Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6219/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və miras əmlakın qəbulu müddətinin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1003/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və miras əmlakın qəbulu müddətinin bərpa edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maraqlı tərəf Bakı şəhəri 28 saylı Notariat Ofisinin mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinasının qanunsuz sayılması, mərhum X2ndan miras qalmış, Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi, dalan 1, 8 A ünvanında yerləşən fərdi yaşayış evinə mirasın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 onun doğma bibisidir, yəni atası X11 doğma bacısıdır. X2 28.12.1951-ci ildə Səlyan şəhərində anadan olmuş və 10 yanvar 2004-cü ildə vəfat etmişdir. Bu barədə Bakı şəhəri, Səbail rayon Qeydiyyat Şöbəsindən 16 yanvar 2004-cü il tarixli, 31 saylı ölüm aktı da verilmişdir. X2 vəfat edənə kimi ünvan 2 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmuşdur. Bu barədə bibisinin adına Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28.10.1995-ci il tarixli, «30/4546» saylı qeydiyyat vəsiqəsi də verilmişdir. O, X6 qardaşı oğlu və yeganə vərəsəsi kimi 2020-ci ilin axırlarında miras əmlakın qəbulu üçün aidiyyatı üzrə Bakə şəhəri 28 saylı Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisinin 03 mart 2021-ci il tarixli qərarı ilə mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, mərhum X2 vəfat edənə kimi həmin mənzili X9 adında birinə kirayə vermişdir. Bibisi vəfat edəndən sonra ona bildirdilər ki, evi bibisi kirayəçi olan X1. Evin mülkiyyət sənədi olmadığından alqı-satqı rəsmi olmamış, sadəcə öz aralarında qeyri-rəsmi alqı-satqı etmişlər. Onun evin sənədinin olmasından xəbəri olmamışdır, çünki kirayəçi sənədləri ondan gizlətmişdir. O da bunu öyrənəndən sonra kənara çəkilmişdi. Lakin son vaxtlar mənzil barədə kirayəçilər arasında mübahisə yaranmış, hətta aralarında məhkəmə çəkişmələri də olmuşdur. Həmin kirayəçilərdən biri (X14) ona xəbər göndərmişdir ki, mənzili bibin heç kimə satmamış, mənzilin mülkiyyət sənədi də vardır, sadəcə kirayəçi Həsənov Mirzəağa sənədləri ondan gizlətmiş və mənzili bibisindən satın aldığını bildirərək onu aldatmışdır. Bütün bunları öyrənəndən sonra (16 il sonra öyrəndi) mənzilin sənədlərini əldə edib vərəsəlik şəhadətnaməsinin alınması üçün notariusa müraciət etdi və yuxarıda göstərdiyi cavabı aldı. Hesab edir ki, mirasın qəbulu müddətinin ötürülməsi onun təqsiri ucbatından olmamışdır və bu hal məhkəmə qaydasında üzürlü sayılaraq müddət bərpa olunmaqla mirasın qəbulu müddəti uzadılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1003/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı iddia ərizəsində göstərilən halların təsdiq edilməsinə dair sübutlar təqdim edilmişdir. Həmçinin miras əmlakın kirayəçilər tərəfindən guya mərhumun sağlığında satın alındığını, mənzilin mülkiyyət sənədinin olmasının iddiaçıdan gizlədildiyini təsdiq edən şahidlərin məhkəmə iclasına dəvət olunaraq dindirilməsi barədə verilmiş şifahi vəsatət təmin edilməmişdir. Həmin şahidlər dindirilsə idi iddiaçı tərəfindən mirasın qəbulu müddətinin nə səbəbdən ötürüldüyünü tam şəkildə aydınlaşdırıla bilərdi və həmin şahidlərin ifadələri müddətin üzrlü səbəbdən ötürüldüyünü bir daha təsdiq edəcəkdi. Digər tərəfdən birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, qeyd olunan halların heç birini nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını işin hallarına düzgün etməmələ kobud şəkildə pozmuş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinin uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, 23 iyun 2021-ci il tarixli məktubla işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 23 fevral 2021-ci il tarixli, 199 nömrəlit arayışdan görünür ki, İddiaçı, xx.xx.1970-ci ildə Salyan şəhərində anadan olmuşdur. Bu barədə 31.07.1970-ci il tarixdə Salyan rayon qeydiyyat şöbəsində 365 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli, 05/Q-54/69 nömrəli arayışdan görünür ki, X10 10 yanvar 2004-cü ildə ölmüşdür. Bu barədə 16.01.2004-cü il tarixdə 31 №-li ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan 09 fevral 2021-ci il tarixli, 147 nömrəlit arayışdan görünür ki, X10 28.12.1951-ci ildə Salyan şəhərində anadan olmuşdur. Bu barədə 05.01.1952-ci il tarixdə Salyan rayon qeydiyyat şöbəsində 3 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan 23 fevral 2021-ci il tarixli, 198 nömrəlit arayışdan görünür ki, X12 10.05.1950-ci ildə Salyan şəhərində anadan olmuşdur. Bu barədə 25.05.1950-ci il tarixdə Salyan rayon qeydiyyat şöbəsində 230 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 26.10.1995-ci il tarixli, 30/4546 №-li Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 1, ev 8 A X6 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisinin notariusunun 03 mart 2021-ci il tarixli qərarından görünür ki, mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 30.05.2018-ci il tarixli, 87 nömrəli arayışından görünür ki, mərhumə X10, X9 ilə ölən günə kimi Səlyan yolu dalan 1 fərdi ev 8 A-da qeydiyyatda olublar. X6 vəfatından sonra göstərilən ünvanda X3 ailəsi ilə birlikdə 14.02.2016-cıilə kimi qeydiyyatsız yaşayıblar. 14.02.2016-cı ildən isə daimi pasport qeydiyyatındadırlar. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1970-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, qanunverici mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını yalnız gecikmənin səbəbi üzrlü olduğu halda mümkün hesab etmişdir. Lakin, qanunverici mirasın qəbul edilməsi müddətinin uzadılması üçün hansı səbəbin üzrlü hesab olunmasını konkret göstərməyərək, həmin səbəblərin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Odur ki, məhkəmə hazırkı məqamda iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəb(lər)dən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir və bu xüsusatın hüquqi həlli ilə bağlı Konstitusiya Məhkəməsinin təcrübəsinə istinadı zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, .... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Hazırkı işin hallarından göründüyü kimi X10 10 yanvar 2004-cü il tarixdə vəfat etmişdir. Lakin iddiaçı həmin tarixdən etibarən (2020-ci ilin sonlarına qədər) mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu artıq həmin vaxtdan başlayaraq bəyan etməmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində həmçinin iddia ərizəsində əsas istinad etdiyi dəlil ondan ibarət olmuşdur ki, evin mülkiyyət sənədinin olub-olmamasından məlumatlı olmamışdır, məlumatı olandan sonra yəni 16 il sonra notariat kontoruna müraciət etmişdir ki, həmin müddət ərzində evə dair mülkiyyət sənədlərindən məlumatlı olmaması iddiaçının mirasla bağlı müvafiq hərəkətlər etməsinə maneə yaratmırdı. Göründüyü kimi mirasın qəbul edilməsi üçün iddiaçı tərəfindən müddət buraxılmışdır, iddiaçı irəli sürdüyü tələblə əlaqədar heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçı mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməmiş, miras əmlaka sahiblik etməmiş və həmin əmlakı faktik olaraq idarə etməmişdir. Həmçinin iddiaçının Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 1, 8A evdə yaşayan kirayəçi X5 evi alması və evə dair sənədinin olmaması səbəbindən mirası faktiki qəbul edə bilməməsi ilə bağlı dəlilləri ilə bağlı hər hansı tədbirlər görməsinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə olan halda da iddiaçının mirasın faktiki qəbul etməsinə maneələr olması ilə bağlı dəlilləri əsassızdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, iddia tələbi əsassız olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1003/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-6219/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6219/2021
08.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver