Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6200/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi 9vəkili) Vəkil2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(002)- 655/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliklərinin icrası tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 30000 (otuz min) manat icarə haqqının, dəymiş ziyana görə 20000 (iyirmi min) manat pulun tutulması və Cavabdeh1 generatorun alınması və ona qaytarılması, mümkün olmadığı təqdirdə dəyərinin hazırkı bazar qiymətinə uyğun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 da eyni zamanda İddiaçı və Cavabdeh2 qarşı «əqdin etibarsızlığı» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qərardadı ilə (hakim G.Həşimova, iş № 2(002)-655/2021) qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh1 qərardaddan şikayət vermişdir. Qaradağ Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, nümayəndənin izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin geri qaytarılması ilə bağlı mövqeyini iki hissədə əsaslandırmışdır:
1. qarşılıqlı iddia tələbi ilkin iddia tələbinə mahiyyəti üzrə baxılmağa başlandıqdan sonra verilmişdir.
2. bundan əlavə mülki işdən göründüyü kimi, AR MPM-nin 155.2.-ci maddəsində göstərilmiş hallar da mövcud deyildir. Belə ki, İddiaçı iddia ərizəsi ilə müraciət edərkən mübahisəli müqaviləyə istinad etmişdir ki, bu da öz növbəsində qarşılıqlı iddianın verilməsi üçün məhkəmə baxışı gedişində əmələ gəlmiş əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Birinci mövqe ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinin tələblərinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılması başlanana kimi verilməlidir. Lakin hazırkı işdən göründüyü kimi, qarşılıqlı iddia tələbi ilkin iddia mahiyyəti üzrə baxılmağa başlandıqdan sonra verilmişdir. İkinci mövqe ilə bağlı qeyd edilməlidir ki, MPM-nin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Hazırda qarşılıqlı iddianın verilməsi üçün əsas olan müqavilə cavabdehə məhkəmə baxışından əvvəl məlum olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin ikinci mövqeyi də əsaslı olmuş, qanunvericiliyin tələblərinə riayət edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
İş üzrə Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Akif İsgəndərov
Hakimlər İlham Kərimli
Elşən Kazımov