Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6236/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3338/2024 nömrəli 04 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC 24 iyun 2019-ci il tarixli MK/161-2019 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 3588 manat olan “Mondial Znu 125” markalı motosikli 299 manat ilkin ödəniş olmaqla, bu müqavilənin tərkib hissə olan ödəniş cədvəlinə əsasən (əlavə 1) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğinin ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır.
2. İşdə olan satıcı və alıcı tərəfindən təsdiq edilmiş nisyə alğı-satqı müqaviləsinin əlavədən (ödəniş cədvəlindən) müəyyən edilir ki, alıcı tərəfindən 11 ay müddətində 22 iyul 2019-22-22 may 2020-ci il tarixdədək aylıq 299 manatdan olmaqla alıcıya müqavilə üzrə pul ödənilməlidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli MK/161-2019 nömrəli müqaviləyə əsasən nisyə aldığı “Mondial Znu 125” markalı motosiklin dəyərindən ödənilməmiş qalan 2.092 manat əsas borc və hesablanmış 500 manat penya borcu, Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-ci illər üçün 501 manat olmaqla, cəmi 3093 manat borcun və ödənilmiş 51 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Cavabdeh arasında 24.06. 2019-cu il tarixli MK- 161/2019 saylı nisyə satış müqaviləsi bağlanmışdır və İddiaçı MMC-уэ məxsus Mondial ZNU 125 motosiklin alınması üçün 3289 manat dəyərində satılmışdır. Müqavilənin şərtləri cavabdeh pozulur və dəfələrlə İddiaçı MMC tərəfindən şifahi müraciət, xəbərdarlıq edilməsinə baxmayaraq pozulmaqda davam edilir, öhdəliklərinizin icrası təmin edilmir. 15 noyabr 2020-ci il tarixə olan hesablamalara əsasən sizin qrafik üzrə 2092 manat borc ödənilməmiş olaraq qalmaqdadır. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi, müqavilə müddəti ərzində ödənişin dəfələrlə gecikdirilməsi halı baş verdiyi nəzərə alınaraq, İddiaçı MMC-yə məxsus Mondial ZNU 125 tipli motosikl cavabdeh tərəfindən faktiki olaraq qanunsuz saxlanmaqdadır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3338/2024 nömrəli 04 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli MK/161-2019 nömrəli müqaviləyə əsasən nisyə aldığı “Mondial Znu 125” markalı motosiklin 3588 manat dəyərindən ödənilməmiş qalan 2.092 manat əsas borc və hesablanmış 50 manat cərimə, müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonrakı dövrə xx.xx.2024-cü il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 308 manat faiz borcu və ödənilmiş 51 manat dövlət rüsumu olmaqla, cəmi 2.501 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Məhkəmə iddia tələnini qismən təmin edərkən ona istinat etmişdir ki, Ekosoft” MMC xx.xx.2019-ci il tarixli MK/161-2019 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 3588 manat olan “Mondial Znu 125” markalı motosikli 299 manat ilkin ödəniş olmaqla, 24 ay müddətinə ayda 137 manat, sonuncu ay isə 138 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən edilir ki Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2.092 manat əsas borcu və hesablanmış 500 manat penya borcu olmaqla, cəmi 2.592 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış 500 manat cərimə azaldılaraq 50 manat müəyyən edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 445, 448, 467, 600-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3338/2024 nömrəli 04 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə vermişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh ilə İddiaçı MMC arasında MK/161-2019 saylı, xx.xx.2019-ci il tarixli müqavilə bağlanmış və müqavilə üzrə aylıq ödəniş məbləği 299 manat, ödəniş müddəti isə 11 ay müəyyən edilmişdir. Müqavilənin tərkib hissəsi sayılan, hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiqlənmiş müqavilənin 1 saylı əlavəsi ilə müqavilə üzrə ödənişin 11 ay, aylıq ödəniş məbləğinin isə 299 manat olması öz təsdiqini tapmışdır. Lakin iddiaçının müqavilənin 1 saylı əlavəsi kimi məhkəməyə təqdim etdiyi sənədi cavabdeh imzalamamışdır, həmin sənəd barədə məlumatı yoxdur. Sözügedən “sənəd” iddiaçı tərəfindən sonradan tərtib olunmuş və yalnız iddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə iddianı təmin edərkən, həmin sənədin cavabdehin imzalanmadığını, onun iradəsini əks etdirmədiyini nəzərə almamış, işin faktiki hallarına uyğun maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmiş, nəticədə hüquq normasının pozuntusuna yol vermişdir. İddiaçı MMC ilə bağlanmış müqavilə üzrə ödəniş müddəti 11 ay müəyyən edilmişdir, bu halda iddiaçı 3 illik iddia müddətini ötürmüş və bundan sonra məhkəməyə müraciət etmişdir. Bu mənada iddiaçının tələbinə münasibətdə iddia müddəti tətbiq olunmalıdır. İddiaçı iddia müddətinin tətbiq olunmasına dair ərizənin veriləcəyi ehtimalını nəzərə alaraq, yalnız özünün imzaladığı/möhürlədiyi müqaviləyə 1 saylı əlavəni məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehə iddia tələbinə dair etirazının olub-olmaması barədə rəsmi bildirişi ona təqdim etməmiş və iddia tələbinə dair münasibəti öyrənmədən iddianın qismən təmin olunması barədə qətnamə qəbul etmişdir. Bununla da məhkəmə bir daha prosessual hüquq normasının pozuntusuna yol vermişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olaraq apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır; 369.3-cü maddəsinə əsasən aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Aylarla hesablanan müddətin qurtarması müvafiq günü olmayan aya düşdükdə müddət həmin ayın sonuncu günü qurtarır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
12 . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Cavabdeh tərəfindən qətnamə tamamilə mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.
17. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında 24 iyun 2019-ci il tarixli MK/161-2019 nömrəli hissə-hissə ödənilməsi şərti ilə alqı-satqı müqaviləsi bağlanılmış və hər iki tərəf həmin müqaviləni imzaları ilə təsdiq etmişdir. İddiaçı həmin müqavilə üzrə öhdəliklərin Cavabdeh tərəfindən yerinə yetirilməməsini əsas gətirməklə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin hazırki iddia ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən cavabdehə iddiaya etirazını bildirməsi üçün lazımi qaydada məlumat verilməmiş, bu baxımdan da cavabdeh iddiaya olan etirazını və bu barədə dəlillərini məhkəməyə təqdim etmək hüququndan məhrum edilmişdir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin məlumatlandırmanı lazımi qaydada etməməsini cavabdehi prosessual hüququların həyata keçirilməsindən məhrum etməsi kimi qəbul etməklə qətnamənin prosessual qanunvericiliyin tələblərini riayət edilməməsi halı kimi qəbul etməklə ləğv üçün əsas hesab edir.
18. Bununla yanaşı məhkəmə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
19. Buna görə də məhkəmə kollegiyası cavabdehin iddia müddətinin ötürülməsi və hazırki işə iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsi barədə apellyasiya şikayətinə əlavə etdiyi ərizəni nəzərə almağı zəruri hesab edir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
21. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
23. Məhkəmə kollegiyası vurğulayır ki, Cavabdeh qeyd edilən nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Lakin cavabdeh iddia müddətinin ötürüldüyünü bildirir və hazırki iddiaya iddia müddəti tətbiq edilməklə rədd edilməsini tələb edir. Bu da öz növbəsində bu ərizəyə də hüquqi qiymətin verilməsini və bu ərizənin əsaslı olubolmamasının araşdırılmasına zərurət yaradır.
24. Bu baxımdan nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK/161-2019 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin icra müddəti müqaviləyə əlavədə müəyyənləşdirilmiş və həmin müddət 22 may 2020-ci il tarixdə bitmişdir. Məhkəmə bu qənaətə gəlməsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsinə müqaviləyə 1 saylı əlavə adlandırılan, yalnız özü tərəfindən birtərəfli qaydada möhürlə təsdiqlənən və imzalanan sənəd əlavə etmişdir. Lakin kollegiya qeyd edir ki, həmin sənəd müqavilənin tərkib hissəsi kimi qəbul edilməməklə hazırki iş üzrə sübut qismində qəbul edilə bilməz. Belə ki, müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlini özündə əks etdirən sənəd müqavilə tərəflərinin razılaşdırdığı və hər iki tərəfin iradə ifadəsini özündə əks etdirən sənəd olmalıdır. Lakin iddia ərizəsinə əlavə edilən sənədi birtərəfli qaydada, yalnız mənafeyinin müdafiəsi üçün iddia verən tərəfin özü təsdiq etmişdir. Halbuki, apellyasiya şikayətinə əlavə edilmiş iş üzrə tərəflərin hər ikisinin iradələrinə uyğun təsdiq etməklə imzaladıqları nisyə alğı-satqı müqaviləsinə bir saylı əlavədən müəyyən edildiyi kimi, öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət 11 ay müəyyən edilməklə icra müddətinin sonu xx.xx.2020-ci il kimi müəyyənləşdirilmişdir.
25. Məhkəmə kollegiyasıda qeyd edilənlərə əsasən məhz apellyasiya şikayətinə əlavəni qəbul etməklə idda müddətinin axımına məhz həmin müqaviləyə əlavədə müəyyən edilən icra müddəti baxımından qiymət verilməsi qanuni hesab edir. Bu baxımdan hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilə üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş (hazırki iddia ərizəsinin verilməsi üçün son müddət xx.xx.2023-cü il olmuşdur) və hazırki iddia ilə xx.xx.2024-cü il tarixdə müraciət edən vaxt artıq iddia müddətini ötürmüşdür.
26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsası olmaqla təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin edilməməlidir.
27. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3338/2024 nömrəli 04 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.