Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6185/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ağaəli oğlunun Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Ağaəli oğlunun Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2023-ci il tarixli, 2(011)-4399/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə sadələşmiş icraat qaydasında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, dövlət yoxlamasına əsasən, sayğacın giriş yivli birləşmələri ətrafında izlərin mövcudluğu, sayğacın istismara yararsız olması müəyyən edilmişdir.
2. Dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnaməyə əsasən, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 12960 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.
3. **********00421 nömrəli kod üzrə İddiaçı Ağaəli oğluna məxsus abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin mart ayı üzrə cədvəlin “qalıq və aktlar” qrafasında 1555,2 manat borcu olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Ağaəli oğlu Cavabdehnə qarşı kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1555,2 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh İB-in əməkdaşları tərəfindən sayğac çıxarılaraq, yoxlamaya aparılmış və bundan sonra sayğacın hara aparıldığı ilə bağlı ona məlumat verilməmişdir. Köhnə sayğac aparıldıqdan sonra Cavabdeh İB-in əməkdaşları sayğaca müdaxilənin aşkar edildiyini bildirmiş və ona 1555,2 manat məbləğdə cərimə hesablanmışdır. Daha sonra iddiaçı cavabdehə müraciət etmiş və borcun hansı əsasla hesablandığını soruşmuşdur. Cavabdeh aktı təqdim edərək, kənar təsir nəticəsində smart kart tipli sayğacın xarab olduğunu və bu əsasla borcun hesablandığını bildirmişdir. Bundan əlavə, məcburi şəkildə ona 200 azn ödətdirilmişdir, əks təqdirdə, yeni quraşdırılmış sayğacın kartının ona verilməyəcəyi bildirilmişdir. Ona məxsus smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuş və sayğacda olan plomblar da cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Sayğacın içində hər hansı bir kənar təsir edilməsi üçün onu açmaq gərəklidir və plombları qırmadan sayğacı açmaq mümkün deyil. Plombların qırılmaması onun tərəfindən sayğaca müdaxilə edilmədiyini göstərir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2023-ci il tarixli, 2(011)-4399/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Qətnamənin əsaslarına görə, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır.
8. Məhkəmə gəldiyi nəticəni “Qazdan istifadə qaydalarının” 4.6, 4.7, 4.8, 4.9--cü bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, iddiaçı qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus ünvana cavabdehlərin əməkdaşları tərəfindən baxış keçirilmiş, iddiaçının mənzilində quraşdırılmış sayğacın giriş yivli birləşmələri ətrafında izlərin mövcudluğu, sayğacın istismara yararsızlığı aşkar edilərək, bu barədə akt tərtib edilmişdir.
20. Cavabdeh apellyasiya şikayətində sayğaca müdaxilə faktının akt ilə rəsmiləşdirildiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, sözügedən akt iddiaçı tərəfindən imzalanmamış, aktın hazırlanmasına hal şahidləri cəlb edilməmiş, akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Yəni, aktın tərtibində qanunvericiliyin tələblərinə riayət edilməmişdir.
21. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
22. Şikayətin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına sözügedən faktları təsdiq edən hər hansı fotoşəkil əlavə edilməmişdir.
23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2023-ci il tarixli, 2(011)-4399/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2023-ci il tarixli, 2(011)-4399/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev