Məhkəmə qərarları › İş №2(103)-6204/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6204/2020

12.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6204/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-1488/2020 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı qeyd edilən soyadın və ata adının “X3” yox, “Ərizəçi” oğlu olduğunun təsdiq olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)- 1488/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, müharibə veteranı adının alınması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etdiyi vaxt ona bildirmişlər ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-450 nömrəli arayışında soyadı müxtəlif olduğundan məlumatın ona aid olub-olmadığının müəyyən edilməsi mümkün olmamış, hərbi biletdə olan məlumatlarda düzəliş edildiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun sayılmamış, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmin faktı təsdiq edən sənədi məhkəmədənkənar qaydada əldə edə bilmədiyinə görə məhkəməyə müraciət etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq onun ərizəsini geri qaytarmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)- 1488/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan sənədlərdə ərizəçinin adı səhvən X1 qeyd olunduğuna görə onun şəxsiyyət vəsiqəsində qeyd olunan soyadı və ata adı ilə düz gəlmir. Ərizəçi öz xahişini düzgün formalaşdırmasa da, məhkəmədən faktiki olaraq Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən arxiv sənədlərində göstərilən atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən atasının adı və soyadı ilə düz gəlmədiyi üçün qeyd olunan arxiv sənədlərinin ona məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılması üçün müvafiq ərizə ilə məhkəməyə müraciət edilə bilər. Bu halda isə bu halın müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir : birincisi---şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi---həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü---məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi ərizəsi yuxarıda qeyd olunan tələblərə cavab vermədiyinə görə, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-1488/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 152.1.3, 398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)- 1488/2020 saylı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar