Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6215/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi X2 iştirakları ilə, X4 Rövşən qızının cavadehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə mülkiyyət hüququnun tanınması, mənzilə köçürülmə, cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-495/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı L.Mehdizadə və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Rövşən qızı cavadehlər Cavabdeh1, Cavabdeh2. Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə mülkiyyət hüququnun tanınması, mənzilə köçürülmə, cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ünvan 1 məhəllə ünvanında inşa edilmiş “Union Park” yaşayış kompleksində yerləşən bina şimal, korpus blok 3, 12-ci mərtəbədə olan ümumi sahəsi 98,5 təşkil edən 2 otaqdan ibarət 1213 saylı mənzilə mülkiyyə hüququnun müəyyən edilməsi, onun və xx xxxxxxxx 2017-ci ildə anadan olmuş oğlu X6 ilə birlikdə oraya (mənzilə) köçürülməyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, Cavabdeh4 həmin mənzildən istifadə, sahiblik və digər məqsədlər üçün anası, Cavabdeh1 verdiyi 2009-cu il tarixli etibarnamənin etibarsız hesab edilməsi, iddia ərizəsinin hazırlanması və məhkəməyə təqdim edilməsi üçün hüquqşünasa ödədiyi 120 manatın, ödədiyi 30 manat məbləğində dövlət rüsumunun, sənədlərin notarial qaydada təsdiqi üçün ödədiyi 30 manat və hüquqşünasın yanına gedib-gəlmək üçün üçün cari xərcləri olan ödədiyi 30 manat məbləğində pulun cavabdehlər Cavabdeh1. Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ünvan 1 məhəllə ünvanında inşa edilmiş “Union Park” yaşayış kompleksində yerləşən bina şimal, korpus blok 3, 12-ci mərtəbədə olan ümumi sahəsi 98,5 təşkil edən 2 otaqdan ibarət 1213 saylı mənzilə 1/2 hissədə özünün, 1/2 hissədə isə Cavabdeh4 payının müəyyən edilməsi, həmin mənzilə istifadə hüququnun tanınaraq xx xxxxxxxx 2017-ci ildə anadan olmuş oğlu X6 ilə birlikdə oraya (mənzilə) köçürülməyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, ödədiyi 40 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial qaydada təsdiqi üçün ödədiyi 30 manat məbləğində pulun cavabdehlər Cavabdeh1. Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-495/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ünvan 1 məhəllə ünvanında inşa edilmiş binanın şimal korpusu, blok 3, 12-ci mərtəbədə olan ümumi sahəsi 98,5 kv.m təşkil edən 2 otaqdan ibarət 1213 saylı mənzilə 1/2 hissədə Mehdizadə Leyla Rövşən qızının, 1/2 hissədə isə Cavabdeh4 payı müəyyən edilmiş, X4 Rövşən qızının “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ünvan 1 məhəllə ünvanında inşa edilmiş binanın şimal korpusu, blok 3, 12-ci mərtəbədə olan ümumi sahəsi 98,5 m^ təşkil edən 2 otaqdan ibarət 1213 saylı mənzilə istifadə hüququnun tanınaraq xx xxxxxxxx 2017-ci ildə anadan olmuş övladı X6 ilə birlikdə həmin mənzilə köçürülmüş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinə əlavə edilmiş sübutların notarial qaydada təsdiqi üçün ödənilmiş 15 manat ödənişin əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada tutularaq iddiaçıya ödənilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbini təmin edilməyən hissədə təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,cavabdehlər mübahisəli mənzildə heç vaxt yaşamayıblar və yaşamırlar. Belə ki, cavadehlərin mübahisəli mənzildə yaşamamaları hər hansı üzrlü səbəblə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa ünvanda yerləşən evləri vardır. Cavabdeh apellyasiya şikaytini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində mübahisə predmeti olan mənzilin dəyərinin atası tərəfindən ödənilməklə cavabdehlə birgə nikahları dövründə əldə edilmiş əmlak olduğunu qeyd etsə də, Cavabdeh4 barəsində həm Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə etdiyi şikayət ərizəsi üzrə verdiyi izahatında, həm də Cavabdeh4 barəsində olan cinayət işinin ibtidai istintaqı zamanı keçirilmiş üzləşmə istintaq hərəkətləri zamanı mübahisə predmeti olan mənzilin dəyərinin Cavabdeh4 atası Cavabdeh2 tərəfindən verilməsini öz ifadəsində bildirmişdir. İddiaçının hazırkı iddia ərizəsində mənzilin dəyərinin onun atası tərəfindən verilməsi ilə bağlı qeyd etdiyi arqumentlər tamamilə yalan və əsassızdır. Mübahisə predmeti olan mənzilin mülkiyyət hüquqları Cavabdeh4 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən dövlət qeydiyyatına alınmamışdır. Mülkiyyət hüququnun tanınması yalnız hüquqların Azərbaycan Respublikası ƏMDK şanında DƏDRX-i tərəfindən dövlət qeydiyyalına alınmış və mülkiyyətçisinə çıxarış verilmiş mənzillərə şamil edilir. Belə olan halda iddiaçının mübahisə predmeti olan mənzilə dair hər hansı formada mülkiyyət hüququnun tanınması qanunvericiliyin tələbləri baxımından ziddiyət təşkil edir. İddia ərizəsinə əlavə edilmiş qoşma sənədlərdə mübahisə predmeti olan mənzilin birgə nikah dövründə ümumi gəlirlər hesabına əldə edilməsinə, habelə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hər hansı sübutəlavə edilməmişdir. Bundan başqa iddiaçı ilə Cavabdeh4 xx.xx.2016-cı il tarixdə rəsmi nikah yolu ilə ailə həyatı qurmuşlar. Aralarındakı rəsmi nikah Binqədi rayon Məhkəməsinin xx.xx.2019-eu il tarixli qətnaməsi ilə pozulmuşdur. Qeyd edilən qətnamə qanuni qüvvəsini alımışdır. İddiaçı ilə cavabdeh arasında artıq etibarlı ailə münasibətləri yoxdur. Buna görə də iddiaçının gələcəkdə mübahisə predmeti olan mənzilə köçərək orada cavabdehlər normal olaraq yaşaması qeyrimümkündür. İddiaçı Cavabdeh4 məxsus olan mənzildən sonuncunun valideynlərini yəni ailə üzvlərinin mənzildən çıxarılmasını tələb edir. İddiaçının qeyd edilən tələblə məhkəməyə müraciət etməsinə dair subyektiv hüququ yoxdur. İddiaçı ona məxsus olan yaşayış sahəsinə öz ailə üzvlərini köçürmək ixtiyarına malikdirlər. İddiaçı digər cavabdeh olan oğlu Dilqəm Umudoxun ona yəni, Cavabdeh1 adına verdiyi etibarnamənin etibarsız hesab edilməsini tələb etmişdir. Bunu tələb etməyə iddiaçının subyektiv hüququ yoxdur. Məhkəmə xərcləri ilə bağlı hissədə iddiaçının tələbinə münasibətdə qeyd edir ki. iddia əsassız olduğu üçün xərclərlə bağlı tələb təmin edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin tələblərindən aydın olur ki, iddia təmin olunacağı təqdirdə xərclərlə bağlı tələb təmin edilə bilər. İddia yalnız əsaslı olduğu halda təmin oluna bilər. Bundan başqa birinci instansiya məhkəməsi oğlu Cavabdeh4 barəsində iddiaçının keçmiş ərinə qarşı CM- nin 125 xə 128-ci maddələri ilə cinayət işinin həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı vermiş olduğu izahatları o, cümlədən ibtidai isitintaq zamanı Cavabdeh4 ilə Leyla Mehdizadə arasında üzləşmə protokolunu və həmin protokolda qeyd edilənləri iddia tələbinin rədd edilməsi üçün yetərli və mötəbər sübut kimi qəbul etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş iddiaçı və Cavabdeh1 münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kolleiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh4 ilə Mehdizadə Leyla Rövşən qızı xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2017-ci il Kuzey adlı övladları dünyaya gəlmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X3 Umudova qarşı “nikahın pozulması və aliment” barədə iddiası təmin edilərək tərəflər arasındakı nikahın pozulması, uşağın Leyla Mehdizadənin yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini alaraq Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında müvafiq qeyd aparılmış və Leyla Mehdizadəyə xx xxxxxx 2020-ci il tarixli şəhadətnamə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxx” MMC (şirkət) ilə Cavabdeh4 (alıcı) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış mənzil müqaviləsinə görə, şirkət, ünvan 1 məhəllə ünvanında inşa edilmiş binanın şimal korpusu, blok 3, 12-ci mərtəbəsində olan ümumi sahəsi 98,5 kv.m təşkil edən 2 otaqdan ibarət 1213 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və mənzilin hər kvadrat metri üçün 893,41 manat olmaqla, cəmi 88 000,885 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin verdiyi xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli mədaxil qəbzlərinə görə alıcı Cavabdeh4 sözügedən mənzilin dəyərini tam ödəmişdir. Leyla Mehdizadənin (Umudovanın) özünü yaşadığı binanın damından atmaqla intihara cəhd etməsi faktı ilə əlaqədar Binəqədi RPİ-nin 5-ci PB-də toplanmış material aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Binəqədi rayon prokurorluğuna göndərilmiş, xx xxxx 2019-cu il tarixdə həmin prokurorluq tərəfindən Cavabdeh4 barəsində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Leyla Mehdizadənin (Umudovanın) əri Cavabdeh4 məxsus 7-ci mkr., “Union Park” yaşayış kompleksində 1213 saylı mənzilinə qaynanası Cavabdeh1 girərək həmin ünvana heç kəsi buraxmaması barədə şikayətinə Binəqədi RPİ-nin 5-ci PB-də baxılmış, həmin PB-nin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və şikayətçiyə (iddiaçıya) mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələblərinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Göründüyü kimi qanunvericiliyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların birgə nikahı zamanı, ümumi gəlirləri hesabına əldə edilən əmlak aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil iddiaçı ilə Cavabdeh4 birgə nikahı dövründə ailə büdcəsindən maliyyələşdirilməklə əvəzli qaydada (dəyəri ödənilərək) əldə edildiyindən, tərəflərin ümumi birgə mülkiyyətidir. Yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzil dəyəri tam ödənilməklə əldə olunmuş mənzildir və onun üzərində cavabdehin mülkiyyət hüququ rəsmiləşdirilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ünvan 1 məhəllə ünvanında inşa edilmiş binanın şimal korpusu, blok 3, 12-ci mərtəbəsində olan ümumi sahəsi 98,5 kv.m təşkil edən 2 otaqdan ibarət 1213 saylı mənzilin 1/2 hissəsinə iddiaçının, ½ hissəsinə isə Cavabdeh4 paylarının tanınmalıdır. Görünüyü kimi, birinci instansiya haqlı olaraq hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə ½ pay hüququ tanındığından onun xx xxxxxxxx 2017-ci ildə anadan olmuş övladı X6 ilə birlikdə mənzilə köçürülməsi barədə iddia tələbini əsaslıdır. Bununla yanaşı kollegiya qeyd edir ki, Cavabdeh4 da mübahisəli mənzilə dair ½ pay hüququ hüquqları müəyyən edildiyindən və digər cavabdehlər onun yaxın qohumları (atası, anası və qardaşı) olduğundan həmin şəxslərin mübahisəli mənzildən çıxarılmaları qanunvericiliyin qeyd olunan tələblərinin pozulmasına səbə olar. Belə olan halda birinci insyansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibtdə qeyd edir ki, mübahisəli mənzilin dəyərinin iddiaçının qaynatası tərəfindən ödənilsə də, həmin mənzilə alğı-satqı müqaviləsi Cavabdeh4la bağlanmış və iddiaçının qaynatası Cavabdeh2 isə həmin müqaviləni mübahisələndirməmişdir. Bundan baqa Cavabdeh4 mübahisəli mənzilə dair ½ pay hüquqları müəyyən edilmişdir. Belə olan halda apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır və formal xarakter daşıyır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X4 Rövşən qızı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-495/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi İddiaçı və Cavabdeh1 dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6215/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6215/2020
25.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver