Məhkəmə qərarları › İş №2(103)-6222/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6222/2021

22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6222/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı «aktın etibarsız edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(009)-800/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı «aktın etibarsız edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 31 oktyabr 2018-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********00006 nömrəli abonent koduna hesablanmış 187,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır, həmin yaşayış sahəsində quraşdırılmış qaz saygacı «Azəriqaz» İstehsalat Birliyinin nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacını aparıldıqdan bir müddət sonra məlumat vermişlər ki, onun sayğacında problem olub, buna görə akt tərtib olunub. Belə ki, onun barəsində tərtib olunmuş 31.10.2018-ci il tarixli, ******* nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plombunun sınıq olması qeyd edilmiş, itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq ümumilikdə 187,20 manat borc yazılımışdır. Hesab edir ki, Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi akt tamamilə qanunsuz və əsassızdır. Ona görə də, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(009)-800/2021 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, laborator müayinə zamanı iddiaçıya məxsus köhnə qaz sayğacına müdaxilə olunmasının müəyyən olunması, bu səbəbdən də dəymiş ziyan hesablanması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmiş, bundan sonra köhnə sayğaca müdaxilə edildiyi müəyyən edilmiş və iddiaçıya cərimə hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3.-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcışəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Belə olan halda isə evdən kənarda quraşdırılmış sayğacın mühafizəsi bilavasitə qaz paylayıcısının üzərinə düşür. Cavabdeh isə sayğaca iddiaçı tərəfindən müdaxilə olunması və bunun nəticəsində sayğacın plombunun sınıq olmasını sübut edə bilməmişdir. Həmçinin lobarator baxış zamanı həmin qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman, həmçinin mübahisələndirilən akt tərtib olunan zamanı iddiaçının iştirakı təmin olunmamışdır. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinəəsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı «aktın etibarsız edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(009)-800/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(009)- 800/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar