Məhkəmə qərarları › İş №2(103)-6207/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6207/2021

01.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6207/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı “xxxx” ASC-nə qarşı “borcun silinməsi” tələbi təmin olunmuş, İddiaçı adına olan **********20206 saylı abonent kodunda qeyd edilmiş 296,16 manat debitor borcun silinməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual huquq normalarını pozmuş olması, sübutları düzgün qiymətləndirmədiyi arqumentləri ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, apellyasiya baxışı zamanı iddia ərizəsinin imzalanmadığı müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə görə, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Adı çəkilən Məcəllənin 391-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia ərizəsi baxılmamış saxlanılmalı və İddiaçı ümumi əsaslarla yenidən iddia qaldırmaq hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: “xxxx” ASC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1109/2021 saylı iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı “xxxx” ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum məbləğləri tərəflərin özlərinə aid olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar