Məhkəmə qərarları › İş №2(103)-6186/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6186/2021

08.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6186/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 Əsgər oğluna və "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1992/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 Əsgər oğluna və "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 ASC arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı bağlanmış 29 noyabr 2013-cü il tarixli 119741-NEDVİJ-2036 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakının yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kürəkəni Cavabdeh2 Əsgər oğlu cavabdeh Bank VTB (Azərbaycan) kredit götürməklə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kürəkəni əvvəlcə Dəmirbankdan kredit götürüb iddiaçının razılığı ilə evini ipoteka ilə yüklü etmişdir. Bununla bağlı iddiaçı onunla bir neçə dəfə notariat kontoruna getmişdir. Lakin sonradan evinin Bank VTB (Azərbaycan)-a girov qoyulmasından xəbəri olmamış və iddiaçı buna razı olmamışdır. Çünki həmin vaxt onun qızı ilə münasibəti korlanmışdır və iddiaçı ondan Dəmirbanka olan borcunu tez bağlayıb evini ipotekdan azad etməsini tələb etmişdir. Kürəkəni iddiaçıya bildirmişdir ki, Dəmirbankda olan borcunu bağladığı üçün onunla notariusa və banka gedib bir sıra sənədləri imzalamalıdır. İddiaçı onun sözünə inanıb evini girovdan azad etmək niyyəti ilə notariat kontoruna, sonra isə banka getmişdir. Notariat kontorunda evinin sonradan ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsinin necə rəsmiləşdirildiyindən xəbəri olmamışdır. Ehtimal edir ki, ipoteka müqaviləsində olan imza iddiaçının adından imzalanmışdır. Əqdin təməl qurucu ünsürü iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamanda mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir.İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsaslandırılmış və determinasiya edilmiş istəkdir. İradə subyektlərin davranışının psixi tənzimlənməsi prosesidir. Belə hesab edir ki, iradə dedikdə insanın daxildəki arzusu nəzərdə tutulur. İradə ilə iradə ifadəsi üst-üstə düşməlidir, İradə ifadəsi şəxsin öz iradəsini kənara bəyan etməsidir ki, bunun vasitəsilə onu başqa şəxslər dərk edirlər, İradə ifadəsi aşağıdakı elementlərdən meydana gəlir: 1 .Hüquqi nəticəyə yönəlmiş arzu, iradə. 2. Hüquqi nəticəyə yönəlmiş arzunu bəyan etmə. Lakin qeyd edilənlərin heç biri nə iddiaçının fikrində olmuş, nə də onu bəyan etmişdir. İradəni ifadə etmə daxili iradəni düzgün əks etdirməlidir. Daxili iradə əqdin digər iştirakçılarının nəzərinə yalnız qanunun müəyyənləşdirdiyi formada çatdıra bilər. Həmin forma isə əqdin forması adlanır. Əqdin qanunvericilikdə göstərilən formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin forması dedikdə, qanunda nəzərdə tutulan elə üsullar nəzərdə tutulur ki. bu üsullar vasitəsi ilə əqdi bağlamaq niyyəti olan şəxsin daxili iradəsi xaricən ifadə olunur, dəqiq və aydın surətdə əqdin digər iştirakçılarının nəzərinə çatdırılır. İpoteka müqaviləsi bağlanarkən iddiaçı notariat kontoruna dəvət olunsa da, müqaviləyə imza etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1992/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kürəkəni Cavabdeh2 digər cavabdeh "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətindən kredit götürməklə ona məxsus fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bununla bağlı cavabdehlər bir neçə dəfə notariat kontoruna getmişdir. Lakin sonradan evinin banka girov qoyulmasından xəbəri olmamışdır və buna razı olmamışdır. Çünki həmin vaxt Cavabdeh2 qızı ilə münasibətləri korlanmış və Cavabdeh2 Dəmirbanka olan borcunun tez bağlayıb evi ipotekadan azad etməsini tələb edirdi. Kürəkəni ona bildirmişdir ki, Dəmirbankda olan borcunu bağladığı üçün onunla notariusa və banka gedib bir sıra sənədləri imzalamalıdır. Onun sözünə inanıb, evini girovdan azad etmək niyyəti ilə notariat kontoruna, sonra isə banka getmişdir. Notariat kontorunda evinin sonradan ipoteka ilə yüklü edilməsi barədə müqaviləninin necə rəsmiləşdirildiyindən xəbəri olmayıb, indi ehtimal edir ki, ipoteka müqaviləsində olan imza onun adından imzalanıb. Beləliklə də iradə ifadəsi olmadan mülkiyyəti sonradan ipotekaya qoyulmuşdur. Digər tərəfdən iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razı deyil, çünki Cavabdeh2 kürəkni olduğundan ona inanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilmədən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilmədən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onları iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 29 noyabr 2013-cü il tarixli 119741-NEDVİJ-2036 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsindən görünür ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında 2 mərtəbəli, 4 otaqlı, 93,4 kv.metr yaşayış, 202 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 Əsgər oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. İş materiallarından görünür ki, hazırda mübahisələndirilən müqavilə 29 noyabr 2013-cü il tarixdə bağlanmış, lakin həmin tarixdən 7 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, mübahisə predmeti olan ipoteka müqaviləsi iddiaçı tərəfindən imzalanmışdır ki, iddiaçı tərəfindən bunun əksin sübut edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə olaraq iddiaçı tərəfindən cavabdehə müvafiq etibarnamə verilmiş və etibarnamənin qüvvədə olduğu müddətdə müəyyən qanuni hərəkətlər edilərək ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmiş, eyni zamanda iddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarından görünür ki, iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Əsgər oğluna, İddiaçı və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi və s. tələbi üzrə İddiaçı şəxsən məhkəmə iclasında iştirak etmiş, izahat vermişdir ki, buradan belə qənaətə gəlmək olar ki, iddiaçı ipoteka müqaviləsinin bağlanmasından məlumatı olmuş, hazırki iddianı isə 21.01.2021-ci il tarixdə qaldırmışdır. Bundan başqa iddiaçı tələbinin əsası kimi çıxış etdiyi hallar barədə yəni ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı mötəbər sübut təqdim etməmiş, Cavabdeh2 tərəfindən aldadılması halı isə işin faktiki halları ilə müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1992/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar