Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6191/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə , İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin, əmək haqqının, dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5537/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra, cavabdeh) qarşı “əmək müqaviləsinə xitam verilməsi, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin, əmək haqqının, dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi və bununla bağlı elektron informasiya sisteminə məlumat göndərilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması, ödənilməmiş əmək haqqı kimi 9600 manat pulun, istifadə edilməmiş məzuniyyətə görə 2368 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə cavabdehdən vurulmuş mənəvi ziyana görə 4000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC-nin təsisçisi Ə.Canbaxşiyevi 2007-ci ildən tanıyır, 2015-ci ilə qədər onunla işləmiş, daha sonra təsisçi onu ölümlə hədələmiş, şər-böhtan atmış, onu məhkəməyə, prokurorluğa vermişdir. 2019cu ilədək bütün mərhələlərdə bəraət qazanmışdır. Təsisçi özü ona demişdir ki, bunları etməkdə məqsədi, onun yenidən işə qayıtmasıdır, bu səbəbdən yoldaşı ilə də münasibətləri pozulmuşdur. Cavabdehin təsisçisi onu başqa yerdə işləməyə qoymur, ona zorakılıq edir, daha sonra məcbur qalaraq müəssisədə işə geri qayıtmışdır. xx.xx.2020-ci ildə "xxxx" MMC-də direktor müavini vəzifəsinə təyin edilmiş, bu barədə əmr verilmişdir. Əmək haqqı 1200 manat təşkil edir, müqavilədə 330 manat yazılmışdır, lakin maaşı real olaraq 1200 manatdır, görünüş üçün karta ildə 2-3 dəfə 330 manat pul köçürülmüşdür. Müqavilə bağlandıqdan bir müddət sonra cavabdehin təsisçisi yenidən ona qarşı kobud rəftar etməyə başlamış, onu təhqir etmiş, təzyiqlər göstərmiş, ölümlə hədələmişdir. Cavabdeh ona 8 ay əmək haqqını ödəməmiş, 8 aylıq əmək haqqı isə 9600 manat təşkil edir. O, xx.xx.2022-ci il tarixdə işdən çıxmışdır, çıxmaqla bağlı özü ərizə yazmışdır. İşdən çıxarkən onun istifadə etmədiyi əsas məzuniyyətə görə pul əvəzi ödənilməmişdir. Bundan əlavə işdən çıxması ilə bağlı məlumat elektron informasiya sisteminə göndərilməmişdir. Cavabdehə dəfələrlə müraciət etsə də, o, buna məhəl qoymamışdır, həmçinin bu əziyyət onun mənəvi və psixoloji halının pozulmasına, mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdeh ona aid olan heç bir sənədi özünə qaytarmır, hətta 4 səhifəlik əmək müqaviləsini belə dəyişmişdir. Cavabdeh ona qarşı qərəzli yanaşır, ona əl qaldırmış, döymüşdür, evinə dəfələrlə hücum etmişdir, bu barədə 10-15 dəfə polisə müraciət etmişdir. Hətta indi də iclaslara gəlməyə qorxur, çünki həmin şəxs onu öldürməklə hədələyir, işlədiyi müddət ərzində ona maaş verilməmişdir, hazırda da müəssisədə adı direktor kimi gedir, lakin orada işləmir, bununla belə, cavabdeh onu işdən çıxarmır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(011)-6679/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti daşınmaz əmlak agentliyi və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi və bu barədə Cavabdeh tərəfindən elektron informasiya sisteminə məlumat göndərilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və s.) ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı 2(011)-6679/2022 saylı mülki iş üzrə “əlavə qətnamə qəbul edilməsi barədə” ərizə təqdim edərək, istifadə ediməmiş məzuniyyətə görə və ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlı pul məbləğinin göstərilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 2(011)-5537/2023 saylı əlavə qətnaməsi ilə "xxxx" MMC tərəfindən ödənilməli əmək haqqı qismində 6692 (altı min altı yüz doxsan iki) manat 50 (əlli) qəpik, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya qismində 651 (altı yüz əlli bir) manat 32 (otuz iki) qəpik, ümumilikdə 7343 (yeddi min üç yüz qırx üç) manat 82 (səksən iki) qəpik tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən əlavə qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində 8 aylıq əmək haqqının ona ödənilməməsini, məhz 8 ay üçün əmək haqqının tutulmasını tələbini qeyd etsə də, məhkəmə əsassız olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı hesablayaraq tutmuşdur. Halbuki, iddiaçı işlədiyi dövr üzrə əmək haqqını tam olaraq almışdır. İddiaçı onun əmək haqqının 1200 manat olduğunu qeyd edir, lakin əmək müqaviləsi üzrə 330 manat əmək haqqı müəyyən olunmuşdur, İddiaçı ümumiyyətlə "xxxx" MMC-də hansı vəzifədə işləməsini və və nə qədər əmək haqqı aldığı belə bilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, hazırki iş üzrə qətnamə və əlavə qətnamə çıxarılmış, cavabdeh yalnız əlavə qətnamədən, ödənilməmiş əmək haqqının tutulması hissədə narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin əlavə qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni yoxlanılan hissədə ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. İşdə olan tərəflər arasında arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdeh MMC-də direktor vəzifəsinə təyin edilmiş, əmək haqqı 330 manat müəyyən edilmişdir. İşdə olan cavabdehə məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, cavabdeh, xx.xx.2012-ci il tarixli 03 №-li əmrlə xx.xx.2012-ci il tarixdə "xxxx" Daşınmaz Əmlak Agentliyinə direktor müavini vəzifəsinə işə qəbul olmuş, xx.xx.2015-ci il tarixli 16 №li əmrlə xx.xx.2015-ci il tarixdən Əmək Məcəlləsinin 72.a, 72.e maddələrinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2020-ci il tarixli 01 №-li əmrə əsasən isə "xxxx" MMC-yə direktor vəzifəsinə qəbul olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli hesab haqqında məlumatdan görünür ki, cavabdehin hesabına xx.xx.2020-ci il tarixdə 309,35 manat, xx.xx.2020-ci il tarixdə 209,35 manat, xx.xx.2021-ci il tarixdə 306,05 manat, xx.xx.2022-ci il tarixdə 302,75 manat əmək haqqı köçürülmüşdür. Birinci instansiya məhkəməsi əlavə qətnaməni qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, əsas qətnamə çıxarılarkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin və işçiyə ödənilməli əmək haqqının məbləği ilə əlaqədar məsələlər həll edilməmiş qalmışdır. İddiaçının cavabdeh müəssisədə əmək müqaviləsi üzrə işlədiyi xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək dövrdə ödənilməli olan əmək haqqının məbləği 6692,5 manat, ödənilməli olan istifadə etmədiyi məzuniyyətə görə kompensasiya məbləği 651,32 manat təşkil edir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X2 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən, əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. ƏM, həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. ƏM-in 12-ci maddəsində əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sadalanmış və onlardan biri kimi əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi qeyd olunmuşdur. ƏM-in 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ƏM-in 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. ƏM-nin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. İşdə olan 25 iyun 2023-cü il tarixli 9/1246 saylı ekspert rəyindən görünür ki, İddiaçı "xxxx" MMC-də əmək müqaviləsinə əsasən işlədiyi xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək dövr üzrə ona ödənilməli olan əmək haqqının məbləği 6692,5 və ödənilməli olan istifadə etmədiyi məzuniyyətə görə kompensasiya məbləği 651,32 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Hesab haqqında məlumatdan görünür ki, İddiaçı hesabına xx.xx.2020-ci il tarixdə 309,35 manat, xx.xx.2020-ci il tarixdə 209,35 manat, xx.xx.2021-ci il tarixdə 306,05 manat, xx.xx.2022-ci il tarixdə 302,75 manat əmək haqqı köçürülmüşdür. Qeyd edilən ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi 24 ay üzrə ödənilməli olan əmək haqqı 7924 manat (24 ay x 330 manat aylıq əmək haqqı) təşkil etmiş, həmin məbləğdən ödənilmiş məbləğlər çıxılmaqla, qalıq məbləğ 6692,5 manat təşkil etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən hissədə dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçı hazırki tələbində ona məhz 8 ayın əmək haqqının ödənilməməsini qeyd etmiş, bu səbəbdən də həmin dövr üzrə əmək haqqının cavabdehdən tutulmasını tətəb etmişdir. Halbuki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən normada həmçinin qeyd edilmişdir ki, hakim yalnız qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin, hazırki mübahisənin mahiyyəti “qanunda göstərilən müstəsna hal” kimi qəbul edilə bilməz. Bu səbəbdən də birinci instansiyası məhkəməsi tələbdən kənara çıxmaqda haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin yoxlanılan hissədə müəyyən etdiyi məbləğ isə özüözlüyündə təqribən 20 aylıq müddət üçün əmək haqqını (6692,5:330=20,2 ay) ehtiva edir ki, bu da iddia tələbinin həddi ilə bağlı yuxarıda qeyd edilən prosessual hüquq normasının tələbləri ilə uzlaşmır. Eyni zamanda, iddiaçı iddia ərizəsində aylıq 1200 manat əmək haqqı almasını göstərsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, birinci instansiya məhkəməsi işin hallarına, təqdim olunmuş sübutlara (əmək müqaviləsi və s.) əsasən iddiaçının əmək haqqının məhz 330 manat olmasını müəyyən etməklə yekun nəticəyə gəlmiş, iddiaçı isə bununla razılaşaraq qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası iddiaçının aylıq əmək haqqının 330 manat olmasını qəbul edir. Belə olan halda iddiaçının tələbi üzrə 8 ay müddət üçün ona ödənilməli olan əmək haqqının ümumi məbləği 2640 manat (330x8=2640) təşkil edir. Cavabdeh bunun əksini (8 ay müddət üçün əmək haqqı borcunun olmamasını) sübut edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçıya işlədiyi bütün dövr üzrə əmək haqqını ödəməsini göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası yoxlanılan hissədə iddianın tam rədd olunmalı olması barədə apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq, onu əsassız hesab edir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh məhkəmə kollegiyasına vəsatət ünvanlayaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunaraq, iddiaçıya işlədiyi müddət ərzində nə qədər əmək haqqının ödənilməsinin, habelə iddiaçının iddia etdiyi 8 aylıq əmək haqqının hansı ayları əhatə etməsinin müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası vəsatətlə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin olunmuş, cavabdeh tərəfindən ödənilmiş əmək haqqı müəyyən olunmuşdur. Cavabdeh isə işdə olan ekspertiza rəyi ilə razılaşmamasının səbəblərini göstərməmiş, əlavə və ya təkrar ekspertizanın təyin olunmalı olmasının əsaslandırmamışdır. Belə olan halda isə, məhkəmə kollegiyası müvafiq ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh iddiaçıya ən azı 8 aylıq əmək haqqı borcunun olmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, işdə olan sübutlarla isə bunun əksi müəyyən olunmamışdır. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» işüzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamışdır, bu səbəbdən də, qətnamə yoxlanılan hissədə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin yoxlanılan hissədə ləğvinə tam əsasdır. Mülki prosessual qanunvericiliyin müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin əlavə qətnaməsi qismən, yəni yoxlanılan hissədə ("xxxx" MMC tərəfindən ödənilməli əmək haqqı qismində 6692 (altı min altı yüz doxsan iki) manat 50 (əlli) qəpik, həmçinin ümumilikdə 7343 (yeddi min üç yüz qırx üç) manat 82 (səksən iki) qəpik tutularaq İddiaçı ödənilməsi) ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 2640 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd edilməlidir ki, iddiaçı iddia tələbində 8 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 9600 manat tələb etmiş, birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin edərək, müvafiq tələbi 6692,50 manat həddində müəyyən etmişdir. İddiaçı isə qətnamə ilə razılaşmış, apellyasiya şikayəti verməmişdir. Göründüyü kimi, apellyasiya icraatı zamanı yoxlanılan hissədə məbləğ (iddianın qiyməti) 6692,50 manat olmuş, həmin hissədə apellyasiya şikayətinə əsasən iddia qismən təmin olunaraq, cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği 2640 manat müəyyən edilmişdir. Belə olan halda apellyasiya icraatı zamanı həm təmin olunan (2640 manat) hissədə, həm də təmin olunmayan (4052,5 manat) hissədə iddianın qiyməti 5000 manat aşağıdır. Yəni, apellyasiya instansiyası məhkəməsində baxılan hazırki mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağıdır. Bu səbəbdən də tərəflər qətnamədən kassasiya şikayəti vermək hüququna malik deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin, əmək haqqının, mənəvi zərərin və s. ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5537/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5537/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əlavə qətnaməsi qismən, yəni yoxlanılan hissədə ("xxxx" MMC tərəfindən ödənilməli əmək haqqı qismində 6692 (altı min altı yüz doxsan iki) manat 50 (əlli) qəpik, həmçinin ümumilikdə 7343 (yeddi min üç yüz qırx üç) manat 82 (səksən iki) qəpik tutularaq İddiaçı ödənilməsi) ləğv edilsin, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 2640 (iki min altı yüz qırx) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6191/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6191/2023
05.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver