Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6188/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X4 və X1 ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2016-ci il tarixli 2277 №-li alqı-satqı müqaviləsinin ləğv edilməsinə, 1 (bir) ədəd Baic A115 AT markalı, 2014-ci buraxılış ili, tipi xetçbek, rəngi qırmızı, dövlət qeydiyyat nişanı ** PD *** olan minik avtomaşını Cavabdeh2 qızndan geri alınıb İddiaçı MMC-yə təhvil verilməsinə, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1460 (min dörd yüz altmış) manat 4 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 30 (otuz) günə görə 109 (yüz doqquz) manat, qalan 90 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 657 (altı yüz əlli yeddi) manat (90 günə görə 766 manat cərimə borcu) cəmi: 2226 (iki min iki yüz iyirmi altı) manat, məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-867/2020) iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 2277 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, xx xxxx 2016-cı il tarixli 2277 nömrəli alqı-satqı müqaviləsi üzrə 1460 (min dörd yüz altmış) manat 4 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 30 (otuz) günə görə 109 (yüz doqquz) manat, qalan 90 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 657 (altı yüz əlli yeddi) manat (90 günə görə 766 manat cərimə borcu) cəmi: 2226 (iki min iki yüz iyirmi altı) manat, məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Sözügedən qətnamədən İddiaçı MMC apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 2277 nömrəli xx.xx.2016-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, İddiaçı 1 ədəd Baic A115 AT markalı, 2014-ci buraxılış ili, tipi xetçbek, rəngi qırmızı, dövlət qeydiyyat nişanı ** PD *** olan nəqliyyat vasitəsini Cavabdehə satmışdır. Bağlanmış Müqavilənin 4.1-ci bəndinə görə satılan minik avtomaşınının qiyməti 18809 (on səkkiz min səkkiz yüz doqquz) manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, tərəflər ilkin ödəniş 1289 manat ödəməklə qalan 17520 (on yeddi min beş yüz iyirmi) manat məbləği 48 ay bərabər hissələrə bölünməklə hər ay üzrə 365 (üç yüz altmış beş) manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü xx.xx.2020-ci il tarixini müəyyən etmişlər. Cavabdeh müqavilə bağlandığı gündən cəmi 13525 (on üç min beş yüz iyirmi beş) manat ödəniş etmişdir. O da ümumi 37 ay dövrü əhatə edir. (2016-ci ilin avqust- 2019 avqust ayları) 2019 ilin sentyabr ayından etibarən Cavabdeh İddiaçı MMC ödəniş üzrə borcu yaranmışdır və bununlada İddiaçıya 3995 (üç min doqquz yüz doxsan beş) manat əsas borcu qalmışdır. Cavabdeh 4 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etmiş yəni aylıq nəzərdə tutulmuş 365 (üç yüz altmış beş) manat məbləği cəmi 1460 (min dörd yüz altmış) manatı ödəməmişdir. Cavabdehə dəfələrlə müxtəlif vaxtlarda telefon zənglər edilsədə, ödəniş etməkdən yayınır. Cavabdehə müqavilə şərtinə riayət etmək aylıq ödənişləri ödəmək yəni müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmək təklif olunmuşdur. Lakin o öhdəlikləri yerinə yetirməkdən imtina edir. Cavabdeh avtomaşını aldığı gündən bu günədək İddiaçı MMC-yə 1460 manat gecikmə borcu vardır. Beləliklə cavabdeh müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyərək onlara ziyan vurmaqda davam edir. Eyni zamanda cavabdeh həmin gecikdirilmiş məbləğə görə əlavə 1% hər gün üçün 30 (otuz) günə görə 109 (yüz doqquz) manat qalan 90 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 657 (altı yüz əlli yeddi) manat cəmi: 2226 (iki min iki yüz iyirmi altı) manat ödəməlidir. Eyni zamanda 2277 saylı xx.xx.2016-ci il tarixli müqavilə imzalanarkən “Alıcı” Cavabdeh2 zamin durmuş tərəllər arasında eyni tarixdə bağlanmış “Zaminlik müqaviləsinə” əsasən Cavabdeh1 “Satıcı” qarşısında öhdəlik daşıyır. Zaminlik müqaviləsinə əsasən “Zamin” “Satıcı” qarşısında “Borcödəyənin" müqavilə üzrə öhdəliyi ilə əlaqədar məbləğ həcmində məsuliyyət daşıyır. O vaxtdan bu günə kimi xeyli müddət keçib. Bu isə o deməkdir ki, artıq Cavabdehlər İddiaçıya əsas borcdan başqa, əlavə hər növbəti aydan sonra həmin ay üçün ödənilməmiş məbləğə gecikdirilmiş hər gün üçün cərimə ödəməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 48 ay müddətində, aylıq 365 manat ödəmək şərti ilə Baic A115 AT markalı, 2014-ci buraxılış ili, tipi xetçbek, rəngi qırmızı, dövlət qeydiyyat nişanı ** PD *** olan minik avtomaşını satılmışdır. Cavabdeh2 avtomobilin dəyərini alqı-satqı müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş və müqavilənin predmeti olan avtomobili istifadəyə yararlı vəziyyətdə iddiaçıdan təhvil almışdır. Digər Cavabdeh1 alqısatqı müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx xxxx 2016-cı il tarixdə iddiaçı ilə zaminlik müqaviləsi bağlamış və alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx xxxx 2016-cı il tarixli müqavilə üzrə 13525 manat ödəniş etmişdir, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə (4 ay) əsas borc 1460 manat təşkil edir. Hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğinin 1% məbləğində 30 günə görə 109 manat, qalan 90 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 657 manat, cəmi 766 manat. Müqavilə üzrə qalıq borc 3995 manat, tələb olunan borc 2226 manatdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin “İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 2277 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı apelyasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 600.1, 601.1, 606.1, 427.3, 448.1-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, cavabdehin müqavilə üzrə 11 ay 3995 manat borcu qalmışdır. Bundan o, cari 4 ayı ödəməmiş və hələ bundan sonra 7 ay üzrə öhdəlik davam edəcəkdi və cavabdeh 2535 manat məbləği ödəməlidir. Məhkəmə alqı-satqı müqaviləsini ləğv edərək onları alacaqları puldan məhrum etmişdir. Eyni zamanda cavabdeh onların avtomobilini qanunsuz idarə etməklə həm şirkətin əmlakını, dövlətin və üçüncü şəxslərin qanunvericiliklə qorunan mənafelərini risk altına alır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi, hazırkı iddia qismən təmin edilmiş, iddiaçı qətnaməni yalnız müqavilənin ləğv edilməsi hissəsində mübahisələndirmiş, təmin edilməyən hissədə mübahisələndirməmişdir. Həmçinin, cavabdeh də qətnamənin iddianın təmin edilən hissəsindən şikayət verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız hazırkı apelyasiya baxışının predmeti olan həmin hissədə, yəni - İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 2277 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Nizami Rayon Məhkəməsinin iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi nisyə alqı-satqı müqaviləsini ləğv edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçı Baic A115 AT markalı, 2014-ci buraxılış ili, tipi xetçbek, rəngi qırmızı, dövlət qeydiyyat nişanı ** PD *** olan minik avtomaşını Cavabdeh2 mülkiyyətinə vermiş, cavabdeh avtomobili qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni ayda 365 manat olmaqla cəmi 13525 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödənişləri həyata keçirməmiş, bununla bağlı vəzifəsini icra etmədiyi üçün iddiaçının cavabdehin təqsirindən şərtləri pozulmuş həmin alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli müqavilənin 9.2.2-ci bəndinə əsasən, “alıcı” öhdəliklərini iki dəfədən artıq yerinə yetirmədikdə,birtərəfli qaydada müqavilə “satıcı” tərəfindən ləğv edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğu üçün təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 2277 nömrəli alqı-satqı müqaviləsi ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmır. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, cavabdeh müqavilə üzrə xx.xx.2016-cı il tarixdən başlayaraq 48 ay müddətində - xx.xx.2020-ci il tarixədək ödəniş aparmağı öhdəsinə götürmüş, 2019-cu ilin sentyabr ayından öhdəlikləri icra etməmişdir. İddiaçı 2020-ci ilin yanvar ayında iddia qaldıraraq mövcud borcu (2019-cu ilin sentyabr-dekabr ayları üzrə olan 4 aylıq borc məbləğini), avtomobilin geri qaytarılmasını və müqavilənin ləğvini tələb etmişdir. Birinci instansiya məhkəməsi avtomobilin qaytarılmasına dair hissədə iddianı əsassız hesab edərək təmin etməmiş, lakin müqaviləni vaxtından əvvəl ləğv etmişdir. Həmçinin 1460 (min dörd yüz altmış) manat 4 ay üzrə (2019-cu ilin sentyabr-dekabr ayları) borcu cavabdehdən tutmuşdur. Nəticədə həm müqavilə ləğv edilmiş, həm də avtomobil cavabdehdə saxlanılmışdır, bununla da 2020-ci il üçün tərəflər arasında razılaşdırılmış 7 aylıq öhdəlik (yanvar-iyul ayları) münasibətlərini tənzimləmək qeyri-mümkün olmuşdur. İddiaçının 7 aylıq öhdəliyi əvvəlcədən tələb etməməsi onun həmin hüquqdan imtina etməsi kimi qiymətləndirilməməlidir. Belə ki, öhdəliyin icra müddəti təyin edildiyindən kreditorun müddət çatanadək öhdəliyin icrasını tələb etmək hüququ olmamışdır (Mülki Məcəllə mad.427.1). Müqavilənin ləğv edilməsi ilə öhdəlik münasibətlərinə vaxtından əvvəl son qoyulduğundan iddiaçı 2020-ci il üçün razılaşdırılmış 7 aylıq öhdəlik icra edilmədiyi təqdirdə yarana biləcək borcu tələb etmək hüququnu əvvəlcədən itirmək, nəticədə həmin gəlirdən məhrum olmaq təhlükəsi ilə üzləşmiş, hüquq və mənafelərinə ziyan vurulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, avtomobil cavabdehdə saxlanıldığından və müqavilə üzrə tərəflər arasında razılaşdırılmış son 7 aylıq öhdəlik münasibətləri həll edilmədiyindən, müqavilənin vaxtından əvvəl ləğv edilməsi düzgün olmamışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.2-ci hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı apelyasiya baxışının predmeti olan hissədə işin həqiqi hallarını düzgün müəyyən etməmiş, həmin hissədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də qətnamə həmin hissədə ləğv olunmalı və iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 2277 nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər imzalar Əsli ilə düzdür. Hakim Akif İsgəndərov
Məhkəmə qərarları › İş №2(103)-6188/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6188/2020
12.08.2020 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver