Məhkəmə qərarları › İş №2(103)-6185/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6185/2021

22.06.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6185/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və müqavilə üzrə borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(006)-3726/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və müqavilə üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı, iddiaçı iddia təmin tədbiri barədə ərizə verərək, gələcəkdə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə cavabdehin «xxxx» ASC-də olan hesablaşma hesabında (AZ37PAHA40060AZNHC********** bank hesab nömrəsi) olan pul vəsaitinin üzərinə və eləcə də həmin bankda cavabdehə məxsus digər hesabda (AZ71PAHA40060AZNHC********** nömrəli hesab) olan pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində (iddiaçının tələb etdiyi pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsinə maneə yaradan hallar istisna olmaqla) həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(006)- 3726/2021 saylı qərardadı ilə (hakim Anar İbadzadə) ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə görə birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, cavabdehin hesabında olan pul vəsaitinə yalnız tələb həcmində həbs qoyulması məhkəmədən xahiş edilmişdir. Eyni zamanda, məhkəmə iddianın təmin tədbirinin müvəqqəti xarakter daşıdığını nəzərə almamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən qərardadın ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətə uyğun izahat verərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarı). İşdən görünür ki, iddiaçının cavabdehə qarşı maddi (pul) tələbi mövcuddur, həmçinin iddia təmin olunacağı təqdirdə qətnamənin icrası cavabdehin hesablarında olan pul vəsaiti hesabına həyata keçirilə bilər. Eyni zamanda, iddiaçı ərizəsində cavabdehin müvafiq hesablarına məhz iddia tələbi həddində (5500 manat) həbs qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddianın təmini tədbirinin iddia tələbi ilə bağlı və ona müvafiq olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi isə ərizəni rədd etsə də, qərardadını ümumiyyətlə əsaslandırmamış, yalnız qanunvericiliyin normalarının qeyd etməklə kifayətlənmiş, eyni zamanda qərardaddan verilmiş şikayətin dəlillərinə də hüquqi qiymət verməmişdir. Belə olan halda isə qərardad qanuni və əsaslı sayıla bilməz. Yuxarıda qeyd edildiyi kimi, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Birinci instansiya məhkəməsi isə iddianın təmini tədbinin müvəqqəti xarakter daşımasını və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbir olmasını nəzərə almamışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş iddianın təmini barədə ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və müqavilə üzrə borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(006)-3726/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(006)- 3726/2021 saylı qərardadı ləğv edilsin, mülki iş iddianın təmini tədbiri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar