Məhkəmə qərarları › İş №2(103)-6182/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6182/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6182/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "ABC TELECOM” MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1428/22 saylı iş üzrə 06 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli(Gorenje tozsoranı), xx.xx.2019-cu il tarixli (Acer kompüteri,Bloody aksesuar,Sonorous Cable), .xx.xx.2020-ci il tarixli(Samsung Galaxy A 30s markalı telefon), xx.xx.2020-ci il tarixli (Samsung Galaxy A 20s markalı telefon), xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri (iPone 11 Pro Max markalı telefon) bağlanmış və həmin müqavilələrə görə müvafiq olaraq cavabdehin borcu yaranmışdır.

2. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən borcdan 1000 manat ödənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə (Gorenje tozsoranı) 186 manat ödənilməmiş hissə, 55 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə (Acer kompüteri, Bloody aksesuar, Sonorous Cable) 501 manat ödənilməmiş hissə, 149 manat cərimə), xx.xx.2020-ci il tarixli müqavilə üzrə 960 manat ödənilməmiş hissə, 288 manat cərimə (Samsung Galaxy A 30s markalı telefon) xx.xx.2020-ci il tarixli müqavilə üzrə (Samsung Galaxy A 20s markalı telefon) 2243 manat ödənilməmiş hissə, 711 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə (iPone 11 Pro Max markalı telefon) 3440 manat ödənilməmiş hissə, 1032 manat cərimə olmaqla, cəmi 9565 manat borc və 115.65 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozmuş, aldığı malların dəyərini tam ödəməmiş, nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1428/22 saylı iş üzrə 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin olunmuşdur.

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehdən 5 müqavilə üzrə tələb olunan əsas borc tutulmalı, cərimə isə azaldılaraq xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 10 və 15 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 70 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 100 manat müəyyən edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448, 467ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3440 manat məbləğindən 1000 manat ödəniş olunduğu üçün yenidən hesablanmaqla qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnamə çıxarılana qədər 1000 manat ödəniş edib bu barədə qəbzi birinci instansiya məhkəməsinə təqdim etsə də, məhkəmə həmin ödənişi nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində iş üzrə məhkəmə qətnaməsi çıxarılana qədər cavabdeh tərəfindən 1000 manat ödəniş olduğunu etiraf etdi və bunun icra mərhələsində nəzərə alınacağını bildirdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdehin xeyrinə tutulmuş borcun 1000 manat hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olması barədə düzgün nəticəyə gəlmişdir.

19. Bununla yanaşı, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği ilə bağlı işin halları baxımından səhv nəticəyə gəlmişdir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

21. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh borcundan 1000 manat ödəniş etmiş, ödənişi təsdiq edən qəbz məhkəməyə təqdim olunmuşdur. Lakin birinci instansiya məhkəməsi həmin ödənişi nəzərə almadan müqavilələr üzrə əsas borcun tam tutulması barədə nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən hesab edir ki, qətnamə dəyişdirilərək cavabdeh tərəfindən ödənilmiş 1000 manat nəzərə alınmalı və cavabdehdən iddiaçının xeyrinə tutulan borcun cəmi məbləği 6330 (altı min üç yüz otuz) manat müəyyən edilməlidir.

23. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamə əsas borcun məbləği hissəsində dəyişdirilməli, əsas borcun məbləği 6330 manat (7330- 1000=6330) müəyyən edilməli, cavabdehdən 215 manat cərimə məbləği də nəzərə alınmaqla, cəmi 6545 (altı min beş yüz qırx beş) manat borc tutulmalıdır.

24. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

25. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 06 iyul 2022-ci il tarixli qətnaməsi 7330 manat məbləğində əsas borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh tutulacaq əsas borcun məbləği 6330 manat (altı min üç yüz otuz manat) müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar