Məhkəmə qərarları › İş №2(103)-6229/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6229/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6229/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2156/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli 4(004)- 484/2020 nömrəli qərarından görünür ki, İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 04 (dörd) ay həddində müəyyən edilməklə həbsetmənin əvvəlinin 09 avqust 2020-ci il tarixdən hesablanması və s. qərara alınmışdır.

2. 03 dekabr 2020-ci il tarixli 4(004)-671/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan İddiaçı həbsdə saxlama müddətinin 02 (iki) ay, yəni 09 fevral 2021-ci il tarixədək uzadılması qərara alınmışdır.

3. 29 yanvar 2021-ci il tarixli 4(004)-50/2021 nömrəli qərarından görünür ki, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 02 (iki) ay, yəni xx.xx.2021-ci il tarixədək uzadılması qərara alınmışdır.

4. 23 fevral 2021-ci il tarixli 4(004)-100/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi X1 vəsatətinin təmin edilməməsi qərara alınmışdır.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(099)-290/2021 nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilməsi, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında gömrük nəzarəti altında saxlanılan “Schwarzmuller” markalı “Spa-3E” modelli AX5242XO qeydiyyat nömrəli yük qoşqusu olan “Renault” markalı “Maqnum” modelli AX6485CP qeydiyyat nömrəli yük avtomobilin mülkiyyətçisi X3ytarılması və s. hökm edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX Bakı İstintaq Təcridxanasının 20 may 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək Bakı İstintaq Təcridxanasında saxlanılan İddiaçı barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edildiyindən, xx.xx.2021-ci il tarixdə həmin təcridxanadan azad olunmuşdur.

7. “Azərterminalkompleks” Birliyi DMKM və NVS şöbəsinin inspektoru ilə mülkiyyətçi Kravçenko Viktor tərəfindən tərtib edilmiş malların sahibinə qaytarılması haqqında xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Əməliyyat-İstintaq Baş İdarəsinin 1000-154/1xxxx/014529 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən Birliyin anbarına xx.xx.2020-ci il tarixli 121 S nömrəli aktla saxlanca qəbul edilmiş 1 ədəd “Schwarzmuller” markalı “Spa- 3E” modelli AX5242XO qeydiyyat nömrəli yük qoşqusu olan “Renault” markalı “Maqnum” modelli AX6485CP qeydiyyat nişanlı yük avtomobili Əməliyyat-İstintaq Baş İdarəsinin 1000-154/1xx-xx/013589 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən X3ytarılmışdır.

8. xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, 9.367 (doqquz min üç yüz altmış yeddi) manat pul Dövlət Gömrük Komitəsi – Qərb Ərazi BGİ-yə, 14,05 (on dörd manat beş qəpik) isə xidmət haqqı olaraq banka İddiaçı tərəfindən ödənilmişdir (cəmi 9.381,05 manat).

9. xx.xx.2021-ci il tarixli 79-469 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən “dayanacaq pulu (İxrac)” təyinatı üzrə 20 (iyirmi) manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli 79-470 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən “saxlanc pulu (İxrac)” təyinatı üzrə 335 (üç yüz otuz beş) manat pul ödənilmişdir.

10. Gəncə RMİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli protokoldan və inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, Ukrayna vətəndaşı – FJ739894 nömrəli pasporta malik xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə (şəxsin xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşadığı müəyyən edilmişdir) əsasən (ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla) 300 manat miqdarında cərimə edilmişdir.

11. xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, 300 (üç yüz) manat məbləğində pul İddiaçı tərəfindən Dövlət Miqrasiya Xidmətinə ödənilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(106)-626/2021 nömrəli qərarından və 26 aprel 2024-cü il tarixli məktubundan görünür ki, dövlət ittihamçısı Tofiq Mirzəyev tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(099)-290/2021 nömrəli hökmünün apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işi üzrə kassasiya şikayəti verilməmişdir.

12. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 1 ədəd CD-diskdə elektron forması məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi 1(102)-177/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, kassasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı Yuriyeviç barəsində Şirvan Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(106)-626/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

13. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 13 may 2024-cü və 14 may 2024-cü il tarixli məktublarından görünür ki, Ukrayna Respublikası vətəndaşı, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən ölkə ərazisində qeydiyyatsız yaşadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati qərar qəbul edilmiş, o, Azərbaycan Respublikası hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 300 (üç yüz) manat məbləğində cərimə edilmiş və cərimə məğləği həmin tarixdə ödənilmişdir.

14. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 may 2024-cü il tarixli məktubundan görünür ki, Ukrayna Respublikası vətəndaşı İddiaçı tərəfindən idarə edilən “Renault” markalı “Maqnum” modelli AX6485CP nömrəli yük avtomobili və “Schwarzmuller” markalı “Spa-3E” modelli AX5242XO nömrəli qoşqu hüquqpozma faktının aşkarlanması ilə əlaqədar 2020- ci ilin avqust ayının 9-dan 18-dək Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” Gömrük İdarəsinin “Azərterminalkompleks” Birliyinin dayanacaq xidmətinə göndərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin 22 may 2024-cü il tarixli məktubundan görünür ki, Ukrayna Respublikası vətəndaşı İddiaçı tərəfindən idarə edilən “Renault” markalı “Maqnum” modelli AX6485CP nömrəli yük avtomobili və “Schwarzmuller” markalı “Spa-3E” modelli AX5242XO nömrəli qoşqu hüquqpozma faktının aşkarlanması ilə əlaqədar 2020-ci ilin avqust ayının 9-dan 18-dək Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda saxlanılmış, 18 avqust 2020-ci il tarixdən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacaq xidmətinə göndərilmişdir.

15. “Astara” gömrük postu tərəfindən sözügedən nəqliyyat vasitəsinə dair cərimə, saxlanc və dayanacaq ödənişləri alınmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin 11 iyul 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixində Ukrayna Respublikasına məxsus AX6485CP/AX5242XO dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Astara” gömrük postundan tranzit keçidi məqsədilə ölkə ərazisinə buraxılmışdır. Xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün yol vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq hesablanır. Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən xarici dövlətlərlərin yük avtomobilləri Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisi onların oxlarının sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq hesablanır və 212-ci maddəsinə əsasən gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur. Qeyd olunan nəqliyyat vasitəsi ölkə ərazisindən çıxdığı zaman Vergilər Məcəlləsinin 211.1.1.3-cü maddəsinə uyğun olaraq nəqliyyat vasitəsinin oxlarının sayına və ölkə ərazisində qalma müddətinə görə 1-ci il üçün 2800 (iki min səkkiz yüz) ABŞ dolları, 1 ildən artıq qaldığı hər gün üçün 30 (otuz) ABŞ dolları yol vergisi hesablanmışdır.

16. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin 19 iyul 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli ********* nömrəli qəbz Ukrayna vətəndaşı İddiaçı tərəfindən idarə edilən “Renault” markalı “Maqnum” modelli AX6485 CP nömrəli yük avtomobilinin və “Schwarzmuller” markalı “Spa-3E” modelli AX5242 XO nömrəli qoşqusunun “Azərterminalkompleks” Birliyinin dayanacaq məntəqəsində saxlanması xərclərinə aid deyildir. Həmin qəbz gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinə aid edilir. Sözügedən nəqliyyat vasitəsinin Birliyin dayanacaq məntəqəsində saxlanması xərclərinə aid olan qəbz məhkəməyə təqdim edilir (xx.xx.2021-ci il tarixli 79-470 nömrəli mədaxil orderi).

Birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdeh Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsindən 10.036 manat maddi zərərin əvəzi, 50.000 manat əldən çıxmış faydanın əvəzi və 100.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Yuryeviç Ukrayna vətəndaşıdır, beynəlxalq yük daşımaları sahəsində çalışır və ağır tonnajlı yük avtomobilinin sürücüsü kimi İran İslam Respublikası, Türkiyə Cumhuriyyəti və s. yaxın Şərq ölkələrindən Rusiya Federasiyasına, Ukraynaya və Avropa istiqamətinə işləyir, Azərbaycan Respublikası ərazisindən tranzit ölkə kimi istifadə edir. İddiaçı 08 avqust 2020-ci il tarixdə İran İslam Respublikasında olarkən “X6 order X8 Shomal” şirkəti Ukraynanın Xarkov şəhərində yerləşən “Private enterprise santa-frukt” şirkətinə xurma və kişmiş yükünün aparılması barədə onunla müqavilə bağlamışdır. İddiaçı 09 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının “Astara” gömrük postuna yaxınlaşmış, kinoloqlar və gömrükçülərin iştirakı ilə yükə baxış keçirilərkən xurma qutularının içindən ümumilikdə 5200 qram narkotik maddə aşkar edilmişdir. 10 avqust 2020-ci il tarixdə İddiaçı Yuryeviç şübhəli şəxs kimi saxlanılmış, 11 avqust 2020-ci il tarixdə AR CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(099)-290/2021 saylı hökmü ilə İddiaçı barəsində bəraət verilmişdir, seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və saxlanıldığı İstintaq Təcridxanasından azadlığa buraxılması qərara alınmışdır. Həmin hökmdən ittiham tərəfi protest vermiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli 1(106)-626/2021 saylı qərarı ilə protest təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin istintaqı və məhkəmə baxışı dövründə, yəni 12 avqust 2020-ci il tarixdən 20 may 2021-ci il tarixədək Bakı istintaq Təcridxanasında saxlanılmışdır. Ümumiyyətlə, İddiaçı saxlanıldığı andan azadlığa buraxıldığı vaxtadək toplam 285 gün azadlıqdan məhrum edilmişdir. Qanunsuz həbsetmə ilə bağlı iddiaçıya maddi zərər də vurulmuşdur. Belə ki, onun idarə etdiyi “Renault Maqnum” modelli AX 6485 CP nömrəli yük avtomobili və “Schvarzmuller” markalı “Spa-3E” modelli AX 5242 XO nömrəli yük qoşqusu saxlanılan vaxt Cənub Gömrük İdarəsinə xidmət edən “Azərterminal kompleks” Birliyinin cərimə meydançasına qoyulmuş və sonradan həmin avtomobili oradan geri götürmək üçün iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 9.381 manat ödəniş edilmiş, bundan başqa ölkəni Qazax rayon ərazisindən tərk edərkən “Qərb” gömrük postunda avtomobilin depozitsiz bütün bu müddət ərzində ölkədə qalmasına görə 335 manat saxlanc pulu və 20 manat dayanacaq pulu ödəməli olmuş, həmçinin, elə həmin sərhəd məntəqəsinə xidmət göstərən Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİ tərəfindən ölkədə “qeydiyyatsız qalma” şərtlərinin pozulması səbəbilə 300 manat cərimə edilmişdir. Yəni, qanunsuz həbsetmə nəticəsində yuxarıdakı səbəblərdən iddiaçıya toplam 10.036 manat maddi zərər vurulmuşdur. Həmçinin, 10 aya yaxın müddətdə işsiz qaldığı üçün əldən çıxmış fayda şəklində də ona zərər vurulmuşdur. Pasportun viza hissələrindən açıq görünür ki, iddiaçı hər ay azı 3-4 dəfə xarici səfərlər etmişdir, hər yükdaşıması üçün orta hesabla 2000-3000 ABŞ dolları məbləğində qazanc əldə edirdi. Ən aşağı səviyyədə hesablama aparılsa, iddiaçı orta hesabla ayda 5000 manat gəlir əldə edirdi. Beləliklə, 10 aya yaxın müddətdə azadlıqdan məhrum edildiyi üçün təxmini 50.000 manat gəlirindən qalmışdır. Ona görə də əldən çıxmış fayda kimi 50.000 manat məbləğində kompensasiya ödənilməsini tələb edir. Kompensasiya məbləği hesablanarkən iddiaçı başqa ölkədə azyaşlı uşaqlarının təxminin 10 aya yaxın atasız qalmalarını, ailəsinin yeganə gəlir gətirən şəxsi olduğunu və bütün bu müddət ərzində ailə üzvlərinin də onunla birlikdə mənəvi sarsıntılar keçirmələrini nəzərə almağı xahiş edir. Belə ki, iddiaçının ailəsi Azərbaycan Respublikasında yaşasaydı, heç olmasa, həftədə bir dəfə görüşə bilərdilər və hər hansı məlumat verə bilərdi. Lakin həbs edildiyi andan ümumiyyətlə ilk 3 ay ərzində özü barədə heç bir məlumat verə bilməmiş, daha sonra isə ölkəsi ilə Ukrayna səfirliyi vasitəsi ilə əlaqə yarada bilmişdir. 285 gün ərzində ailəsi ilə cəmi 1 dəfə əlaqə qura bilmişdir, bütün bu müddət ərzində ailə üzvləri ailəni dolandıran yeganə şəxsin köməyindən məhrum olmuşdurlar. Daha sonra bu cərimələri ödəmək üçün borclara girmiş, ölkəsində bir müddət sonra başlanan müharibə səbəbindən hələ də həmin borcları qaytara bilmədiyini qeyd edir. Qanunsuz həbs edilməsi nəticəsində bütün həyatı paramparça olmuşdur, əvvəlki güzəranına dönə bilmir, borclar içindədir. İddiaçı qanunsuz həbsetmə ilə bağlı keçirdiyi həyacan, stress, mənəvi sarsıntı, təcridxanada keçirdiyi izdirabları özünə vurulmuş mənəvi zərər hesab edir və 100.000 manat kompensasiya tələb edir. Hazırkı işdə mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət - “Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Belə olan halda iddiaçıya dəymiş zərər də cavabdehin vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulmalıdır.

19. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı hər hansı təsdiqedici sübut təqdim etmədən, xərcləri əsaslandırmadan, tələb etdiyi maddi zərəri təsdiq edən sənədləri işin materiallarına əlavə etmədən maddi zərərə görə 10.036 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Bundan əlavə, iddiaçı zərərin nədə ifadə olunmasını təsdiq edən sənədlər təqdim etmədən, ümumi ifadələrlə kifayətlənərək, əldən çıxmış faydanın əvəzi olaraq 50.000 manat ödənilməsini tələb edir. İddiaçı, həmçinin, mənəvi ziyana görə 100.000 manat kompensasiya ödənilməsini tələb edir. Mənəvi ziyanın ödənilməsini tələb edən şəxsi keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Mövcud qanunvericiliyə əsasən, hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. İddiaçıya münasibətdə cavabdeh heç bir delikt törətmədiyi və ona cavabdeh tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının cavabdeh kimi Nazirliyi cəlb etməsinin əslində heç bir hüquqi əsası yoxdur. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı, məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı və vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, cavabdeh tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi üzrə təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə, iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir.

20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2156/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 10.036 manat, mənəvi zərərin əvəzi kimi isə 9.500 manat olmaqla, cəmi 19.536 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X9)

21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.

22. Məhkəmə öz mövqeyini “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3cü, 9-cu maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı, 57ci, 58-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096-cı, 1097-ci maddələrinə, 1100, 1101-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü, 81-ci, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin bir sıra qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırılaraq ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.

25. Qətnamədən İddiaçı da apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsinə münasibətdə ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəməyə təqdim etdikləri bir qisim müqavilələrdən görünür ki, İddiaçı aşağıdakıməbləğlərə dair aşağıdakımüqavilələri icra etmişdir: xx.xx.2017 – 3000$ xx.xx.2017 – 25 690 qrivna (həmin vaxtın məzənnəsinə görə 1000 $) xx.xx.2017 - 1000$ xx.xx.2017 - 1060$ xx.xx.2017 - 1060$ (bəzən yükün həcmi az olduğundan və çatdırılma ölkəsi eyni olduğu üçün bir yük maşını ilə bir neçə sifarişçinin yüklərini gətirmək mümkün olduğu üçün eyni tarixli müqavilə bağlanılır və daha az ödənişlərlə daşımanı həyata keçirmək olur) xx.xx.2017 - 1000$ xx.xx.2018 - 1500$ xx.xx.2017 - 1600$ xx.xx.2017 - 2650$ xx.xx.2018 - 2500$ xx.xx.2017 - 2000$ və s. Sadaladıqları bütün bu müqavilələrin surətləri məhkəməyə təqdim edilsə də, məhkəmə bu sübutlara düzgün qiymət verməyərək səhv qənaətə gəlmişdir. İddia tələbində qeyd etmişik ki, iddiaçı Kozlov orta hesabla aya 3000$ (təxmini 5000 manat) gəlir əldə edirdi və 10 aya yaxın müddət qanunsuz həbsdə qalması onun təxmini 50 000 manata yaxın gəlirin əldə edilməsindən məhrum etmişdir. Gördüyünüz kimi iddianın bu tələbi formal mülahizələr üzərində deyil, real və ağlabatan məbləğlərlə irəli sürülmüş və sübuta yetiirilmişdir. Məhkəməyə İddiaçı ən azı son 10 ildə beynəlxalq daşımalar sahəsində (yükdaşıyıcı avtomobilin sürücüsü kimi) fəaliyyət göstərməsi barədə mötəbər sübutlar təqdim etsə də, məhkəmə bu sübutlara düzgün qiymət verməmiş, səhv qənaətə gəlmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş iddiaçının xarici pasportunun surətindən görünür ki, o, son 10 il ərzində dəfələrlə müxtəlif ölkələrə mütəmadi giriş-çıxışlar etmişdir, bunu pasportdakı möhür və viza qeydləri təsdiq edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. İddiaçı, cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətlərinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

31. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır; 5-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

35. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Cavabdehin apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunduğundan, iddiaçı tərəfindən isə kompensassiyanın məbləği mübahisələndirildiyindən qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

40. Hazırkı işin həlli baxımından məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı 09 avqust 2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin müvafiq qərarları ilə iddaçının həbsdə saxlanılma müddəti uzadılmış, həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair iddiaçı tərəfin verdiyi vəsatət təmin edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021ci il tarixli hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilməsi, həmçinin, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında gömrük nəzarəti altında saxlanılan “Schwarzmuller” markalı “Spa-3E” modelli AX5242XO qeydiyyat nömrəli yük qoşqusu olan “Renault” markalı “Maqnum” modelli AX6485CP qeydiyyat nömrəli yük avtomobilin mülkiyyətçisinə qaytarılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, yuxarıda qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixli aktla mülkiyyətçisinə qaytarılmış, iddiaçı tərəfindən gömrük ödənişi (vergi), cərimə və xidmət haqqı qismində cəmi 10.036 manat məbləğində pul vəsaiti müxtəlif təyinatlar üzrə Dövlət Gömrük Komitəsinə, “Azərterminalkompleks” Birliyinə, Dövlət Miqrasiya Xidmətinə və banka ödənilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

41. Hazırda iddiaçı apellyasiya şikayətində həbsdə qanunsuz saxlanılması nəticəsində ödəməyə məcbur olduğu 10.036 manat məbləğində pulun real maddi ziyan kimi, aylıq qazancından məhrum olduğuna görə 50.000 manat məbləğində pulun əldən çıxmış fayda kimi və 100.000 manat məbləğində pulun mənəvi zərərin əvəzi kimi ona ödənilməsini, cavabdeh isə özünü əsl cavabdeh hesab etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.

42. Göründüyü kimi, İddiaçı 09 avqust 2020-ci il tarixindən 20 may 2021-ci il tarixinədək, yəni 9 (doqquz) ay 11 (on bir) gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.

43. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, iddiaçının idarə etdiyi yük avtomobili və qoşqunun onun həbsdə qanunsuz saxlanıldığı, habelə məhkəmə qərarı ilə bəraət aldıqdan sonra qərarın mübahisələndirildiyi müddət ərzində Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında gömrük nəzarəti altında saxlanılması və nəqliyyat vasitəsi ilə qoşqunun məhz ölkə ərazisində qaldığı həmin müddət üçün ondan 9.367 manat gömrük ödənişinin (verginin), bu ödəniş üçün 14 manat bank xidmət haqqının tutulması işin mübahisəsiz halını təşkil edir. Belə ki, bu fakt iş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə, həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin 11 iyul 2024cü il tarixli məktubu ilə öz təsdiqini tapır. Həmin məktubda nəqliyyat vasitəsi ilə qoşqunun ölkə ərazisində qaldığı 1 il üçün 2800 ABŞ dolları və 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları ödənilməli olduğu qeyd edildiyindən, habelə qanunvericilikdə apellyasiya instansiyası məhkəməsinin bəraət verilməsi barədə qərarından şikayət və protest verilməsi üçün 3 ay müddət nəzərdə tutulduğundan (Azərbaycan Respublikası CPM, maddə 410.1.2), iddiaçının 9.381 manat məbləğində pulu ((1 il = 2.800 ABŞ dolları) + (100 gün x 30 ABŞ dolları) = 5.800 ABŞ dolları x 1.70 ≈ 9.800) məhz bu təyinat üzrə müvafiq gömrük orqanına (və xidmət haqqı olaraq banka) ödəmək məcburiyyətində qalması ağlabatan hesab edilir. Bununla yanaşı, iddiaçı göstərilən müddət ərzində nəqliyyat vasitəsinin qalmasına görə 335 manat saxlanc pulu və 20 manat dayanacaq pulu, habelə miqrasiya barədə qanunvericiliyin tələblərinin pozulmasına görə barəsində tətbiq edilmiş 300 manat cəriməni ödəməyə məcbur olmasını da iş materiallarında olan mötəbər sübutlarla sübuta yetirir. İddia tələbinin “iddiaçının aylıq qazancından məhrum olduğuna görə 50.000 manat əldən çıxmış faydanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə isə iddiaçı qanunsuz olaraq həbsdə saxlanıldığına görə aylıq qazancından məhrum olduğunu iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər (başqa dildə), habelə pasportundakı ştampların işi ilə əlaqədar olması barədə dəlil məhkəmə tərəfindən iddiaçının aylıq müntəzəm gəliri olduğunu təsdiq edən mötəbər sübut hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı aylıq müntəzəm gəliri olduğuna dair dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, bununla da onun aylıq müntəzəm qazanca malik olması öz təsdiqini tapmadığından tələbin bu hissəsi təmin edilməməlidir. İddia tələbinin “100.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 9 (doqquz) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin ona vurulmuş mənəvi zərərin əvəzi 100.000 manat deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin məbləğini 9.500 manat məbləğində qiymətləndirməsi daha ədalətli və ağlabatandır.

44. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edidlir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

46. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

48. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda kollegiya kollegiya hesab edir ki, mənəvi zərərin 9.500 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir.

49. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

50. Eyni zamanda kollegiya Maliyyə Nazirliyinin apellyasiya şikayətinin digər dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

51. Belə olan halda, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

52. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur.

53. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Apellyasiya şikayətinin ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2156/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar