Məhkəmə qərarları › İş №2(103)-6222/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6222/2023

26.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6222/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-447/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********06447 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4) istifadə edilir. xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı qaz işləricilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2,25 m3/saat, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 16.740 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 2.008,80 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, həmçinin aktda abonentin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/293 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş və sayğacın üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən evə (kod:**********064447) hesablanmış 2.008,80 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən evində ailəsi ilə birlikdə yaşayır. Sözügedən evə xx.xx.2019-cu il tarixdə qaz sayğacı quraşdırılaraq qaz xətti çəkilmişdir. Həmin evdə daimi yaşayış olmamış, yalnız 2022-ci ilin mart ayından daimi yaşamağa başlamış və istifadə etdiyi qazın dəyərini əvvəlcədən ödəmişdir. Qısa müddət bundan öncə smart karta ödəniş etdikdə smart kartından pul tutulmalarının aparıldığını görmüşdür. Bununla bağlı yerli qaz idarəsinə getdikdə ona bildirmişlər ki, ona cərimə hesablanmışdır. Cərimə ilə bağlı maraqlandıqda bildirilmişdir ki, guya yaşadığı evdə 2022-ci ilin mart ayında təbii qazdan qanunsuz sayğacdan kənar istifadə edilmiş və buna görə də barəsində xx.xx.2022-ci il tarixli, ******* saylı cərimə aktı tərtib edilərək 2.008,80 manat məbləğində cərimə hesablanmışdır. O, heç bir zaman təbii qazdan qanunsuz istifadə etməmiş, istifadə etdiyi qazın dəyərini daim vaxtında ödəmişdir. Cərimənin hesablanmasına əsas olmuş sənədlərə baxdıqda o, bir daha cavabdeh təşkilatın nə dərəcədə saxtakar olduğunu müəyyən etmişdir. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş saxta aktlar kim tərəfindən və nə zaman tərtib edildiyindən məlumatları olmamışdır. Digər tərəfdən aktın özünə baxdıqda belə məlum olur ki, cavabdeh onun istifadəsində mövcud olmayan cihazları qeyd etmiş və həqiqətə uyğun olmayan halı əsas gətirərək ona cərimə hesablanmışdır. Aktlarda qeyd edilən hesablamanın hansı qanuna və ya hüquqi akta əsaslanaraq aparıldığı məlum deyil. Cavabdeh təşkilat öz mülahizəsinə uyğun heç bir qanuna əsaslanmadan əsassız borc hesablanmışdır . Bu cür aktlar tərtib edilərkən onun və ya hər hansı hal şahidinin iştirakı təmin edilməli idi. Göründüyü kimi cavabdeh təşkilat öz qanunsuz hərəkətlərini gizlətmək üçün ona və ya digər ailə üzvlərinə məlumat vermədən saxta akt tərtib etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən evə (kod:**********064447) hesablanmış 2.008,80 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-447/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********06447) dair əsassız hesablanmış 2.008,80 manat borc məbləğini silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. (hakim X3)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda onun tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktda “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçının sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, bunun nəticəsində hesablanmış 2.008,80 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə də tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz aşkar edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1-ci, 18-ci, 77.2-ci, 81-ci Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci, 282.2-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 18-ci, “Qaz təchizatı” Azərbaycan Respublikası Qanununun 13.8.1-ci maddələrinə və “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 2.008,80 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (əvvəlki redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Bununla belə, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

23. İddiaçı qanunsuz qoşulma halına yol vermədiyini və ailəsi ilə birlikdə həmin evdə 2022-ci ilin mart ayında yaşamağa başladığını bildir. Cavabdeh isə iddiaçıya məxsus olan fərdi yaşayış evində quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə edilməsinin təsdiqi olaraq iddiaçıya aid abonent saldosunu, həmin evin fotoşəkillərini, habelə qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktı və akt əsasında qəbul edilmiş eyni tarixli qərarı təqdim edir. Konkret olaraq, iddiaçının sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə etdiyini iddia edir.

24. Lakin aktda iddiaçının həmin aktı imzalamaqdan imtina etdiyi göstərilsə də, iddiaçının bu akt barədə həmin vaxt ümumiyyətlə məlumatlı olması öz təsdiqini tapmır. Halbuki, iddiaçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu səbəbdən yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

25. Məhkəmə kollegiyası qanunsuz qoşulma halını təsdiq edən xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın və onun əsasında qəbul edilmiş eyni tarixli qərarın özünə də müstəqil şəkildə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, abonentin saldosunda iddiaçıya məxsus evdə təbii qazla işləyən 1 cihazın göstərildiyi halda, xx.xx.2022-ci il tarixli aktda və qərarda itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 4 cihaz üzrə hesablanmışdır. Lakin abonent saldosunda göstərilməyən cihazların həmin evdə olmasının hansı qaydada müəyyən edildiyi aydın deyil. Aktda cavabdehin əməkdaşlarının evə baxış keçirildiyi barədə də hər hansı qeyd aparılmamışdır. Nəzərə alınmalıdır ki, hesablama 3 ay (xx.xx.2021 – xx.xx.2022) və 24 saat üzrə aparılmışdır. Lakin aktda olan qeyddən başqa bütün bu dövr üzrə qanunsuz qoşulma halına yol verilməsini təsdiq edən hər hansı sübut təqdim edilmir. Bütün bu cihazların günlük iş rejiminin 24 saat üzrə hesabatının aparılması isə ümumiyyətlə anlaşılmazdır. Belə ki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Bu da öz növbəsində akt və onun əsasında qəbul edilmiş qərarda əks olunmuş məlumatların mötəbərliyini, aparılmış hesablamanın isə düzgünlüyünü şübhə altına alır.

26. Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən də iddiaçı tərəfindən abonent olduğu ünvan üzrə qaz sayğacından kənar, yəni qaz xəttinə qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi açıq və aydın şəkildə müəyyən edilmir. Həmin şəkillərdən 2-də hansısa daş divarın alt hissəsində borunun çəkildiyi görünür, digər şəkillərdə isə ev əks etdirilmişdir. Lakin bu şəkillərin ümumiyyətlə birinin-digərinə aidiyyətinin olmasını (vahid mənzərə yaratmır) müəyyən etmək olmur. Bu səbəbdən həmin fotoşəkillər qanunsuz qoşulmanı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Fotoşəkillərlə müqayisədə mötəbərliyi baxımından bu halı daha dəqiq və etibarlı şəkildə təsdiq edən videogörüntü isə cavabdeh tərəfindən təqdim edilmir.

27. Həmin ünvan üzrə qanunsuz qoşulma halının olması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/293 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapmır. Belə ki, rəyə əsasən tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş və sayğacın üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz aşkar edilməmişdir.

28. Məhkəmə kollegiyası iddiaçının həmin evdə ailəsi ilə birlikdə 2022-ci ilin mart ayından yaşaması barədə mövqeyinə və abonentin saldo məlumatlarına istinadən xüsusilə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən qanunsuz qoşulma halına yol verilməsi nəticəsində ona vurulmuş zərəri müddət etibarı ilə xx.xx.2021-ci il – xx.xx.2022-ci il tarixləri üçün hesablayır. Başqa sözlə, cavabdehin mövqeyinə əsasən iddiaçı ona yanvar-mart ayları üzrə zərər vurmuşdur. Lakin iddiaçıya aid abonent saldosu məlumatlarına əsasən 2022-ci ilin mart ayına kimi qazdan istifadə edilməsi müəyyən edilmir və iddiaçının hər hansı məbləğdə borcunun olmadığı göstərilir. Ödənişlər məhz 2022-ci ilin mart ayından başlayır. Bu halın iki izahı ola bilər, birincisi – iddiaçı sayğac quraşdırıldığı tarixdən qazdan sayğacdan kənar, yəni qanunsuz qoşulma yolu ilə istifadə edir. İkincisi – iddiaçı 2022-ci ilin mart ayına kimi həmin ünvanda yaşamamışdır, yəni bu tarixədək həmin ünvan üzrə qazdan istifadə edilməmişdir. Birinci halla bağlı da hər hansı sübut təqdim edilmir. Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən həmçinin, həmin evdə təmir işlərinin aparıldığı müəyyən edilir.

29. Qeyd edilənlər iddiaçının 2022-ci ilin mart ayına kimi həmin ünvanda yaşamadığını, o cümlədən qazdan istifadə edilmədiyini təsdiq edir. Bu səbəbdən də iddiaçı tərəfindən 2022-ci ilin yanvar-mart aylarında cavabdehə hər hansı məbləğdə maddi zərər vurula bilməzdi. Bu da öz növbəsində yuxarıda göstərilən digər əsaslar olmadan da bu əsasla həmin aktın və onun əsasında qəbul edilmiş qərarın hər hansı mötəbərliyə malik olmasını, etibarsız olmasını təsdiq edir. Bu səbəbdən həmin sənədlər iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz və onların əsasında vurulmuş maddi ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına daxil edilmiş məbləğ isə silinməlidir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

31. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-447/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar