Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6210/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, X7 və X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X13 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi, o cümlədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, X7 və X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2(009)-26/2025 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı SOCAR-ın İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında, 3862 nömrəli işlək neft-qaz quyusunun mühafizə zonasında, 39T 399455.5; 4466840.8 coğrafi koordinatlarda yerləşən SOCAR-ın İddiaçı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin İddiaçı istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəh. X11 İcrayyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCAR-ın İddiaçı (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında, 3862 nömrəli işlək neft-qaz quyusunun mühafizə zonasında, 39T 399455.5; 4466840.8 coğrafi koordinatlarda yerləşən bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, həmin torpaq sahəsi 3862 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin belə hüquqazidd hərəkətləri SOCAR-ın İddiaçı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla yanaşı, göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təsdiq edən sənəd - Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X11 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və sonuncu dəfə 17 dekabr 2008-ci ildə təsdiq olunmuş xəritədir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2(009)-26/2025- 033 nömrəli qətnaməsinə əsasən iddianın rədd olunması qət edilmişdir.
4. Qətnamənin əsaslarına görə, iddiaçı tərəf cavabdeh tərəfindən sözügedən evdən istifadə edilməsinin hazırki vəziyyətdə iddiaçının hansı hüquq və mənafeyinə xələl gətirməsinə, yəni neft-qaz əməliyyatlarının aparılması ilə bağlı işlərin hazırlanmasına və görülməsinin zəruriliyinə dair mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən Bələdiyyə ərazisində olan 200 kv.m torpaq sahəsinin X9 adına rəsmiləşdirilmişdir. Torpaqların alqısatqısına dair akta əsasən 200 kv.m torpaq sahəsi X12 tərəfindən alınmışdır. X12 isə öz növbəsində 30 oktyabr 2007-ci ildə həmn ərazidə yerləşən torpaq sahəsini özəlləşdirmək, şəhadətnamə almaq və üzərində digər əmlak hüquqlarının həyata keçirə bilməsi üçün Cavabdeh etibarnamə vermişdir. “Azneft” İB “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində ünvan 2 ünvanında vətəndaş X7 tərəfindən ərazinin bir hissəsinin zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmiş və 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, ünvan 3 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Həmin iddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. İddiaçıya məxsus Səbail rayonu, Lomonosov küçəsində yerləşən torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericilikdə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunur. Göstərilən iddia üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 59/2021 nömrəli, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “Azneft” İB-nin cavabdeh X3 qarşı “ünvan 3 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması” barədə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 sentyabr 2022ci il tarixli, 2(103)- 563/2022 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-455/2023 saylı qərarı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə müəyyən edilmiş hallar üzrə sübutlar təkzib edildiyindən (şübhələrdən kənar sübutlarla təsdiq edilmədiyindən) və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, həmçinin mübahisələndirilən torpaq sahəsində olan tikiliyə dair hüquqmüəyyənedici rəsmi sənəd təqdim edildiyindən, habelə iddiaçı tərəfindən məhz qeyd edilən tikilinin mübahisələdirilməsi bildirildiyindən, birinci instansiya məhkəməsində tərtib edilən mütəxəssis və ekspert rəylərinə sübut qismində ümumiyyətlə hüquqi qiymət verilməsinə zərurət qalmır. Belə ki, torpaq üzərində iddiaçının istifadəsində olan torpaq sahəsinin yüklülüyü birinci instansiya məhkəməsində icraat zamanı müzakirə edilməyib və iddiaçı bu istiqamətdə araşdırma aparmadan məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, gözlənilən mülkiyyət (əmlak) və istifadə hüququnun toxunulmamazlığı üzrə onun mübahisələndirilməməsi hazırki iddianın ərz edilən əsaslarla müzakirəsini yolverilməz edir və bu iddianın müzakirəsi mümkünlüyü dövlət tərəfindən tanınan hüququnun ləğvi (və ya müvafiq kompensasiya verilməklə hüquqa xitam verilməsi) halında mümkündür. Daha sonra qeyd edilmişdir ki, ehtimal edilən torpağın üzərində hazırki cavabdehin hüquqları yalnız təmsilçilik səciyyəsi daşıya bilər. Mübahisələndirilməyən bələdiyyə sənədi üzrə hüquqlar isə sonuncuya və X10 aid ola bilər ki, onların məhkəmə kollegiyasının iclasında iştirakının təmin edilməsi, torpağ üzrə istifadə, sahiblik və sərəncam hüquqlarının şübhələrdən kənar sübutedici vasitələrlə sübuta yetirilməsi, habelə prosessual hədlər baxımından tələbin və onun yönəldiyi şəxslərin dəyişməsi mümkünlüyü müəyyən olunmamışdır. Qeyd edilən məhkəmə aktları hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsə də məhkəmə hesab edir ki, iddiaçı həmin iş üzrə cavabdeh olmuş X2 övladı, hazırki iş üzrə cavabdeh, adına etibarnamə verilmiş Cavabdeh qarşı da eyni ünvanda eyni əsaslarla iddia qaldırılmış və buna görə də hazırki iş üzrə qeyd edilən məhkəmə aktlarında müəyyən edilmiş bəzi diqqətəlayiq, mühüm məqamlara diqqət yetirilməlidir. Məhkəmə əvvəla qeyd edir ki, Səbail X1 adına ayrılmış 30 dekabr 2004-ci il tarixli sərəncamı və buna əsasən bağlanılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi heç bir dövlət qurumu və təşkilatı tərəfindən mübahisələndirilməyərək, hal-hazırda da qüvvədədir. Bundan əlavə, işin materiallarından görünür ki, Cavabdeh etibarnamə ilə torpaq sahəsini istifadə etməyə başladıqdan sonra Səbail Bələdiyyəsinin ********** nömrəli vergi hesabına mütəmadi torpaq vergisi üçün ödənişlər etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi qüvvədə olan torpağa dair hüquqmüəyyənedici sənəd mövcud olmaqla, cavabdeh həmin sahədən ona verilmiş etibarnamə əsasında yaşayış məqsədi ilə istifadə etmiş və etməkdədir. İddiaçının istinad etdiyi hallar eyni məzmunlu, lakin digər cavabdehə qarşı olan iddia üzrə yuxarıda qeyd edilən məhkəmə mübahisəsinin araşdırma predmeti olmuş. Lakin buna baxmayaraq iddiaçı həmin araşdırılmış və hüquqi qiymət verilmiş əsaslarla hazırki iddianı qaldırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv ediməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
8. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir - mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; - mübahisənin eyni predmetlə bağlı olması; - hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması.
9. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli Sərəncamına əsasən Bələdiyyə ərazisində olan 200 kv.m torpaq sahəsinin X9 adına rəsmiləşdirilmişdir. Torpaqların alqısatqısına dair akta əsasən 200 kv.m torpaq sahəsi X12 tərəfindən alınmış və sonuncu 30 oktyabr 2007-ci ildə həmn ərazidə yerləşən torpaq sahəsini özəlləşdirmək, şəhadətnamə almaq və üzərində digər əmlak hüquqlarının həyata keçirə bilməsi üçün Cavabdeh etibarnamə vermişdir. “Azneft” İB “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda “Bibiheybətneft” NQÇİnin daimi istifadəsində olan torpaq sahəsində ünvan 2 ünvanında vətəndaş X7 tərəfindən ərazinin bir hissəsinin zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmiş və 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, ünvan 3 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-59/2021 nömrəli, 11 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(103)- 563/2022 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-455/2023 saylı qərarı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Hazırkı iş üzrə mübahisənin predmetinin eyni torpaq sahəsi olması işin mübahisələndirilməyən halıdır, yəni, 2-ci şərt – “mübahisənin eyni predmetlə bağlı olması” şərti mövcuddur.
11. 3-cü şərtin mövcudluğu da işdə iştirak edən şəxsmlər tərəfindən mübahisələndirilmir, yəni, əvvəlki iş üzrə çıxarılmış aktların və hazırkı iddianın məzmunundan da görünür ki, hər iki (əvvəlki və sonrakı) mübahisənin əsasları da eynidir.
12. 1-ci şərtlə (mübahisənin eyni tərəflər arasında olması) bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı eyni şəxsdir, cavabdeh isə əvvəlki iş üzrə X7 idisə, hazırkı iş üzrə Cavabdehdur. Yəni, eyni daşınmaz əmlakla bağlı əvvəl hazırkı iş üzrə cavabdehin atası X3 qarşı irəli sürülmüş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddia rədd edilmişdir.
13. MPM-nin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
14. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır.
15. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub – olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd – şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir.
16. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.
17. Məhkəmə qanuni qüvvəyə minmiş qərar mövcud olduğu halda iddiaçının eyni əsaslardan çıxış edərək eyni torpaq sahəsində yaşayan digər şəxsə (əvvəlki iş üzrə cavabdehin oğluna) qarşı eyni tələbi irəli sürməsini hüquqdan sui-istifadə halı kimi qiymətləndirərək qeyd edir ki, məhkəmələr bu cür hüquqdan sui-istifadə hallarına yol verməməklə digər vətəndaşların hüquqlarının lazımsız məhdudlaşdırmamalı və ədalət mühakiməsinin səmərəliliyinə zərər yetirəcək hallardan uzaq durmalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni, artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı.
18. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı tələbə baxaraq mahiyyəti üzrə qətnamə çıxarmaqda haqlı olmamışdır, qətnamənin ləğvi üçün əsaslar mövcuddur. Buna görə də apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir.
19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2(009)-26/2025 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2(009)-26/2025 nömrəli qətnaməsi ləğv edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.