Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6228/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: istehlakçı hüquqlarının qorunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3101/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 10741291 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Bosch RDW 1276 markalı dispenser və Toshiba DW-14F2CİS (SS) markalı qabyuyan və digər xidmətlər nisyə satılmışdır. xx.xx.2022-ci il tarixli, 10741291 saylı alqı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş 35,7 manat olmaqla alınan əşyanın dəyərinin hər ay 444,26 manat olmaqla 3 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci bəndinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, ABC-Telecom MMC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 136,85 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2022-ci i tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1332,78 manat ödənilməmiş əsas borcu, 133,22 manat cərimə olmaqla, ümumilikdə 1466 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı ABC-Telecom MMC Cavabdeh qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən «Bosch» markalı dispenser və «Toshiba» markalı qabyuyan üçün 1332,78 manat ödənilməmiş hissə, 133,22 manat cərimə, ümumilikdə 1466 manat borc və 34,66 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, «Bosch» markalı dispenser və «Toshiba» markalı qabyuyan almış və nəticədə 1466 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1368.48 manat, (3 ay x 444.26 manat + 35.7 manat ilkin ödəniş) «Bosch» markalı dispenser və «Toshiba» markalı qabyuyan üçün ümumilikdə, 1466 manat olmaqla ondan 1332.78 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 133.22 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 35.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3101/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 1332,78 manat əsas, 37 manat cərimə borcu, ödənilmiş 34,66 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1460,44 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 1332,78 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 133,22 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 93 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1332,78 manat əsas, 93 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 462.1, 467, 600.1, 600.4, 600.5, 601.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 217.1, 284-1, 284-5.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3101/2024 nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3101/2024 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq düzəldilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3101/2024 nömrəli qətnaməsinin mətnində (nəticə hissəsində) cavabdehdən iddiaçının xeyrinə tutulacaq ümumi məbləğin “1460,44 manat” əvəzinə “1404,44 manat” kimi oxunması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi onun iştirakı olmadan xx.xx.2024-cü il tarixdə qətnamə qəbul etmişdir. Ona Yasamal Rayon Məhkəməsi tərəfindən yaşadığı ünvana bildiriş gəlməmişdir. Bildiriş gəldiyi halda o məhkəmədə iştirak edib, etirazını bildirərdi. Belə ki, ona iddiaçı tərəfindən əşyalar təhvil verilməmişdir. O almadığı və qəbul etmədiyi məhsula görə pul ödəməli deyildir. Məhsulun çatdırılması ilə bağlı o, heç bir təhvil-təslim aktına imza etməmişdir. Əgər təhviltəslim aktını onun imzası varsa saxtadır. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3101/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, iddiaçı ilə müqavilə bağlayaraq bir ədəd dispenser, bir ədəd də qabyuyan almışdır. Müqavilə bağlanarkən mağazada işləyən tələbəsi ona yaxınlaşıb aldığı məhsulların işlənmiş olmasını dediyindən o, kassaya yaxınlaşıb ilkin ödəniş kimi ödədiyi vəsaitin geri qaytarılmasını, müqaviləyə xitam verilməsini tələb etmişdir. Qətnamədə müqavilədə qeyd olunan əşyaların ona təhvil verilməsi qeyd olunsa da, o, məhsulları təhvil almamış, bu barədə hər hansı bir aktı imzalamamışdır. Almadığı məhsulun pulunu ödəməli deyildir. İddiaçının əməkdaşları ona zəng edərkən müqaviləyə xitam verilməsini demişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-in nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki,apellyasiya şikayətinin dəlilləri ilə razı deyildir. Cavabdeh iddiaçıdan 2022-ci ilin 1 mart tarixində alqı-satqı müqaviləsi əsasında Toshiba markalı qabyuyan və Bosch markalı dispenser almışdır. Həmçinin malları tam qüsursuz aldığına dair təhvil-təslim aktına imza ataraq xahiş etmişdir ki, evində hazırda təmr getdiyi üçün mallar bir müddət anbarda saxlanılsın. 19 aprel 2022-ci ildə cavabdehə zəng edilərək ödənişin aparılması üçün xəbərdarlıq edilmiş, cavabdeh əməliyyat olunduğundan xəstəxanada olmasını, xəstəxanadan çıxdıqdan sonra ödəniş edəcəyini, malları götürəcəyini demişdir. Bundan sonra iddiaçının əməkdaşları dəfələrlə cavabdehlə əlaqə saxlamış, cavabdeh müxtəlif bəhanələrlə ödənişi etməkdən yayınmışdır. 2022-ci ilin avqust ayının 22 tarixində sonuncu dəfə cavabdehə zəng edilmiş və cavabdeh malı götürməyəcəyini və maldan imtina etdiyini bildirmişdir. Cavabdehə malların 8 ay anbarda saxlanılmasını, qiymətdə dəyişikliyini olması bildirlmişdir. Cavabdehə satılan mallar halhazırda da iddiaçının anbarındadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Maddə 617.1. Satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 10741291 saylı nisyə alqı-satqı müqaviləsi imzalansa da, iddiaçı tərəfindən cavabdehə Bosch RDW 1276 markalı dispenser və Toshiba DW-14F2CİS (SS) markalı qabyuyan təhvil verilməmişdir. Belə ki, müqavilə bağlandıqdan sonra cavabdeh aldığı əşyaları qəbul etməkdən, dəyərini ödəməkdən imtina etmiş, iddiaçı isə həmin əşyaları cavabdehə faktiki olaraq təhvil verməməklə onun imtinası ilə razılaşmıdır. Nəticədə tərəflər qarşlıqlı şəkildə müqavilə şərtlərini icra etməməklə faktiki olaraq bağladıqları müqaviləyə xitam vermişlər. Beləliklə, Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının cavabdehdən nisyə alğı-satqı müqaviləsi üzrə satılmış mallara görə ödənilməmiş borcun və hesablanmış cərimənin tələb etməsi əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3101/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı ABC-Telecom MMC-in Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6228/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6228/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver