Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6224/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair 2(003)- 1603/2022 saylı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh əməkdaşları tərəfindən abonent İddiaçı barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2021 tarixli ******* saylı, xx.xx.2021 tarixli ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlarda abonentin təbii qazdan qeyri-qanuni olaraq sayğacdan kənar istifadə etməsi göstərilmiş, kənar xəttin kəsilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona (abonent kodu **********00018) Cavabdeh tərəfindən əsassız hesablanmış 5075 manat məbləğində borcun 4775 manat hissəsinin həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağları ünvanında yaşayır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun barəsində təbii qazdan sayğacdan kənar qanunsuz istifadəyə görə bir neçə akt tərtib olunmuş, aktlar tərtib olunarkən onun iştirakı təmin olunmamış, tərtib olunan aktlardan məlumatı olmamışdır. O təxminən 6 ay müddətində həmin evə məxsus qaz sayğacından istifadə etmiş, evi bir otaqdan ibarətdir, kombi istilik sistemi yoxdur, adi bir sobadan istifadə olunub. Bu müddət ərzində ən çoxu ayda 50 manat qaz sərfi olarsa bu da 6 ayda ümumilikdə 300 manat pul edir. Lakin Cavabdehın hesabladığı 5075 manat borc ilə razı deyil, qalan hissənin silinməsi üçün məhkəməyə müraciət edir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(003)-1603/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana aid qaz sağacına hesablanmış 4428 manat məbləğində borcun silinməsi qət edilmişdir. (hakim Emin Məmmədli)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib olunsa da, aktların tərtibində iddiaçı iştirak etməmiş, abonentin guya aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. Bundan əlavə, təbii qazın talanması faktı aşkar olunduğu təqdirdə abonentin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üçün hər hansı tədbir görülməmişdir. İddiaçı yalnız 2021-ci ilin dekabr ayında təbii qazdan sayğacdan kənar istifadə etdiyini etiraf etdiyinə görə məhkəmə 2021-ci ilin dekabr ayında akt əsasında hesablanmış 648 manat borcun silinməsi hissəsində cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçıya qaz sərfinə görə hesablanmış 4428 manat (5076-648=4428) məbləğində borc silinməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü, 1.4-cü, 2.5-ci, 2.12-ci, 3.1.7ci 3.4.1-ci, 3.4.4-cü, 6.5-ci, 6.6-cı, 6.7-ci bəndlərinə, «Qazdan istifadə Qaydaları»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci, 77.1-ci, 119.2-ci, 217.2-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış, bir nüsxəsi abonentə təqdim edilmiş və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə təqdim olunmuş sübutları araşdırmadan və ekspertiza təyin etmədən qanunsuz və əsassız olaraq iddianı qismən təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları
11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»a müvafiq olaraq qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7).
Apellyasiya baxışının hədləri
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən – iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, qətnaməni yalnız iddianın təmin edilən hissədə mübahisələndirmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə saxlanılmalıdır.
16. Belə ki, cavabdehin sübut kimi istinad etdiyi aktların surətlərindən görünür ki, aktda abonentin onu imzalamaqdan imtina etdiyi barədə qeydlər aparılmışdır.
17. Göründüyü kimi aktlar birtərəfli qaydada cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktları imzalamamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. İddiaçı da aktın məlumatlarının mötəbərliyini mübahisələndirir və borcunun olmadığını bildirir.
18. Yaranmış vəziyyətdə istinad edilən qaydaların tələbinə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, iddiaçıya məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktda göstərilən cihazın müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə hesablanmış 4428 manat borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPMnin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillər kserosurət formasında olmaqla keyfiyyətsizdir və həmin fotoşəkillərin iddiaçıya məxsus evə aid olmasını müəyyən etmək mümkün deyil.
19. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (4428 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
21. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1603/2022 saylı mülki iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.