Məhkəmə qərarları › İş №2(103)-621/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-621/2022

21.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-621/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili Akif Əliyevin, cavabdeh-iddiaçı Ayşən Məmmədxanlının, onun vəkili Vəkil1 və üçüncü şəxs Abdulla Əsədovun iştirakı ilə, İddiaçı Məhəmmədli oğlunun cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızına qarşı “evə köçürülmə və evdən çıxarılma barədə” ilk iddiasına, iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının cavabdeh İddiaçı Məhəmmədli oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Ayşən Məmmədxanlının keçmiş əri Müşfiq Cavadovun dayısıdır. Ayşən Məmmədxanlı ilə keçmiş ərinin arasındakı nikah 10.09.2018-ci il tarixli qətnamə ilə pozulub. Tərəflərin arasındakı mübahisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, umumi sahədə yerləşən 943F nömrəli fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra ev). Ev 17.09.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınıb. Evə aid torpağın sahəsi 0,0179 ha təşkil edir. Torpaq sahəsi də xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınıb. Evin yerləşdiyi torpaq sahəsinə (178,7 kv.m) dair satıcı X7 ilə alıcı İddiaçı arasında 31.07.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləni satıcının etibarnamə əsasında nümayəndəsi kimi Abdulla Əsədov (üçüncü şəxs) bağlayıb. O, alıcı İddiaçı bacısı oğludur. Evin yerləşdiyi torpaq sahəsi alqı-satqı müqaviləsinin nəticəsi olaraq İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınıb. Ev alqı-satqı müqaviləsinin predmeti olmayıb, torpaq sahəsi İddiaçı mülkiyyətində keçdikdən sonra ev ilkin olaraq İddiaçı mülkiyyəti kimi qeydə alıb. Tələb və onun həlli: İşdə iki iddia var: ilk və qarşılıqlı iddia. İddiaçı ilk iddiasında 2 tələb irəli sürülüb: 1) İddiaçı evə köçürülsün; 2) Ayşən Məmmədxanlı uşağı ilə birlikdə evdən çıxarılsın. Ayşən Məmmədxanlının qarşılıqlı iddiasında tələb olunub ki, evin yerləşdiyi torpaq sahəsinə dair satıcı X7 ilə alıcı İddiaçı arasında 31.07.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunsun və müqavilənin əsasında verilmiş reyestr çıxarışı ləğv edilsin. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin olunsun, Ayşən Məmmədxanlı uşağı ilə birlikdə evdən çıxarılsın, İddiaçı evə köçürülsün, qarşılıqlı iddia təmin edilməsin. Şikayət və izahatlar: Ayşən Məmmədxanlının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd edilsin, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Ayşən Məmmədxanlı və onun vəkili Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı-cavabdeh İddiaçı və onun vəkili Akif Əliyev apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Mübahisələndirilən alqı-satqı müqaviləsinin tərəfi (satıcı) X7 apellyasiya icraatı zamanı üçüncü şəxs kimi tanınmış, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Mübahisələndirilən alqı-satqı müqaviləsini satıcı X5 etibarnamə əsasında nümayəndəsi kimi bağlamış Abdulla Əsədov apellyasiya icraatı zamanı üçüncü şəxs kimi məhkəmə iclasında iştirak etmişdir. O, bildirmişdir ki, torpaq sahəsini 2008-ci ildə X4 etibarnamə ilə “sotunu” 1.800 manata alıb. Torpaq 13 “sot” olub. Torpağı 10 illik etibarnamə ilə alıb. 2018-ci ildə etibarnamənin müddəti bitib, yeni etibarnamə alıb, torpağı X5 adına sənədləşdirib, daha sonra isə torpağın bir hissəsinə dair dayısı İddiaçı ilə alqısatqı müqaviləsi bağlayıb. Qətnamənin yoxlanılması: İşdə iki iddia olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. İlk iddia barədə: İlk iddiadakı 2 tələbdən biri artıq həll olunub. Həmin tələb Ayşən Məmmədxanlının uşağı ilə birlikdə evdən çıxarılması barədə tələbdir. Belə ki, bundan əvvəl işə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş 14.04.2021-ci il tarixli qətnamə ilə həmin tələb rədd olunub və qətnamə bu hissədə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılıb. İlk iddiadakı digər tələb - İddiaçı evə köçürülməsi barədə tələb təmin olunmalıdır. Belə ki, İddiaçı evin mülkiyyətçisidir. O, iddia edir ki, Ayşən Məmmədxanlı onun evə köçməsinə və orada yaşamasına imkan vermir. Müəyyən olunur ki, həqiqətən də İddiaçı evə köçməsinə və orada yaşamasına Ayşən Məmmədxanlı etiraz edir, bu etirazı onunla əsaslandırır ki, əslində həmin evin İddiaçı aidiyyəti yoxdur, formal olaraq olnun adına sənədləşdirilib. Lakin Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçı ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb, reyestrin məzmununun qeyri-dəqiqliyi isə sübuta yetirilməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 152 və 157-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, İddiaçı evə köçürülməlidir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi ev üzərində İddiaçı mülkiyyət hüququna dair reyestr qeydinin ləğv edilməsinə səbəb olmayacaq, çünki həmin müqavilənin predmeti torpaq sahəsidir. Ev torpaq sahəsinə bağlı olsa da ayrı daşınmaz əşyadır. Qarşılıqlı iddia barədə: Qarşılıqlı iddia təmin olunmalıdır. İlk öncə qeyd olunmalıdır ki, torpaq sahəsinə dair alqı-satqı müqaviləsi mübahisələndirlən əqd deyil, əhəmiyyətsiz əqddir. Ayşən Məmmədxanlı həmin müqavilənin əhəmiyyətsizliyinin tanınmasını tələb edə bilər, çünki yaşadığı ev həmin torpaqda yerləşir, evdən istifadə torpaqdan istifadə etmədən mümkün deyil. İlk iddianın Ayşən Məmmədxanlının evdən çıxarılması barədə hissəsinin bundan əvvəl işə apellyasiya qaydasında baxılarkən rədd edilməsi, qətnamənin həmin hissəsinin isə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılması təsdiq edir ki, evin yerləşdiyi torpaq sahəsinə münasibətdə Ayşən Məmmədxanlının qanuni marağı var. Alqı-satqı müqaviləsi uydurma əqddir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Göründüyü kimi, “ona uyğun hüquqi nəticələr” ifadəsindən istifadə olunub. Alqı-satqı müqaviləsinə uyğun hüquqi nəticələr Mülki Məcəllənin 567-ci maddəsində müəyyən edilib: satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 31.07.2019-cu ildə müqavilə bağlanarkən satıcı X5 torpağı alıcının mülkiyyətinə vermək, alıcı İddiaçı isə torpağı qəbul edib əvəzində qiyməti ödəmək öhdəliyi götürmək niyyəti olmayıb. Çünki X7 11 il əvvəl - 2008-ci ildə torpağı faktiki satıb. Həmin vaxt torpaq X5 mülkiyyətində olmayıb, sonradan X5 adına sənədləşdirilib, daha sonra isə onun adından alqı-satqı müqaviləsi bağlanıb. İşin bu halı alqı-satqı müqaviləsini satıcı X5 etibarnamə əsasında nümayəndəsi kimi bağlamış şəxsin – üçüncü şəxs Abdulla Əsədovun apellyasiya icraatı zamanı verdiyi izahatla (yuxarıda qeyd olunub) təsdiq olunub. Bundan başqa, müxtəlif ödəniş sənədlərindən (əmlak vergisinə görə ödəniş, elekterik enerjisindən istifadəyə görə ödəniş və s.) görünür ki, torpaq sahəsi alqı-satqı tarixindən (31.07.2019-cu ildən) əvvəl artıq satıcı X5 sahibliyində deyildi. Bu hal alqısatqının müqaviləsinin uydurma əqd olduğunu təsdiq edir. Torpaq sahəsinin qiyməti kimi göstərilən 2.000 manatın depozit hesab vasitəsilə ödənilməsi müqavilənin həqiqi olmasını təsdiq etmir. Depozit hesab vasitəsilə ödəniş məcburi prosedur qaydadır. Müqavilə uydurma sayıldıqda, onun bir elementi olan qiymət də uydurma sayılır. Müqaviləni satıcı X5 nümayəndəsi kimi bağlayan Abdulla Əsədov özü etiraf edir ki, 11 il əvvəl - 2008-ci ildə torpağın qiymətini satıcı X6 ödəyərək torpağı ondan alıb. Belə olan halda nümayəndənin alıcıdan məhz satıcıya vermək üçün pul alması həqiqi deyil. Hazırkı işin halları və işdə iştirak edən şəxslərin dairəsi müqavilə tərəfləri arasında restitusiya tətbiq etməyə imkan vermir. Müqavilənin etibarsız sayılması barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra müqavilə tərəfləri həqiqi hallara istinad etməklə bu barədə ayrıca iddia verə bilərlər. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Ona görə də torpaq sahəsində dair alqı-satqı müqaviləsi uydurma əqd kimi etibarsız sayılmalı və həmin müqavilənin əsasında torpaq üzərində İddiaçı mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeyd ləğv edilməlidir. Beləliklə, qətnamənin hazırda apellyasiya qaydasında yoxlanılan hissəsində birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən, həmin hissədə qətnamə ləğv edilməli və yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli qətnaməsi apellyasiya qaydasında baxılan hissədə ləğv edilsin. Evə köçürülmə barədə ilk iddia təmin olunsun. Cavadov X1 rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ümumi sahədə yerləşən 943F nömrəli evə köçürülsün. Müqavilənin etibarsız sayılması barədə qarşılıqlı iddia təmin olunsun. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ümumi sahə 943 ünvanında yerləşən, ölçüsü 178,7 kv.m olan torpaq sahəsinə dair satıcı X2 ilə alıcı İddiaçı Məhəmmədli oğlunun arasında bağlanmış, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 31.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun və müqavilənin əsasında dövlət reyestrində İddiaçı Məhəmmədli oğlunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair aparılmış qeyd ləğv edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar