Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6225/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “hərbi xidmət zamanı həlak olan hərbi qulluqçunun varisinə sığorta pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2384/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 957927 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1996-cı il tarixində ölmüş və bu barədə akt qeydlər kitabında xx.xx.1996-cı il tarixində 02 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi ağ ciyər vərəmi qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş bildirişdən görünür ki, N nömrəli hərbi hissənin sıravi əsgəri X9 xx.xx.1996-cı il tarixində vəfat etmişdir. Hadisə mərhumun xidməti dövründə baş vermişdir.
3. Ağsu rayon İcra Hakimiyyəti Başçısının Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 47№-li xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, mərhum X2 qalan vərəsələrindən qardaşı İddiaçı, bacısı X8 və bacısı X6r.
4. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrdən görünür ki, X5 vərəsələri olan bacısı X8 və bacısı Şamilova Əfruz Məhər qızı miras qalmış əmlakdan onlara düşən məcburi payı qəbul etməmişdir, niyyətində də deyillər, bununla əlaqədar məhkəməyə müraciət etməyəcəklər.
5. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 13 fevral və 15 may 2019-cu il tarixli cavab məktublarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 saylı Fərmanına dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Fərman imzalanmış, Fərmana əsasən 11.000 manat məbləğində sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə verilməsinə icazə verilmiş, həmin məbləği almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi tövsiyə edilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 02 iyun 2020-ci il tarixli cavab məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, əlillik dərəcəsi almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edildiyi, bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacağı qeyd edilmişdir.
7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 1295№-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 485 nömrəli bildirişinə əsasən mərhum X5 ölümü, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığı üçün tərəflərindən müvafiq arayışın verilməsi, həmçinin onun adının şəhid ailələri, əlillər, müharibə veteranları siyahısına əlavə edilməsi qeyri-mümkündür.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 15 iyul 2019-cu və 27 oktyabr 2021-ci il tarixli məktublardan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanının 5-ci hissəsinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundan həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısında X5 adı aşkar olunmadığı üçün məsələyə aydınlıq gətirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur.
9. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 82№-li Arayışdan görünür ki, mərhum 1976-cı il təvəllüdlü, əsgər X9 12 oktyabr 1995-ci il tarixdə Ağsu rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirdiyi zaman ağciyər və ürək çatışmazlığından vəfat etmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı həlak olan qardaşı X5 vərəsəsi kimi ona 11.000 (on bir min) manat məbləğində sığorta pulunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən və ölüm haqqında şəhadətnamədən də göründüyü kimi hərbi xidmət zamanı həlak olan xx.xx.1973-cü il təvəllüdlü qardaşı X9 12 oktyabr 1995-ci il tarixində Ağsu rayon Hərbi Komissarlığı (indiki Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsi) tərəfindən hərbi xidmətə çağrılmışdır. xx.xx.1996-cı il tarixində Bakı şəhərində olan N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin komandiri tərəfindən xx.xx.1996-cı il tarixində Ağsu rayon Hərbi Komissarlığına göndərilən 485 saylı bildirişdə göstərilmişdir ki, Ağsu rayon Həbi Komissarlığına-verilir ondan ötrü ki, həqiqətən N saylı hərbi hissənin sıravi əsgəri X9 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Hadisə mərhumun xidməti dövründə baş vermişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsi tərəfindən (keçmiş Ağsu Rayon Hərbi Komissarlığı tərəfindən) xx.xx.2023-cü il tarixində verilən 82 saylı arayışda göstərilmişdir ki, verilir Ağsu rayon İlxıçı kənd sakini 1972-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, onun mərhum qardaşı 1976-cı il təvəllüdlü əsgər X9 12 oktyabr 1995-ci il tarixdə Ağsu rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirdiyi zaman ağciyər və ürək çatışmamazlığından vəfat etmişdir. Hərbi xidmət zamanı ölən qardaşı X5 ölümü barəsində Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən 30 oktyabr 2018-ci il tarixindən verilən AZ-İN 957927 saylı ölüm haqqında şəhadətnamədə göstərilmişdir ki, “X1 xx.xx.1996 otuz yanvar min doqquz yüz doxsan altıncı ildə ölmüşdür”. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə həlak olan hərbi qulluqçunun varisi kimi ona ödənilməli olan sığorta pulunu indiyə qədər müxtəlif bəhanələrlə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona ödənilməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti axırıncı sorğusuna 14 fevral 2019-cu il tarixində absurd bir cavab verərək bildirmişdir ki, guya Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2018-ci il tarixli 1 saylı Fərmanına və həmin Fərmana xx.xx.2019-cu il tarixli dəyişikliyə əsasən həmin pulu ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəməlidir (halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona elə həmin ilin yanvar ayında göstərilən cavabda bildirilmişdir ki, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və bu qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 620 nömrəli Fərmanına əsasən hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir. Ona görə də Dövlət Sığorta Şirkətinə müraciət etməyi tövsiyə olunur, halbuki yuxarıda göstərdiyi kimi Dövlət Sığorta Şirkəti ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyi tövsiyə etmişdir). Sözün əsl mənasında qardaşının hərbi xidmətdə əsgər kimi ölməsi ilə əlaqədar aidiyyəti dövlət orqanları tərəfindən aparılan ötür-ötür oyunlarından sonra məcbur qalıb 05 sentyabr 2020-ci il tarixdə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin iş baxılmamış saxlanılmışdır.
12. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi iddiaya etiraz təqdim edərək bildirmişdir ki, mülki işin materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən mərhum X9 xx.xx.1996-cı il tarixində hərbi xidmət vəzifəsini yerinə yetirdiyi zaman ağciyər və ürək çatışmazlığından vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İ 957927 nömrəli şəhadətnaməyə əsasən X9 xx.xx.1996-cı il tarixdə ağciyər və ürək çatışmazlığından vəfat etmişdir. İddiaçının vermiş olduğu iddianın hüquqi əsası kimi istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.1997-ci il tarixində qəbul edilmiş, xx.xx.1997-ci il tarixində qüvvəyə minmişdir. Qanunun qüvvəyə minməsindən sonra qanunla icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi müəyyən edilmiş sığortalılarmüvafiq icra hakimiyyəti orqanları ilə şirkət arasında icbari şəxsi sığorta müqavilələri bağlanmış və buna uyğun olaraq icbari şəxsi sığorta fəaliyyəti həyata keçirilməyə başlanmışdır. Müvafiq icra hakimiyyəti orqanları ilə şirkət arasında icbari şəxsi sığorta fəaliyyətinin həyata keçirilməsinin əsasını təşkil edən icbari sığorta müqavilələri Qanunun qüvvəyə minməsindən sonra bağlanmağa başlandığına görə və dolayısı ilə iddiaçının qardaşı, mərhum X5 xidmətdə olarkən vəfat etdiyi dövrdə 1996-cı ildə icbari şəxsi sığorta fəaliyyəti həyata keçirilmədiyindən, hərbi xidmət zamanı sonuncunun həyat və sağlamlığı icbari şəxsi sığorta edilməmişdir. Bu səbəbdən hazırki iddia tələbi tamamilə əsassızdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2384/2023 nömrəli, 25 iyul 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum qardaşı hərbi xidmətdə olduğu müddət ərzində xəstəlikdən vəfat etdiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
15. Məhkəmə öz mövqeyini “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına; «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»; «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2384/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının vermiş olduğu iddianın hüquqi əsası kimi istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) xx.xx.1997-ci il tarixində qəbul edilmiş, xx.xx.1997-ci il tarixində qüvvəyə minmişdir. Qanunun qüvvəyə minməsindən sonra Qanunla icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi müəyyən edilmiş sığortalılar – müvafiq icra hakimiyyəti orqanları ilə Şirkət arasında icbari şəxsi sığorta müqavilələri bağlanmış və buna uyğun olaraq icbari şəxsi sığorta fəaliyyəti həyata keçirilməyə başlanmışdır. İş materiallarında olan AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan da göründüyü kimi qanuna əsasən müəyyən olunmuş birdəfəlik ödənişin fond tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yuxarıda qeyd olunan məktubuna əsasən X9 xidmət dövründə vəfat etmişdir. Beləliklə, Fərmanın 2-ci və 4-cü hissələrininmülki işə tətbiqinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən X9 xx.xx.1996-cı ildə həqiqi hərbi xidmət dövründə vəfat etdiyi, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığı və 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almadığı üçün haı-hazırda iddiaçıya sığorta ödənişinin verilməsi AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığorta ödənişinin verilməsindən imtina etməsinin səbəbi Səfərbərlik Xidmətinin onlara verdikləri siyahıda iddiaçının qardaşının adının olmamasıdır. Lakin Səfərbərlik Xidmətinin özünün göndərdiyi məktubda qeyd edilib ki, xidmət dövrü ağciyər-ürək çatışmazlığı nəticəsində şəxs vəfat etmişdir. Şəxslərə sığorta ödənişinin ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdursa və 11 min manat məbləğində sığorta ödənişi ödənilməyibsə, 5-ci maddəyə əsasən sığorta ödənişinin həyata keçirilməsi Nazirliyə aiddir. Məhz buna görə də sığorta ödənişinin ödənilməsi Şirkət deyil, Nazirlik tərəfindən həyata keçirilməlidir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, qardaşı şəhid deyil, qardaşı həqiqi hərbi xidmətdə vəfat etmişdir. Qardaşı Vətən uğrunda döyüşərək ölməmişdir, ona görə də sığorta ödənişini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ödəməlidir. Cəbhə bölgəsində vəfat edənlərə şəhid statusu verilir. Qardaşı Əzizbəyov adına xəstəxanada vəfat etmişdir
Apellyasiya baxışının hədləri
21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 22.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnmənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyanın
25.12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 26.16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 27.25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. 28.“Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Qanuna görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
29. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. 30.Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 15 fevral 1992-ci il tarixli 99-6 nömrəli və 4 avqust 1992-ci il tarixli 426-20 nömrəli Qərarlar ilə sığorta tədiyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir. 31.20 may 1997-ci ildə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydasını və şərtlərini müəyyən edən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilmişdir. Bu Qanunun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 27 nömrəli Fərmanı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 1998-ci il tarixli 140 nömrəli Qərarı ilə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 8 fevral 1992-ci il tarixli 563 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 1992-ci il tarixli 99-6 nömrəli və 4 avqust 1992-ci il tarixli 426-20 nömrəli Qərarları qüvvədən düşmüşdür. 32.“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. 33.Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər.
34. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. 35.Həmin Qanunun 5-ci maddəsinin a) bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə sığorta ödənişləri sığorta məbləğinin 100 faizi nisbətlərində verilir 36.8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda.
37. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir.
38. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir.
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının
39.1-ci bəndinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilməsi qərara alınmışdır. 40.2-ci bəndinə əsasən, birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməsi qərara alınmışdır.
“Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli, 1340 nömrəli Fərmanının
41.2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. 42.2.8-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. 43.““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 45.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum qardaşı X9 12 oktyabr 1995-ci il tarixdə Ağsu rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirdiyi zaman ağciyər və ürək çatışmazlığından (xəstəlikdən) vəfat etmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş sığorta ödənişinin ona verilməsi məqsədilə Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin sığorta şirkəti sığorta ödənişini ona vermək üzrə X9 1997-ci il avqustun 2-dək vəfat etdiyi üçün səlahiyyətli olmadığını bildirmiş, bu məsələnin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsini tövsiyə etmişdir. Hazırda iddiaçı mərhum qardaşının hərbi xidmətdə olduğu müddətdə vəfat etsə də, ona şəhid statusu verilmədiyi üçün mərhumun vərəsəsi kimi ona sığorta ödənişinin iş üzrə cavabdeh qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməli olduğunu iddia edir. 46.Apellyasiya şikayətinin dəlliləri üzrə qanunvericilik normalarının təhlilindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçulara birdəfəlik ödəmələr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, həmin tarixdən sonra, yəni sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dək olan “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli, 1340 nömrəli Fərmanının 1-ci bəndində göstərilən şəxslərə, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına birdəfəlik sığorta ödənişinin Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, adı çəkilən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid həmin kateqoriyadan olan şəxslərə isə 2022-ci il yanvarın 1-dən etibarən - Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. 47.Göründüyüyü kimi cavabdehin apelyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlıdır. Halbuki iş materiallarından müəyyən edilir ki, mərhum 1976cı il təvəllüdlü, əsgər X9 xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirdiyi zaman vəfat etsə də, onun vəfat etməsinin səbəbi ümumi xəstəlik ilə əlaqədar olmuşdur. Belə olan halda, mərhum X5 ölümü, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığı üçün, o, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular ilə əlaqədar olan Fərmanın təsir dairəsinə düşmür. Buna baxmayaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 48.Konstitusiya Məhkəməsinin Plenumu ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28 yanvar 2014-cü il tarixli Qərarında qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir... “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir. 49.Qeyd edilməlidir ki, “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Qanuna görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.
50. Qanunvericiliyin tələblərindən göründüyü kimi hərbi xidmətə çağırılmış şəxslər hərbi qulluqçu statusunu əldə etdikləri gündən dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalanan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s. öz əksini tapır. 51.Müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud sağlamlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirir. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz. 52.Hazırkı iş üzrə İddiaçı qardaşı X9 hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. X5 vərəsəsi olaraq iddiaçı (qeyd edilməlidir ki, X5 vərəsələri olan bacıları X8 və Şamilova Əfruz Məhər qızı sığorta ödənişindən ibarət mirasın qəbulundan iddiaçının xeyrinə imtina etmişlər) qardaşının həqiqi hərbi xidmətdə olduğu zaman ölməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş lakin qanunvericilikdə nəzərdə tutulmayan səbəblərdən sığorta ödənişinin verilməsindən Şirkət tərəfindən X5 1997-ci il avqustun 2dək vəfat etdiyinə, bununla da hazırki hal üçün səlahiyyətli olmadığına istinadən imtina edilmişdir. 53.Halbuki bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. 54.Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "xxxx" bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 11.000 manat sığorta ödənişi ödənilməlidir. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 56.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2384/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova