Məhkəmə qərarları › İş №2(103)-6211/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6211/2023

25.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6211/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçıxanım Hacıbaba qızının cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə (üçüncü şəxslər: X13, Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs3) qarşı iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi, əsl cavabdeh) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçıxanım Hacıbaba qızının, onun nümayəndəsi (vəkili) Vəkil1 Sabir oğlunun, üçüncü şəxs Həmidə Məmmədovanın vəkili X14, digər üçüncü şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs1 və Maraqlı şəxs4 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçıxanım Hacıbaba qızı və üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Miras qoyan X15 xx.xx.1994-cü il tarixdə ölmüşdür. X6 birinci növbə vərəsələri arvadı X10, oğulları Maraqlı şəxs3, X16, qızları İddiaçıxanım Hacıbaba qızı, Maraqlı şəxs5, X2, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs2dır. X10 xx.xx.1999-cu il tarixdə, X16 xx.xx.2020-ci il tarixdə, X2 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Miras əmlak Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 miras qalmış əmlaka X7 tam miras payı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçıxanım Hacıbaba qızı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı (üçüncü şəxslər: X13, Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X15 vəfat edərkən mülkiyyətində olan ünvan 1 ünvanında 10 sot torpaq sahəsinə və bu torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 100 kv.m olan daşınmaz əmlaka (mənzil), X11 verilmiş tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və müvafiq daşınmaz əmlaka X7 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qanunla müəyyən olunmuş müddət ərzində mirasa faktiki sahiblik etməsini nəzərə alaraq, onun adına (İddiaçı) vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası vəfat edərkən onunla birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzildə o, həyat yoldaşı X21, oğlu X29, qızı X19 yaşamışlar. Onlar bu mənzildə anası X3 vəfatından sonra 2015-ci ilədək yaşamışlar. Bu faktı bütün qohumlar və qonşular təsdiq edirlər. Eyni zamanda, bütün kommunal ödənişlər onlar tərəfindən həyata keçirilmişdir. Anası bütün qızı-zinət əşyalarını ona bağışlamışdır. 2022-ci il tarixdə mirasın faktiki qəbulu ilə bağlı ərizə ilə Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin 25 iyul 2022-ci il tarixli cavab məktubunda irsi transmissiya üzrə, yəni xx.xx.1994-cü il tarixdə ölmüş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının MM-nin 1252-cimaddəsinə əsasən mərhumun nəvəsi olan X11 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, vərəsə X7 “vərəsələr” barəsində notariat ofisinə məlumat vermədiyi üçün, həmçinin Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya sistemindən “vərəsələr” barəsində məlumat əldə edilmədiyi üçün, 8 övlad, bir ananın adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. 7 saylı xüsusi notariat ofisinin notariusu X17 xüsusi qərəzlilik göstərərək bilərəkdən müvafiq arayışı əldə etməmiş, notariusun özünün də qeyd etdiyi kimi mirasa heç bir haqqı çatmayan nəvənin varislər barədə heç bir məlumat verməməsinə əsaslanaraq 6 bacı, 2 qardaşın mirasını aidiyyəti olmayan şəxsin sərəncamına vermişdir. Digər tərəfdən 7 saylı xüsusi notariat ofisinin notariusu X8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X11 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V- 206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün istinad etdiyi Azərbaycan Respublikasının MM-nin 1252-ci maddəsinə əsasən vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Müvafiq iş üzrə isə vərəsəlik vərəsələr müraciət etdikdən sonra açıla bilərdi. İşin hallarından görünür ki, o, qanunla müəyyən olunmuş müddət ərzində mirasa faktiki sahiblik etməklə mirası qəbul etmişdir. Hesab edir ki, hazırkı iş üzrə predmeti təşkil edən əmlak xx.xx.1994-cü ildə vəfat etmiş X6 ölümü və müvafiq əmlaka İddiaçı sahiblik etməsi ilə vərəsəlik hüququ onun yaxın qohumları tərəfindən tanınmışdır. Hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi o, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-1026/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia qismən təmin olunaraq, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən verilmiş reyestrdə 2V-206 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evinin və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin X7 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə hesab etmişdir ki, miras qoyan X15 xx.xx.1994-cü ildə ölmüşdür. İddiaçıxanım Hacıbaba qızı miras qoyan - atası X1 və onun ölümündən sonra əri, uşaqları ilə birlikdə miras əmlakda yaşamış, qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsə də, mübahisəli mirası faktiki qəbul etdiyini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişdir. Bundan başqa, evin təsərrüfat və təmir işləri, о cümlədən, kommunal xərclər üzrə ödənişlər iddiaçı və onun ailə üzvləri tərəfindən həyata keçirilmişdir. Lakin iddiaçının mərhum qardaşı X9 qızı X13 miras əmlakı qəbul edən zaman birinci növbə vərəsələrin olmasına dair notariat ofisinə ərizə verərkən bu barədə məlumat verməmiş, yəni digər vərəsələrin olduğunu gizlətmişdir. Notariat ofisi isə digər vərəsələrin olduğunu müəyyən etmədən miras əmlaka dair yalnız X11 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhkəmə qeyd edilənlərə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi barədə nəticəyə gəlmişdir.

6. Məhkəmə öz mövqeyini 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 532, 552, 554, 561, 562, 566-cı və hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a. Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçıxanım Hacıbaba qızı və üçüncü şəxs X13 qətnamədən apellyasiya şikayəti vermişlər.

8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı, həmçinin onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırmadan iş üzrə qərar qəbul etmişdir.

9. Üçüncü şəxs X7 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin forma və məzmunu, eyni zamanda onun icraata qəbul edilməsini şərtləndirən əlamətlər mövcud olmamışdır. İddiaçı tərəfindən vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı tələb olunduğu halda həmin sənədlər iddia ərizəsinə əlavə edilməmiş, dolayısı ilə mübahisələndirilən sənədlər mövcud olmadan məhkəmə həmin ərizəni icraata qəbul etmişdir. Məhkəmə iş üzrə mübahisə tərəfi olmayan şəxsin mülkiyyətində olan daşınmaz əmlakın üzərinə də həbs qoymuşdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilkin olaraq eyni məzmunlu iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, daha sonra iddia ərizəsinin geri qaytarılması barədə ərizə vermiş, iddia ərizəsi və sənədlər iddiaçıya geri qaytarılmış, iddiaçı isə həmin ərizəni olduğu kimi, zəruri sənədləri əlavə etmədən Xəzər Rayon Məhkəməsinə vermiş, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri diqqətlə araşdırmadan, MPM-nin 151-152-ci maddələrinin tələblərinə məhəl qoymadan iddianı icraata qəbul etmişdir. Hətta iddiaçı tərəfin təqdim etdiyi ərizədə digər zəruri məlumatlar kimi onun adı da tam və düzgün müəyyən edilməmişdir. Məhkəmənin istinad etdiyi şahid ifadələrinin mötəbər sayılması üçün heç bir əsas yoxdur. Belə ki, dindirilən şahidlərin (qonşu Bəhruz İbrahimov xaric) hamısı iddiaçının qohumları olmaqla onunla yaxın münasibətdə olan şəxslər olub işdə birbaşa maraqları olan şəxslərdir. Həmin şahidlər iş üzrə iddiaçının övladı, həmçinin məhkəmə icraatında qəbul edilmiş maraqlı şəxslərin ailə üzvləridir. Şahid ifadələrinin təhlili də onu göstərir ki, onlar şahiddən daha çox iddiaçının nümayəndəsi kimi çıxış edərək izahat vermiş, hətta üçüncü şəxsin nümayəndəsi və vəkili ilə mübahisə edərək onlarla aqressiv danışıb işin nəticəsində maraqlı olduqlarını aşkar surətdə göstərmişlər. Şahid ifadələri oxşar məzmunlu olmaqla bir-birinin təkrarıdır və diktə edilmiş məzmunda verildiyi rahatlıqla müəyyən olunur. Ümumilikdə məhkəməyə təqdim edilmiş şahidlərə işin nəticəsinin müsbət olacağı təqdirdə müəyyən vədlər verilmişdir. Bununla bağlı lazımi qaydada müraciət olunmuş, eyni zamanda məhkəmənin diqqətinə bu xüsusat və yuxarıda göstərilənlər çatdırılmış, məhkəmə bunlara hüquqi qiymət verəcəyini bildirsə də, qətnamədə şahid ifadələrini mötəbər qəbul edərək, həmin ifadələrə tənqiqi yanaşmaq və onları qəbul etməmək üçün kifayət qədər əsaslar olduğu halda həmin ifadlər əsasında iddianı qismən təmin etmişdir. Digər tərəfdən, şahid ifadələrindən hətta iddiaçının təqdim etdiyi versiya üzrə fərqli mülahizələr var, yəni şahidlərin iddiaçının sahəyə faktiki istifadəsi, oranı tərk etməsi və digər xüsusatlar barəsindən verdikləri izahatları da üst-üstə düşmür və bir-birini təkzib edir. İddiaçı ilkin olaraq həmin fərdi yaşayış sahəsinə dair oxunması çətin olan və köhnəlmiş kağızlar üzərində guya onunla təbii inhisar subyektləri arasında müqavilə bağlandığına dair sənədlər (müqavilələr) təqdim etmişdir. Lakin sonradan verilmiş sorğulara əsasən müəyyən olunmuşdur ki, təbii inhisar subyetklərində alıcı (abonent) kimi iddiaçının mərhum valideynləri qeydiyyatdadırlar, yalnız telefon rabitəsi üzrə abonent kimi fərdi yaşayış evinin faktiki sahibi olmuş Abgül Babayevin adına qeydiyyat aparılmışdır. İddiaçı bildirir ki, guya o, evdən istifadə edərkən komunal ödənişlər gəlmiş, zərurət olmadığı üçün müqavilələri yeniləməmişlər. Bu tamamilə uydurma olmaqla heç bir dəlillər təsdiq olunmayan izahatdır. Əgər iddiaçı həqiqətən də dediyi kimi uzun müddət həmin fərdi yaşayış evindən istifadə edirdisə, ona göstərilən komunal xidmətlərə görə onunla yeni müqavilə bağlanmalı idi. Çünki məlum olduğu kimi evin sahibi olan sonuncu şəxs iddiaçının anası Məryəm Babayeva vəfat etdikdən sonra kommunal xidmətlər üzrə təbii inhisar subyektləri dəyişmiş və əgər iddiaçının dediyi kimi o, həqiqətən də evdən istifadə edirsə, onunla yeni xidmət göstərən subyektlər arasında müqavilələr bağlanmalı idi. Xüsusilə də sayğaclar yeniləndikdə mütləq yaşayan, yəni həyatda olan bir şəxslə müqavilə bağlanmalı idi. Üstəlik aparılmış araşdırmalardan görünür ki, həmin fərdi yaşayış evinə ümumiyyətlə hər hansı xidmət üzrə yeni sayğac yoxdur, həmçinin uzun müddətdir ki, telefon rabitə xidməti göstərilmir. Bütün bunlar isə iddiaçının həmin fərdi yaşayış evindən istifadəsinə və dolayısı ilə miras əmlakı faktiki qəbul etməsinə dair irəli sürdüyü iddia öz təsdiqini tapmır. Məhkəmə iddiaçının niyə 2019-cu ildən sona evlə bağının kəsildiyinə dair hər hansı araşdırma aparmamışdır. Məhkəmə həmçinin iddiaçının mülahizəsinə əsaslansa belə, onun həmin evə qayıtma səbəbləri, evin onun istifadəsinə verilməsi və yaxud məskunlaşmanın müvəqqəti olub-olmamasına aydınlıq gətirməmişdir. Məhkəmə tərəfindən altı ay davam edən prosesin mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq audio-video qeydiyyatı aparılmamışdır. Bu isə tam protokollaşdırılmamış şahid ifadələrinin, tərəflərin izahatlarının, çıxışların və sübutların tədqiqinin saxlanmasının təmin edilməməsi ilə nəticələnmiş və hazırda mübahisələndirilən qətnaməyə apellyasiya qaydasında lazımi qaydada qiymət verilməsini mümkünsüz etmişdir. Üçüncü şəxs apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir.

c) Apellyasiya instansiyası məhkəməsində icraat

Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda üçüncü şəxs H.Məmmədovanın apellyasiya şikayətinin rədd olunmasını xahiş etdilər.

11. Üçüncü şəxs Həmidə Məmmədovanın vəkili hüquqlarını müdafiə etdiyi şəxsin apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. 12.Digər üçüncü şəxslər iddiaçının apellyasiya şikayətinin təmin olunmasını, üçüncü şəxsin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdilər. 13.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi (köhnə redaksiyada)

14.Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 15.Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 16.Maddə 552. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 17.Maddə 554. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. 18.Maddə 561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. 19.Maddə 562. Vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. 20.Maddə 566. Əmanətçi, əmanət kassasına və ya banka sərəncam vermədikdə, əmanətçi ölən vaxt onun əmanəti bu bölmənin qaydaları üzrə ümumi əsaslara müvafiq olaraq vərəsələrə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (qüvvədə olan)

21.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 22.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

Apellyasiya baxışının hədləri

23.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 24.Hazırkı işdə qətnamə iddiaçı tərəfindən iddianın rədd olunan hissəsində və üçüncü şəxs tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən - yalnız qətnamənin ləğv edilməli olması hissəsində əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə düzgün olmayan qətnamə çıxarmışdır. 26.Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. 27.İşdən göründüyü kimi xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 miras qalmış miras əmlaka X7 tam miras payı müəyyən edilmişdir. 28.İddiaçının tələbi sözügedən miras əmlak barədə Həmidə Məmmədovanın adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasından ibarətdir. İddiaçının fikrincə həmin sənədlər rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, digər vərəsənin, yəni onun mirası faktiki qəbul etdiyi nəzərə alınmamış və nəticədə o, atasına çatası miras payından məhrum edilmişdir. İddiaçı mirası faktiki qəbul etməsi nəzərə alınmaqla ona miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini tələb etmişdir. 29.İddiaçı iddia ərizəsində bütün bu tələblərə cavab verməli olan şəxs kimi yalnız 7 saylı notariat ofisini göstərmişdir. 30.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinə ilk növbədə, onun cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verilməli və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. 31.Bu kontekstdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. 32.Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). 33.Hazırkı iş üzrə iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir. 34.Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tələb vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi olduğundan mirasa sahiblənməklə adına vərəsəlik şəhadətnaməsi və çıxarış verilmiş X13 bu tələbə cavab verməli şəxs, yəni cavabdeh ola bilər. X26 iş üzrə cavabdeh qismində göstərilməmiş və ona qarşı tələb irəli sürülməmişdir. 35.MPM-ə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). 36.Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin X13 ilə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ birinci instansiya məhkəməsində müzakirə predmeti olmamışdır. 37.Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün deyildir. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üç pilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. 38.Məhkəmə kollegiyası onu da qeyd edir ki, Həmidə Məmmədova iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuşdur. Lakin qanunun mənasına görə üçüncü şəxsə qarşı hər hansı tələb irəli sürülə bilməz, yaxud qaldırılmış belə tələb təmin oluna bilməz. 39.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən – qətnamənin ləğv edilməsi hissəsində təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. 40.MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). 41.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçıxanım Hacıbaba qızı və üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə (üçüncü şəxslər: X13, Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs3) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi və s. tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar