Məhkəmə qərarları › İş №2(103)-6244/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6244/2021

08.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6244/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkil X2 iştirakı ilə İddiaçı X1in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 6 saylı Notariat Kontoruna qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı X1 və onun vəkilinümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-828/2021 saylı 06.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 6 saylı Notariat Kontoruna qarşı «borc müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M-787 nömrə ilə qeyd edilmiş 05.06.2015-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X10 arasında 05.06.2015-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X10 iddiaçıya 40000 ABŞ dolları məbləğində pulun 05.06.2016-cı il tarixədək verilməsi qeyd olunmuşdur. X10 09.10.2018-ci il tarixdə ürəyin hipertoniya xəstəliyindən vəfat etmişdir. Bakı şəhəri 54 saylı Notariat Kontorunda qanun üzrə vərəsəlik hüququ haqqmda şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X6 vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. Bakı şəhəri 06 saylı notariat kontorunda 3M-787 nömrə ilə qeydə alınmış bu müqavilə uydurma əqddir. Belə ki, 05.06.2015-ci il tarixdə iddiaçının həyat yoldaşı X3 mərhum X6 keçmiş arvadı X7 ilə alqı-satqı müqaviləsi bağlayaraq ondan ünvan ünvanında yerləşən ümumi sahəsi 0,0578 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə 30000 manata almışdır. Həmin vaxt eyni zamanda notariat orqanında 3 əməliyyat həyata keçirilmişdir. Torpaq sahəsi satıldıqdan sonra yəni Aleksandrın arvadı Raufun arvadından torpaq sahəsini aldıqdan sonra mərhum X11 Dorofeyevə 40000 ABŞ dollarını borc verməsi barədə müqavilə imzalatdırmışdır. Bakı şəhəri 06 saylı notariat kontorunda bağlanmış bu müqavilə qanuna və “Notariat fəaliyyəti haqqında” qanuna zidd bağlanmışdır. Pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan ərazisində manatdan başqa vahidlərinin ödənış vasitəsi kimi işlədilməsi qadağandır. Belə olduğu təqdirdə pul daşınar əşyadır və onunla bağlı müqavilə bağlanarkən X8 Dorofeyevə pul verməsi ilə bağlı notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməli idi. Lakin ortada pul olmamış və belə bir əməliyyat həyata keçirilməmişdir. Pulun verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Borc müqaviləsi yazılsa da, müqavilədə pulun alınması barədə qeyd aparılmamışdır. Qeyd olunduğu kimi pul notariatın bank depozitinə qoyulmamışdır. Borc müqaviləsi qanuna müvafiq surətdə bağlanmadığından kredit müqaviləsi ləğv olunmalıdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı və onun səlahiyyətli nümayəndəi-vəkili Nəsimi rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması kollegiyadan xahiş edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməməsini və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 6 saylı Notariat Kontorun səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib,şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 3M-787 nömrə ilə qeydə alınmış 05.06.2015-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, X10 05.06.2016-cı il tarixədək qaytarmaq şərti ilə iddiaçıya 40000 ABŞ dolları məbləğində pulu borc vermiş, iddiaçı isə 40000 ABŞ dolları məbləğində pulu 05.06.2016-cı il tarixədək qaytarmaq şərti ilə X5 almışdır. İş materiallarında olan AZ-İ seriyalı 945558 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 09.10.2018-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Bakı şəhəri 54 saylı Notariat Ofisinin 31 may 2019-cu il tarixli məktubunun surətindən görünür ki, X6 vərəsələri qızı Cavabdeh2 və oğlu Cavabdeh1dur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X10 ilə iddiaçı arasında Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M-787 nömrə ilə qeydə alınmış 05.06.2015-ci il tarixli borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən X10 05.06.2016-cı il tarixədək qaytarmaq şərti ilə iddiaçıya 40000 ABŞ dolları məbləğində pulu borc vermiş, iddiaçı isə 40000 ABŞ dolları məbləğində pulu 05.06.2016- cı il tarixədək qaytarmaq şərti ilə X5 almışdır. X10 09.10.2018-ci il tarixdə ölmüşdür. Cavabdeh2 və oğlu Cavabdeh1, X6 vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə 05.06.2015ci il tarixdə bağlanmış, lakin həmin tarixdən təqribən 5 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə müraciət etdiyindən iddia haqlı olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası həmçinin hazırkı iddianın əsaslığı ilə bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi borc müqaviləsinin bağlanmasına səbəb kimi pulun ona verilməməsini qeyd edir ki, bu halın özü də iddiaçı tərəfindən sübuta yetirilə bilmir, əksinə olaraq işə əlavə edidllmiş Qaradağ Rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli 2(002)- 1627/2019 saylı qətnaməsi ilə Dorofeyevin qarşılıqlı iddiası olan borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin olunmamışdır. Qeyd olunan qətnamənin təsviri hissəsində Dorofeyevin nümayəndəsi və vəkilinin izahatında da görünür ki, müqavilə borc münasibətləri olmuş və iradə ifadəsi öz əksinin taparaq bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı X1 və onun vəkili-nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar