Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6231/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1172/2021 saylı 17.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu – **********30000) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 358,3 manat məbləğində borcun silinməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İB tərəfindən ona məxsus ünvan 1 ünvanına (abonent kodu – **********30000) hesablanmış 358,3 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi ona məxsusdur. Cavabdehin əməkdaşları 20 iyul 2020-ci il tarixdə ona məxsus evə gələrək mənzildəki köhnə smart kart tipli sayğacı dəyişdirmiş və yeni mexaniki qaz sayğacı quraşdırmışlar. Bu barədə həmin tarixdə 402270 saylı akt tərtib olunmuş, aktda köhnə sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. Bundan sonra ona istifadə etdiyi təbii qazın dəyərinin ödənilməsi barədə bildiriş göndərilmiş, bildirişdə onun əlavə olaraq 358,3 manat borcunun olduğu göstərilmişdir. Halbuki, o, həmin mənzildə yaşadığı vaxtdan təbii qaz sayğacı smart kart tipli olmuş, belə olanda borcun yaranması qeyri-mümkündür. Çünki, smart karta yüklənmiş pul üzrə verilmiş təbii qaz balans bitdikdə avtomatik dayandırılır. O, məsələnin araşdırılması ilə bağlı cavabdehə müraciət etsə də, müsbət cavab almadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi Sona Qasımova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş 11 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən ünvanda qeydiyyatsız yaşayır. İşdə olan “Azəriqaz” İB-nin nümayəndələri və İddiaçı iştirakı ilə tərtib edilmiş 20 iyul 2020ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus mənzilin “G-4” markalı smart tipli təbii qaz sayğacı istismar müddətinin bitmə səbəbi ilə çıxarılmış, mənzilə “G-4” markalı mexaniki sayğac quraşdırılmışdır. İşdə olan 10 sentyabr 2020-ci il tarixli borc xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı 358,3 manat borc təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçıya hansı əsasla borcun hesablanmasını sübut etmə yükü istehsalçının, yəni cavabdeh “Azəriqaz” İB-nin üzərinə düşür. Cavabdehin nümayəndəsi izahatında mövcud borcun 2013-cü ildə yarandığını bildirmiş, buna dair heç bir sübutu nə birinci instansiya məhkəməsinə, nə dəki kollegiyanın iclasında təqdim etməmişdir. Halbuki, iş materiallarında olan, sonuncusunun tarixi 24.01.2017-ci il olan ödəniş qəbzlərində həmin tarixə köhnə borcun olmadığı göstərilmiş, həmçinin, abonentin saldosunda İddiaçı 358 manat borcun 2020-ci ilin avqust ayında hesablandığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş“Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinəəsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, iddiaçının ünvanı üzrə hesablanmış 358,3 manat məbləğində borcun silinməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə olan 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6231/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6231/2021
08.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver