Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6197/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi. iddiaçının vəkili və nümayəndəsi Venera Əskərovanın və üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Mirhəsən Cabbarovun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunlarına dair alqı-satqı müqaviləsinin və onun nəticələrinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" Kommersiya Bankı” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçıya məxsus olan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinə (bundan sonra – ev) dair cavabdeh tərəfindən keçirilmiş hərracın yekunları barədə 19.10.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun və onun nəticələri ləğv edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Mirhəsən Cabbarov apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Venera Əskərova apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə icasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ev iddiaçıya məxsus olub, üçüncü şəxs "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilib, məhkəmə qətnaməsi ilə evə tutma yönəldilib, bank evi hərracda alıb. Evə dair 2 reyestr çıxarışı və 2 texniki pasport var: 1-ci çıxarış (iş v. 10), 2-ci çıxarış (iş v. 11), 1-ci pasport (iş v. 167), 2-ci pasport (iş v. 158). Evin ümumi sahəsi 1-ci çıxarışda 150,6 kv.m, 2-ci çıxarışda 234,50 kv.m göstərilib. 1-ci və 2-ci texniki pasportlarda da evin ümumi sahəsi eyni cür göstərilib. Bu fərqə səbəb məhkəmə qərarıdır. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə (iş v. 150) qərara alınıb ki, evin altındakı yarımzirzəmi sahə üzərində mülkiyyət hüquqları, "xxxx" KB ASC-nin xeyrinə yüklü olmaqla dövlət reyestrində iddiaçının adına qeydə alınsın. Bu qərar evin ipoteka ilə yüklü edilməsindən sonra qəbul olunub. Belə ki, ipoteka müqaviləsi 13.08.2014-cü ildə bağlanıb, qərar isə 24.04.2019-cu ildə qəbul olunub. Evin ümumi sahəsi ipoteka müqaviləsi bağlanan zaman və hərrac keçirilən zaman fərqli olub: ipoteka ilə yüklü edilərkən evin ümumi sahəsi 150,6 kv.m, hərracda satılarkən evin ümumi sahəsi 234,50 kv.m olub. Belə ki, ipoteka müqaviləsində evin ümumi sahəsi 150,6 kv.m göstərilib. Hərracın yekunları barədə protokolda evin ümumi sahəsi göstərilməsə də hərrac 19.10.2020-ci ildə keçirilib, bundan 1 il 1 ay əvvəl - 10.09.2019-cu ildə evin ümumi sahəsinin 234,50 kv.m olması ilə bağlı reyestr qeydi aparılıb. Bu isə o deməkdir ki, ev hərracda 234,50 kv.m sahə ilə özgəninkiləşdirilib. Ev bütün sahəsi (234,50 kv.m sahə) ilə ipoteka predmeti sayılır. Lakin nəzərə alınmalıdır ki, 150,6 kv.m sahə ilə 234,50 kv.m sahənin qiyməti arasında fərq var. "xxxx" KB ASC hərracda 234,50 kv.m sahəni əldə etsə də hərrac 150,6 kv.m sahəyə görə müəyyənləşdirilmiş qiymət üzrə keçirilib. 150,6 kv.m sahəyə görə müəyyənləşdirilmiş qiymət üzrə 234,50 kv.m sahə üzrə hərrcaın keçirilməsi Mülki Məcəllənin 414 və 415-ci maddələrinin tələblərinin pozulmasıdır. Belə ki, bu maddələrdə hərraca dair qaydalar müəyyən edilib. Həmin qaydaların mənasına görə qiymət əmlakın texniki göstəricilərinə (sahəsinə və s.) görə müəyyən edilməlidir. Bir sahəyə (kiçik sahəyə) görə qiymət müəyyən edilməsi, lakin başqa bir sahə (böyük sahəyə) ilə əmlakın hərracda satılması qaydaların mənasına uyğun sayılmır. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6197/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6197/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver