundan ibarətdir ki, rəyin də məzmunundan aydın olduğu kimi ekspert rəy verərkən cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş və elə cavabdeh tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmiş 22.04.2019-cu il tarixli aktı rəhbər tutmuş və tədqiqatını bununla kifayətləndirərək yekun rəy vermişdir. Sözsüz ki, belə bir ekspertiza rəyini əsaslı və qanuni saymaq doğru olmaz. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı X5 NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXSnin mühəndisi M.İlyasov və SOCARın təhlükəsizliyi 35 saylı Komandanının rəisi V.Mustafayev tərəfindən imzalanmış 22.04.2019-cu il tarixli akta əsasən X5 istismarında olan X6 Dş 300 yerüstü neft kəmərinin 1.4-cü km-də kəmərdən 42 metr aralı məsafədə köhnədən tikilmiş evdə artırma işləri aparılması müəyən olunmuşdur. İddiaçının tələbi kəmərin mühafizə zonasında aparılmış tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədədir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2020-ci il tarixli, 10/3252 saylı rəyi ilə X5 istismarında olan Bibi HeybətYasamal Dş 300 yerüstü neft kəmərinin 1.4cü km-də kəmərdən 42 metr aralı məsafədə vətəndaş Cavabdeh tərəfindən tikinti işlərinin aparıldığı və həmin tikilinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyində Bibiheybət-Yasamal Dş 300 mm-lik magistral neft kəmərinin 1.4-cü km-də kəmərdən 42 metr aralı məsafədə yerləşən sahənin İddiaçı X5 istismarında olduğu öz əksini tapmışdır. Lakin, Cavabdeh heç bir hüquqa əsaslanmadan X2i sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququ pozmuşdur. Nəzərə alınmalıdır ki, Cavabdeh müvafiq tikinti işləri apararaq mübahisəli torpaq sahəsini öz təsir dairəsində saxlaması hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Beləliklə, iddiaçı sahibliyinin müdafiəsi məqsədi ilə Bibiheybət-Yasamal Dş 300 mm-lik magistral neft kəmərinin 1.4-cü km-də kəmərdən 42 metr aralı məsafədə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbini irəli sürməkdə haqlıdır və iddia tələbi sözügedən hissədə təmin olunmalıdır. Məhkəmə mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 159, 164cü, Torpaq Məcəlləsinin 111-ci, MPM-nin 77.1, 88-ci maddələrinə və s. normalara istinad etmişdir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri ekspert rəyinin əsassız olması, rəy verilərkən yalnız iddiaçının təqdim etdiyi aktın əsas götürülməsi, yerində baxış keçirilməməsi və baxış zamanı cavabdehin iştirakının təmin olunmaması barədədir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətində göstərilən halların aydınlaşması məqsədi ilə təkrar ekspertizası təyin edilmişdir. Təkrar ekspertiza zamanı ekspertin və tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmişdir. Məhkəməyə təqdim edilmiş 10/804 saylı, 25 fevral 2022-ci il tarixli məhkəmə mühəndis-texniki espertizasının nəticələrinə görə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massivi, 4-cü döngədə Cavabdeh məxsus fərdi yaşayış evinin qarşısındakı tikilinin Bibiheybət-Yasamal Dş-300 mm-lik neft kəmərindən 45 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.3 bəndinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massivi, 4-cü döngədə Cavabdeh məxsus fərdi yaşayış evinin qarşısındakı tikili “SOCAR”m Neft Kəmərləri İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik neft kəmərinin mühafizə zonasında yerləşir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının tələblərinə əsasən texniki qurğuların dayanması, yaxud nasazlığı, texnoloji rejim proseslərindən kənara çıxma, eləcə də istehsal obyektlərində işlərin görülməsi qaydalarının aparılmasını müəyyənləşdirən normativ-texniki sənədlərin tələblərinin pozulması nəticəsində yarana biləcək hadisələr magistral neft kəmərinin mühafizə zonasında bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilər. Göründüyü kimi, təkrar ekspertiza zamanı tədqiqat obyektinə yerində əyani baxış keçirilmiş, baxış zamanı ekspertin və tərəflərin iştirakı təmin olunmuş və nəticədə mübahisəli tikilinin yenə də mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Apellyasiya şikayətinin digər dəlili məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin məlumatlandılmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız və formal mülahizə xarakterli dəlil sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin işdə olan ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmiş, lakin ünvan tam olmadığına görə məktublar geri qaytarılmışdır. Buna baxmayaraq, cavabdehin nümayəndəsi (vəkili) ərizə ilə müraciət edərək məhkəmədə iş materialları ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş etmiş və onun üçün bu şərait təmin olunmuşdur. Bu isə onu göstərir ki, cavabdeh məhkəmə iclasları barədə xəbərdar olmuş və hətta onu məhkəmədə təmsil etmək üçün nümayəndəyə etibarnamə vermiş, vəkillə müqavilə bağlamışdır. Cavabdeh apellyasiya baxışı zamanı da lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mahiyyəti üzrə düzgün olmaqla apellyasiya baxışı zamanı keçirilmiş təkrar ekspertizanın rəyi ilə bir daha təsdiq olunduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olmaqla qətnamənin ləğv olunması üçün əsas vermir. MPM-nin 385.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətində göstərilən hallar barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh öz etirazının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyəri olan 102 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X4, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-618/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-618/2022
13.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver