Məhkəmə qərarları › İş №2(103)-619/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-619/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-619/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5401/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında Salyan rayon 2 saylı Notariat Ofisində 20 may 2022-ci il tarixdə bağlanmış AN-İ ******* seriyalı Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı- İddiaçı mülkiyyətində olan mübahisəli ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,765 ha olan torpaq sahəsini 3.000 manat müqabilində alıcı-Cavabdeh satmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 20 may 2020-ci il tarixdə Salyan rayonu Qarabağlı kəndində yerləşən 0,765 ha torpaq sahəsinin alqı-satqısına dair Salyan rayon 2 saylı notariat ofisində təsdiq edilmiş AN-İ saylı ******* nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında olan razılığa əsasən 2020-ci ilin may ayında mülkiyyətində olan Salyan rayonunun Qarabağlı kəndində yerləşən üzərində istixana quraşdırılmış 0,765 hektar torpaq sahəsini onun mülkiyyətinə verməyi, cavabdeh isə özünün faktiki istifadəsindəki Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən bir hektara yaxın torpaq sahəsini iki ay müddətində özəlləşdirərək iddiaçının mülkiyyətinə vermək öhdəliyini öz üzərinə götürmüşdür. Salyan rayonunun Qarabağlı kəndində yerləşən torpaq sahəsinə aid onun mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış olduğu üçün aralarında olan qarşılıqlı inam və etibara əsasən həmin torpaq sahəsini alqı-satqı yolu ilə Salyan rayon 2 saylı notariat ofisində xx.xx.2020-ci illə Cavabdeh adına rəsmiləşdirilmiş və bu barədə həmin tarixdə AN-İ saylı ******* nömrəli alqı-satqı müqaviləsi tərtib edilmişdir. Lakin həmin vaxtdan artıq iki ildən çox bir müddət keçməsinə baxmayaraq Cavabdeh Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən torpaq sahəsini faktiki olaraq bacısının əri X2 istifadəsinə versə də, həmin torpaq sahəsini rəsmiləşdirib, ona məxsus olmasını təsdiq edən mülkiyyət hüququ barədə hüquqi sənədi əldə edə bilməmiş, demək olar ki, bu barədə hər hansı bir fəaliyyət göstərməmişdir. Bununla əlaqədar onların aralarında müxtəlif vaxtlarda dəfələrlə mübahisələr olmuş, cavabdeh isə hər dəfə onlara vədlər versə də, öz üzərinə götürdüyü öhdəliyi bu günə kimi yerinə yetirməmişdir. Sonuncu dəfə, xx.xx.2022-ci ildə Cavabdeh atası X10 aralarındakı torpaq mübahisəsi ilə əlaqədar olaraq Bakı şəhərində olarkən bir daha onları mübahisəli torpağın faktiki mülkiyyətçisi onun bacısının həyat yoldaşı X3 əmin etmişdir ki, iki ayın müddətində Bakı şəhəri, Zirə qəsəbəsindəki torpaq sahəsinə aid mülkiyyət hüququna aid sənədləri əldə edərək, alqısatqını qanunauyğun şəkildə rəsmiləşdirəcəkdir. Əks halda, 150 000 manat dəyərində olan Salyan rayonunun Qarabağlı kəndində yerləşən torpaq sahəsini yararlı vəziyyətdə X4 qaytaracaqdır. Artıq həmin vaxtdan da bir ay keçməsinə baxmayaraq Cavabdeh və onun atası X10 öz üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmək üçün heç bir əməli fəaliyyət göstərməmişlər. Əksinə onlarda olan məlumata əsasən cavabdeh onun mülkiyyətinə vermiş olduğu və hazırda mübahisələndirdiyi torpaq sahəsini digər şəxslərə satmaq niyyətindədir. Bu barədə həmin torpaq sahəsinə alıcılar da dəvət olunduğu barədə onlara xəbər çatdırılır. Salyan rayonunun Qarabağlı kəndində yerləşən torpaq sahəsini Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ilə baş-başa dəyişmək barədə razılığa gəlmişlər. Buna görə də cavabdehin adına rəsmiləşdirdiyi torpaq sahəsinin alqısatqı müqaviləsinin notariat orqanında təsdiq olunması üçün həmin sahə formal olaraq 3.000 manat məbləğində dəyərləndirilmişdir. Həmin torpaq sahəsi bazar qiyməti ilə 150.000 manatdan da çox dəyərləndirilir. Bu bir daha onunla təsdiq olunur ki, 8 aprel 2022-ci il tarixdə cavabdehin atasının iştirakı ilə tərtib edilmiş öhdəlikdə torpağın həmin qiymətə dəyərləndirilməsi qeyd edilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-619/2024 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

5. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 386.1, 390.1, 427.3, 448.1, 152.1, 152.5 və 157.2 -ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

6. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5401/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

7. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MM-nin 337.1 maddəsinə istinad etməklə səhvə yol vermişdir. Belə ki, onunla iddiaçı arasında xx.xx.2020-ci il tarixdə Salyan Rayonu Qarabağlı kəndində yerləşən 0.765 hektar torpaq sahəsinin alqı-satqısına dair Salyan Rayonu 2 saylı Notariat ofisində təsdiq edilmiş alqısatqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmamışdır. Müqavilə bağlanarkən hər iki tərəf azad iradə ifadəsinə istinad etməklə sərbəst şəkildə əqdi imzalamış, alqı-satqının predmeti daşınmaz əmlak olduğundan müqavilə qanunla müəyyən olunan qaydada, yəni notarial qaydada bağlanmış, torpağın dəyəri razılaşdırılmış məbləğdə və qanunla müəyyən olunan qaydada satıcıya ödənilmişdir. Məhkəmə əqdi əhəmiyyətsiz əqd hesab etsə də öz qətnaməsində mübahisələndirilən alqsatqı müqaviləsinin hansı dəlillərə görə əhəmiyyətsiz əqd hesab etdiyini əsaslandırmamışdır. Çünki bu cür dəlillər mövcud deyil. Əqd bağlanarkən Azərbaycan Respublikası qanunvericiliyi hər hansı bir şəkildə pozulmamışdır. İşin hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2020-ci ildə Salyan rayon 2 saylı notariat ofisində bağlanmışdır. Lakin iddiaçı məhkəməyə 2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi əhəmiyyətsiz əqdlərin etibarsız hesab olunmasına dair qanunla müəyyən olunmuş 1 illik iddia müddəti açıq aşkar ötürülmüşdür. Cavabdehin məhkəmə prosesində iştirakı təmin olunmadığı üçün o, mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Yəni, bu qəbildən olan işlərdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsə belə, müddət üzrlü səbəblərdən buraxıldığı təqdirdə məhkəmə mübahisəyə iddia müddətini tətbiq etməyə borcludur. İşin hallarından görünür ki, müddətin üzrlü səbəbdən buraxılmasına dair sübutlar mövcud deyildir. İddiaçı isə buraxılmış müddətin bərpasına dair ərizə verməmişdir. Məhkəmə iddianı təmin edərkən əsasən atası X10 ilə torpağın faktiki mülkiyyətçisi İddiaçı bacısının həyat yoldaşı X6 arasında sadə yazılı formada tərtib olunmuş əlyazmaya istinad etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli “Öhdəlik razılaşması”ndan görünür ki, atası X10 aralarındakı torpaq mübahisəsi ilə əlaqədar olaraq mübahisəli torpağın faktiki mülkiyyətçisi İddiaçı bacısının həyat yoldaşı X3 əmin etmişdir ki, iki ayın müddətində Bakı şəhəri, Zirə qəsəbəsindəki torpaq sahəsinə aid mülkiyyət hüququna aid sənədləri əldə edərək, alqı-satqını qanunauyğun şəkildə rəsmiləşdirəcəkdir. Əks halda, 150 000 manat dəyərində olan Salyan rayonunun Qarabağlı kəndində yerləşən torpaq sahəsini yararlı vəziyyətdə X4 qaytaracaqdır. Məhkəmə nəzərə almamışdır ki, nə X10, nə də X6 alqı-satqı müqaviləsinin iştirakçıları deyil. Alıcı mübahisəli əmlakın alqısatqı şərtlərinin müəyyən olunmasında işrirak etməklə əlaqədar atası X7 notarial qaydada təsdiq olunmuş rəsmi etibarnamə verməmişdir Satıcı İddiaçı bacısının həyat yoldaşı X4 bu məzmunda etibarnamə verməsi də öz təsdiqini tapmır. Belə olan halda həmin şəxslər arasında bağlanmış şifahi razılaşma alqı-satqının etibarsızlığı üçün əsas ola bilməz. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatdan da görünür ki, X10 Bakı şəhəri, Zirə qəsəbəsindəki torpaq sahəsini faktiki olaraq X2 istifadəsinə vermişdir. Həmin torpaq sahəsinin X2 adına özəlləşdirmək öhdəliyinin X5 üzərinə qoyulması barədə razılaşmanın hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, iş materiallarından da görünür ki, X10 torpaq sahəsinin mülkiyyətçisi deyil və mülkiyyətçi tərəfindən ona bu cür səlahiyyət verilməmişdir. İddiaçının dəlillərindən biri də budur ki, torpaq satılan vaxt onun real qiyməti təqribən 200.000 manat olmuş, onu 150.000 manata satmaq istəmiş, lakin onun Zirə qəsəbəsində qeyd olunan torpaq sahəsini verəcəyini nəzərə alaraq alqı-satqı qiymətini formal olaraq 3.000 manat müəyyən etmişlər. Məhkəmə nəzərə almamışdır ki, müqavilənin mühim şərtləri satıcı və alıcı tərəfindən müəyyən olunur. Qiymətin hansısa kənar təsirin olması və ya aldatma nəticəsində 3.000 manat müəyyən olunmasına dair hər hansı bir sübut mövcud deyil. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, ekspert rəyində Salyan rayonu Qarabağlı kəndində yerləşən istixana kompleksinin yerləşdiyi ərazilərə yaxın ərazilərdə mövcud olan 1,20 ha istixananın 2020-ci ilin may ayına olan orta bazar qiyməti təqribən 130.000 manat məbləğində müəyyən edilmişdir. Halbuki, satılan torpaq sahəsinin ölçüsü 1,20 ha deyil, cəmi 0,765 ha təşkil edir. Buna baxmayaraq məhkəmə ekspert rəyinə sübutlardan biri kimi istinad etmişdir. İşin mahiyyəti üzrə həll olunub iddianın rədd olunması üçün kifayət qədər sübutlar olduğu halda məhkəmə heç bir zərurət olmadan iş üzrə ekspertiza təyin etmişdir. Bununla yanaşı qeyd olunan ziddiyyəti aradan qaldırmaq üçün əlavə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Ümumiyyətlə qətnamədə iddianın qanuni və əsaslı olmasına dəlalət edən və məhkəmə tərəfindən müəyyən olunan hər hansı bir hüquqi əsaslandırma mövcud deyil. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində çoxsaylı maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, həmin normaların mübahisəyə nə dərəcədə aid olub-olmamasına aydınlıq götirməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində hər-hansı əsaslandırmadan söhbət getmir, qətnamədə sadəcə maddi hüquq normaları sadalanır. MM-nin 339-cu maddəsinin bütün bəndlərini sadəcə sadalamışdır, lakin həmin maddələrin nə üçün tətbiq olunduğunu əsaslandırmamışdır. Məhkəmə əqdi etibarsız hesab edərkən iki sübuta istinad etmişdir. Birinci sübut ondan ibarətdir ki, Cavabdeh atası X10 ilə İddiaçı bacısının həyat yoldaşı arasında xx.xx.2022-ci il tarixində öhdəlik razılaşması deyilən bir sənəd imzalanmışdır. Bu sənəd alğı-satqı müqaviləsindən 2 il sonra bağlanmışdır. İkinci məsələ isə ondan ibartədir ki, cavabdehin atası X10 bu alğı-satqı müqaviləsinin tərəfi deyildir və Cavabdeh tərəfindən ona hər-hansı etibarnamə verilməmişdir. O cümlədən iddiaçının yeznəsi alğı-satqı müqaviləsinin tərəfi deyildir və ona İddiaçı tərəfindən hər hansı etibarnamə verilməmişdir. Alğı-satqı müqaviləsi 0,765 ha torpaq sahəsi ilə bağlı bağlanmışdır. İş materiallarında olan şahid ifadələrinin də heç bir əhəmiyyəti yoxdur. Tərəflər arasında notarial qaydada təsdiq olunmuş iradə ifadələrini əks etdirən müqavilə bağlanmışdır. Həmin razılaşmanı ümumiyyətlə hüquqi sənəd kimi qəbul etmir. İstixananın cavabdeh tərəfində tikilməsinə dair sübutlar vardır, şahid ifadələri mövcuddur. Cavabdeh bu işlə bağlı hər-hansı məsuliyyətə cəlb olunmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxs başqa bir işlə əlaqədar olaraq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdır. Bundan sui-istifadə edən iddiaçı tərəf cavabdehin atasına hədə-qorxu gəlmiş, şikayət verəcəklərini, oğlunun vəziyyətinin ağırlaşacağını bildirmişdir. Digər halda ona belə bir qəbz verilməsini istəmişlər, şəxs isə qoca adamdır və heç bir hüquqi əhəmiyyəti olmayan bir sənəd vermişdir. Eyni zamanda qeyd etmək lazımdır ki ekspertiza keçirilən zaman Mülki Məcəllənin, Mülki Prosessual Məcəllənin 99-103-cü maddələrinin tələbləri pozulmuşdur. Hesab edir ki, hər ikisi ziddiyyətli olduğundan sübut kimi qiymətləndirilə bilməz. 10.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, alqı-satqı müqaviləsinin bağlanmasında məqsəd Zirə qəsəbəsində yerləşən torpaq sahəsi cavabdeh tərəfindən özəlləşdiriləcək və iddiaçının mülkiyyətinə veriləcəkdir. Həmin müqavilə bağlanan zaman cavabdehin faktiki istifadəsində olan Zirə qəsəbəsindəki torpaq sahəsinin mülkiyyət hüquqlarını təsdiq edən sənəd olmadığına görə onlar ilkin formada aralarında olan inama görə cavabdehin təkidi ilə bu alğı-satqı müqaviləsini formal olaraq bağlamışlar. Onlar torpaq sahələrini əvəzləşdirmək istəyiblər. Zirə qəsəbəsindəki torpaq sahəsinin kimin sahibliyində olmasını dəqiq bilmirlər. İddiaçının və tərəflərin bildirdiyinə görə cavabdeh CM-nin 178-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Cəlb qərarlarını hələ əldə edə bilməmişdir. Alğı-satqı müqaviləsi bağlanan zaman istixananın torpaq sahəsinin üzərində olması iş materialları ilə, şahid ifadələri ilə sübua yetirilir ki, istixana alğı-saqı müqaviləsindən əvvəl bağlanmışdır. Şahidlərdən biri bildirir ki, o, həmin istixanada fəhlə işləmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən şəxs faktiki olaraq torpaq sahəsinin mülkiyyətçisidir. Torpaq sahəsi formal olaraq iddiaçının adına rəsmiləşdirilmişdir. Alqı-atqı müqaviləsində qiymət 3000 manat civarında qeyd olunub və belə olduqda çox fərq yaranır. Dindirilmiş şahid məhkəmə iclasında öz ifadəsini verdi və işin birinci instansiyadakı hallarından da göründüyü kimi torpağın faktiki sahibi Turaldır. Ona görə də razılaşmada Turalın iştirak etməsində şübhələnəcək bir hal yoxdur. Digər tərəfdən razılaşmada cavabdehin atasının iştirak etməsinin səbəbi də məlumdur, keçən məhkəmə iclasında bu barədə məlumat vermişdir. Qeyd etmişdir ki, həmin vaxt oğlu barəsində Dövlət Təhlükəsizlik Xidmətində araşdırma aparılırmış, ona görə də özünün iştirakı mümkün deyildi. Sübutlarla bağlı onu deyə bilər ki, iş hələ Salyanda olanda birinci instansiya məhkəməsində verilmiş vəsatət vardır. İddiaçı nümayəndəsi tərəfindən yazılan ərizədə qeyd olunmuşdur ki, disklər sizə təqdim edilir, lakin iş materiallarında disk yoxdur. Maklerlə görüşləri, atasının etirafı hamısı bu 4 diskdə qeyd olunmuşdur. Burada aldatma ilə bağlı birbaşa olmasa da kifayət qədər dolayı sübut vardır. Səhv etmirsə, Nigar Əsədovanın işi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarı vardır və göstərilir ki, məbləğlərlə bağlı məsələlərə formal olaraq yanaşa bilmərik. Birinci instansiyanın iş materiallarında səs yazılarının sübut kimi təqdim edilməsi ilə bağlı vəsatət qeyd olunsa da iş materiallarında rast gəlinmir. Ona görə də həmin səs yazılarını yenidən sizə təqdim edərək araşdırılmasını xahiş edirik. Digər tərəfdən ekspert rəyi və dindirilmiş şahidlərin ifadələri bir daha məsələlərin iddiaçının qeyd etdiyi kimi baş verdiyini sübut edir. Tural Əliyarov torpağın faktiki sahibidir. Bu danışıq şəxsən X9 Ceyhun arasında olub Birinci instansiyanın qətnaməsindən də, cavabdehin şahid kimi göstərdiyi atasının ifadəsindən də müəyyən olunur ki, torpağın faktiki sahibi Tural Əliyarovdur. Sadəcə olaraq Rəşad onun qohumu olduğu üçün onun adına rəsmiləşdirilib.

11. Məhkəmə iclasında dindirilmiş şahid X10 öz ifadəsində bildirmişdir ki, oğlu Ceyhunun işlərindən həmişə narazı idi, onun ətrafındakı dostlarından da xoşu gəlmirdi. Oğlunun 2020-ci il may ayında Salyan rayonunda torpaq sahəsi almasından məlumatı olmamışdır, lakin orada istixanaları var idi. Oğlunun dostu ilə orada istixanası var idi. İş materiallarındakı qəbzlə bağlı bildirir ki, həmin qəbz 2022-ci ilin mart ayında olmuşdur, həmin vaxt oğlu saxlanılmışdı. Ona tez-tez zəng vururdular ki, oğlundan şikayətçi olublar, oğlu ilə müqavilə bağlanıbdır, lakin oğlu öhdəliklərini icra etmir. O, oğlu ilə əlaqə saxlaya bilmirdi. Telefonda danışan şəxs yaşlı adam idi, daha sonra bildi ki, həmin şəxs vəkildir. O, ehtiyat edirdi, birinci dəfə idi ki, belə bir işə düşmüşdü, həmin şəxs ona hər gün yığırdı, ona deyirdi ki, gedib oğlundan şikayət edəcəklər, oğlunun işi daha da ağırlaşacaq, ona deyirdi ki, gəlin görüşsünlər. Axırda o da dedi ki, “yaxşı nə istəyirsiniz elə də edək”. Həmin şəxs bildirdi ki, “sən gəl bir sənədə qol çək, onlar sakitləşssin”. O, həmçinin sənədi oxumadı, sənəd tam yazılmamışdı. O, həmin şəxslə əvvəlki Mətbuat prospektində görüşdü. Həmin vaxt Dövlət Təhlükəsizlik Xidmətindən gəlirdi. O, həmin yerə gələndə kişi şəxsiyyət vəsiqəsini götürdü, daha sonra nə isə yazdı və bildirdi ki, o, qol çəksin. O, bir və ya iki yerdən qol çəkdi, oraya nə yazıldığından məlumatı yox idi. Onun tək istəyi oğlunun xilas olunması idi. Daha sonra ona dedilər ki, “sən öhdəlik götürmüsən”. Ceyhun ona heç bir etibarnamə verməmişdir. Zirə qəsəbəsində mülkiyyətlərində torpaq sahəsi yoxdur. Həmin torpaq sahəsinin kimin olmasından məlumatı yoxdur, orada sənədli torpaq sahələri yoxdur. Əliyarov Turalı şəxsən görməmiş, lakin telefon vasitəsilə əlaqə saxlamışdılar. Ceyhunun bağıladığı alğı-satqı müqaviləsindən məlumatı yox idi. Xəzər rayonunda yerləşən torpaq sahəsindən məlumatı olmamışdır. Ərizəni qol çəkən zaman heç nəyi oxumamışdır. Kişi ona dəfələrlə bildirdi ki, buraya imza çək, qarşı tərəf sakitləşsin, daha sonra oğlunuz həbsdən çıxar və özü öz məsələsini həll edər. Oğlu 2022-ci il tarixində DTX tərəfindən saxlanılan zaman həm o qoca kişi, həm də Tural zəng vururdu. O, zənglər barədə daha sonra oğluna bildirdi. O, bildirən zaman oğlu ona bilmədiyi şeylərə nə səbəbə qol çəkməyi ilə bağlı irad bildirdi. Oğlu Salyanda istixananı Elşən, Cümşüd adlı şəxslərlə işlədirdi. Oğlu istixananı təqribən 2017-ci il tarixindən işlədirdi. Sənəd imzalanan zaman yanında kimlərin olmasını xatırlamır. Seymur, Samir adlı şəxsləri tanıyır, görmüşdür. Onların bu işdə nə rolda olduqlarını bilmir. 12.Məhkəmə iclasında dindirilmiş şahid X6 öz ifadəsində bildirmişdir ki, Rəşad onun qayınıdır. Bütün mal-mülk ona məxsusdur, o, sadəcə onları Rəşadın adına sənədləşdirmişdir. Rəşad onun torpağını istixana ilə birlikdə 3 min manata Ceyhuna satmışdır, bunun müqabilində isə Xəzər rayonunda olan torpaq sahəsi ona verilməli idi. Bununla bağlı heç bir sənədləşmə yoxdur. Hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmir, torpaq boş vəziyyətdədir. Sadəcə 1 il müddətində həyət üçün əkinti elədilər, lakin gördülər ki, heç nə əmələ gəlmir. Torpaq sahəsinin sənədlərini bu ay, gələn ay deyədeyə uzatdılar və vermədilər. Yaxınlıqdakı icra nümayəndəliyindən də əməkdaşlar gəlmişdilər, onlara dedilər ki, sənədləri bu ay, gələn ay verər, sənədlər hazırlanır. Halhazırda həmin torpaq sahəsinin heç bir sənədi yoxdur. Qarşı tərəf bildirdi ki, kənd təsərrüfatı xətti ilə kredit götürəcək, həm torpaq sahəsinin sənədləşməsinə, həm də buranı dirildəcək, bu tərzdə onlar sövdələşdi, onun etibarından sui-istifadə etdi. Süründürəsüründürə bu vaxta qədər gətirib çıxardı. Daha sonra Dövlət Təhlükəsizlik Xidməti bu adamı bəzi saxta sənədlərinə görə onu saxladı, həmin vaxt o dedi ki, sizə etibarı yoxdur və o da şikayət edəcək. Həmin vaxt özləri gəldi, Seymur adlı hüquq məsləhətçiləri var idi, daha sonra o bilib ki, həmin şəxsdən hüquqdan anlayışı yoxdur. Alğı-satqı müqaviləsi etibarsız hesab edilərsə özləri götürsün öz sahələrini, boş torpaq sahəsidir, orada heç nə yoxdur, hətta içərisində onlar başına yağış yağmasın deyə daxma tikmişdilər. Zirədəki torpaq sahəsini ona Ceyhun göstərdi və bildirdi ki, bura onundu, buranı onlara verə bilər, o, gəldi götür-qoy etdi və düşündü ki, bura ona sərf edə bilər. Ceyhun başqa bir obyektdə göstərdi, çay sahəsi idi ora və onun da sənədləri yox idi. O baxdı ki, real olan bu torpaq sahəsidir və söz verdi ki, həmin torpaq sahəsinin sənədlərini iki ay ərzində düzəldə bilər. Ceyhunla onun arasında o qədər ortaq adam var idi ki, dedilər ki, ona etibarlı şəxsdir və o da inandı, inanmamaq mümkün deyildi. X8 tanıyır, o, Ceyhundan şikayət vermək istəyəndə ortaya çıxdı ki, şikayət etməsin. O, təklif etdi ki, ona hər hansı təminat, sənəd verilsin, daha sonra torpaq sahəsinin sənədləri verilən zaman geri qaytarar. X10 hər şeydən xəbərdar idi, bununla bağlı səs yazılar vardır. X10 bildirdi ki, Ceyhunla danışdıq və sənədləri yoluna qoyacaqlar. Həmin o hüquqşünasları bildirdi ki, bəs ona 6-7 min manat verilmişdir və o, həmin pulla sənədləşməni həyata keçirəcək. Elə bir ssenari qurmuşdular ki, inanmamaq mümkün deyildir, sual veriləcək yer qalmamışdı. Razılaşma zamanının məqsədi torpaq sahəsini və üzərindəki konstruksiyanı satmaq idi. Salyan ərazisindəki torpaq sahəsinin qiyməti 10-15 min manatdır. Konstruksiyanın qiyməti 150 min manatdır.

Tətbiq edilən maddi hüquq norması

13.Azərbaycan Respublikasının Konstitusiyası 60 maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 15.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 16.339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 17.339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 18.339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 19.354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən hallarıbildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 20.404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 21.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 22.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 23.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 24.567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 25.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

26. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 27.662-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2020-ci il tarixli Qərarına görə Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr tarixli Qərarı). 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. 30.Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

32. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 35.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya baxışının hədləri

37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 38.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 39.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

41. Mülki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında Salyan rayon 2 saylı Notariat Ofisində 20 may 2022-ci il tarixdə bağlanmış AN-İ ******* seriyalı Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı-İddiaçı mülkiyyətində olan mübahisəli ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,765 ha olan torpaq sahəsini 3.000 manat müqabilində alıcı-Cavabdeh satmışdır. 42.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

43. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.

44. Hazırda iddiaçı sözügüdən alğı-satqı müqaviləsinin və onun bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında olan razılığa əsasən mülkiyyətində olan üzərində istixana quraşdırılmış 0,765 hektar torpaq sahəsini onun mülkiyyətinə verməyi, cavabdeh isə özünün faktiki istifadəsindəki Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən bir hektara yaxın torpaq sahəsini iki ay müddətində özəlləşdirərək mülkiyyətinə vermək öhdəliyini öz üzərinə götürmüşdür. Salyan rayonunun Qarabağlı kəndində yerləşən torpaq sahəsinə aid onun mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışı olduğu üçün həmin torpaq sahəsi alqı-satqı yolu ilə Salyan rayon 2 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş və bu barədə xx.xx.2022-ci il tarixdə AN-İ saylı ******* nömrəli alqı-satqı müqaviləsi tərtib edilmişdir. Lakin həmin vaxtdan artıq iki ildən çox bir müddət keçməsinə baxmayaraq Cavabdeh Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən torpaq sahəsini faktiki olaraq bacısının əri X2 istifadəsinə versə də, həmin torpaq sahəsini rəsmiləşdirib, ona məxsus olmasını təsdiq edən mülkiyyət hüququ barədə hüquqi sənədi əldə etməməklə onu aldatmışdır.

45. Göründüyü kimi, iddiaçı irəli sürdüyü tələbin qanuni əsası kimi, cavabdehin başdan etibarən aldatma niyyətilə hərəkət etməsinə istinad etmişdir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmə mülki qanunvericiliyin əqdin mübahisələndirilməsi ilə bağlı müvafiq normalarını tətbiq etməklə və araşdırmanı aldatmanın olub-olmaması istiqamətində aparmaqla haqlı olmuşdur.

46. Beləliklə aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).

47. Göründüyü kimi “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma təsiri altında bağlanmış əqd yalnız o halda etibarsız sayıla bilər ki, zərərçəkmişin aldanması ilə bağlı hallar onun əqdi bağlamaq qərarı ilə səbəbli əlaqədə olsun.

48. Bununla əlaqədar qeyd edilməlidir ki, etibarsızlığı mübahisələndirilən xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi notarial qaydada təsdiq edilmişdirsə, əksi sübut edilənə qədər, həmin müqavilənin məzmununun və mahiyyətinin etibarlı olması prezumpsiyası qüvvədə olmalıdır. Sübutetmə vəzifələrinin bölüşdürülməsinə və sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı halda sübut etmək yükü əqdin etibarsız olmasına istinad edən tərəfin-iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı tələbini cavabdeh tərəfindən aldadılması, yəni iradə ifadəsində pozuntu olması ilə əsaslandırmışdır.

49. İddiaçı əqdin aldanmanın təsiri nəticəsində bağlandığını təsdiq edən dəlil olaraq – satılan əmlakın dəyərinin müqavilədə real qiymətindən aşağı göstərilməsi halına istinad etmiş, bu hal da birinci instansiya məhkəməsi, həmçinin məhkəmə kollegiyası tərəfindən yoxlanılmışdır.

50. Belə ki, iddiaçının istinad etdiyi bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/127-9/206 nömrəli 31 may 2023-cü il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin ekspert rəyinə əsasən ünvan 1ində yerləşən istixana kompleksinin yerləşdiyi ərazilədə mövcud olan 1,20 ha istixananın 2020-ci ilin may ayına olan orta bazar qiyməti təqribən 130.000,00 manat məbləğində müəyyən edilmişdir.

51. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/2458-9/2448 nömrəli 4 iyun 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, AN-İ ******* seriyalı Daşınmaz əmlakın alqısatqısı müqaviləsinin predmeti olan ünvan 1ində yerləşən 0,765 ha torpaq sahəsinin müqavilə bağlanan zaman mövcud olan bazar qiyməti təqribən 130.050,0 manat məbləğində müəyyən olunmuşdur.

52. Göründüyü kimi ekspert rəylərinə əsasən mübahisəli əmlakın dəyərindən dəfələrlə ucuz qiymətə özgəninkiləşdirildiyi halı təsdiq olunur. Belə ki, qiyməti təqribi 130.000 manat olan daşınmaz əmlak tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* seriyalı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən 3.000 manat qiymətinə Cavabdeh satılmışdır. Müqavilədə göstərilən qiymətlə ekspert rəyinə əsasən müəyyən edilmiş qiymət arasında aşkar fərq mövcuddur və bu fərqin nə ilə əlaqədar olduğunu cavabdeh tərəf ağlabatan şəkildə izah edə bilməmişdir.

53. Halbuki mübahisəli torpaq sahəsinin real bazar dəyərindən 1, 2, 3 deyil, 43 dəfəyə yaxın aşağı qiymətə alınması, alıcı ilə satıcı arasında daşınmaz əmlakla bağlı alğı-satqı müqaviləsi bağlananadək formalaşan münasibətlər olaraq, hazırki mübahisənin həlli zamanı xüsusi önəm daşımalıdır. Çünki daşınmaz əmlakın real bazar qiymətindən çox aşağı qiymətə satılması baş tutmuş əqdin legitimsizliyi barədə şübhələrin yaranmasına zəmin yaradır. Belə ki, qiymətin bu dərəcədə aşağı olması mülki qanunvericilikdə müqavilə azadlığını nəzərdə tutan bir anlayışla izah edilməsi ağlabatan deyildir. Əmlakın, xüsusilə də daşınmaz əmlakın qiyməti satıcı və alıcı üçün mühüm əhəmiyyət daşıyır. Alqı-satqı predmeti olmuş əmlakın 0,765 ha torpaq sahəsi və üzərindəki istixana olması (vahid əmlak) işin mübahisə olunmayan halı kimi müəyyən edilib.

54. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti deyildir, bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə də uyğun olmuşdur. Mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin cavabdeh tərəfindən aldanması (cavabdehin sonrakı hərəkətsizliyi) nəticəsində bağlanması səbəbindən etibarsız sayılması ilə bağlıdır.

55. Yuxarıda qeyd edilənlərdən müəyyən olunur ki, iddiaçı mübahisələndirilən müqavilə bağlanan zaman cavabdeh tərəfindən aldanmış, o, Salyan rayonunun Qarabağlı kəndində yerləşən, üzərində istixana quraşdırılmış 0,765 hektar torpaq sahəsinin əvəzində guya qanuni sahibliyində olan lakin adına rəsmiləşdirilməmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən bir hektara yaxın torpaq sahəsini verəcəyi barəsində yalan məlumat vermişdir. Yəni mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasını təmin etmək üçün yalan məlumat vermişdir. İddiaçı da qarşı tərəfə inanaraq həqiqətə uyğun olmayan qənaəti nəticəsində mövcud müqaviləni simvolik qiymət müəyyən etməklə bağlamağa razılaşmışdır.

56. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi qənaət Mülki Məcəllənin 339.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmuşdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

57. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin kəsici müddətin ötürülmüş olması ilə bağlı dəlilləri ilə razılaşmayaraq bildirir ki, iddiaçının bildirdiyi hal, yəni müqavilənin aldatma nəticəsində bağlanması iradənin zədələnməsi ilə bağlanan əqd olmaqla təsnifatına görə mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdlər üçün isə qanunvericilik 1 illik mübahisələndirmə (kəsici) müddəti müəyyən etmişdir.

58. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu, şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir il ərzində həyata keçirilə bilər.

59. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli, A.Nadirovanın və qeyrilərinin şikayəti üzrə 16 mart 2022-ci il tarixli qərarlar).

60. Hazırki mülki iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, iddiaçı mübahisələndirilən müqavilə bağlanan zaman cavabdeh tərəfindən aldanmış, o, Salyan rayonunun Qarabağlı kəndində yerləşən, üzərində istixana quraşdırılmış 0,765 hektar torpaq sahəsinin əvəzində guya qanuni sahibliyində olan lakin adına rəsmiləşdirilməmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən bir hektara yaxın torpaq sahəsini verəcəyi barəsində yalan məlumat vermişdir. İddiaçı faktiki istifadəsinə verilmiş torpaq sahəsinin qohumunun adına sənədləşdirməyi gözləmiş, bu istiqamətdə bir neçə dəfə müvafiq cəhdlər etmiş, lakin aldandığını dərk etdikdən, bununla da əqdi mübahisələndirmək hüququ yarandıqdan sonra bir il ərzində, məhkəməyə müraciət etməklə 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti ötürməmişdir.

61. Belə ki, apelyasiya baxışı zamanı verilmiş şahid ifadələri, diskdəki səs yazıları və xx.xx.2022-ci il tarixli “Öhdəlik razılaşması”ndan əqdin etibarsızlığına dəlalət edən sübut olaraq istifadə edilməsi mümkün olmasa da, qeyd edilənlər iddiaçının cavabdehə bu mübahisənin öz aralarında həll olunması üçün dəfələrlə müraciət etdiyinə, bunun üçün gözləmə mövqeyini tutduğuna dəlalət edir. Bu səbədən kəsici müddətinin axımı ən azı xx.xx.2022-ci il tarixindən hesablanmalıdır. 62.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. 63.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

64. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 65.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5401/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar