Məhkəmə qərarları › İş №2(103)-6243/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6243/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6243/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı qiymətləndirmənin nəticələrinə dair arayışın ləğvi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(001)-3366/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti ev 95/2-də yerləşən 4 saylı mənzilin qiymətləndirilməsinə dair Cavabdeh MMC tərəfindən tərtib edilmiş 30 iyul 2019-cu il tarixli 40№-li arayışın ləğv ediləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(001)- 3366/2020 saylı qərardadı ilə tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və işə yenidən baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, son zamanlar Covid-19 pandemiyası ilə əlaqədar məhkəmələrin təxirə salınması və mülki işin yeri və vaxtı barədə məlumatının olmaması səbəbindən məhkəmədə iştirak edə bilməmişdir. Məhkəmə qeyd olunan halları nəzərə almadan əsassız olaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(001)- 3366/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(001)- 3366/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. İş materiallarından görünür ki, məhkəmə, iddiaçı və cavabdehin ünvanına məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada bildiriş göndərməklə yanaşı, İddiaçı nümayəndəsi Telman İbrahimova məxsus 050 214 81 42 saylı telefon nömrəsinə məhkəmə iclasının yeri və vaxtı barədə SMS xəbərdarlıq göndərmiş və bu SMS xəbərdarlıq ona çatdırılmışdır. Bundan başqa iddiaçı məhkəmədə etibarnamə üzrə nümayəndəsi, vəkil X1 tərəfindən təmsil edilsə də, nə İddiaçı, nə də onun etibarnamə üzrə nümayəndəsi 01.10.2020-ci il tarixində saat 11:30-a, 16.10.2020-ci il tarixində saat 16:45-ə, 10.11.2020ci il tarixində saat 12:00-a və 01.12.2020-ci il tarixində saat 14:50-ə təyin olunmuş məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməsinin mümkünsüzlüyü barədə məlumat verməmişlər. Halbuki karantin dövründə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən poçt, rabitə xidmətləri fəaliyyət göstərmiş və məhkəmənin dəftərxanası elektron və poçt rabitəsi vasitəsilə sənədlərin qəbulunu aparmışdır. Eyni zamanda iddiaçı tərəfin məhkəmə iclaslarında iştirak etmədiyi yuxarıda qeyd edilən tarixlərdə sərtləşdirilmiş karantin dövrü olmamış və məhkəmələrdə bütün kateqoriya işlərə baxılması davam etdirilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 259-260, 263-264, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(001)- 3366/2020 saylı qərardadından İddiaçı şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar