Məhkəmə qərarları › İş №2(103)-619/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-619/2023

30.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-619/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X11, X18, X33, X29, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs1 və Bakı şəhəri 7 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X19 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X11, X18, X33, X29, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs1 və Bakı şəhəri 7 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(003)-1825/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli 407/333 nömrəli Sərəncamına əsasən X24 Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün 1.200 kv.m. torpaq sahəsi ayrılmışdır.

2. X43 İşlər Nazirliyi tərəfindən verilmiş əhalinin qeydiyyat reyestrindən çıxarışn tərcüməsinə əsasən Abbasova Gila xx.xx.1997-ci il tarixdə İsrail dövlətinə daxil olmuşdur. O, Abbasov Əli ilə nikaha daxil olmuş, nikahdan əvvəl soyadı Aslanova, adı Gülbacı olmuşdur (xx.xx.1997-ci il tarixdə dəyişmişdir).

3. X37 Nazirliyinin dəfn icazəsinin tərcüməsinə əsasən X30 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri DKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H üzərində X15 xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

4. X8 xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X20 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X15 vərəsəsidir və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2021-ci il tarixdə X21 verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə 138H ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd: ½ hissədə pay açıq qalır.

5. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş X15 vərəsəsidir və o, miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2021-ci il tarixdə X21 verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə 138H ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd: ½ hissəyə xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

6. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən X2 qəsəbəsi, sahə 138 H ünvanında yerləşən və Mərdəkan bələdiyyəsində qeydiyyata alınan 1200 kv.m. torpaq sahəsinin mülkiyyətçisi anası X15 vəfatından sonra torpaq vergisinin ödəyicisidir. 31 dekabr 2021-ci il tarixə qədər vergi borcu yoxdur.

7. Bakı şəhəri Maraqlı şəxs1 29 aprel 2022-ci il tarixli məktubuna əsasən Mərdəkan qəsəbəsi, 138 H sahədə fərdi ev tikmək üçün X15 adına ayrılmış 1200 kv.m. torpaq sahəsi vergitutma obyekti olaraq Mərdəkan bələdiyyəsində qeydiyyata alınmışdır. İstifadəyə verilmiş həmin torpaq sahəsi X15 adına xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarış əsasında mülkiyyət hüququ ilə əvəz edilmişdir. Torpaq sahəsinə hesablanmış 175 manat vergi borcu mərhumun qızı X20 tərəfindən xx.xx.2021-ci il tarixdə nağdsız qaydada Mərdəkan bələdiyyəsinin hesabına ödənilmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, mərdəkan qəsəbəsi, sahə 138H ünvanında yerləşən 0,12 ha ölçüdə torpaq sahəsinin 05..08.2021-ci il tarixdə X8, xx.xx.2022-ci il tarixdə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

9. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(112)-4121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reuestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı Cavabdeh qarşı (X33, X29 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138 H saylı, 1200 kv.metr torpaq sahəsində 3-cü şəxslər X16, X19 faktiki sahibliyində, istifadəsində olduğundan və idarə edildiyindən Cavabdeh verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun atası X7 xx.xx.1992-ci il tarixdə, anası X30 xx.xx.2012-ci il tarixdə rəhmətə getmişlər. Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyətinin 407/333 saylı, 10 may 1994-cü il tarixli Sərəncamına əsasən fərdi ev tikmək üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138 H saylı 1200 kv.metr torpaq sahəsi mərhum anasının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində hər hansı bir tikilinin mövcud olmasından məlumatı olmamışdır. Hətta həmin torpaq sahəsi mərhum anasının sadəcə adında olmuş, orada heç bir tikili anası tərəfindən və ya ailə üzvü tərəfindən aparılmamış, həmin torpaq sahəsinin harada yerləşməsi barədə ailə üzvlərininin heç birinin məlumatı olmamışdır. Mərhum anası X30 uzun müddət İsrail Respublikasında yaşamış və orada rəhmətə gedərək dəfn edilmişdir. Ailə üzvləri olan qardaşları, anası, bacısı hamısı İsrail Respublikasında yaşayır və İsrail Respublikası vətəndaşlarıdır. O, isə Bakı şəhərində yaşayır. Anası hələ sağlığında xx.xx.2004-cü il tarixdə etibarnamə göndərərək həmin torpaq sahəsini ona bağışlamışdır. Anası ona etibarnamə göndərmiş və həmin torpaq sahəsinin başqa şəxsə, yəni X13 məxsus olduğu üçün ona verilməsini tapşırmışdır. Həmin torpaq sahəsində mövcud olmuş ev isə bildiyinə görə X22 tərəfindən inşa olunmuş və digər şəxsə 3-cü şəxs X33 tərəfindən dəyəri ödəməklə alınmışdır. Lakin uzun müddət keçdikdən sonra onun bacısı, yəni cavabdeh İsrail Respublikasından Azərbaycan Respublikasına gələrək analarının tapşırığı ilə verildiyi torpaq sahəsinə iddia edərək, guya həmin torpaq sahəsində nəisə tikili aparmağını əsassız olaraq göstərməklə, Bakı şəhəri 7 saylı Notariat Kontoruna müraciət edərək, həmin torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Həmin torpaq sahəsi əsassız olaraq cavabdeh tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi və bunun əsasında Çıxarışın alınması qanuna ziddir. Belə ki, mərhum anası xx.xx.2012-ci il tarixdə rəhmətə getdiyi və vərəsəlik şəhadətnaməsinin 6 ay müddətində verildiyi halda notariat kontoru qanunvericiliyin tələblərini pozaraq miras əmlakın qəbul edilməsi ilə əlaqədar müddəti buraxıldığından əsassız olaraq vərəsəlik şəhadətnaməsi vermişdir. Vərəsəlik şəhadətnaməsinin verilməsi isə heç bir qanuni əsası olmamışdır. Bakı şəhəri 7 saylı notariat kontoruna verilmiş vəkil sorğusu əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri 7 saylı Notariat Kontoru həmin torpaq sahəsinə dair vergi ödənişlərinin cavabdeh tərəfindən ödənilməsi barədə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bələdiyyəsi xx.xx.2021-ci il tarixli saxta arayışına əsasən vergi ödəyicisi olmasına əsaslanmış, vərəsələrin dairəsi müəyyən edilməmiş qalmış, hətta cavabdehin doğum haqqında şəhadətnamədə adı Gila deyil, X9 olduğu halda şəxsiyyəti müəyyən edilmədən cavabdehə vərəsəlik şəhadətnaməsinin verilməsi qanuni əsaslar olmadan həyata keçirilmişdir. Bakı şəhəri 7 saylı Notariat Kontoru Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən miras əmlakın qəbul edilməsi ilə əlaqədar müddətin buraxılmasını və vərəsəlik şəhadətnamənin verilməsinin imkan xaricində olmasını və buna görə də məhkəməyə müraciət etməyi tövsiyə etməli olduğu halda, qanunun bu tələblərini pozaraq, vərəsəlik şəhadətnaməsi vermişdir. Mərhum anası rəhmətə getməmişdən əvvəl sonuncu yaşayış yeri İsrail Respublikası olmuş, Bakı şəhərində anasının hər hansı bir əmlakı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh X23 qanunsuz olaraq almış olduğu vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə torpaq sahəsinə dair çıxarış da almışdır. Bu səbəbdən həmin çıxarışda etibarsız hesab edilməlidr. İddia ərizəsində göstərilən xüsusatlar, eləcə də həmin torpaq sahəsində faktiki olaraq üçüncü şəxs X19 yaşaması barədə Xəzər RPİ-nin İŞ-də aparılmış araşdırma zamanı məlumatı olmuşdur.

12. Cavabdeh tərəfin vəsatətinə əsasən Maraqlı şəxs1 və Bakı şəhəri 7 saylı Notariat Ofisi məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

13. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddiaya qarşı yazılı etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 407/333 saylı sərəncamı əsasında Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi Nina Aslanovaya verilmişdir. Sonuncu 2012-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra torpaq sahəsi Gila Abbasovanın istifadəsində olmuşdur. Gila Abbasovanın anası hələ 2002-ci ildə həmin sahəni daş hasara alıb orada 120 kv.m-lik birmərtəbəli yaşayış evi tikmişdir. Gila Abbasova 2020-ci ildə Bakı şəhəri 7 saylı Notariat Kontoruna müraciət edib vərəsəlik işi açdırmış, hüquqmüəyyənedici sənədlər əsasında adına çıxarış almışdır. İddiaçı isə Nina Aslanovanın xx.xx.2012-ci ildə vəfatından 10 ildən artıq müddət keçəndən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib, tələbinin əsaslığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Ən acınacaqlı hal ondan ibarətdir ki, iddiaçı tələbinin hüquqi əsasının özünə aid deyil, digər üçüncü şəxslər Bulud Bayramova və digərlərinə aid olması ilə əsaslandırır. İddiaçı ümumi sözlərdən istifadə edib mərhum Nina Aslanovanın xx.xx.2004-cü il tarixdə torpaq sahəsini ona bağışladığını bildirsə də, bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməyib, eləcə də istinad etdiyi kimi etibarnamənin verilməsi bağışlanma hesab edilmir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.1-ci maddəsində də rayon icra hakimiyyəti orqanlarının qərarları hüquqların qeydə alınması üçün əsaslardan biri hesab edilmişdir. Ərizəyə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən də müəyyən olunur ki, 138H saylı, 0,12 ha torpaq sahəsinin 1/2 hissəsi xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə İddiaçı adına qeydiyyata alınıb, qalan 1/2 hissə isə cavabdeh Gila Abbasovanın adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Bu hal onu sübut edir ki, iddiaçı özünə məxsus 1/2 hissə paydan əlavə, cavabdehin mülkiyyətində olan 1/2 hissə paya da göz dikmiş, lakin tələbinin əsaslılığı barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı üçüncü şəxsin şikayəti əsasında Xəzər Rayon Polis İdarəsində dindirilərkən də bildirmişdir ki, torpaq sahəsinin harada yerləşməsini bilmir, guya ki, 2004-cü ildə torpaq sahəsini Bulud adlı şəxsə satmışdır. Halbuki, bu iddianın qaldırılmasının əsas məqsədi Bakı şəhəri Xəzər Rayon Məhkəməsində mülkiyyətçi hüquqlarının müdafiəsi ilə bağlı qaldırılmış iddia ərizəsi üzrə icraatın dayandırılması və süründürməçilikdən başqa bir şey deyildir. Habelə, Gila Abbasovanın mükiyyətində olan torpaq sahəsinin yiyəsiz olmasından istifadə edən və Xəzər rayonunda fəaliyyət göstərən bir sıra maklerlər həmin sahəni sənədsiz satmaqla asan yolla qazanc əldə etməyə cəhd göstərmiş, Gila Abbasovanın hüquq-mühafizə orqanlarına müraciət etməsini görüb, onun ögey qardaşını tapıb hazırkı iddianı qaldırmağa nail olmuşlar. Bundan əvvəlki vaxtda iddiaçı Bakı İnzibati Məhkəməsində də çıxarışın etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4121/2022 saylı qərardadı ilə iddia tələbləri mümkün sayılmamışdır. Qeyd olunan qərardad xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Halbuki, adı çəkilən şəxsin qeyd olunan şəhadətnamə və digər sənədləri mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Mülki prosessual qanunvericiliyə uyğun olaraq, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının iddia etdiyi 1/2 hissədə torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin də hər hansı hüquqla ona məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin cavabdehə məxsus 1/2 hissədə paylı mülkiyyət hüququ üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. İddiaçı və cavabdeh öz valideynlərindən miras qalmış əmlakı bərabər hissədə, yəni hər biri 1/2 hissədə qəbul etmişlər. İddiaçının öz hissəsindən əlavə, cavabdehə məxsus hissəyə dair iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Nina Aslanovanın xx.xx.2012-ci ildə vəfat etməsinə, anasının vəfatından iddiaçının həmin vaxt məlumatlı olmasına baxmayaraq, iddiaçı tərəfindən Gila Abbasovaya və qeyrilərinə qarşı hazırkı iddia tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə 2022-ci ilin may ayında, yəni 10 ildən sonra müraciət edilmiş, bununla da iddia müddəti ötürülmüşdür. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1ci və 373.2-ci maddələrinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə iddia müddəti pozularaq verilmişdir. Hazırki vəziyyətdə Gila Abbbasova vərəsəlik hüquq haqqında şəhadətnamə əsasında mübahisəli torpağa 1/2 hissədə mülkiyyət hüququ əldə etmiş, buna dair adına çıxarış verilmişdir. İddiaçı hazırki vəziyyətdə bu iddianı qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbləri iddiaçının iddia müddətini ötürməsi əsası ilə rədd edilməlidir. İddiaçının anası Nina Aslanovanın xx.xx.2012-ci il tarixdə, atası Böyükağa Aslanovun isə xx.xx.1992-ci ildə vəfat etməsini iddiaçının bilməməsi qeyri-mümkündür. Vərəsəlik hüququnda xüsusi iddia müddətinə aşağıdakı tələblər üzrə xüsusi müddətlər nəzərdə tutulmuşdur. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddia üçün müddət - 5 il (MM-in 1143-cü maddəsi); Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia üçün müddət - 2 il (MM-in 1231.1-ci maddəsi); Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində iddia üçün müddət - 2 ay; Vəsiyyət tapşırığının icra olunmasını tələb etmək barədə iddia üçün müddət-3 il (MM-in 1213-cü maddəsi); Məcburi payın tamamlanmasını tələb etmək barədə iddia üçün müddət - 2 il (MM-in 1200-cü maddəsi). Göründüyü kimi, iş üzrə iddiaçılar qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməklə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər ki, qeyd olunan hal iddianın rədd edilməsi üçün əsasdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(003)- 1825/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X34)

15. Məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, notariat orqanı tərəfindən mirasqoyanın ölümü ilə bağlı hazırki iş üzrə iddiaçı və cavabdehə ½ hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilən zaman qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə hər hansı pozuntuya yol verilməmişdir. İddiaçı hazırki tələblə müraciət etsə də, onun miras əmlakda payının müəyyən edilməsi zamanı payının azalması ilə müşaiyət edilən hüquqlarının pozulması halı müəyyən edilmir. Əksinə digər vərəsələr olan qardaşlarının bu müddət ərzində mirası qəbul etməməsi nəticəsində onun miras əmlakda payının artması baş vermişdir. Bundan başqa, iddiaçının cavabdehə verilmiş şəhadətnamənin etibarsız hesab olunmasının əsası kimi iddia tələbində istinad etdiyi hallar, yəni miras əmlakın digər üçüncü şəxslərin istifadəsində olması və digər qardaşlarının vərəsəliyə çağrılmamaqla paylarının müəyyən edilməməsi də iddiaçının hər hansı hüquqlarının pozulmasına gətirib çıxarmır. Eyni zamanda, iddiaçı tərəf miras əmlakda özünün payının müəyyən edilməsi ilə bağlı vərəsəlik şəhadətnaməsinin aldığı xx.xx.2021-ci ildən, hansı ki, həmin vaxt artıq xx.xx.2021-ci il tarixdən cavabdehin də vərəsəlik şəhadətnaməsi aldığından məlumatlı olmuş, lakin qanunla müəyyən olunmuş müddət ərzində cavabdehə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməmişdir. Belə ki, iddiaçı məhkəməyə bununla bağlı 2022ci ilin aprel ayının 27-də müraciət etmişdir. Bununla da cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürmüşdür. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mülki Məcəllənin 1246-cı və 1272-ci maddələrində qeyd edilən müddətlər kəsici müddət olmaqla, məhkəmə tərəfindən tətbiq edilən bilən müddətdir. Bütün bunlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, mülki qanunvericiliyin özündə əks etdirdiyi kəsici müddətlər iddiaçı tərəfindən ötürülmüşdür.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü, 1145-ci, 1151-ci, 1159-cu, 1243-cü, 1257-ci, 1272-ci, 1273-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci, 78-ci, 80-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, cavabdeh Gila Abbasova mübahisələndirilən torpaq sahəsinə hər hansı bir hüququ olmamış, həmin torpaq sahəsinin harada yerləşməsindən belə xəbəri olmamış, yalnız həmin torpaq sahəsində olan üçüncü şəxslərin həmin torpaq sahəsini sənədləşdirməsi adı ilə onu axtardıqda cavabdeh həmin torpaq sahəsinə dair olan sənədlərin surətini əldə etmişdir. Bundan sonra torpaq sahəsinin guya zəbt olunması adı ilə Xəzər RPİ-nin İŞ aparılan araşdırma zamanı bu əmlakın yerini müəyyən edə bilmişdir. Cavabdeh həmin torpaq sahəsinin mövcudluğundan belə xəbəri olmamış, həmin torpaq sahəsinə hər hansı bir faktiki sahiblik etmə və idarə etmədən söhbət gedə bilməz. Bakı şəhəri 7 saylı Notariat Kontoru həm mülki qanunvericiliyin imperativ normalarının, həm də “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının tələblərini kobud qaydada pozaraq qanuni əsaslar olmadan cavabdeh Gila Abbasovaya vərəsəlik şəhadətnaməsi vermiş, şəhadətnamənin əsasında cavabdeh mülkiyyət hüququ tanınması barədə çıxarış almışdır. Notarus məhkəmə prosesi zamanı vərəsəlik şəhadətnaməsinin verilməsinin əsas səbəbi Bakı şəhəri, Xəzər raronu, Mərdəkan qəsəbəsinin xx.xx.2021-ci il tarixli, 1-2/37 saylı arayışı (guya həmin torpaq sahəsinin vergi ödəyicisidir) əsas gətirmişdir. Belə olan halda, iddiaçının hansı əsasla vərəsəlik hüququnun tanınmasına isə onun cavabdehin sözlərinə və istəyinə uyğun göstərilməsini qeyd etmişdir. Halbuki, notarius sözügedən Təlimata uyğun hərəkət etməli olduğu halda cavabdehin tapşırığı ilə hərəkət etməsini bildirməsi notarius tərəfindən qanunverciliyin tələblərini, o cümlədən digər vərəsələrin hüquqlarını pozmuş olur. Bundan başqa, notarius vərəsəlik şəhadətnaməsi verərkən mübahisənin olmasını, digər vərəsələrin vərəsəliyə çağrılmamasını, gizlədilməsini, qanunvericliklə müəyyən edilmiş müddətin buraxılmasına əsasən vərəsələrin payları müəyyən edə bilməzdir. Bu barədə birbaşa Konstitusiya Məhkəməsinin Plenumun göstərişi var. Məhkəmə maddi hüquq normasının tələbini məhz ona aid olan hissədə tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə onun anasının vəfatından 9 il sonra vərəsəlik şəhadətnaməsinin almasına qanuni don geyindirməyə çalışsa da, topraq sahəsinin faktiki idarə etməyindən, sahibliyindən belə bir mötəbər dəlillər iş materiallarına əlavə edilməmişdir. Məhkəmə cavabdehin faktiki idarə etməyə və faktiki sahibliyə dair heç bir sübutun mövcud olmadığı halda vərəsəlik şəhadətnaməsinin verilməsini qanuni hesab etməsi öz özlüyündə əsassızdır. Çünki həmin torpaq sahəsinin mövcudluğundan cavabdehin məlumatı olsa idi, dərhal həmin ili Bakı şəhərinə gəlməklə vərəsəlik mübahisəsini açmış olardı. Xəzər RPİ-nin İş-nin “cinayət işinin başlanmasının rədd olunması barədə” xx.xx.2021-ci il tarixli qərarında cavabdeh X47 Respublikasında uzun müddət yaşamasının, mərhum anasının 2012-ci ildə rəhmətə getməsindən sonra Bakı şəhərinə gəlmədiyini, lakin ailə vəziyyəti ilə bağlı 2020-ci il tarixdə 2-3 dəfə Bakı şəhərinə gəlsə də, həmin torpaq sahəsinə getməmiş, yalnız 2020-ci ilin yay ayında həmin torpaq sahəsinə getdikdə ordada tikilinin olmasını və oranı zəbt edən şəxsləri tapa bilməməsini göstərmişdir. Belə olan halda məhkəmə mülki qanunvericlikdə olan kəsici müddətin tələbini yalnız iddiaçıya şamil olunması (MM-nin 1246, 1272 maddələri) düzgün deyildir, həmin müddətin axımı cavabdehə də (2020-ci ilin yay ayında həmin torpaq sahəsinin zəbt olunması cavabdehə məlum idi) şamil olunmalıdır. Qətnamə tərtib edilərkən məhkəmə tərəfindən təqdim edilmiş bütün sübutları iş materiallarına əlavə edilsə də, həmin sübutları qətnamədə əsaslandırılmamışdır. Belə ki, həmin torpaq sahəsində olan tikilinin məhz mərhum anasına deyil, digər şəxslərin uzun müddət istifadəsində olması, orada sahiblik, istifadə etməsinə münasibət bildirilməmişdir. Üçüncü şəxs X19 vicdanlı alıcı olması həmin torpaq sahəsində uzun müddət yaşaması, sahiblik etməsi, hətta həmin bağ sahəsindəki evin dostu Bayramov Buluda məxsus olması, kommunal ödənişlərlə əlaqədar qaz və işığa olan sərfiyyata görə abonentin saldosu nəzərə alınmamışdır. Bundan əlavə məhkəmə tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin DƏDK və RPHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 04 iyul 2022-cü il tarixli məktubunu da nəzərə almamışdır. Miras əmlakın qəbul edilməsi əsasların mülki qanunverciliyin tələblərinə zidd olmuş, maddi hüquq normaların tələblərini pozmaqla sənədləşdirilməsi araşdırılmamış qalmışdır. Qeyd etdiyi kimi, Bakı şəhəri 7 saylı Notariat Ofisi qanunvericiliyin, Notariat haqqında Qanunun, Azərbaycan Respublikasının Nazirlər Kabineti 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərini, Azərbaycan Respublikası Kosnstitusiya Məhkəməsinin Qərarının göstərişlərinin kobud qaydada pozmaqla həmin topraq sahəsinin Maraqlı şəxs1nə aidiyyatı olmadığı və səlahiyyətinə verilmədiyi halda həmin torpaq sahəsinin cavabdeh tərəfindən guya vergi ödəyicisi adı ilə (yığılmış illərin vergi ödənişini xx.xx.2021ci il tarixdə nağd qaydada 175 manat ödəməsi) mərhum anasının vəfatından 9 il sonra torpaq sahəsinin vergisini ödəniş etdirməklə verilmiş xx.xx.2021-ciil tarixli saxta arayış əsasında vərəsəlik şəhadətnaməsinin verməklə vəzifə təlimatını pozmuşdur. Belə ki, sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 04 iyul 2022-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, mübahisəli torpaq sahəsinin Bakı şəhəri, bələdiyyə torpaqlarının dəqiqləşdirilmiş xəritə məlumatlarının səlahiyyətli orqan tərəfindən təsdiq olunması məsələsi yekunlaşmadığı üçün məlumat verilməsi mümkün olmaması göstərilmişdir. Həmin məktubdan aydın olur ki, mübahisəli torpaq sahəsi Mərdəkan Bələdiyyəsinin ehtiyyat fonduna aid edilmiş torpaq sahəsi olmadığından həmin torpaq sahəsinə də həmin ərazinin faktiki idarə olunması, sahiblik olunması, torpaq sahəsinin əkilməsi barədə saxta arayış verməsi səlahiyyətinə malik deyildir. İİİ şəxslərin yaşayış yeri olan evdə cavabdeh tərəfindən necə ağaclara qulluq oluna bilərdi, həmin torpaq sahəsi necə faktiki idarə olunması şübhə doğurur. Onun tərəfindən təqdim edilmiş Mərdəkan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubunda cavabdeh Gila Abbasovanın torpaq sahəsinə hesablanmış 175 manat vergi borcu xx.xx.2021-ci il tarixdə nağdsız 175 manat vergi borcu xx.xx.2021-ciil tarixdə nağdsız qaydada Mərdəkan bələdiyyəsinin hesabına ödənilməsi öz əksini tapdığı halda burda cavabdehin faktiki idarə etməsinin mövcud olmamasını açıq-aydın göstərir. Lakin məhkəmə göstərdiyi halları araşdırmamış, onun yazılı qaydada iş materillarına əlavə edilmiş sənədin saxta olub-olmaması, vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi barədə vəsatətinə münasibət bildirməmişdir. Məhkəmə tərəfindən isə xüsusi qərardadın çıxarılmasına dair münasibət bildirilməməsi prosessual pozuntu hesab olunur və qətnamənin ləğv edilməsi üçün əsaslardan biridir. Eyni zamanda, məhkəmə prosesi zamanı cavabdehin İsrail Respublikasında uzun müddət yaşaması, onun Bakı şəhərinə nə zaman dönməsi barədə Dövlət Sərhəd Xidmətinə tərəfindən verilmiş vəkil sorğusuna cavab verilməməsi, şifahi qaydada sübutların təmin edilməsi barədə vəsatətinin məhkəmə tərəfindən təmin edilməməsi, nəticədə əsassız və qeyri-qanuni qətnamə çıxarılmasına səbəb olmuşdur. Belə ki, həmin sübutun cavabdehin mərhum anasının vəfatından 9 il sonra Bakı şəhərinə gəlməsi Bakı şəhərində olan torpaq sahəsinin hər hansı bir faktiki idarə olunmasının istisna edən əsas hallardır. Cavabdehin xarici pasportuna nəzər salınaraq, onun göstərdiyi hal öz təsdiqini tapmış olacaqdır.

19. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı verdiyi etirazı iddiaya qarşı yazılı etirazın məzmununa uyğun əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmənin təşəbbüsü ilə X11 və X18 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

22. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək və iddiaya, habelə apellyasiya şikayətinə qarşı etirazı müdafiə edərək, apellyasiya şikayətin təmin olunmamasını xahiş etmişdilər.

24. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X33 bildirmişdir ki, o, 1994-cü ildən Bulud Bayramovu tanıyır. Mübahisəli torpaq sahəsi üzərində də həmin vaxtdan 2 mərtəbəli ev olmuşdur. Torpaq sahəsinin ümumi ölçüsü 20 sot olmuş və onun 7,5 sot hissəsinin Bulud Bayramova məxsus olmasını təsdiq edən sərəncam olmuşdur. Evə göstərilən kommunal xidmətlər də Bulud Bayramovun adına rəsmiləşdirilmişdir. Torpaq sahəsinin qalan hissəsi isə Nina Aslanovaya məxsus olmuş və həmin sahəni 2007-ci ildə İddiaçı almışdılar. X44 Samirə bu işlərin görülməsi üçün etibarnamə də vermişdir. Lakin səhlənkarlıq edərək, rəsmiləşdirməni aparmamışdılar. Bulud Bayramovun ona 225.000 manat borcu olduğundan, həmin borcun qarşılığında torpaq sahəsini və evi ona vermişdir. 2019-cu ildə Bayramov Bulud vəfat etdikdən sonra torpaq sahəsinin qalan hissəsinin də rəsmiləşdirilməsi üçün tədbirlər görmüşlər, hətta Aslanov X10 qardaşları ilə də əlaqə saxlamışlar, onlar da öz paylarından Samirin xeyrinə imtina etdiklərini bildirmişdilər. Lakin sonradan Abbasova Gila ilə aralarında hazırki mübahisə yaranmış və rəsmiləşdirmə mümkün olmamışdır.

25. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X29 bildirmişdir ki, o, Bayramov Buludun oğludur, mübahisəli torpaq sahəsi üzərində yerləşən 2 mətəbəli ev onun atasına məxsus olmuş, onun uşaqlığı həmin evdə, həmin torpaq sahəsində keçmişdir. Həqiqətən də, onun atası ilə Mehdi Əhmədov arasında borc münasibətləri olmuş və həmin borcun qarşılığında onun atası torpaq sahəsini X25 bağışlamışdır. X4 torpaq sahəsi ilə bağlı rəsmiləşdirmə işlərinin aparılması üçün aidiyyəti sənədləri İddiaçı verilməsini ona tapşırmışdır. İddiaçı yaşadığı evə getdikdə qapını açan şəxs İddiaçı olmadığını, onun ögey bacısı olduğunu bildirmiş və məsələ ilə maraqlandıqdan sonra rəsmiləşdirmənin həll edilməsi üçün sənədlərin ona verilməsini xahiş etmişdir. Lakin sənədləri götürdükdən sonra bir müddət onu tapmaq mümkün olmamış, sonradan isə o, rəsmiləşdirmənin aparılmasından imtina etmiş və nəticədə aralarında bu torpaq sahəsinə görə mübahisə yaranmışdır.

26. Məhkəmə iclasında telefon bağlantısı vasitəsi ilə X28 yaşayan mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X18 ilə görüntülü əlaqə yaradılmış (iddiaçı və cavabdeh bu şəxsin onların qardaşı olduqlarını təsdiq etmişdilər) və bu qaydada onun mübahisəyə dair münasibəti öyrənilmişdir. Üçüncü şəxs X18 anasının adına torpaq sahəsinin olduğunu, anasının ölümündən sonra həmin torpaq sahəsini miras olaraq qəbul etmədiyini, bu əmlakla bağlı məsələlərin həlli ilə bacısının məşğul olduğunu, əmlakın hazırda bacısının və qardaşının mülkiyyətində olması barədə məlumatının olduğunu bildirmişdir.

27. Maraqlı şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

28. X28 yaşayan mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 ilə əlaqə saxlamaq mümkün olmamışdır.

29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktdiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın; 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər; 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 265.5-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H iddiaçı və cavabdehin anası X21 Əzizbəyov rayon İcra Hakimiyyətinin Sərəncamı əsasında fərdi ev tikmək üçün ayrılmışdır. X30 xx.xx.2012-ci il tarixdə ölmüşdür. xx.xx.2021-ci il tarixdə onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan sonra X14 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün onun qızı X20 xx.xx.2020-ci il tarixdə, oğlu İddiaçı isə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 7 saylı Notariat Ofisinə müraciət etmiş və nəticədə onların hər birinə miras əmlakdan ½ hissəsinə payın alınmasına dair müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə şəhadətnamələr verilmişdir. Cavabdehin nikaha daxil olmazdan əvvəl soyadı Aslanova olmuş, nikaha daxil olduqdan sonra soyadını Abbasovaya dəyişmiş, adı isə Gülbacı olmuş, sonradan rəsmi olaraq adını dəyişdirərək, Gila kimi qeydiyyata alınmışdır. X15 digər iki uşağı (vərəsi), X11 və X18 ötən dövr ərzində mirası qəbul edilməsi və ya onun qəbulundan imtina etməsi ilə bağlı hər hansı hərəkət etməmişlər və özlərini susmuş vərəsə kimi aparmışdılar. X18 anasından miras qalmış torpaq sahəsi barəsində məlumatının olduğunu bildirir. İş üzrə tərəflər digər qardaşın X5 da torpaq sahəsi barədə məlumatının olduğunu vurğulayırlar. Həmin torpaq sahəsinin X30 tərəfindən iddiaçıya bağışlanması halı da öz təsdiqini tapmır.

37. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı özü də eyni Notariat kontoruna ərizə ilə müraciət edərək, cavabdehin şəhadətnamə aldığı tarixdən 3 ay 20 gün müddət keçdikdən sonra özü də həmin əmlakın ½ hissəsindən pay almasını təsdiq edən şəhadətnamə almışdır. Bununla belə, iddiada və apellyasiya şikayətində göstərilən dəlillər (miras kimi rəsmişləşdirilmiş əmlakın üçüncü şəxslərin faktiki sahibliyində, istifadəsində olması və idarə edilməsi, onun üzərində yerləşən tikinti ilə bağlı kommunal xərclərin də üçüncü şəxslər tərəfindən qarşılandığı, cavabdehin miras əmlakın yerləşdiyi yer barədə ümumiyyətlə məlumatının olmadığı, cavabdeh tərəfindən mirasın faktiki qəbul edilməsinə dair müddətin buraxılması, vərəsəlik şəhadətnaməsinin verilməsinin qanuni əsasının olmaması, vərəsələrin dairəsinin müəyyən edilməməsi) eyniliklə ona da aid olmuş, lakin bu onun özünə həmin əmlaka dair pay almağa mane olmamışdır. Eyni əsaslarla əldə etməsinə baxmayaraq, həmin əmlaka dair öz hüquqlarının tanınmasının qanuniliyi ilə bağlı hər hansı fikri söyləmir.

38. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddiaçı hazırki tələblə müraciət etsə də, onun miras əmlakda payının müəyyən edilməsi zamanı payının azalması ilə müşaiyət edilən hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Əksinə digər vərəsələrin (qardaşlarının) bu müddət ərzində mirası qəbul etməməsi nəticəsində onun miras əmlakda payının artması baş vermişdir. İddiaçının istinad etdiyi hallar, yəni miras əmlakın uzun illərdir digər şəxslərin istifadəsində və sahibliyində olması, digər qardaşlarının vərəsəliyə çağrılmamaqla paylarının müəyyən edilməməsi cavabdehə verilmiş şəhadətnamənın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Üçüncü şəxslərin məhkəmə iclasında bildirdikləri fikirlər də bunun üçün əsas yaratmır. Eyni zamanda, iddiaçı miras əmlakda payının müəyyən edilməsi ilə bağlı vərəsəlik şəhadətnaməsini xx.xx.2021-ci il tarixdə əldə edən zaman əmlakın digər ½ hissəsinə dair cavabdehin xx.xx.2021-ci il tarixdə artıq şəhadətnamə alması barədə məlumatlı olmuş, lakin qanunla müəyyən olunmuş müddət ərzində cavabdehə verilmiş bu şəhadətnaməni mübahisələndirməmişdir. Bununla da, həmin şəhadətnamənin mübahisələndirilməsi üçün müəyyən edilmiş iki aylıq müddəti ötürmüşdür.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, həmin miras əmlakın ½ hissəsinə payın əldə edilməsinə dair iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd kimi, bu əmlakın ½ hissəsinə xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilməsi göstərilmişdir. Lakin iddiaçı bu barədə məlumatlı olmasına baxmayaraq, hazırki iddia ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla da, cavabdeh tərəfindən mirasın qəbul edilməsinin mübahisələndirməsi üçün qüvvədə olan mülki qanunvericiliklə müəyyən edilmiş 2 aylıq müddəti ötürmüşdür.

40. Məhkəmə kollegiyası cavabdehlərin əməllərində cinayət tərkibinin olması səbəbindən xüsusi qərardad çıxarmaqla, bu barədə aidiyyəti üzrə prokurora məlumat verilməsi ilə bağlı belə qənaətə gəlir ki, hazırki iş üzrə xüsusi qərardadın çıxarılması üçün hər hansı əsas yoxdur.

41. Beləlkilə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392- 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(003)- 1825/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar