Məhkəmə qərarları › İş №2(103)-6240/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6240/2020

23.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6240/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1039/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1949 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbi sonradan dəqiqləşdirilmişdir). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1039/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qeyri-qanuni və əsassız qətnamə qəbul etmişdir, bu səbəbdən iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıapellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Sübuların tədqiqi: Bakı şəhəri, 7 mkr, 1-ci küçə, məhəllə 3126, 20 saylı ev iddiaçının istifadə və sahibliyindədir. “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən həmin evdə olan elektrik sayğacına baxış keçirilmiş və nəticədə sayğac alt qapaq möhürünün şübhəli olması əsası ilə çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Bununla bağlı iddiaçı tərəfindən qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi və nəticədə ziyanın vurulması əsası ilə akt tərtib edilmiş və 17718 kvts həcmdə elektrik enerjisinin dəyərini təşkil edən 1.949 manat məbləğində pulun ondan tutulması barədə qərar qəbul edilmişdir. Lakin iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda ondan 1954 manat məbləğində pulun tutulması tələb edilmişdir. Hüquqi dəyərləndirmə. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir; 1.3-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi elektrik enerjisinin alğı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır; 7.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır; 7.4-cü bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Enerji təchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisəsinin və “Dövlət Enerjinəzarət” İdarəsinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Enerji təchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə dövlət elektroenergetika müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.4-cü bəndinə görə Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “xxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1039/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar