Məhkəmə qərarları › İş №2(103)-6247/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6247/2024

02.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6247/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş (Açar sözlər: «əsassız hesablanmış borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-124/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. 26 aprel 2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac əvəzlənən zaman çilingərin əlindən yerə düşmüş və zədələnmişdir.

2. 30 iyun 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Cavabdeh 29/1710-01884-1 nömrəli rəyinə əsasən 1602Az**********12 sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır. Deformasiya nəticəsində giriş yivli birləşmə gövdədən aralanıb. Element dövriyyəyə qoşan naqil kəsilib, sayğac mənfiyə işləyib.

3. Abonentin saldosuna əsasən verilən qaz xətti üzrə **********00540 sayla qeydiyyata alınmış abonent koduna 2022-ci il üzrə 1306,80 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona ( abonent kodu: **********00990) əsassız hesablanmış 4147,2 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərir ki, ünvan 1 ünvanında yaşayır. Müqaviləyə əsasən mərhum atasına məxsus sözügedən ünvanda yerləşən yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixlərində əsassız və qanunsuz olaraq təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi ilə bağlı akt tərtib olunmuşdur. Ona hər iki akta görə ümumilikdə 4147,20 manat borc yazılmışdır. Sözügedən aktlarla bağlı cavabdehin rayon üzrə qurumuna müraciət etdikdən sonra “sayğaca qanunsuz müdaxilə etdiyinə görə” cərimə yazıldığı bildirilmişdir. Cavabdehin rayon üzrə qurumu heç bir əsas olmadan xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixlərində onların məlumatı olmadan guya ünvanında olmuş və sayğaca kənar müdaxilə etdiyini aşkar etmiş və bununla bağlı müvafiq olaraq ******* və ******* nömrəli aktlar tərtib etmişdir. Aktlar onun iştirakı olmadan tərtib edildiyindən mötəbər deyildir. Həmin akta əsasən onun ümumilikdə 34560 kub.metr təbii qazdan qanunsuz istifadə edilməsi və atasının həmin aktları imza etməkdən imtina etməsi qeyd edilmişdir. Aktlarda göstərilənlər heç bir həqiqəti əks etdirmir. Həmin aktlar ünvanında yazılmamışdır. Belə ki, atası Xəlil Rzayev 2013-cü il tarixdə vəfat etmişdir. Ünvanda ümumiyyətlə heç bir qanunsuz qoşulma olmamışdır və cavabdehin ona təqdim etdiyi şəkil isə onun ünvanına aid deyildir. Eyni zamanda itirilmiş qazla bağlı aparılmış hesabat 24 saat 360 gün qəbul edilməklə hesablanmışdır və bu isə əsassızdır. O, könüllü olaraq birinci Qarabağ müharibəsi iştirakçısıdır və müharibə zamanı qəlbə yarası almış, bu günə kimi həmin qəlpə bədənindədir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-124/2024 saylı, 18 sentyabr 2024cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbinin təmin edilərək Cavabdeh tərəfindən Xəzər rayon, Binə qəsəbəsi, Vaqif küçəsi, ev 99 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00990) dair İddiaçı hesablanmış 4147,2 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat məbləğində borcun silinməsi; 61,47 (altmış bir manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 30 iyun 2022-ci il tarixli, ******* nömrəli nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan 8640 kub metr müəyyən edilmişdir. Həmçinin abonent koduna 2022-ci il üzrə 1306,80 manat borc hesablanmışdır. Hazırda iddiaçı bildirir ki, qaz sayğacına tərəfindən hər hansı bir müdaxilə edilməmiş və həmin borc əsassız olaraq hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən, qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış borc iddiaçıdan tələb edilmişdir. Mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3 cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 26 aprel 2022-ci il tarixli, ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən müəyyən edilmişdir ki, sayğac əvəzlənən zaman çilingərin əlindən yerə düşmüş və zədələnmişdir. Göründüyü kimi aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçının sayğacı kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş akt və həmin aktın tərtib edilməsinə əsas iddiaçı tərəfindən sayğacın istifadəyə yararsız hala gəlməsinin göstərilməsini nəzərə alaraq məhkəmə eyni zamanda hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müəyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş edib şikayətində göstərir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayədəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

14. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

23. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh şikayətində iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərsə də, buna dair iş materialında hər hansı bir mötəbər sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.

24. Akt cavabdehin əməkdaşları tərəfindən tərtib olunub, onda hansısa məbləğin göstərilməsi hələ onun həqiqi olması demək deyildir. İşdə hansısa fotoşəkil yaxud qanunsuz qoşulmanı təsdiq edən aktlar da mövcud deyildir. Əksinə ekspertiza rəyi ilə də qaz sayğacından kənar qazdan istifadə edilməsi təkzib olunur. Ona görə də cavabdeh məhkəmənin konkret hansı sübutu nəzərə almalı olduğunu göstərməli və həmin sübutu təqdim etməli idi. Göründüyü kimi, cavabdehin bu dəlillərdən istifadə etməsi başadüşülən olmamışdır.

25. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək də mümkünsüzdür. Buna görə də iddiaçının qeyd olunan məbləğdə cavabdehə zərər vurması da inandırıcı və ağlabatan görünmür. Cavabdeh iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-124/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-124/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar