Məhkəmə qərarları › İş №2(103)-6208/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6208/2023

11.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6208/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: hərracın yekunları barədə protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1073/2023 nömrəli qətnaməsindən Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2014-cü il tarixli, 798/f-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 ASC tərəfindən İddiaçı şəxsi istehlak məqsədilə illik 18% dərəcəsi olmaqla 24 ay müddətinə 23.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)- 908/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə cavabdeh İddiaçı 13.489,17 ABŞ dolları əsas borc, 2.783,17 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 16.372,34 ABŞ dolları məbləğində borcun, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus “Lexus RX350 Minik” markalı, buraxılış ili 2010-cu il olan **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq pul vəsaitinin hesabına qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 16.372,34 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3 ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin ümumi qaydada icra edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. Xəzər rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-908/2017 icra sənədi üzrə icraata başlanılmışdır.

4. İcra məmurunun sifarişinə əsasən "xxxx" MMC tərəfindən ipoteka predmeti olan “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil 16.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, iki hərrac baş tutmadığına görə xx.xx.2018ci ildə ipotekasaxlayan Cavabdeh3 ASC əmlakı 10.200 manata almışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Lexus RX 350 Minik” markalı, ağ mirvari rəngli, buraxılış ili 2010 olan, **-LE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh3 ASC-yə satılması barədə xx.xx.1018-ci il tarixli, Y-16 saylı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-dən ona məxsus olan Lexus RX 350 markalı minik avtomobilinin ipoteka yüklülüyü qarşılığında, avtomobili 46.000 ABŞ dolları məbləğində qiymətləndirərək, dəyərinin 50%-i nisbəti olaraq 23.000 ABŞ dolları ekvivalentində hesablayaraq həmin dövrdə mövcud olan dolların məzənnəsini 0.78 kursla götürərək, avtomobili aldığı şəxslə tam hesablaşmağı üçün bankın ona vermiş olduğu 17.940 manat kreditin tam bağlanması tələbi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. Avtomobilin mühərrikinin sıradan çıxması və onun hərbi xidmətə çağırılmağı səbəbindən kredit ödənişlərinin ləngiməsini əsas gətirərək Cavabdeh3 ASC onun banka etdiyi ödənişlərini belə nəzərə almadan, yalnız özünəməxsus qaydada hesablamalar aparmaqla, onun guya ümumilikdə 16.374 ABŞ dollar kredit borcu qaldığıni iddia edərək, onun hərbi xidmətdə olduğu dövrdə, yəni xx.xx.2017-ci il tarixində, hər vasitə ilə məhkəmə keçirilməsinə nail olmuş və məhkəmədən ona məxsus olan Lexus RX 350 markalı avtomobili hərrac yolu ilə satılmasını və satışdan əldə olunan məbləği banka ödənilməsi tələbini Məhkəmədən xahiş etmişdir. Əslində isə o, qrafikə uyğun, ödənişin ilk 2 ayını da 0,78 kursla ödəniş etmiş və sonra ödədiyi 9 ayın ödənişini isə, yəni 2015-ci ilin fevral ayından, manatın ardıcıl devalvasiya kursları ilə ümumilikdə əsas borcdan 9.511 ABŞ dolları, faiz borcundan isə 3.148 ABŞ doiları, cəm olaraq isə 12.659 ABŞ dolları ekvivalentində 21.520 manat olaraq ödəmişdir. "xxxx" ASC ilə aralarında əsasən ona manatla kredit verildiyi üçün, bankın ona təqdim etdiyi, aylar üzrə ödəniş qrafiki, manatla olduğundan, bütün onun ödənişləri manatla olmuşdur. Baxmayaraq ki, Turanbank ASC ilə aralarında ödənişləri dollarla ödəyəcəyinə dair əlavə heç bir razılaşma olmayıb, bank hansı əsasla ödənişləri ondan məhkəmə vasitəsilə ABŞ dolları kimi ödənilməsi tələbini irəli sürüb. Məhkəmə isə, "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi saxta, həqiqəti əks etdirməyən hesablamalara və bir sıra qeyri rəsmi yollarla əldə etdikləri dəlillərə istinadən, avtomobilin hərracda satılmasına dair xx.xx.2017 tarixli, 2(003)-908/2017 saylı qətnamə qəbul etmişdir. Çıxarılmış həmin məhkəmə qətnaməsinin nəticəsi olaraq, Xəzər rayon İcra şöbəsi, "xxxx" MMC-yə məktub ünvanlayaraq ona məxsus Lexus RX 350 markalı **-LE-*** nömrə nişanlı minik avtomobilinin, hərracda satılmasıni xahiş etmişdir. xx.xx.2017-ci il tarixli qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cəmi 16.372 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, həmin məbləğin girov qoyulmuş ona maxsus olan “Lexus RX 350” markalı, ağ mirvari rəngli, buraxılış ili 2010 olan, **-LE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilərək, avtomobilin açıq hərracda satılaraq, satışdan əldə olunacaq pul vəsaiti hesabına qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 16.372 ABŞ dolları borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. “Turanbank" ASC Xəzər rayon Məhkəməsinə təqdim etdiyi onunla bank arasında bağlanmış olan xx.xx.2014-cü il tarixli 798/f-14 saylı kredit müqaviləsində də qeyd edildiyi kimi, ona məxsus olan Lexus RX 350 markalı minik avtomobilini bankın öz mütəxəssislərinin 46.000 ABŞ dolları məbləğində qiymətləndirdiyi halda, yalnız mühərrikinin təmirə ehtiyacı olan və qalan detallarını saz vəziyyətdə olduğu, baxımlı bir avtomobilə, "xxxx" MMC-nin hərrac komissiyası tərəfindən, "xxxx" ASC-nin maraqlarına uyğun olaraq, avtomobilin dəyərinin 7 misli qədər ucuzlaşdırıb, əmlakın sahibi olaraq ona heç bir məlumat verilmədən, hərraca çıxarılmış və Cavabdeh3 ASC tərəfindən xx.xx.2018-ci il tarixdə alınmışdır. 17 dekabr 2014-cü ildə 2010 il buraxılışı olan Lexus RX 450h markalı (sənədində isə Lexus 350 kimi yazılmışdır) avtomobilə bankın öz mütəxəssislərinin təyin etdiyi bazar qiyməti 46.000 ABŞ dolları və ya 78.200 manat olduğu halda, 3 ildən az müddət keçməsinə baxmayaraq, avtomobilin dəyərinin 7 misli qədər aşağı qiymətə, yəni 10.200 manata (6.000 ABŞ dollara) qiymətləndirilməklə hərraca çıxarılması və hazırki iş üzrə Cavabdeh3 ASC tərəfindən alınması ciddi qanun pozuntusudur. Məhkəmə proseslərinin olmasından, iş üzrə qətnamə çıxarılmasından, icra vərəqəsinin verilməsindən heç bir məlumatı olmamışdır. Hesab edir ki, lazımi qaydada xəbərdar olunmamağı ilə və aşağı qiymətlə qiymətləndirilərək, maşınının aşağı qiymətlə hərracda satışa çıxarılması və alqı-satqısı barədə müqavilə, qanunsuz və etibarsız hesab edilməlidir. Belə ki, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC saxta yollarla onu mülkiyyəti dən məhrum etmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı vaxtında məlumatı olmadığından, bu barədə aidiyyəti üzrə müraciət edib qəbul olunmuş qərarların təsdiq edilmiş surətinin verilməsini tələb etsə də, bir nəticəsi olmamışdır. Aidiyyəti üzrə məhkəməyə, icra və probasiya şöbəsinə və Cavabdeh3 ASC-yə müraciət etsə də, onlar da hərracın keçirilməsi ilə bağlı hər hansı bir qətnamə, icra vərəqəsi və ya digər bir sənədin olmadığını ona bildirmişlər. Yuxarıda qeyd edildiyi kimi hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməmişdir, qanunun tələbləri kobud şəkildə pozulmuşdur.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1073/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin İddiaçı məxsus “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli, Y-16 saylı protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh bank tərəfindən məhkəməyə təqdim edilmiş hərracın keçirilməsinə dair xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli bildirişlərdən görünür ki, həmin bildirişlərdə borclu İddiaçı ünvanı qeyd edilməmişdir. Həmin bildirişlərin borclunun ünvanına göndərilməsi barədə hər hansı sübut iş materiallarında yoxdur. Bu hal isə ona dəlalət edir ki, iddiaçıya hərracın keçirilməsinə dair bildiriş göndərilməmiş və onun hərracda iştirak etmək imkanı təmin olunmamışdır.

9. Məhkəmə belə qənaətə gəlmişdir ki, girov əmlakın açıq hərracdan satılması ilə bağlı iddiaçıya hərracların keçirilməsi barədə qanunla müəyyən olunmuş qaydada bildiriş göndərilmədiyi və onun hərracda alıcı qismində iştirak etmək imkanını təmin olunmadığı üçün "xxxx" MMC-nin iddiaçıya məxsus “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hərracın nəticələri haqqında 15 yanvar 2018-ci il tarixli, Y-16 saylı protokol və ondan irəli gələn hüquqi nəticələr etibarsız hesab edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 296.1, 297, 299.1, 415.2, 416-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh3 ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş bildirişlərdə mütləq tərəflərə çatdırılmalı olan imperativ qayda yoxdur. Lakin mübahisə olunan işdə Səbail rayon məhkəməsi iş üzrə göndərilmiş bildirişləri ümumiyyətlə nəzərə almayaraq qeyd etmişdir ki, bildirişdə tərəflərin ünvanı yoxdur. Halbuki, Konstitusiya Məhkəməsi vurğulamışdır ki, bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsi tələb olunmur. Mülki Məcəllənin 415.2-ci maddəsi bildirişin hansı formada tərtib olunmasını tənzimləyir və bu maddənin dispozisiyasında tərəflərin ünvanlarının bildirişdə qeyd olunması öz əksini tapmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, tərəflər arasında barışıq əldə olunmamışdır. Bundan əlavə, apellyasiya şikayətində qeyd edilməsə də, hazırda icra işində olan məlumatlardan görünür ki, iddiaçı 2020-ci ildə artıq hərrac barədə məlumatlı olmuş, bununla da hərracın nəticələrini mübahisələndirmək üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti ötürmüşdür.

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

18. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 29. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh3 ASC tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

23. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir.

24. İddiaçı "xxxx" MMC tərəfindən ipoteka predmeti olan “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməməsinə istinad edərək, hərracın yekunları barədə protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş edir.

25. Apellyasiya icraatında araşdırma zamanı məhkəmə sorğusu əsasında icra işi tələb edilmiş və müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində icra məmuru tərəfindən hazırki iş üzrə İddiaçı məcburi icra tədbirləri barədə xəbərdarlıq edilmiş və iddiaçı izahatında göstərmişdir ki, “Hərbi xidmətdə olduğum vaxt - 2017-ci ilin aprel ayında məhkəmə qətnamə qəbul edib, nə mənə, nə də ailə üzvlərimin heç birinə məlumat verilməyib. Nə mənim, nə də ailə üzvlərimin xəbəri olmadan Bank maşını məndən xəbərsiz hansısa bir yollarla tapıb və aparıb. Maşının harda olmağından xəbərim belə yoxdur. Bank maşını hərraca çıxarıb və satıb, nə mənim, nə də ailə üzvlərimin xəbəri olmadan. Bütün proseslər qanunsuz olduğu üçün heç bir ödəniş etməmişəm. Öz haqqımı tələb edib Bankdan şikayətimi bildirəcəm, Cavabdeh3 ASC bütün bu prosesləri qanunsuz şəkildə həyata keçirib.”

26. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət kəsici müddətdir və bu müddətin keçməsi əqdin mübahisələndirilməsi hüququnun xitamına səbəb olur.

27. Göründüyü kimi, iddiaçı artıq izahat verən zaman, yəni xx.xx.2020-ci il tarixində hərracın keçirilməsi və Cavabdeh3 ASC tərəfindən nəqliyyat vasitəsinin əldə edilməsi barədə məlumatlı olmuş, lakin həmin hərracın nəticələrinə dair protokolun (müqavilənin) etibarsızlığı ilə bağlı məhkəməyə bir il ərzində deyil, xx.xx.2023-cü il tarixində müraciət etmişdir.

28. O da qeyd edilməlidir ki, icra işində hərracın keçirilməsi ilə bağlı sənədlər əlavə edilmişdir və iddiaçının da icra qanunvericiliyinə əsasən həmin sənədlərlə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq və s. bu kimi hüquqları vardır.

29. Birinci instansiya məhkəməsi icra işinin tələb olunması ilə bağlı sorğu versə də, icra işinin məhkəməyə daxil olmağını gözləmədən iş üzrə qətnamə qəbul etmişdir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1073/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın yekunları barədə protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh3 ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar