Məhkəmə qərarları › İş №2(103)-6196/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6196/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6196/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh **-XY-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı avtonəqliyyat vasitəsini idarə edərkən xx.xx.2021-ci il tarixində törətdiyi yol-nəqliyyat hadisəsi (yol hərəkəti qaydalarını pozması) nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış **-AR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GLE 43 Coupe” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərərə görə 1000 manat azad olma məbləği çıxıldıqdan sonra, sığortalıya 16591,92 manat sığorta ödənişi həyata keçirilmişdir. Zərərvuran şəxsin avtonəqliyyat vasitəsi icbari sığorta növü üzrə sığortalandığından, onun sığortaçısı tərəfindən 5000 manat iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı qalan 11591,92 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 11591,92 manat sığorta ödənişinin, ödənilmiş 124,78 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ödənilmiş məbləğdən 5000,00 manat sığortaçısı tərəfindən ödənildiyindən qalan 11591,92 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva, iş № 2(005)-268/2023) iddia qismən təmin edilmiş, cavabdehdən sığorta ödənişi kimi ödənilmiş 7875 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 124,78 manat pulun 85 manatı və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 7960,4 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manatın 32 manatının iddiaçıdan, 68 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edlmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, hadisə nəticəsində iddiaçının sığortaladığı avtomobilə cavabdeh tərəfindən zərər dəydiyindən və sığorta ödənişi həyata keçirildiyindən ekspert rəyində göstərilmiş 13875 manat məbləğdən 1000 manat azadolma məbləği və 5000 manat icbari sığorta növü üzrə sığorta ödənişi çıxıldıqdan sonra yerdə qalan 7875 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1096, 1097.1. 1108.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təmir zamanı təmir mərkəzinin göstərdiyi xidmətə görə ödənilmiş təmir xərclərinin üzərinə ƏDV hesablanmışdır. Lakin məhkəmə qətnamə çıxararkən bu xüsusatı nəzərə almamışdır. Belə ki, zərərçəkmiş nəqliyyat vasitəsinin hadisədən öncəki vəziyyətinə çatdırılması üçün çəkilmiş xərc (ƏDV) cavabdehdən tutulmamışdır. Məhkəmə qətnamə çıxararkən iş üzrə çıxarılmış ekspertiza rəyinə əsaslanmış, ekspertiza rəyi isə "Nəzəri hesablama" yolu ilə aparılmışdır. Nəzəri hesablama yolu ilə çıxarılmış rəy faktiki sübutla təmir mərkəzi tərəfinin verdiyi təmir xərclərindən üstün tutulmuşdur. Nəzəri hesablama yolu ilə çıxarılmış rəyin həqiqiliyi, nə dərəcədə doğruluğu isə məhkəmə tərəfindən əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində (3716,92 manat) mübahisələndirildiyindən qətnamənin əsaslılığı da yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə dəymiş zərərin məbləği 14908,43 manat və ƏDV üçün 2683,52 manat olmaqla, cəmi 17591,95 manat olduğu göstərilsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 9/8742 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, 2019-cu il buraxılışlı “Mercedes-AMG GLE 43 Coupe” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 13875 manat müəyyən edilmişdir. İddiaçı ekspert rəyində ƏDV-nin hesablanmadığını göstərsə də ekspert rəyinin tədqiqi hissəsindən görünür ki, malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Kollegiya hesab edir ki, ekspertin rəyində avtomobilə dəymiş zərərin ümumi məbləği müəyyən edilmişdir və həmin məbləğ ƏDV də daxil olmaqla əşyaların bazarda satış qiymətlərini özündə əks etdirir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək tərəflərin vəzifəsidir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

22. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar