Məhkəmə qərarları › İş №2(103)-6209/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6209/2021

12.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6209/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı X1, Cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X2, X5, X3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi olmaqla) "müqavilənin etibarsız hesab edilməsi" tələbi üzrə tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami rayon məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(007)-139/2021-031 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Karaşarlı (Əliyeva) Zeynəb Çingiz qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X2, X5, X3, AR DİN BDYPİ cəlb edilməklə, Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş avtomobillərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlaka payların müəyyən edilməsi və kompensasiya ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə X2 arasında **-NR-*** dövlət nömrə nişanlı, Ağ mirvari rəngli, 2013-cü il buraxılışlı, mühərrik № G4FGDİ1678002, Ban № KNAFZ411BE5852454 olan KİA Cerato minik markalı avtomobilinin alqı-satqısına dair 27.06.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, Cavabdeh ilə X4 arasında **-KT-*** dövlət nömrə nişanlı, Ağ mirvari rəngli, 2014-cü il buraxılışlı, ban № 5NPH24AF4FH018491 olan Hyundai Sonata minik markalı avtomobilinin alqı-satqısına dair 10.08.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, həmin avtomobillərə ayrı-ayrılıqda onun 2/3 hissədə pay hüququnun müəyyən edilməsi, qeyd edilən payın həcminə uyğun 39375 (otuz doqquz min üç yüz yetmiş beş) manat məbləğində kompensasiyanın Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh ümumi qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(007)-139/2021- 031 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından isə müəyyən olunur ki, apellyasiya şikayətini cavabdehin nümayəndəsi Nümayəndə2 imzalamışdır. Lakin iş materiallarında yalnız Cavabdeh tərəfindən Nümayəndə2 adına verilmiş 02.02.2020-ci il tarixli etibarnamə mövcuddur ki, həmin etibarnamənin qüvvədə olma müddəti 02.02.2021-ci il tarixdə başa çatmışdır. Həmçinin, apellyasiya şikayətinə nümayəndənin onu cavabdehin adından imzalamasına dair səlahiyyətlərin verilməsi ilə bağlı yeni etibarnamə əlavə edilməmişdir. Belə olun halda, şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır. Mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Bakı Şəhəri Nizami rayon məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(007)-139/2021- 031 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar