Məhkəmə qərarları › İş №2(103)-6234/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6234/2025

16.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6234/2025 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi, "xxxx" Publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «qanunsuz tikilinin sökülməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 və cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları.

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2006-cı il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada yerləşən, 4 otaqlı, yaşayış sahəsi 83.0 kv.m olan, köməkçi sahəsi 43,6 kv.m olan 2 “b” saylı yaşayış evinin dövlət mənzil fonduna daxil edilərək balansa götürülməklə İddiaçı ilə İcarə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi və həmin evə İddiaçı adına orderin verilməsi Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilib.

2. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının *** nömrəli, ##.##.2008-ci il tarixli Sərəncamına əsasən İddiaçı yaşadığı 2-ci Alatavada yerləşən 4 otaqlı yaşayış sahəsi 83.0 kv.m və köməkçi sahələri 43,6 kv.m olan *b saylı ev rayon icra hakimiyyətinin yaşayış fonduna köçürülərək ona order verilməsi qərara alınmışdır.

3. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ****** nömrəli, ##.##.2008-ci il tarixli orderdə göstərilib ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada yerləşən, 4 otaqlı, yaşayış sahəsi 83.0 kv.m olan 2 “b” saylı mənzildə yaşamaq hüququ verilib.

4. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış *-**-*/*-R-****-*/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubda göstərilib ki, məsələ Xidmətin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılan zaman sözügedən ünvanda Nofəl adlı şəxs tərəfindən mülkiyyət, İstifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan yaşayış məntəqələrinın torpaqları kateqoriyasına aid təqribən 100.0 kv.m torpaq sahəsində tikinti işlərinın aparılması faktı aşkar edilmiş, bununla bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Xidmət tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara məktub göndərilmişdir.

5. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna *-**-*-**/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubunda bildirib ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada yerləşən torpaq sahəsi üzərində sorğuda sadalanan fiziki şəxslərin mülkiyyət, istifadə və ya digər məhdud əşya hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat.

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüquqlarının pozulmasının qarşısının alınması məqsədi ilə cavabdeh Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 "b" saylı yaşayış sahəsinin arxa hasarının üzərində inşa edilmiş tikilinin və ona bitişik digər qanunsuz tikililərin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

7. Tələbdə göstərilir ki, artıq uzun illərdir ki, iddiaçı Bakı şəhəri,Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 “b” saylı ünvanda ailəsi ilə birlikdə yaşayır, həmin ünvanda yerləşən torpaq sahəsinin və evin qanuni sahibidir. 2025-ci ilin mart ayının 18-dən 19-u tarixinə keçən gecə saatlarında bayramla əlaqəli qeyri-iş günləri olmasından istifadə edərək, müvafiq dövlət orqanlarının hər hansı razılığı və məlumatı olmadan cavabdeh Cavabdeh tərəfindən ərizəçiyə məxsus həmin yaşayış sahəsinin hasarının üzərində hörgü aparıb beton tökməklə ev tikməyə başlamışdır. Cavabdeh evin arxa hissəsindən keçən yolun kənarındakı 5-6 metrlik səki hissəni qanunsuz zəbt edib oraya çoxsaylı tikinti materialları da tökmüşdür. Dəfələrlə iddiaçı tərəfindən şikayət olunduğunda, bir neçə günlük tikinti işləri hüquq-mühafizə orqanları tərəfindən dayandırılsa da, gecə saatlarında xəlvət şəkildə aparılmışdır. ## ### 2025-ci il tarixdən cavabdehin bütün cəhdlərinə baxmayaraq qanunsuz tikinti yenidən başlamışdır. Cavabdehin tikinti apardığı sahə asfalt kənarı olmaqla yolun səki hissəsini təşkil edir. Faktiki olaraq cavabdeh iddiaçının hasarının üzərində evin divarının inşa etməklə 5-6 metrlik səki hissəsini zəbt etmişdir. Həmçinin oradakı çox illik şam ağacı üzərinə də tikinti materialları tökməklə onu da məhv etmək niyyətindədir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi (hakim Ayşən Sultanova-Məmmədova) ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ****** nömrəli, ##.##.2008-ci il tarixli order əsasında iddiaçı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada yerləşən, 4 otaqlı, yaşayış sahəsi 83.0 kv.m olan 2 “b” saylı mənzildə yaşamaq hüququ verilmişdir. Hazırki mübahisənin mahiyyətini cavabdeh Cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin arxa hasarının üzərində inşa edildiyi iddia edilən tikilinin və ona bitişik digər qanunsuz tikililərin sökülməsi təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış *-**-*/*-R-****-*/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, sözügedən ünvanda Nofəl adlı şəxs tərəfindən mülkiyyət, İstifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid təqribən 100.0 kv.m torpaq sahəsində tikinti işlərinin aparılması faktı aşkar edilmiş. Bu fakt, mübahisə edilən ərazinin (torpaq sahəsinin) dövlətə aid olduğunu sübut edir. Bundan başqa iş materiallarında olan iddiaçıya ünvanlanmış Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin məktubları qeyd olunan tikintinin icazəsiz olduğunu və müvafiq orqanlar tərəfindən tikinti işlərinin dayandırılması üçün addımlar atıldığını göstərir. Bunlar onu göstərir ki, tikintinin qanunsuz olması inzibati hüquq pozuntusudur və bu hal, öz-özlüyündə iddiaçının mülkiyyət hüququnu birbaşa pozmur. Həmin orqanlar tikinti ilə bağlı öz səlahiyyətləri daxilində Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tədbirlər görürlər. ## #### 2025-ci il tarixdə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı, tikinti aparılan ərazidə yarımçıq vəziyyətdə hasar və yarıtikili müəyyən edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 bildirməsinə görə ərazi icra hakimiyyəti orqanı tərəfindən verilmişdir. O, təxminən 10-15 ildir ki, həmin ərazinin onun mülkiyyətində olduğunu bildirir. Əvvəllər isə həmin əraziyə qonşular tərəfindən zibil atılıb. Hal-hazırda evin tikintisi yekunlaşmamışdır. Ərazidə tikinti işlərini aparmaq üçün kərpiclər yerləşdirilmişdir. Həmin ərazidə səki mövcuddur. İddiaçının evi aşağı küçədə yerləşir. Cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, üstündə tikinti aparıldığı qeyd edilən yerlə hasar arasında təxminən 1-1.5 metr yarım məsafə yerləşir. Həmin ərazidən iddiaçının evinin hasarı görünür. Qonşunun evinin ilk sahibi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 icazə alaraq hasarı 1 metr irəli çəkib. İddiaçı evi təxminən 15 il əvvəl aldığını və hasarın da həmin vaxtdan mövcud olduğunu bildirmiş, həmçinin, onun tərəfindən heç bir dəyişiklik edilmədiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili evin fundamentsiz hasarın üzərində tikildiyini, hasarla tikiləcək olan evin divarının arasına sement töküldüyünü bildirmişdir. İddiaçı evin divarının onun hasarından 1.5 metr məsafədə tikilməsini istədiyini bildirmişdir. Cavabdeh hal-hazırda iddiaçının evinin hasarı ilə paralel istiqamətdə yerləşən pəncərənin əvvəllər mövcud olmadığını qeyd etmiş və iddiaçı tərəfindən söküntü işlərinin saat 23:00-00:00-da aparıldığını demişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 isə iddiaçıdan 0.5 metr məsafə istədiyini qeyd etmişdir. Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Mülki Məcəllənin qeyd olunan maddənin dispozitiv şərtlərindən məlum olur ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Lakin hazırkı iş üzrə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubundan müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçı da daxil olmaqla, heç bir fiziki şəxsin mülkiyyət, istifadə və ya digər məhdud əşya hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Bu, iddiaçının mübahisəli əraziyə dair heç bir hüquqi sənədinin olmadığını təsdiqləyir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən “maraqlı tərəf” kimi qəbul edilə bilməz. Bu baxımdan, hazırki iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyünə görə də rədd edilməlidir. Eyni zamanda məhkəmə izah edir ki, özbaşına tikilinin sökülməsi barədə iddianı irəli sürmək hüququ müvafiq icra hakimiyyəti orqanına və ya Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən “maraqlı tərəf” kimi qəbul edilə biləcək şəxslərə məxsusdur. İddiaçı tikintinin "qanunsuz" olduğunu göstərsə də, bu "qanunsuzluğun" birbaşa onun mülkiyyət hüququnu necə pozduğunu və ona məxsus əmlaka qəsd edildiyini sübut edən əsaslı dəlillər təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclaslarında və yerində müayinə zamanı cavabdeh tərəf iddiaçının hasarının 1.5 metr irəli çəkilməsinə razı olduğu təqdirdə tikintiyə razı olacağını bildirmişdir. Bu isə tərəflər arasında şifahi razılaşmanın olduğunu və mübahisənin bir sıra hallarda hüquqi deyil, daha çox sərhəd məsələlərinə bağlı olduğunu göstərir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 153.3, 157.4, 157.8, 180.1, 180.2-ci, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edib şikayətində göstərir ki, o, faktiki olaraq həmin evdə illərdir daimi yaşayır, hasar və ona bitişik ərazi faktiki istifadəsindədir. Cavabdeh tərəfindən hasarın üzərində tikinti aparılması həmin əmlakdan faktiki istifadə və yaşamaq hüququna birbaşa maneə törətmişdir. Onun uzunmüddətli, qanuni əsasla və dövlət orderi ilə tanınmış istifadə hüququ bu kontekstdə “mülkiyyət” anlayışına daxildir. Mübahisəli tikinti - layihəsiz, müvafiq dövlət orqanlarının razılığı və icazə sənədləri olmadan aparılmışdır. Hər hansı layihə və s. olmadığından onlara hansı tikilinin tikildiyi məlum deyil. Bundan başqa, məhkəmənin yerində müayinə zamanı cavabdehin tikilini onun hasarının üzərində inşa etdiyi müəyyən olunsa da, faktiki olaraq məhkəmə qətnaməsində bu nüansa istinad edilməmişdir. Məhkəmə tərəflər arasında şifahi razılaşma olduğunu bildirsə də, razılaşmadan görünür ki, cavabdehin evinin divarının onun hasarından 1.5 metr məsafədə tikdiyi təqdirdə, razılıq verəcəyini bildirmişdir. Fərdi yaşayış evləri qonşu torpaq sahəsinin sərhədindən minimum 3 metr məsafədə olmalıdır; heç bir halda tikinti hasara bitişik ola bilməz və ya hasarın üzərindən keçə bilməz, çünki bu həm qonşuluq hüququnun pozulması, həm də mülkiyyət hüququna müdaxilə hesab olunur. Tikinti qeyri-peşəkar şəkildə – norma və qaydalara əməl olunmadan, təhlükəli formada aparılır. Belə ki, relyef mailidir, uça bilər. Təbii ki, bu hal özünə və ailə üzvlərinə real təhlükə yaradır. Bundan başqa tikinti onun evinə gün işığının düşməsinə tam maneə yaratmışdır ki, bu da yaşayış şəraitinin kəskin pisləşməsinə səbəb olur. Bütün bunlar şəxsin öz əmlakından istifadə hüququnu məhdudlaşdırmışdır. Bundan başqa, ətrafdakı çox illik ağaclara faktiki zərər vurmuş, şam ağacları tikintinin içərisində hasarın daxili tərəfində qalmışdır. Beləliklə, qətnamədən göründüyü kimi, məhkəmə bu halları araşdırmamış, tikintinin təhlükəliliyini və normativ pozuntuları qiymətləndirməmişdir. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu norma, mülkiyyət sənədi olmasa belə, faktiki sahiblik edən şəxsin əmlakına yönələn müdaxilələri aradan qaldırmaq hüququnu təmin edir. Beləliklə, mübahisəli torpaq sahəsinin dövlətə məxsus olması faktı onun oradakı faktiki və qanuni sahiblik hüququnu inkar etmir. Əksinə, cavabdehin orada özbaşına tikinti aparması onun qanuni istifadə hüququna maneə törətmişdir və bu maneənin aradan qaldırılması üçün məhkəmə müdaxiləsi zəruridir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

23. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

26. Belə ki, iş üzrə həqiqətin müəyyən edilməsi və apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə apellyasiya instansiyası məhkəməsi hesab etdi ki, iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə mühəndis texniki ekspertiza təyin edilməli və ekspert qarşısında aşağıdakı suallar qoyulmalıdır: -İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 "b" saylı yaşayış sahəsinin arxa hasarının tam hissələri ilə(uzunluğu, eni və hündürlüyü) Cavabdeh tərəfindən inşa olunduğu iddia edilən tikilinin hissələri arasında məsafə nə qədər(neçə metr və ya santimetr) təşkil edir? -İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 "b" saylı yaşayış sahəsinin arxa hasarının üzərində Cavabdeh tərəfindən inşa olunduğu iddia edilən tikilinin hissələri yerləşirmi, yəni tikili hasarın üzərində inşa olunmuşdurmu? -Cavabdeh tərəfindən inşa olunduğu iddia edilən tikili İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 "b" saylı yaşayış sahəsin istifadəyə tikinti-texniki təhlükəsizlik baxımından hansısa formada maneə yaradırmı, yaradırsa bu maneələr nədən(konkret göstərilməklə) ibarətdir? -Cavabdeh tərəfindən inşa olunduğu iddia edilən tikili İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 "b" saylı yaşayış sahəsinə düşən günəş işığının qarşısını kəsirmi? -Cavabdeh tərəfindən inşa olunduğu iddia edilən tikili İddiaçı Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 "b" saylı yaşayış sahəsindən istifadə zamanı onun həyatı və sağlamlığı üçün təhlükə yaradırmı?

27. Məhkəmə tikinti-texniki ekspertizasının *-**-**-**/*-***/**** saylı, ## ##### 2026-cı il tarixli rəyində qeyd edildi ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 "b" saylı yaşayış sahəsinin uzunluğu 13,2 m olan arxa hasarının tam hissələri ilə Cavabdeh tərəfindən inşa olunduğu iddia edilən tikilinin hissələri arasında 1,5 m məsafə olduğu, cavabdeh tərəfindən inşa olunduğu iddia edilən tikilinin İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhəd hasarına bir tərəfdən bitişik, bir tərəfdən isə 1,0 m məsafədə inşa edildiyi müəyyən edilmişdir. Qeyd olunur ki, sözügedən tikililərin faktiki olaraq yerləşmə vəziyyəti rəyə əlavə edilmiş sxemdə göstərilmişdir (bax rəyə əlavəyə). İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 "b" saylı yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin sərhəd hasarının üzərində uzunluğu 4,0 m., hündürlüyü 1,0 m olan əlavə hasar tikilisinin inşa edildiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa olunduğu iddia edilən tikili İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 "b" saylı yaşayış sahəsin istifadəyə tikinti-texniki təhlükəsizlik baxımından hansısa formada maneə yaradıb-yaratmamasının, inşa edilən tikilinin İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 "b" saylı yaşayış sahəsinə düşən günəş işığının qarşısının kəsib-kəsməməsinin, eyni zamanda İnşa edilmiş həmin tikilinin İddiaçı Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 "b" saylı yaşayış sahəsindən istifadə zamanı onun həyatı və sağlamlığı üçün təhlükə yaradıb- yaratmamasının müəyyən edilməsi tikintitexniki obyektlərinin tədqiqi" ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, bu suallar üzrə tədqiqat aparılmadı.

28. Göründüyü kimi, mühəndis texniki ekspertizanın rəyində İddiaçı məxsus yaşayış sahəsinin uzunluğu 13,2 m olan arxa hasarının tam hissələri ilə Cavabdeh tərəfindən inşa olunduğu iddia edilən tikilinin hissələri arasında 1,5 m məsafə olduğu, cavabdeh tərəfindən inşa olunduğu iddia edilən tikilinin İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhəd hasarına bir tərəfdən bitişik, bir tərəfdən isə 1,0 m məsafədə inşa edildiyi, İddiaçı məxsus yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin sərhəd hasarının üzərində uzunluğu 4,0 m., hündürlüyü 1,0 m olan əlavə hasar tikilisinin inşa edildiyi müəyyən edilmişdir. Digər üç suala, yəni iddiaçının mənzildən istifadəsinə tikinti-texniki təhlükəsizlik baxımından hansısa formada maneə yaradıb-yaratmaması, yaradırsa bu maneələrin nədən(konkret göstərilməklə) ibarət olması, mənzilə düşən günəş işığının qarşısını kəsib-kəsməməsi, mənzilindən istifadə zamanı onun həyatı və sağlamlığı üçün təhlükə yaradıb-yaratmaması barədə suallara tikinti-texniki ekspert mahiyyəti üzrə cavab verə bilməməklə faktiki olaraq xüsusi biliyə malik olmadığını yaxud bu cür biliyə kifayət qədər malik olmadığını nümayiş etdirdi.

29. Bununla yanaşı, ekspert rəyi ilə də iddiaçıya məxsus mənzilin uzunluğu 13,2 m olan arxa hasarının tam hissələri ilə cavabdehə məxsus tikilinin hissələri arasında 1,5 m məsafə olduğu, cavabdehə aid tikilinin iddiaçıya məxsus evin yerləşdiyi torpaq sahəsinin sərhəd hasarına bir tərəfdən bitişik, bir tərəfdən isə 1,0 m məsafədə inşa edildiyi müəyyən edildiyi üçün cavabdehin inşa etdiyi tikili Mülki Məcəllənin 180.4-cü maddəsinin tələbləri baxımından maraqlı şəxs olaraq iddiaçının bilavasitə hüquqlarını pozduğunu təsdiq etmir. Lakin bu da o demək deyil ki, cavabdehin inşa etdiyi tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikildiyi müəyyən edildiyi halda müvafiq icra hakimiyyəti orqanlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi mübahisəli tikilinin sökülməsi üçün məhkəməyə müraciət edə bilməzlər. Əksinə bu cür iddialarla məhkəməyə müraciət etmək hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada onların səlahiyyətinə verilmişdir. Ancaq, həm Agentlik, həm də digər səlahiyyətli orqanlar nədənsə hüququndan istifadə etmək üçün əsas olmadığı kimi mövqe nümayiş etdirərək hələlik bu cür iddia irəli sürməyiblər.

30. Bununla yanaşı, ekspert rəyində İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatavada yerləşən, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahəsi 43,6 kv.m olan 2 "b" saylı yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin sərhəd hasarının üzərində uzunluğu 4,0 m., hündürlüyü 1,0 m olan əlavə hasar tikilisinin inşa edildiyi müəyyən edilsə də apellyasiya baxışı zamanı tərəflərin izahatı ilə həmin tikilinin cavabdeh tərəfindən inşa olunmadığı, iddiaçıya aid tikili olduğu öz təsdiqini tapdı. Buna görə də həmin hal ilə bağlı əlavə hüquqi dəyərləndirmə aparılmasına hər hansı bir zərurət yoxdur.

31. Beləliklə, apellyasiya baxışı zamanı həqiqətin müəyyən edilməsi məqsədilə aparılan araşdırmalar nəticəsində iddianın əsaslı olmadığı, apellyasiya şikayətinin isə əsassız olduğu bir daha öz təsdiqini tapdı. Başqa sözlə, sökülməsi tələb edilən mübahisəli tikilinin iddiaçının mənzilindən istifadə etməsinə bilavasitə, o cümlədən tikinti-texniki təhlükəsizlik baxımından, eləcə də onun həyatı və sağlamlığı üçün hər hansı maneə və heç bir təhlükə yaratmadığından hazırki iddia ilə də məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da yaranmamışdır. Yəni, sökülməsini tələb etdiyi tikilinin iddiaçıya hansısa formada zərər vurduğu da sübuta yetirilmir. Bu hallar da cavabdehin gətirdiyi arqumentlərin daha da ciddi olduğunu təsdiq etmiş olur. Belə ki, apellyasiya baxışı zamanı cavabdeh iddiaçının sözügedən tikilinin inşa olunmasına görə pul istədiyini göstərmişdir. Demək ki, əslində iddiaçının həqiqi niyyəti hüquqdan sui-istifadə etmək olub ki, bu da hüquqla qadağan edilir.

32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE00000000000002088501 hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar