Məhkəmə qərarları › İş №2(103)-6190/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6190/2020

17.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6190/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və qanuni nümayəndəsi X1, vəkili X5, Cavbadehlərin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və Radayeva (Əliyeva) Səidə Kamil qızına qarşı (üçüncü şəxs Bakı şəhəri 46 saylı Notariat Ofisi) “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməklə uzadılması və sair” tələblərinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-234/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xeyrinə onun (anası) qanuni nümayəndəsi X3 cavabdehlər Cavabdeh1 və Radayeva (Əliyeva) Səidə Kamil qızına qarşı Bakı şəhəri 46 saylı Notariat Ofisini üçüncü şəxs kimi göstərildiyi “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməklə uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlaklarda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Mehdi oğlundan miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməklə uzadılması, cavabdehlər Cavabdeh1 və X4 adına Bakı şəhəri 46 saylı Dövlət notariat kontorunda xx.xx.2008-ci il tarixdə 2V-50 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakı olan Bakı şəhəri, Goradil qəsəbəsi bağ massivində yerləşən 1374 saylı evinə, Bakı şəhəri Goradil qəsəbəsi bağ massivində yerləşən 1374 və 1374 A saylı bağ sahələrinə və Bakı şəhəri, Böyük Qala küçəsi, 29 saylı evin 11 saylı mənzilinin ½ hissəsinə iddiaçı X6 pay hüququn müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-234/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı və onun qanuni nümayəndəsi X3 yazılı ərizə təqdim edərək hazırkı mübahisə üzrə 10000 manat alınması nəticəsində iddiadan imtina etdiklərini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İddiaçının vəkili məhkəmə kollegiyasından iddiadan imtinanın qəbul edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili iddiadan imtinaya və işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs Bakı şəhəri 46 saylı Notariat Ofisinin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə işitrak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı qanuni nümayəndəsi X1 hazırkı iddia tələbindən imtinası qəbul edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-234/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı xeyrinə onun (anası) qanuni nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və Radayeva (Əliyeva) Səidə Kamil qızına qarşı Bakı şəhəri 46 saylı Notariat Ofisini üçüncü şəxs kimi göstərildiyi “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməklə uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlaklarda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə hazırkı mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar