Məhkəmə qərarları › İş №2(103)-6224/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6224/2025

05.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6224/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1843/2025 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Hacı Həsən küçəsində yerləşən fərdi yaşayış evində (abonent kodu: **********0048) təbii qazdan istifadəyə görə hesablanmış 12.384 manat borc silinsin. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 12.160,80 manat borcu silmək vəzifəsi cavabdehin üzərinə qoyulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdeh İB-nin tərtib etdiyi aktlara əsasən, təbii qazdan sayğacdankənar istifadə nəticəsində zərərin əvəzi (itirilmiş qazın dəyəri) kimi abonentə cəmi 12.160,80 manat borc hesablanıb. Həmin aktlar bunlardır: 1) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə 1.615,68 manat; 2) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 5.365,44 manat; 3) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 3.853,44 manat; 4) xx.xx.2024-cü il tarixli ******* nömrəli və xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlar üzrə 1.326,24 manat. Həmin borc əsassızdır. Birinci, Cavabdeh İB abonentin qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən sübut (fotoşəkil, videoyazı və s.) təqdim etməyib, habelə Cavabdeh İb-nin nümayəndəsi izahat vermək üçün birinci və apellyasiya instansiyası məhkəmələrində keçirilən məhkəmə iclaslarına gəlməyib. İkinci, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3/408 nömrəli rəyinə görə, həmin evə aid qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşakar edilmədi, habelə qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Üçüncü, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində təbii qazın talanması və ya ondan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən olunub. Həmin Məcəllənin 8-ci maddəsində isə təqsirsizlik prezumpsiyası müəyyən olunub. Qanunvericiliyə görə, qazdan sayğacdankənar istifadə halları aşkar olunduqda Cavabdeh İB təqsirkar şəxsin müəyyən edilməsi və inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti quruma müraciət etməyə borcludur. Cavabdeh İB bunu etməyib, nəticədə isə qazın talanmasında abonentin təqsiri qanunda göstərilən qaydada müəyyən edilməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsindən görünür ki, delikt – təqsirli əməldir. Cavabdeh İB-nin tərtib etdiyi aktlar qazın talanmasında abonentin təqsirli olduğunun mülki məhkəmə icraatı qaydasında müəyyən edilməsi üçün kifayət deyil. Beləliklə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə aid hissədə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1843/2025 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar