Məhkəmə qərarları › İş №2(103)-6206/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6206/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6206/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 iyul 2024-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehdən Cavabdeh1 behin iki mislinin, yəni 16.000 manat pulun, cavabdeh MMC-dən isə 1.000 manat məbləğində vasitəçilik haqqının, bundan başqa, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi olaraq 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 156 manat məbləğində pulun isə cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin dekabr ayında iddiaçı bağ evi almaq qərarına gəlmişdir. Bazarda çoxsaylı təkliflərin olduğunu nəzərə alaraq, bu sahə üzrə ixtisaslaşmış Cavabdeh2 MMC ilə əlaqə saxlamışdır. MMC-nin nümayəndəsi İlkin Quliyev 2023-cü ilin dekabr ayında ona “bina.az” saytında yerləşdirilmiş link göndərmiş və Novxanı massivi, 4141 “C” ünvanında yerləşən bağ evinin və 6 sat torpaq sahəsi ilə birlikdə əlverişli şərtlərlə satıldığını bildirmişdir. İddiaçı, bağ evinə baxış keçirmiş və almaq qərarına gəlmişdir. Evin sahibi olan Cavabdeh1 ilə aralarında xx.xx.2023-cü il tarixdə “Beh müqaviləsi” bağlanmışdır. Beh müqaviləsi əsasında həmin bağ evinə görə iddiaçı tərəfindən Cavabdeh1 8.000 manat məbləğində vəsait ödənilmişdir. Müqavilənin əsas şərti ondan ibarət idi ki, alğı-satqı proseduru 2 ay sonra baş tutmalı, qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmi qaydada notariat kontorunda alğı-satqı müqaviləsi bağlanılaraq bağ evi iddiaçının adına keçirilməli və daşınmaz əmlakın dövlət reyestrindən bununla bağlı ona müvafiq çıxarış verilməli idi. Lakin 2 ay sonra cavabdehlərə alğı-satqı üçün müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, bağ sahəsinin sənədləri ilə bağlı problemlər var. Bağ evinin yerləşdiyi torpaq sahəsinin bir qismi qanunsuz olaraq zəbt edilmiş, digər hissənin çıxarışı isə yalnız torpaq sahəsinə (3 sot) dair verilmişdir. Nəticədə bağ evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hər hansı çıxarışın mövcud olmadığı müəyyən edilmişdir. Lakin Cavabdeh1 internet platformalarında yerləşdirdiyi elanında qeyd edilmişdir ki, bağ evinə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış” var və sahə ipoteka üçün yararlıdır. İddiaçı, cavabdehlərdən beh məbləğinin qaytarılmasını tələb etmiş, lakin cavabdehlər razılaşmayaraq əlavə vəsait ödəməklə evin sənədlərinin qeyri-rəsmi yollar vasitəsilə düzəldilməsini təklif etmişlər. İddiaçı artıq bağ sahəsini almaq niyyətində deyildir. Ödədiyi pul vəsaiti 2 qat məbləğdə qaytarılmadığı üçün iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı hüquqi yardım almış və bunun üçün 300 manat xərc çəkmək, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 156 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.

b) cavabdeh tərəfin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Cavabdeh1 iddiaya qarşı verdiyi etirazda bildirmişdir ki, “Beh müqaviləsi” adi qaydada bağlanmış və iddiaçı beh verdikdən sonra həmin evə köçmüş, 2 aya ödənişin ediləcəyini bildirmişdir. Lakin iddiaçı müddətin sonunda bağ evini almaqdan imtina etmişdir. Bu səbəbdən iddia əsassız hesab edilərək, rədd edilməlidir.

4. Cavabdeh MMC birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışında nümayəndəsinin iştirakını təmin etməmiş və iddiaya dair yazılı münasibətini təqdim etməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh1 8.000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin, yəni 77,3 manat və cavabdeh MMC-dən 1.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 0,06 ha torpaq sahəsinin və üzərində tikili olan bağ evinin deyil, 0,03 ha torpaq sahəsinin alğı-satqısı ilə bağlı razılığa gəlinmə haqqında etirazı öz təsdiqini tapmamış və cavabdeh yerdə qalan 0,03 ha torpaq sahəsini əsassız, yəni sənədsiz satmağa təşəbbüs göstərmişdir. Mülki qanunvericiliyin normaları baxımından iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqaviləsində qeyd edilən məbləğ müqavilə öhdəliklərinin Cavabdeh1 təqsirindən icra edilməməsinə görə iddiaçı, həmin məbləğin iki qat məbləğində qaytarılmasını tələb edilə bilməz. Belə ki, tərəflər bağ evinin alğı-satqısını icra etmək məqsədilə müqavilə bağlamağa səy göstərmiş və bununla bağlı olaraq, iddiaçı tərəfindən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 8.000 manat pul məbləği ödəmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən 8.000 manat pul məbləği Cavabdeh1 ödənilmiş lakin o, torpaq sahəsinin alğı-satqısı həmin sahənin yalnız 0,03 ha dair çıxarışın mövcudluğu, qalan sahənin qanunsuz zəbt edilməsi ilə əlaqədar sahəni almaq niyyətindən imtina etmişdir. İddiaçı ödədiyi 8.000 manat məbləği beh kimi qiymətləndirərək, Cavabdeh1 öhdəliyin onun təqsiri ucbatından icra edilməməsinə görə iki qatını tələb etsə də, ödənilmiş məbləğ beh kimi qiymətləndirilə bilməz. Çünki qanunvericiliyin tələblərinə əsasən beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə əlaqəli olduqda, müqavilə notariat qaydasında təsdiq edilməlidir. Tərəflər arasında alğı-satqı predmeti daşınmaz əmlak olduğundan və müqavilənin həmin əmlaka sərəncam verilməsi ilə bağlı olduğundan iddiaçı tərəfindən behin geri ödənilməsi ilə bağlı tələbin təmini ancaq beh haqqında razılaşmanın notarial qaydada təsdiqlənməsi halında baş tuta bilərdi. Lakin həmin müqavilə notarial qaydada bağlanmamışdır. Buna görə də, qəbul edilməlidir ki, iddiaçı tərəfindən 8.000 manat məbləğində pul Cavabdeh1 beh qismində deyil, avans qismində ödənilmişdir və Cavabdeh1 iddiaçının xeyrinə 8.000 manat tutulmalıdır. İddianın 1.000 manat məbləğində vasitəçilik haqqının geri qaytarılması hissəsi ilə bağlı qeyd edilməlidir ki, mülki məcəllənin tapşırıq müqaviləsinin tələblərinə müvafiq olaraq, iddiaçı üzərində tikili olan torpaq sahəsinin alğı-satqısının həyata keçirilməsi ilə bağlı olaraq, cavabdeh MMC-nin nümayəndəsi İlkin Quliyevə mülkiyyətçi Cavabdeh1 ilə əqd bağlanmasına dair vəkalət vermişdir. Vəkalət alan tapşırığı qəbul edərək, tərəflər arasında daşınmaz əmlakın alğı-satqısında vasitəçilik etmiş, lakin əmlakın çıxarışında problemlərin olması səbəbindən həmin əmlakın alınması ilə bağlı tapşırığın məzmunundakı hərəkətləri icra edə bilməmişdir. Buna görə də, alqı-satqının baş tutmaması səbəbindən iddiaçı tərəfindən vasitəçilik üçün ödənilmiş 1.000 manat məbləğində haqq MMC-dən tutularaq iddiaçıya qaytarılmalıdır. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

8. İddiaya etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Rayon Məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

9. Cavabdeh1 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

10. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.

11. Apellyasiya baxışının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh MMC məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir.

12. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat

13. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

14. İddia tələbinin hər iki cavabdehə münasibətdə qismən təmin edilməsinə baxmayaraq, cavabdeh MMC-də qətnamədən apellyasiya şikayəti verməmişdir.

15. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 isə qətnaməni ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan müəyyən olunur ki, onun tərəfindən qətnamə iddianın bir qisminin rədd edilməsi hissəsində mübahisələndirilməmişdir. Digər tərəfdən Cavabdeh1 cavabdeh MMC-nin adından şikayət vermək səlahiyyətinə malik olması iş materiallarından müəyyən edilmir.

16. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Qətnamənin əsaslılığı yalnız iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi hissəsində yoxlanılmışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

18. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, “Beh müqaviləsi” adlı xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, “satıcı” Cavabdeh1 mülkiyyətində olan və Novxanı massivi, 4141 “C” ünvanında yerləşən bağ sahəsini 158.000 manata “alıcı” olan iddiaçıya satılması barədə “Alğı-satqı müqaviləsinin” 2 ay sonra bağlanmasına dair iddiaçı ilə razılığa gəlmişdir. Bununla bağlı iddiaçı satış məbləğindən 8.000 manatı beh şəklində nağd olaraq Cavabdeh1 ödəmiş, satış qiymətinin qalan məbləğini həmin bağ sahəsinin alğı-satqısına dair müqavilə bağlanarkən satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

20. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, Novxanı massivi, 4141 “C” ünvanında yerləşən 0,0306 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

21. “Bina.az” saytında bağ evinin satılması ilə bağlı elanın fotoşəkillərindən görünür ki, Novxanı massivi, 4141 “C” ünvanında yerləşən 6 sot torpaq sahəsində 180 kv.m, 4 otaqlı həyət evi (bağ evi) 177.000 manata satışa çıxarılmışdır. Bağ evinə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış” (elanda “kupça kimi qeyd edilmişdir) mövcuddur və ipotekaya yararlıdır.

22. İşdə olan “Ödəniş qəbzindən” görünür ki, iddiaçı tərəfindən vəkil ilə bağlanmış “hüquqi yardım müqaviləsinə” görə 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 156 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

23. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, cavabdeh MMC-nin işçisi İlkin Quliyevin vasitəçiliyi ilə iddiaçı ilə Cavabdeh1 arasında sonuncuya məxsus və yuxarıda qeyd edilən ünvanında yerləşən bağ evinin alğı-satqısı barədə razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən tərəflər xx.xx.2023-cü il tarixdə “Beh müqaviləsi” adlanan müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən Cavabdeh1 qeyd olunan bağ evini iddiaçıya satmağı, sonuncu isə bunun müqabilində Cavabdeh1 158.000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən iddiaçı 8.000 manat pul məbləğini Cavabdeh1 beh şəklində ödəmişdir. Lakin tərəflər arasında alğı-satqı predmetinin sənədləşdirilməsinin aparılması ilə əlaqədar mübahisə olmuş və nəticədə alğı-satqı baş tutmamışdır.

24. Alqı-satqının baş tutmamasına görə iddiaçı Cavabdeh1 beh məbləğinin iki qatının tutulmasını tələb edir.

25. Cavabdeh1 isə iddiaçı tərəfindən bağ evinin alğı-satqısından imtinanın əsassız olduğunu və torpaq sahəsinə dair “Reyestrdən çıxarışın” mövcud olduğunu qeyd edərək, öhdəliyin iddiaçı tərəfindən pozulduğunu və bunun nəticəsində behləşdiyi torpaq sahəsini ala bilmədiyi üçün beh olaraq verdiyi pulun batdığını bildirir.

26. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və qətnamənin həmin hissəsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1.). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir (maddə 491.2.). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3.). Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır (maddə 492.1.). Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur (maddə 492.2.).

28. Bundan başqa Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (maddə 433.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir (maddə 448.1.). Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (maddə 777.1.). Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir (maddə 778.1.). Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir (maddə 783.2.).

29. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış və “Beh müqaviləsi” kimi adlandırılmış müqavilə notarial qaydada bağlanmadığı üçün iddiaçının Cavabdeh1 ödəmiş olduğu 8.000 manat pul vəsaiti avans kimi ödənilmiş sayılır.

30. İş materiallarından müəyyən edilir ki, Cavabdeh1 alğı-satqısı həyata keçiriləcək müqavilə predmetinin çıxarışının mövcud olması barədə elan verməsinə baxmayaraq, sahənin qeyd edildiyi kimi “Reyestrdən çıxarış” mövcud olmamışdır. Belə ki, Cavabdeh1 ilə iddiaçı arasında əldə olunan razılaşma 0,03 ha torpaq sahəsinin deyil, bağ evinin satılması ilə bağlı olmuş, 0,03 ha bağ sahəsinin “Reyestrindən çıxarışı” olsa da, razılaşma predmeti olan bağ evinin sənədləşdirilməsi mövcud olmamışdır.

31. Cavabdeh1 0,03 ha torpaq sahəsinin alğı-satqısını həyata keçirmək niyyətində olduğunu ifadə etsə də, sahənin satılması ilə bağlı elan, müqavilə və alğı-satqı predmetinin dəyəri bu niyyətin düzgünlüyünü təkzib edir. Çünki Cavabdeh1 tərəfindən “bina.az” saytında yerləşdirilmiş elandan satışa çıxarılmış torpağın sahəsinin 0,06 ha və üzərində bağ evinin olması görünür və elanda qeyd edilmiş 177.000 manat məbləğ iddiaçının iddiasını təşkil etdiyi Cavabdeh1 ilə 0,03 ha torpaq sahəsinin satılmasına razılığa gəlinməsi hissəsində həmin 0,03 ha sahənin qiyməti ilə mütənasiblik təşkil etmir.

32. Beləliklə göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən 0,06 ha torpaq sahəsinin və üzərində tikili olan bağ evinin deyil, 0,03 ha torpaq sahəsinin alğı-satqısı ilə bağlı razılığa gəlinmə haqqında etirazı öz təsdiqini tapmamış və Cavabdeh1 yerdə qalan 0,03 ha torpaq sahəsini əsassız, yəni sənədsiz satmağa təşəbbüs göstərmişdir.

33. İddiaçı tərəfindən müqaviləyə əsasən 8.000 manat pul məbləği Cavabdeh1 ödənilmiş lakin o, torpaq sahəsinin alğı-satqısı həmin sahənin yalnız 0,03 ha dair “Reyestrdən çıxarışın” mövcudluğu, qalan sahənin qanunsuz zəbt edilməsi ilə əlaqədar sahəni almaq niyyətindən imtina etmişdir.

34. Bu baxımdan hesab edilməlidir ki, qeyd edilənləri nəzərə almış Rayon Məhkəməsi öhdəliyin Cavabdeh1 tərəfindən yerinə yetirilməməsi ilə bağlı ilkin ödəniş olan avansın – 8.000 manat məbləğin Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili əsassızdır.

35. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in tələblərinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır (maddə 121.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.).

36. Həmin prosessual normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat pulun Cavabdeh1 tutulması hissəsində də Rayon Məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə vəkilə ödənilmiş 300 manat pulun ağlabatan məbləğ olduğunu və Cavabdeh1 öhdəliyin icra edilməməsi nəticəsində iddiaçının çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi həmin hissədə də əsaslıdır.

37. Rayon Məhkəməsinin ödənilmiş dövlət rüsumuna münasibətdə qənaəti də düzgündür. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

38. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə həmçinin bildirir ki, iddiaçı və cavabdeh MMC tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı və cavabdeh MMC hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

42. Cavabdeh1 apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən Cavabdeh1 hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

43. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 iyul 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar