Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6227/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3404/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair təyin olunmuş məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tutma protokoluna əsasən, İddiaçı xx.xx.2024cü il arixdə saat 15:15-də saxlanılaraq Yasamal Rayon Məhkəməsinə təhvil verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məssuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Qərardan müəyyən olunur ki, X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə tərəfindən İddiaçı qarşı xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olmuş məlumatların təkzib edilməsini və üzr istənilməsini nəzərə alaraq, həmçinin məhkəmənin məsələnin tərəflər arasında sülh yolu ilə həlli təklifinə hörmətlə yanaşaraq və Azərbaycan Respublikası CPM-in 32.2.8, 32.2.10, 39.1.8, 41.7, 43.1.1, 88.4.2, 89.4.19-cu maddələrinə əsaslanaraq, şikayətdən və mülki iddiadan imtina etdiyini bəyan etməklə, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin qanunsuz məhkəmə araşdırması nəticəsində ona vurulmuş 2000 manat mənəvi və 2000 manat maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası İntizam Komissiyasının sədri X3 ona qarşı Yasamal Rayon Məhkəməsinə xüsusi ittihamla müraciət edərək bildirmişdir ki, o, “Vəkilin səsi” X2 Hüquq qəzetinin baş redaktoru və təsisçisi olmaqla özünə məxsusdur. Buna görə də C.Alıyev məhkəmədən onu 6 ay həbs cəzasına məhkum edilməsini xahiş etmişdir. Buna dair sübut kimi şikayətçi üzərində “vəkilin səsi” yazılmış və facebook səhifəsinə oxşar səhifəsi kimi görünən bir vərəq təqdim etmişdir. Həmin vərəqdə bu ifadələr qeyd olunub: “Ailə münaqişəsinə görə (iki qadın arasında qalıbmış) prokurorluq orqanlarından kənarlaşdırılan, sonradan vəkil olan, müştərisi Aytən Mahmudovadan 20.000 manat “xidmət haqqı” adı ilə pullar alıb keyfiyyətli iş görməyən və həmin pulları daqaytarmaq istəməyən vəkil Cavid Alıyev 20 min məbləğdən 6000 manatını dostu İlham Dadaşovun vasitəsilə geri qaytarıb. Nəticədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov onu “X5” adı ilə təltif edib. Hətta söz veriblər ki, əgər pulların hamısını qaytarsa onu Anar Bağırovun yerinə qoyacaqlar. Bu isə qeyri-rəsmi məlumatdır. Səhv varsa təkzib verə bilərik.” Cavid Alıyev bütün bu söz və ifadələrin ona aid olduğunu iddia edərək şikayətində bildirmişdir ki, güya o, “Vəkilin səsi” adlı hüquq qəzetinin təsisçisi və həm də baş redaktorudur və eyni zamanda həm də “vəkilin səsi” adlı facebook profilini açmış və xx.xx.2023-cü ildə həmin profildə bu ifadələri yazaraq ona böhtan atmışdır. X7 məhkəmədə onun “Vəkilin səsi” X4 qəzetinin təsisçisi və baş redaktoru olduğunu sübuta yetirə bilməmişdir. O ki, qaldı “vəkilin səsi” adlı facebook səhifəsinə şikayətçi bu profilin də ona aid olmasını sübuta yetirə bilməmişdir. Çünki 9 ay keçən məhkəmə prosesləri zamanı internetdə “vəkilin səsi” adlı profilin ümumiyyətlə mövcüd olması barədə informasiya əldə etmək mümkün olmamışdır. Məhkəmə bu barədə hətta “Elekron Təhlükəsizliyi Xidmətinə” sorğular təqdim etsə də nəticəsi olmamışdır. C.Alıyevin məhkəməyə təqdim etdiyi facebook vərəqi isə kserosurət olduğundan məhkəmə onu sübut kimi qəbul etməli deyildir. Həmin iş üzrə o, məhkəməyə ifadə və vəsatətlər verərək C.Alıyevin verdiyi şikayətin ümumiyyətlə icraata götürülməsinin qeyrimümkün olduğunu bildirmişdir. Birincisi ona görə ki, C.Alıyev həmin şikayəti tərtib etməklə CPM-in 293.1.3.3.7 maddələrinin habelə CPM-in 294 və sair normaların tələblərinə əməl etməmişdir. Həmin normaya görə şikayətçi barəsində düzgün informasiya verməli idi. Məsələn, şikayətçinin onu “Vəkilin səsi” qəzetinin baş redaktoru və təsisçi adlandırması yanlış fikirdir. O, həmin qəzetdə rəsmi olaraq 2015-ci ilin aprel-iyul aylarında yəni cəmi 3 ay işləmiş və qəzetin yalnız 3 ay baş redaktoru olmuşdur. Qəzetin təsisçisi isə Vaqif Alıyev adlı bir fiziki şəxsdir. Bu barədə o, məhkəməyə arayışlar və əmək müqaviləsinin təsdiq olunmuş surətlərini təqdim etmişdir. “Vəkilin səsi” facebook anonim səhifəsinin də ona heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq işə baxan hakim C.Alıyevin şikayətini icraata götürərək faktiki olaraq barəsində cinayət işi başlamışdır. Hakim şikayəti icraata götürməklə ilk olar “Xüsusui ittiham qaydasında işlərlə bağlı məhkəmə təcrübəsinə dair” xx.xx.2024-cü il tarixli Plenum qərarının 12-ci bəndinə əməl etməli idi. Həmin normaya görə əgər böhtanlı ifadələr özünü biruzə verməyərək anonim yaxud da təxəllüs altında yazılırsa məhkəmə belə şikayəti icrata qəbul edə bilməz. “Vəkilin səsi” facebook səhifəsin isə anonim səhifə idi. Onunla əlaqələndirmək isə sadəcə olaraq ehtimal idi. Heç bir düzünə sübut yox idi. Buna baxmayaraq Yasamal Rayon Məhkəmnəsinin işə baxan hakimi onun iştirakı olmadan təyinatla işə çıxan vəkil Cənnətov adlı vəkilin iştirakı ilə C.Alıyevin şikayətini icraata qəbul etmək barədə xx.xx.2023-cü il tarixli 1(004)-487/2023 saylı qərar çıxarmışdır. Faktiki olaraq barəsində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət işi başlamışdır. Alıyevin məhkəməyə təqdim etdiyi yeganə sübut “vəkilin səsi” adlı “facebook” səhifəsinin bir vərəqi idi. Həmin ifadələr isə “vəkilin səsi” adlı səhifədən əvvəl də digər sosial şəbəkələrdə paylaşılmışdır. Bu yazılarda böhtan hiss olunmurdu. Sadəcə olaraq ifadə azadlığı və sarkazm var idi. Olsa-olsa bu ifadələrdə yanlışlıqlar ola bilər ki, bu yazını yazan şəxs də buna görə məlumatın yanlış olduğu halda təkzib verməyə hazır olduğunu mətndə əvvəlcədən bildirmişdir. O, “vəkilin səsi” səhifəsini və həmin yazını yazanları da tanımır. Digər bir tərəfdən də Alıyevin məhkəməyə sübut kimi təqdim etdiyi kağız parçası ona görə sübut sayıla bilməzdi ki, onlar kserosurət və montaja məruz qalmış kağız idi. Yalnız həmin kağızlarda yazılanların əsilləri əldə edildiyi halda məhkəmə araşdırma aparıla bilərdi. Əks halda şikayət icraata qəbul edilə bilməzdi. Həmin səhifənin əsillərini isə müvafiq ekspert təyin etməklə və “Facebook” şirkətinə məhkəmə tapşırıqları verməklə mümkün ola bilərdi. CPM-in 144-cü maddəsinə görə “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.” Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Hətta bu barədə məhkəmə texniki ekspertizyası aparılsa da sənədin əsli olmamış ekspert də heç bir rəy verə bilməzdi. “Vəkilin səsi” deyilən bir səhifənin mövcüd olmasını 9 aylıq məhkəmə zamanı məhkəmə müəyyən edə bilmədi. Buna baxmayaraq məhkəmə həmin iş üzrə 30 dəfə məhkəmə prosesi keçirərək məhkəmələr zamanı şikayətçinin təqdim etdiyi sübutlar əsasında yox, yalnız ona mənəvi psixoloji təsirlər etməklə nəyə isə nail olmaq istəyirdi. Bu müddət ərzində məhkəmə barəsində 31 oktyabr 2023-cü il tarixli, 1(004)-487/2023 saylı məcburi gətirmə barədə qərar verdi və qərarın icrasını həm Yasanal rayon Polis İdarəsinə həm də Daxili İşlər Nazirliyi Baş Təhlkükəsizlik İdarəsinə həvalə elədi. Halbuki həmin qərar əsassız idi ona görə iki, məhkəməyə aydın idi ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanda üzrlü olaraq yaşamır çünki həmin mənzili mübahisəlidir və bu mənzil barəsində Yasamal Rayon Məhkəməsində “mənzilə köçürməyə dair” 2(004)38/2024 saylı mülki iş var. Ola bilsin ki, məhkəmə həmin ünvana bildiriş göndərmiş lakin onun isə xəbəri olmamışdır. Həmin ünvana polis də gəlsəydi onu tapa bilməyib. Məhkəmə isə bunu nəzərə almadan əsassız bir cinayət işi üzrə onun hüquq və azadlığını pozan qərar qəbul etmişdir. Bundan sonra məhkəmə barəsində xx.xx.2023-cü il tarixli 1(004)-487/2023 saylı axtarış qərarı qəbul etmişdir. Onun yenə də bu barədə xəbəri olmamış və ona məhkəmənin vaxtı və axtarış barədə xəbər verilməmişdir. 26 yanvar 2024-cü ildə məhkəmənin həmin axtarış qərarı əsasında Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşları onun tanışlarının yanında “İnşaatçılar” metrosunun xeyli insanlar olan yerində saxlayaraq onu 26-cı bölməyə aparmış və barəsində “tutma protokolu” tərtib edərək daha sonra məhkəməyə aparmışlar. Lakin, yalnız həmin zaman o, öz istədiyi vəkilini dəvət edərək onun iştirakı ilə prosesi davam eləmişdir. Bütün sonrakı prosesə o, bir qayda olaraq polisin müşahidəsi ilə aparılmışdır. Çünki “məcburi gətirilmə barədə qərarı” hakim hələ də ləğv etməmişdir. Həmin məhkəmə prosesi eyni zamanda mətbuatın da nəzərində olduğu üçün bir çox internet qəzetləri Cavid Alıyev barəsində gedən sözsöhbətə reaksiya vermis və müstəqil araşdırma aparmışlar. xx.xx.2024-cü il tarixdə “vəkilin səsi” adlı anonim facebook səhifəsi öz səhifəsində “Təkzib adlı” paylaşma edərək Cavid Alıyev barəsində yazılanları öz üzərinə götürərək Cavid Alıyev barəsində xx.xx.2023-cü il tarixdə paylaşdıqları yazılarını təkzib edərək Cavid Alıyevdən üzr istəmişlər. Vəkilin səsi səhifəsi təkzib yazısında C.Alıyev barəsində xx.xx.2023-cü il və ondan sonra yazılanlarda onun bu işdə hər hansı bir iştirakçılığının olmadığını da vurğulamışlar. Təkzib barəsindəki həmin paylaşmanı “Vəkilin səsi” X2 Hüquq qəzeti də öz facebook səhifəsində “vəkilin səsi” adlı səhifəyə istinad edərək paşlaşmışdır. Həmin təkzib barədə paylaşmanı o, da əldə edərək onun mətnini məhkəməyə təqdim etmişdir. Halbuki nə qəzetin nə də səhifənin ona aidiyyəti yoxdur. Bundan sonra şikayətçi X3 əsil həqiqəti yəqin edərək məhkəməyə ərizə yazaraq şikayətindən imtina etmiş və bu barədə olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-41/2024 saylı qərarı ilə həmin işin icraatına xitam verilmişdir. Halbuki həmin məhkəmə işi əvvəldən axıra qədər qanusuz getmiş, barəsində əsassız cinayət işi qaldırılmış, barəsində qanunsuz məcburi gətirmə, qanunsuz axtarış və “tutma protokolu” tərtib edilərək icra edilmişdir. Hesab etmişdir ki, məhkəmə əvvəldən C.Alıyevin xüsusi ittihamlı şikayətini icraata qəbul etməli deyildir. Birincisi ona görə ki, şikayətçi CPM-in 293.3.1 və 293.4 maddələrinin tələblərinə əməl etməmiş şikayətində onu ittiham etsə də əslində ona heç bir aidiyyəti olmayan “vəkilin səsi” anonim facebook səhifəsinə və həmin səhifədəki paylaşmalara istinad etmişdir. Hətta şikayətdə barəsində düzgün olmayan anket materialları təqdim edərək onu “Vəkilin səsi” X4 qəzetinin təsisçisi və baş redaktoru kimi qələmə vermişdir. Bu isə belə deyil. Bu barədə rəsmi arayış təqdim etmişdir. Həm də şikayətində bilə-bilə yalan xəbərçiliyə görə cinayət məsuliyyəti daşıdığını da qeyd etməmişdir. Məhkəmə isə baxan zaman “Xüsusi ittiham qaydasında İşlərə baxılmasına dair məhkəmə təcrübəsinə dair Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarının 12-ci bəndinə riayyət etməyərək anonim və təxəllus səhifə sayılan “Vəkilin səsi” adlı səhifədə paylaşılan məlumatla bağlı şikayəti icraata götürmüş və barəsində qanunsuz olaraq AR CM-in 147.1 maddəsi ilə cinayət işi başlamışıdır. Həmin norma isə bunu qadağan edir. Ondan sonra gedən bütün məhkəmə prosesləri zamanı iş üzrə heç bir mötəbər sübutlar təqdim olunmamış yalnız şikayətçinin əsassız ehtimallarına istinad edilmişdir. Hətta bu 9 ay ərzində və 30 məhkəmə prosesi zamanı məhkəmə işin əsil halları barədə və mahiyyəti üzrə də araşdırma apara bilməmişdir. Çünki paylaşmanı edən şəxs yaxud da şəxslər müəyyən edilməmişdir. Şikayətçinin onu təqsirləndirməsi isə heç bir subuta əsaslanmırdı. Buna baxmayaraq məhkəmə qanunsuzluq edərək barəsində təkcə cinayət işi başlamaqla kifayətlənməmiş həm də barəsində əsassız məcburiyyət tədbirləri həyata keçirmiş, barəsibdə “məcburi gətirilmə” barədə qərar çıxarmış, daha sonra barəsində axtarış elan etmişdir. Nəticədə o, polis tərəfindən saxlanılaraq bölməyə aparılmış və barəsində “tutma protokolu” tərtib edilərək bölmədə bir necə saata azadlığı məhdudlaşdırılmışdır. Halbuki bütün bunlara heç bir əsas yox idi o, daim məhkəməyə gəlib getmiş və 3 dəfə vəkilini dəyişmişdir. Çünki vəkillərin hamısı xidməti cəhətdən İntizam Komissiyasının sədri olan iş üzrə şikayətçi Cavid Alıyevdən xidməti cəhətdən asılı idilər. CPM isə belə halda belə vəkillərdən imtina etməyə ona ixtiyar verirdi. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Qanunun 4-cü maddəsinin 2 -ci bəndinə görə vurulmuş ziyanın bu qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ:barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda da mümkündür. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 3850 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında bildirdi ki, X3-Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvüvəkil-20 sentyabr 2023-cü ildə ona qarşı Yasamal rayon məhkəməsinə “Xüsusi ittiham” qaydasında şikayət təqdim etmişdir. Şikayətində Alıyev onu ittiham edirdi ki, güya o, 27 avqust 2023-cü ildə Facebook sosial şəbəkəsindəki “Vəkilin səsi” səhifəsində ona qarşı böhtan xarakterli paylaşmalar etmişdir. Əslində, C.Alıyev barədə eyni mövzülü paylaşım 24 avqust 2023-cü ildə internetdəki “Yenisöz.az”, “Aztoday” “Gununsəsi.info” “Arqument.az” və sair saytlarda getmiş, daha sonra həmin məlumat 25 avqust 2023-cü ildə Abdulla Efendizade” adlı facebook səhifəsində getmişdir. “Vəkilin səsi” adlı anonim facebook səhifəsi isə bunlardan 3 gün sonra yəni 27 avqust 2023-cü ildə paylaşım edib. Bu faktlardan isə heç biri ona aid olmayıb. Hətta sonradan bu paylaşıma görə Abdulla Əfəndizadə məlumatın yanlış olduğunu bildirib təkzib edib və Alıyevdən də üzr istəyib. O, isə öz növbəsində məhkəməyə izahat verib özünü bu işdə təqsirli bilməmiş və C.Alıyevin yazdığı kimi “Vəkilin səsi” X2 hüquq qəzetinin təsisçisi və baş redaktoru olmadığını “vəkilin səsi” facebook səhifəsini tanımadığını və belə bir paylaşma aparmadığını dəfələrlə bildirərək verilən şikayətin AR CPM-in 293-cü maddəsinə zidd olduğundan geri qaytarılmasını xahiş etməklə vəsatətlər vermişdir. Lakin, məhkəmənin həmin şikayəti icraata götürəcəyini görüb hakimə AR Ali Məhkəsinin “xususi ittihamlı işlərlə bağlı” xx.xx.2014-cü il tarixli Plenum qərarının 12-ci bəndini xatırlatmışdır. Həmin normaya görə isə əgər yayılan böhtanlı məlumat anonim yaxud da təxəllüs ad altında yazılıbsa belə halda məhkəmə həmin şikayəti icraata qəbul etməməlidir. Çünki faktiki olaraq “Vəkilin səsi” facebook səhifəsi anonim səhifə imiş. Sonrdan isə səhifə internetdən tam silinmişdir. Onun da ona heç bir aidiyyəti yox idi. Məhkəmə isə Plenumun qərarına məhəl qoymayaraq onun məhkəmədə iştirakı olmadığı halda xx.xx.2023-cü ildə Alıyev tərəfindən verilmiş şikayəti icraata götürdü. Həmin şikyətlə bağlı məhkəmə prosesi 9 ay davam etdi və iş üzrə 30 məhkəmə prosesi getdi. Amma məhkəmə o vaxta qədər heç bir zaman onun yaşadığı və qeydiyyatda olduğu ünvana rəsmi bildiriş göndərməmişdir. O, yalnız məhkəmədə iştirak etdiyi zamanlarda növbəti məhkəmə barəsində məlumat almışdır. Məhkəmə bildiriş təqdim edib o da ona imza etdirmədən xx.xx.2023-cü il tarixdə barəsində 1(004)-487/2023 saylı “Məcburi gətirmə barədə” qərar çıxararaq qərarın icrasını Yasamal rayon Polis İdarəsinə həvalə etmişdir. Həmin qərarı icra edən Yasamal rayon Pİ 26-cı Polis Bölməsinin rəisi özünün xx.xx.2023-cü il tarixli 531/2-14604 saylı mətubu ilə ərazidəki 43 saylı MİS rəisinin xx.xx.2023-cu il 101 saylı arayışını da əlavə edib məhkəməyə rəsmi məktubla cavab vermişdir ki,“İddiaçı Bakı şəhəri Lev Tolstoy küçəsi 89 ünvünda qeydiyyatda olması barədə məlumat yoxdur” Halbuki, 26-cı polis bölmə rəisinin və 43 saylı MİS rəisinin bu arayışları həqiqəti əks etdirmirdi. Ya da belə bir arayışlar bilə-bilə qərəzdən verilmişdi ki, məhkəməni barəsində axtarış elan etməyə sövq etsinlər. Əsil həqiqətdə isə o, həmin ünvanda qeydiyyatdadır. Yuxarıda göstərdiyi rəsmi orqanların yalan arayışlarına inanaraq məhkəmə onun məhkəmədən yanıldığını ehtimal edərək xx.xx.2023-cü ildə barəsində 1(004)- 487/2023 saylı “axtarış qərarı vermişdir”. Deməli, həm “məcburi gətirmə” həm də “axtarış“ qərarı məhkəməyə yalan məlumat verildiyindən məhkəmə də bu məlumatları araşdırmadan verildiyi üçün qanunsuz olmuşdur. Barəsində xx.xx.2023-cü il tarixdə cinayət işi başlayandan sonra təbii ki, gündəlik həyatda və iş yerində problemi başlandı. Onu iş yerində danlamağa başladılar və işdən çıxarılması ilə hədələdilər. Çünki o, tez-tez məhkəməyə getdiyi üçün öz işini görə bilmirdi. Barəsində xx.xx.2023-cü il “məcburi gətirmə” qərarı veriləndən sonra polis tərəfindən ona və ailə üzvlərinin telefonlarına zənglər edilir iş yerində onu axtarırdılar. xx.xx.2023-cü ildə barəsində “axtarış” elan ediləndən sonra o, həbs olunmasından çəkinərək qorxudan gizlənmək üçün gündə bir ünvanda yaşamışdır. Axtarış zamanı həyat yoldaşının iş yerinə zənglər edərək yerini soruşur və onu güya gizlətdiyinə görə yoldaşını hədələyirdilər. Bir sözlə qohumlarım arasında stress vəziyyəti yaranmışdır. Yasamal Pİ 26-cı polis bölməsi isə barəsində yalançı arayışları hətta xx.xx.2023-cü ildə də məhkəməyə göndərərək əvvəlki kimi onun güya Lev Tolstoy küçəsi 89 ünvanda qeydiyyatda olmadığı barədə yalan məlumat verməkdə davam edirdilər. Nəhayət, 26 yanvar 2024-cü ildə 28-cı Polis Bölməsinin əməkdaşları onu “İnşaatçılar” metrosunun yaxınlığında tanışlarının yanında saxlayaraq onu əli qandallı maşına mindirib 26-cı bölməyə gətirib orada barəsində “tutma protokolu” tərtib edib 3-4 saat bölmədə saxlayandan sonra Yasamal məhkəməsinə gətirdilər. Amma həmin gün yəni 26 yanvar 2024-cü ildə məhkəmə baş tutmadı və məhkəmə onu evə buraxaraq bildirdi ki, “bundan sonra hər dəfə məni polis vasitəsi ilə zorla məhkəməyə gətirəcəklər. Belə də oldu. Hər dəfə məhkəmə zamanı o, verilən ittihamı qəbul etmirdi və sona qədər də qəbul etməyərək yüzdən çox vəsatət və şikayətlərlə məhkəməyə və yuxarı instansiyalara müraciət etmişdir. Ən nəhayət “vəkilin səsi” adlı həmin anonim səhifə facebookda peyda olaraq Cavid Alıyev barəsində yazılanlara təkzib etdi və ondan üzr istədi. Həmin təkzibdən də məlum oldu ki, onun bu işdə heç bir iştirakı olmayıb. Həmin “təkzib” internetdə paylaşılmışdır. Təkzibin bir surətini o, da əldə etmiş və məhkəməyə təqdim etmişdir. Bundan sonra Cavid Alıyev verdiyi şikayəti geri götürmüş və məhkəmə də 22 may 2022 də işin icraatına xitam verdi. Bütün bu məhkəmə proseslıəri zamanı o, xeyli maddi ziyan çəkmişdir. Barəsində cinayət işi başlanandan sonra barəsində aparılan məcburi gətirmə və axtarış kimi qanunsuz məcbur etmə tədbirlərin zamanı o, tez-tez məhkəməyə çağrıldığından maddi ziyana düşmüşdür. O, məhkəmələrə gələn zaman həmişə taksi ilə gəlib getmişdir. Həm də vaxtında işə gedə bilmədiyinə görə maaşından kəsirdilər. Axtarışdan sonra ümumiyyətlə işə gedə bilməmişdir. Buna görə də müdiriyyət aralarında olan müqaviləni ləğv etmişdir. O zamandan bəri o, heç bir yerdə işə düzələ bilmir. Əgər iş yerini itirməsəydi indiyə kimi o, həmin yerdən 3850 manat maaş almalı idi. Bundan əlavə o, həm də mənəvi ziyana düşmüşdür. Barəsində qaldırılan cinayət işi və sair məcburi xarakterli prosessual hərəkətlər nəticəsində internet şəbəkələrində barəsində cinayət işinin qaldırılması məhkəmə onu 6 ay həbs edə biləcəyi barədə yazılar dərc olunurdu ki, bu haqda da bütün internet istifadəçiləri xəbər tutur və onu tanıyanlar ona zənglər edərək vəziyyətlə maraqlanırdılar. Yaxınları və ailəsi çox narahat olur və daim qorxu altında qalırdılar. Daim polis ailə üzvlərinə və ona zənglər edərək narahat edirdilər. Bütün bunlar onlarda dərin stress və əsəb yaradırdı. Yaşının çox olması nəticəsində bu haqsızlıqdan tez-tez qan təzyiqi qalxır, əsəbi həyat keçirirdi. Buna görə də hesab edir ki, verdiyi iddia tam olaraq təmin olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3404/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə, mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirləndirilmiş, sonradan X1 ona qarşı xüsusi ittiham qaydasında şikayət verməsinə əsas olmuş məlumatların təksib edilməsi və üzr istəməsi səbəbindən şikayətdən imtina etmiş və cinayət təqibinə xitam verilmişdir. Məhkəmə qeyd etmişdir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. İddiaçı barəsində xüsusi ittiham qaydasında cinayət təqibinə xitam əsasları onun yaydığı məlumatların təkzib edilməsi və xüsusi ittihamçıdan üzr istəməsi olmuşdur ki, bu da ona hazırda mənəvi ziyanın kompensasiyasını tələb etmək hüququnu vermir. İddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməməsi, eyni zamanda mənəvi ziyanın ödənilməsi hissəsinin təmin edilməməsi səbəbindən məhkəmə həmin hissədə də iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Məhkəmə gəldiyi nəticəni «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3, 9cu maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2024 cü il tarixli 2(006)-3404/2024 saylı qətnaməsi ilə onun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının vurduqları maddi və mənəvi ziyanın ödənilməsinə dair” iddiasının rədd edilməsinə dair qətnamə çıxarmışdır. Hesab edir ki, həmin qətnamə əsassız olduğuna görə ləğv edilməli və iddiasının tam olaraq təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə əslində nə baş verdiyini anlamadan boş yerə müxtəlif və hazırkı işlə heç bir əlaqəsdi olmayan formal presedent aktlarla məhkəmə qətnaməsini doldirrmağa çalışsa da buna nail ola bilməmişdir. Çünki qətnamədə qeyd olunanlar işin əsil halları ilə uyğun olmalıdır. Amma Nəsimi Rayon Məhkəməsi isə işə baxarakən faktiki olaraq Yasamal Rayon Məhkəmısinin 1(004)-41/2024 saylı qərarını yenidən araşdırmağa cəhd etmişdir. Belə ki, X3 ona qarşı Yasamal Rayon Məhkəməsinə xüsusi ittihamla müraciət edərək bildirmişdir ki, güya o “vəkilin səsi” adlı anonim facebook səhifəsində xx.xx.2023-cü ildə onun barəsində böhtançı sözləri yazmaqla ona böhtan atmışdır. Buna görə də ona qarşı AR CM-in 147.1 maddəsi ilə cinayət işinin başlanmasını və onun 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi isə həmin ittihamı axıra qədər rədd edərək “vəkilin səsi” adlı facebook səhifəsinin ona heç bir aidiyyəti olmadığını həmin paylaşmanın isə ona dəxli olmadığını bildirmişdir. C.Alıyevin isə bu barədə bircə kağız parçasından başqa heç bir ittihamedici sübutu yox idi. Buna baxmayaraq Yasamal Rayon Məhkəməsi həmin işə 9 ay müddətində baxaraq ilk olaraq xx.xx.2023-cü il tarixdə 1(004)-487/2023 saylı qərar çıxardaraq şikayəti icraata götürərək onu bu işdə təsirkar bilmişdir. Faktiki olaraq hakim onun barəsində AR CM-in 147.1-ci maddəsi ilə bilə-bilə qərəzli cinayət işi başlamışdı. Həmin iş üzrə 9 ay məhkəmə olmuş, 30 dəfə, həm də əsassız 31 oktyabr 2023-cü il tarixli, 1(004)-487/2023 saylı “məcburi gətirmə” barədə qərar vermiş və qərarın icrasını həm Yasanal rayon Polis İdarəsinə həm də Daxili İşlər Nazirliyi Baş Təhlükəsizlik İdarəsinə həvalə etmişdir. Bundan sonra məhkəmə onun barəsində xx.xx.2023-cü il tarixli 1(004)-487/2023 saylı “axtarış” qərarı qəbul etmişdir. 26 yanvar 2024-cü ildə məhkəmənin həmin axtarış qərarı əsasında Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşları onu tanışlarının yanında İnşaatçılar metro stansiyasının xeyli insanlar olan yerində saxlayaraq onu 26-cı bölməyə aparmış və barəsində “tutma protokolu” tərtib edərək daha sonra məhkəməyə aparmışlar. Sonradan məlum oldu ki, həmin “vəkilin səsi” səhifəsi də barəsində tətbiq edilən axtarışlar da saxta və suni olmuş hətta Yasamal rayon 26-cı polis bölməsi də onu həbs etmək üçün barəsində məhkəməyə saxta arayışlar vermişlər. Nəhayət məhkəmə Cavid Alıyevin ərizəsinə əsasən xx.xx.2023-cü ildə həmin cinayət işinə xitam vermişdir. Cinayət işi xətm olunandan sonra o, Nəsimi Rayon Məhkəməsində təzminat davası açmışdır. Buna xitama səbəb isə Yasamal Rayon Məhkəməsində işə baxılarkən “vəkilin səsi” adlı facebook səhifəsinin Alıyev barədə bundan əvvəl etdiyi paylaşmaya dair təkzib verməsi və öz təkzibində bu işdə onun heç bir günahının olmaması barədə paylaşması oldu. Çünki onun barəsində paylaşmanı məhz bu səhifə paylaşmışdır. Bu səhifə də təkzib verdi və üzr istədi. C.Alıyev isə əvvəldən səhvən ehtimal etmişdi ki, güya “vəkilin səsi” elə o özüdür. O, isə “vəkilin səsi” ona aidiyyəti olmayan anonuim bir səhifə idi. Facebook səhifəsi C.Alıyev barəsində “Təkzib” adı altında yeni bir paylaşma etdi və internetdə paylaşdı. Paylaşmada bu səhifə tərəfindən C.Alıyevdən üzr istənilirdi. Həmin paylaşma bir çoxlarının əlinə keçdiyi kimi onun da əlinə keçdi o, da onu internetdən çəkib Yasamal Məhkəməsinə sübut etdi ki, onun bu işdə əlaqəsi yoxdur. Bundan sonra Cavid Alıyev onun bu işdə təqsirinin olmadığını görüb məhkəməyə xx.xx.2024-cü ildə ərizə yazaraq ona qarşı verdiyi şikayətindən imtina etdi. C.Alıyev şikayətini geri götürən zaman yazdığı ərizəsində təkzibin onun tərəfindən verildiyini yazmayıb. O belə bir təkzibin “vəkilin səsi” səhifəsinin özü tərəfindən yazıldığını bildirmişdir. Məhkəmə də verilmiş təkzibin onun tərəfindən verildiyini qeyd etməyib. Bütun sənədlərdə belə bir təkzibin “vəkilin səsi” facebook səhifəsi tərəfindən verildiyi qeyd olunub. İş materiallarında isə həmin səhifənin ona aidiyyətinin olmadığı barədə sübutlar var. Hətta təkzib vermiş həmin səhifənin müəllifi öz paylaşmasında bütün məsuliyyəti öz üzərinə nəinki götürmüş, hətta onun bu işdə heç bir əli və iştirakçılığı olmadığını bilavasitə yazmışlar. Nəsimi Rayon Məhkəməsi isə yuxarıda bildirdiyi kimi qətnamədə onun güya Yasamal Rayon Məhkəməsində Cavid Alıyevdən üzr istəməyi buna görə də sonuncu tərəfindən şikayətin geri götürüldüyü barədə absurd və həqiqətə uyğun olmayan nəticəyə gəlib. Buna görə də iddiasını rədd edib. Halbuki belə bir fakt olmayıb. Əgər belə bir “barışıq faktı” olsaydı bu zaman həmin barışıqda o öz adından C.Alıyevdən üzr istəyərək və mətbuatda təkzib verərdi. Məhkəmə də buna nəzarət edərdi. Sadəcə olaraq “vəkilin səsi” anonim bir səhifə necə payşalmışdısa eləcə də onu təkzib etmişdir. Nəsimi Rayon Məhkəməsi isə sadəcə olaraq işi tam və hıərtərəfli araşdırmayıb yaxud da ümumiyyətlə araşdırmayıb. Əks halda anonim bir facebook səhifəsi ilə onu çaş-baş salmazdı. Belə ki, şikayətçi Cavid Alıyevin ta əvvəldən onun barəsində paylaşma etmiş “vəkilin səsi” anonim facebook səhifəsindəki “vəkilin səsi” profilinin sahibi kimi səhv hesab etmiş və ona qarşı məhkəmədə belə bir şikayət vermişdir. Halbuki ona qarşı paylaşım edən həmin səhifə ona aid olmayan anonim səhifə olmuş. O səhifə idarəçisi hələ də məlum deyil. Məhkəmə ümumiyyətlə AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenim qərarının 12-ci bəndinə uyğun olaraq bu şikayəti qəbul etməli deyildi. Çünki “vəkilin səsi” səhifəsi insan adı yox, anonim səhifədir. Bu bir təxəllüsdür. İşin sonunda C.Alıyev əsil həqiqəti biləndə ki, bu işdə onun günahı yoxdur və şikayətini geri götürdü. Nəticədə isə bu məhkəmə prosesləri üzündən o əziyyət çəkib. Barəsində axtarış məcburi gətirmə və tutma protokolu tərtib olunmuşdur. Ailədə və cəmiyyətdə hörmətdən düşmüşdür. İşindən, qazancından həm də azadlığından oldu. Bu barədə o Nəsimi Rayon Məhkəməsinə sübutlar təqdim etmişdir. Nəsimi Rayon Məhkəməsi iddianı rədd etməklə səhvən belə bir qənaətə gəlmişdir ki, güya o, Yasamal Rayon Məhkəməsində təkzib verib Cavid Alıyevdən üzr istədiyinə görə o da öz şikayətini geri götürmüşdür. Halbuki məhkəmə faktlara yox, özündən belə bir qənaətə gələ bilərdi. İşin hallarıda və bu barədə çıxarmış qərarda belə bir şey yoxdur. Məhkəmə sadəcə olaraq işin materialları ilə bu barədə toplanmış sənədlərlə tanış olmayıb. Təkzib verib üzr istəyən o yox anonim səhifə olan “vəkilin səsi” facebook səhifəsidir. Onun həmin işə əslində cavabdeh kimi cəlb edilməyi isə təmamilə absurd idi. Buna baxmayaraq o, 9 ay maddi və mənəvi işgəncəyə məruz qalmışdır. 30 dəfə məhkəməyə çağrılmışdır. Məhkəmə hazırkı qətnamənin 6-cı səhifəsinin 8-ci abzasında gəldiyi həmin nəticənin heç bir əsası yoxdur. Beləliklə məhkəmə formal və sübutlara əsaslanmayan işin faktiki hallarına uyğun olmayan bir şeylər yazıb. Yasamal Rayon Məhkəməsinin bu barədə çıxarılmış xitam qərarında belə bir ifadələr yoxdur. Həmin işin sonunda “Təkzib” var amma hamıya məlum olan “vəkilin səsi” səhifəsinin həmin təkzibə əsasən işi xitam ediblər. Məhkəmə hətta Elektron Təhlükəsizlik Xidmətininə belə bir səhifənin olub olmadığına dair müraciət etmiş və bu orqan isə “vəkilin səsi” adlı facebook səhifəsinin hazırda mövcüd olmadığını bildirmişdir. Bu barədə rəsmi sənəd var. Sonradan “vəkilin səsi” adlı həmin anonim səhifə nədənsə internetdə 27 avqustda paylaşdıqlarına dair “təkzib” vermişdir ki, Cavid Alıyevlə bağlı xx.xx.2023 cü ildə paylaşanlar onlara məxsusdur. Buna görə Alıyevdən üzr istəyirlər. Bu barədə əksər internet siqmentləri paylaşım etmişlər. O, da həmin paylaşmalardan birini əldə edərək onu Yasamal Məhkəməsinə təqdim etmiş və məhkəmə də əmin oldu ki, 27 avqust 2023-cü ildə C.Alıyevə qarşı bu yazıları o, paylaşmamışdır. Hətta “Vəkilin səsi” adlı həmin anonim səhifə öz “təkzibində” onu da vurğulamışıdr ki, C.Alıyevin şübhələndiyi “Vəkilin səsi” X2 Hüquq qəzetinin sabiq baş redaktoru İddiaçı həmin paylaşmada heç bir əli və iştirakçılığı olmamışdır. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)-3404/2024 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın tam təmin edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.3. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən aparılmış qanunsuz məhkəmə araşdırması nəticəsində ona vurulmuş 3850 manat maddi və 2000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, iddia tələbində istinad etdiyi hər hansı bir halı sübuta yetirə bilməmişdir. İddia ərizəsində və apellyasiya şikayətində iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilməsinin əsasları ilə razılaşmadığını qeyd etsə də, araşdırma zamanı iddiaçının həmin aktı mübahisələndirməməsi, həmin məhkəmə aktının qanuni qüvvəsini alması müəyyən olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə tərəfindən İddiaçı qarşı xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olmuş məlumatların təkzib edilməsini və üzr istənilməsini nəzərə alaraq, həmçinin məhkəmənin məsələnin tərəflər arasında sülh yolu ilə həlli təklifinə hörmətlə yanaşaraq və Azərbaycan Respublikası CPM-in 32.2.8, 32.2.10, 39.1.8, 41.7, 43.1.1, 88.4.2, 89.4.19-cu maddələrinə əsaslanaraq, şikayətdən və mülki iddiadan imtina etdiyini bəyan etməklə, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzinin ödənilməsi o halda mümkündür ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmiş olsun. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən iddia tələbində istinad etdiyi halların ona ziyan vurulması kimi qiymətləndirilə bilinməsi üçün hakimin təqsirinin qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilməsi tələb olunur. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər iddiaçıya maddi və ya mənəvi ziyan vura bilinməsi üçün əsas olmadığından, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3404/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6227/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6227/2024
18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver