Məhkəmə qərarları › İş №2(103)-625/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-625/2023

02.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-625/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Gürbüz Korayın Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, aldatma, yalan əqd, subyektiv hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı Gürbüz Korayın, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə Gürbüz Korayın Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2022ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.7 kv.m, yaşayış sahəsi 71 kv.m, yardımçı sahəsi 74.7 kv.m olan 3 otaqlı mənzil X7 məxsus olmuş, Ramin Rüstəmovla Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən həmin mənzil 200 000 (iki yüz min) manata Cavabdeh satılmış, xx.xx.2019-cu il tarixdə mənzil sonuncunun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

2. X6 həyat yoldaşı Aytən Məhərrəmli xx.xx.2019-cu il tarixdə imzaladığı notarial təsdiqli ərizədə sözügedən əmlakın satılmasına etiraz etmədiyini bildirmiş, eyni tarixdə 200 000 manat vəsait Cavabdeh tərəfindən notariusun "xxxx" ASC-nin Azadlıq filialındakı hesabına köçürülmüş, notariusun həmin banka ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda 4808,10 manat vergi borcu çıxıldıqdan sonra qalan 195 191,90 manatın Ramin Rüstəmova verilməsi xahiş olunmuş, xx.xx.2019-cu il tarixdə müvafiq bank əməliyyatı həyata keçirilmişdir.

3. X19 Respublikasının vətəndaşıdır və Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş MYİ seriyalı 0****** saylı icazə vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq hüququna sahib olmaqla, ünvan 2 ünvanında qeydiyyatdadır.

4. Azərbaycan Respublikasının vətəndaşı olan Cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisidir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində verdiyi etibarnamə ilə, xx.xx.2019-cu il tarixli çıxarış əsasında ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə dair forma 1 almaqla üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilələri imzalamağı, lazım olduqda müqaviləni ləğv etməyi və DƏDRX-nin müvafiq ərazi idarəsində, “ASAN Xidmət” Mərkəzlərində, “ASAN Kommunal”da, notariat ofislərində, banklarda, Vergi İdarələrində, MKİS-də, o cümlədən digər idarə və təşkilatlarda nümayəndəsi olmağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 5 il müddətinə Koray Gürbüzə etibar etmiş, xx.xx.2021-ci il tarixdə həmin etibarnaməni ləğv etdirmişdir.

6. Cavabdeh tərəfindən əvvəllər də Koray Gürbüzə və sonuncunun həyat yoldaşı İmrən Gürbüzə “X20 4” minik markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini ehtiva edən etibarnamələr verilmişdir.

7. Nəsimi RPİ-nin İŞ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə Koray Gürbüzün şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

8. X12 həmin araşdırma zamanı verdiyi izahatda göstərmişdir ki, “təxminən 10 ildir ki, türk vətəndaşı olan İddiaçı adlı şəxsi tanıyıram. Korayla aramızda uzun müddət mebel alqı-satqısı işləri görmüşük. 2019-cu ildə Korayın mənim üçün gördüyü müəyyən işlərin qarşılığında ona külli miqdarda pul verməli idim. Verəcəyim pulun qarşılığında İddiaçı ona ev verməyimi təklif etdi. 19 oktyabr 2019-cu il tarixdə etibarnamə əsasında mənim adımdan çıxış edən mühasibim Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 108 mənzil 103 saylı evi alqı-satqı edib müəyyən məbləğdə pul almaqla evi Korayın razılığı ilə onun etibar etdiyi Cavabdeh adlı qadının adına keçirmişdir. Belə ki, həmin ev barəsində razılaşma mənimlə Korayın arasında olmuşdur. Tereza sadəcə Korayın etibar etdiyi şəxsdir. Bu işlərlə bağlı hər hansı digər şəxslərlə, eyni zamanda Korayın atası Şinasi Gürbüzlə hər hansı razılığım olmamışdır. Həmin mənzilin Koraya məxsus olmalı olduğunu bilirəm”.

9. Cavabdeh həmin araşdırma zamanı verdiyi izahatda göstərmişdir ki, “2003cü ildən bu günədək Şinasi Gurbuz adlı şəxsə məxsus müxtəlif şirkətlərdə, son illərdə İsə "xxxx" MMC-də işləmişəm. Hazırda həmin şirkətdə icraçı direktor vəzifəsində çalışıram. 2009-cu ildə X8 Gurbuz Türkiyədən atasının yanına gəlmişdir və uzun müddət bizimlə birlikdə atasının yanında işləmişdir. Şirkətin işi mebel istehsalı və restovrasiyadan ibarətdir. İşlədiyimiz müddətdə X12 adlı şəxsi sifarişçi və müştəri kimi tanımışam. Raminlə yaranmış münasibət zamanı mənə mənzilinin olduğunu dedi və 19 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 108-də 103 saylı mənzili Ramindən 200 000 manat qarşılığında aldım. Koray Gürbüzə həmin ərəfədə etibarnamə vermişdim ki, mənzili satsın. Lakin sonradan həmin etibarnaməni ləğv etmişəm ki, mənzili özüm satım. Belə ki, həmin şəxsin bildirdikləri şər və böhtandır”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. Gürbüz Koray Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 saylı evin 103 saylı mənzilinə dair X3 və X12 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycana 2009-cu ildə gəlmiş, atası X16 ilə "xxxx" MMC-ni yaratmış, orada çalışmış, şirkətin direktoru kimi isə atasının tanışı X1 təyin etmişlər. Sonradan ailəsi Cavabdeh ilə yaxınlaşmış, ona bir işçi kimi deyil, ailənin fərdi olaraq münasibət bəsləmişlər. Azərbaycanda işlədiyi vaxt tanışı X12 ona dizayn işində köməklik göstərməsini xahiş etmiş, o da imtina etməmişdir. X12 göstərdiyi bu hörmətin qarşılığında ona mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 108 saylı evin 103 saylı mənzilini təklif etmiş, uzun isrardan sonra Raminlə razılaşaraq mənzilin verilməsini alqı-satqı yolu ilə sənədləşdirmək qərarına gəlmişlər. İşləri ilə bağlı tez-tez Türkiyəyə gedib-gəldiyi və Raminin ona verdiyi mənzili onsuz da gələcəkdə satmaq fikrində olduğu üçün alqı-satqı müqaviləsinə imza etməyi həmin vaxt onların bütün sənədləşdirməsini aparan Cavabdeh xahiş etmiş, o da, bununla razılaşmışdır. Əvvəlcədən razılaşdıqları kimi, o, Tereza və Ramin 11 oktyabr 2019-cu il tarixdə 51 saylı notariat kontorunda olmuşlar. X12 və Cavabdeh əvvəllər tanış olmamış, bir-birilərini ilk dəfə elə həmin notariat kontorunda görmüş, onları o tanış etmişdir. Alqısatqı müqaviləsi formal bağlandığına görə mənzilin dəyərini təxmini 200 000 manat göstərmiş, notariusun depozit hesabına qoyulacaq pulu Ramin özü ilə gətirmişdir. Sənədləşdirmə zamanı da mənzilin dəyəri kimi göstərilmiş 200 000 manatı və həmin məbləğə hesablanmış 4808,1 manat vergi məbləğini X12 özü ödəmişdir. Bütün bu faktları, yəni mənzilə dair müqaviləni Terezanın formal olaraq imzalamasını, Terezanı əvvəllər tanımadığını, onunla mənzilin alqı-satqısı ilə bağlı hər hansı danışıqlarının olmadığını və iş üçün digər önəmli halları X12 özü təsdiq edə bilər. Bundan başqa, Terezanın onun adına verdiyi baş etibarnamə də mövcud olmuşdur. Heç bir haldan şübhələnmədən mənzili satışa qoymuş və nə vaxt satılacağını və pulunu əldə edəcəyi günü gözləmişdir. Cavabdeh onun adına xx.xx.2021-ci il tarixdə əmlaka sərəncam verilməsi barədə etibarnamə vermiş, nəhayət o da evə alıcı tapmış, onunla notariusa getmişdir. Mənzili satmaq istədiyində notariusdan ona verilən etibarnamənin Tereza tərəfindən ləğv edildiyini öyrənmişdir. Cavabdehlə telefon əlaqəsi saxlamış, səbəbini öyrənmiş, cavabdeh ona əsəbləşdiyini və belə lazım olduğunu bildirmişdir. O və ailəsi Terezaya çox inanmış, ona maddi və mənəvi dəstək göstərmişlər, buna baxmayaraq Tereza onların etibarından suiistifadə edərək alın təri ilə qazandığı pulu ələ keçirmiş, ona məxsus olan evi öz adına rəsmiləşdirmişdir. Bundan başqa, yoldaşı İmren Gürbüzə, özünə aldıqları maşınları cavabdehin adına rəsmiləşdirmiş, cavabdeh ona və yoldaşına avtomobilləri idarə etmək üçün etibarnamələr vermişdir. Həmin etibarnamələr əsasında əmlakları satıb, pulunu almışlar. Cavabdeh ona qarşı etdiyi dələduzluqla bağlı Nəsimi rayon polis İdarəsinə şikayət ərizəsi ünvanlamış, Tereza və Ramin Nəsimi rayon polis bölməsinə çağırılmış, Tereza polis İdarəsində bildirmişdir ki, “Delos" MMC-də direktor olaraq çalışır, guya Ramin Rüstəmovu şirkətdə müştəri və sifarişçi olaraq tanımışdır. Raminlə guya yaranmış münasibət zamanı Ramin mənzilinin olduğunu deyib və 19 oktyabr 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 108-de 103 saylı mənzili Ramindən 200 000 manata almış, Koraya isə mənzili satmaq üçün etibarnamə vermişdir”. Halbuki, bunların hamısının yalan olduğu Raminin izahatında təsdiqini tapmışdır. Belə ki, polis bölməsində mənzili satan Ramin Cavabdeh, Şinasi adlı birini və "xxxx" adlı şirkəti tanımadığı, Koraya pul borclu olduğu üçün öz mülkiyyətində olan mənzili pulun əvəzi olaraq Koraya verdiyini bildirmişdir. Cavabdeh, faktiki ona aid Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 108 saylı evin 103 saylı mənzilini onun etibarından suiistifadə edərək, aldadaraq ələ keçirmişdir. Əgər ev Terezanın olsaydı nə üçün mənzilin bütün kommunal ödənişlərini hər ay özü ödəyir?. Binanın qapıçısı belə cavabdehi tanımır. Çünki mənzilə aid bütün sığorta, kommunal ödənişlər tərəfindən ödənilmişdir, hələ də ödənilməkdədir. Mənzil Terezanın olsaydı nə üçün alqı-satqı müqaviləsinin əsli ondadır? Tereza mənzilin qapısını belə tanımır. İnternet saytlarında mənzili satmak üçün özü elan yerləşdirmiş, ev alqı-satqısı ilə məşğul olan adamlarla danışmışdır. Beləliklə Cavabdeh qanunla ona aid olan mənzili qanunsuz olaraq əldə etmiş, razılaşmanı pozmuş, ona heç bir aidiyyəti olmayan, dəyəri onun tərəfindən ödənilməyən əmlakı mənimsəmişdir.

12. Cavabdehin nümayəndələri (vəkilləri) iddiaya etiraz edərək bildirmişlər ki, 51 saylı notariat ofisində bağlanılan xx.xx.2019-cu il tarixli 4-Ə-1042 reyestr nömrəli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq hər iki tərəfin iradə ifadəsi əsasında bağlanılmış, X2 qismində, Cavabdeh isə alıcı qismində iştirak etmişdir. Müqavilənin 4-cü bəndinə əsasən evin qiyməti 200 000 manat razılaşdırılmış, həmin məbləğ 09 oktyabr 2019-cu ildə X4 tərəfindən X7 verilməsi üçün 51 saylı notariat ofisinin "xxxx"ın Azadlıq filialındakı depozit hesabına ödənilmiş, 4808,10 manat vergi öhdəliyi satış dəyərindən çıxılaraq depozit hesabında qalan 195 191,90 (bir yüz doxsan beş min bir yüz doxsan bir) manat X7 verilmişdir. Hal-hazırda da mənzil cavabdehin mülkiyyətində, sahibliyində və istifadəsindədir. Nəsimi rayon Polis şöbəsinə aparılan araşdırma ilə bağlı izahatı alınmış X6 bildirdikləri tamamilə yalan olmaqla Koray Gürbüzlə əvvəlcədən planlaşdırılmış izahatdır. Koray Gürbüz iddia ərizəsində bildirmişdir ki, Ramin özü ilə notariusa 200 000 manat gətirmişdir. Əgər Raminin 200 000 manatı olsaydı Koray Gürbüzə olmayan borcunu elə özü ödəyərdi. Eyni zamanda Ramin Rüstəmov izahatında da mənzilini 200 000 manata Cavabdeh adına alqı-satqı etdiyini etiraf etmişdir. İzahatında göstərmisdir ki, guya notariusda mühasibi onun əvəzində alqı-satqı əməliyyatlarını aparıb, lakin alqı-satqı sənədlərində özü iştirak etdiyini də unutmuşdur. Bütün sənədləri özü imza etmiş və mənzilin pulu da onun adına bank hesabı vasitəsilə Cavabdeh tərəfindən ödənilmişdir. X22 notariusa 200 000 manat pulla gəlsəydi izahatında qeyd edərdi, əgər 200 000 manat borcu var idisə həmin pulu Koraya olan borcuna vermiş olardı. Bundan əlavə Koray Gürbüz bildirmişdir ki, o tez-tez ölkə xaricində olduğundan evi Cavabdeh adına almışdır. Halbuki, Koray həmin vaxt notariusda olduğunu göstərmişdir. Cavabdeh tərəfindən Koray Gürbuzə etibarnamə 2021-ci ildə verilmişdir, həmin etibarnaməyə əsasən X23 Musayevaya aid evi iş görülməsi üçün girov qoymaqla bankdan pul götürməli idi. Cavabdeh xəbər tutanda ki, onun mənzilini satmaq istəyir, etibarnaməni ləğv etdirmişdir. Əgər ev Koray Gürbüzə aid olsaydı, 2019-cu ildə alınmış evə dair etibarnamə 2021-ci ildə verilməzdi. Bu da öz növbəsində bir daha sübut edir ki, Koray Gürbüzün iddiası əsassızdır.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd olunması qət edilmişdir.

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi bağlandığı zaman iddiaçı özü də notariat ofisində olmuş, X6 ona olduğunu iddia etdiyi borcun müqabilində mənzilin Gürbüz Korayın adına rəsmiləşdirilməsinə mane olan hallar olmamış, alqı-satqı müqaviləsinə tərəflər imza etmiş, müvafiq əqdlərə (əməliyyatlara) dair hüquqi proseslər barəsində onların hər üçünün iradə ifadələri (iradə azadlığı) olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət etmişlər. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı məhz alqı-satqı müqaviləsinin özünün adına bağlanmasına mane olan halları göstərə bilməmiş, müqavilənin Cavabdeh adına bağlanmasına vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qalmamışdır.

15. Məhkəmə, X6 Nəsimi RPİ-nin İŞ-də verdiyi ifadəyə münasibətdə qeyd etmişdir ki, onun mübahisəli əmlakın Gürbüz Koraya məxsus olmasını bildirməsi iddianın təmin olunması üçün əsas yaratmır. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təqdim etdiyi video görüntülər, “whatsapp” sosial şəbəkəsində olan yazışmalar da iddianın təmin olunması üçün mötəbər sübut kimi qəbul edilə bilməz.

16. Məhkəmə həmçinin vurğulamışdır ki, mənzilin mülkiyyətçisi olaraq Cavabdeh xx.xx.2021-ci il tarixli etibarnamə əsasında Gürbüz Koraya etibarnamə verməsi, iddiaçının Cavabdeh mülkiyyətçi kimi tanımaqla əqdi bəyənməsi deməkdir.

17. Qeyd olunanlarla yanaşı məhkəmə qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsini mübahisələndirmək üçün müəyyənləşdirilmiş müddəti də ötürmüşdür.

18. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 337ci, 339-cu, 354-cü, 567-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarlarına istinad etmişdir.

19. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

20. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etiraz həmin nümayəndənin birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun əsaslandırılmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar

21. Koray Gürbüzün məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatlarında həmçinin göstərmişdir ki, 2021ci ilin dekabr ayının 31-də mübahisəsi gedən mənzilə baxmaq üçün Milana adlı makler Koray Gürbüzlə telefon əlaqəsi saxlamış, Koray Gürbüz, tanışı Mübariz, makler Milana və mənzili almaq istəyən şəxs - Nərmin Bektaşi mənzilin yerləşdiyi ünvanda görüşmüş, birlikdə mənzilə baxmaq üçün mənzilin yerləşdiyi mərtəbəyə qalxmışlar. Mənzili Koray özündə olan açarla açmış, Nərmin Bektaşi mənzili bəyənmiş, mənzili almaq istəyini Koray Gürbüzə və maklerə bildirmişdir. Bundan sonra onlar beh müqaviləsini bağlamaq üçün maklerin Hüseyn Cavid prospektində yerləşən alqı-satqı ofisinə getmişlər. Ofisdə beh müqaviləsini imzalamış, X21 Gürbüzə beh olaraq 1500 manat vermişdir. Bundan sonra Koray Gürbüz mənzilin açarlarını və binaya daxil olmaq üçün uzaqdan idarəedilən açarını Nərmin Bektaşiyə vermişdir. xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsini rəsmləşdirmək üçün Koray Gürbüz və Nərmin Bektaşi öz aralarında telefon əlaqəsi saxlamış, rəsmilləşdirməni aparmaq üçün Xətai metrosu yaxınlığında, Xocalı prospektində yerləşən notariusa yaxınlaşmışlar. Notariusda alqı-satqıya aid zəruri sənədlər hazırlanmış, Koray Gürbüz sığorta pulunu ödəmiş və mənzil sığortalanmışdır. Rəsmləşdirmə prosesində notariusun əməkdaşı sənədləri yoxlayan zaman mənzilin satılması üçün Cavabdeh tərəfindən Koray Gürbüzə verilmiş etibarnamənin ləğv edildiyini bildirmişdir. X23 Musayevaya telefon açmış, sonuncu, verdiyi etibarnaməni ləğv etdirdiyini təsdiq etmişdir. Mənzilin alqı-satqısı baş tutmamış, Koray Gürbüz beh kimi qəbul etdiyi pul vəsaitini Nərmin Bektaşiyə qaytarmışdır. Mənzilin açarları Nəmin Bektaşidə olduğu müddət ərzində artıq beh müqaviləsi bağlandığı üçün o, mənzilə özünün tanıdığı ustalar gətirərək mənzili yenidən təmir etdirəcəyi üçün mənzilin aboylarını, şpaklovkasını, girişdə olan dolabı sökdürmüşdür. Mənzilin əvvəlki təmirli və sonrakı sökülmüş təmirsiz vəziyyətini əks etdirən görüntülər iş materiallarına əlavə olunmuşdur. Təmirli vəziyyətdə olan şəkillər elanlarda yerləşən şəkillərdir, şökülmüş vəziyədə olan video görüntülər Koray Gürbüzün tərəfindən şəxsən öz telefonu ilə 08 iyun 2022-ci il tarixində çəkdiyi görüntülərdə öz əksini tapır. Göründüyü kimi Koray Gürbüz, mənzilə dair Cavabdeh ona verdiyi etibarnaməni ləğv etdirməsi barədə yalnız 2022-ci ilin yanvar ayının 15-də məlumatlı olmuşdur. Bu hal həm Nərmin Bektaşinin məhkəməyə təqdim etdiyi ərizə ilə, həm də işdə olan mənzilin sığorta olunması barədə şəhadətnamə ilə tam təsdiq edilir. Koray Gürbüz əslində ona məxsus olan, lakin formal olaraq Cavabdeh adına rəsmiləşdirilmiş mənzilə dair sonuncunun verdiyi etibarnamənin ləğv etdirilməsindən 2022-ci ilin yanvar ayının 15-dən əvvəl məlumat olsaydı, o 2022-ci ilin yanvar ayınadək mənzilə dair bütün kommunal haqları ödəməzdi. Cavabdeh tərəfindən kommunal ödənişlər ancaq xx.xx.2022-ci il tarixində saat 17:22-də Koray Gürbüzün atası Şınasi Gürbüz və Koray Gürbüzün mebel sexində usta kimi işləyən Hüseyn Bilgin adlı şəxslərlə qapını sındıraraq yeni açarlarla əvəz edildiyi zaman ödənilmişdir. Cavabdeh mənzili ilk dəfə həmin tarixdə - xx.xx.2022-ci il tarixində görmüşdür. İs materiallarına olan və elektron kabinetə yüklənmiş “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan da göründüyü kimi, Cavabdeh Koray Gürbüzə mənzilin satılması ücün verdiyi xx.xx.2021-ci il tarixli bas etibarnaməni 06 dekabr 2021-ci il tarixində səhər saat 10:24-də ləğv etdirmişdir. Cavabdeh öz elektron ünvanından Koray Gürbüzün elektron ünvanına göndərdiyi məktubda da yazır ki, “Sen de, eşin de Şinasiden korkdunuz. Siz korkak gittiniz, ama ben kaldım onunla bas-başa. Kişi benimle beraber notariata geldi, seher tezden. Ben bunu kendi basıma yapmadım. Sen anlamırsan ki, sen kacdıkdan sonra men tek basıma kaldım. O beni mecbur etdi, beraber seher tezden gettik yapdık. Sana karşı hep dürüst olmusam. O evi evvelceden öz üzerine alardın”. X17 Musayeva arasında olan elektron yazışmaların tarixlərinə də nəzər yetirildikdə müəyyən edilir ki, Koray Gürbüz mənzillə bağlı hüquqlarının pozulduğunu yalnız 2022-ci ilin yanvar ayında bilmişdir.

22. Məhkəmə iclasında iştirak edən Koray Gürbüz də nümayəndəsinin (vəkilinin) izahatı ilə bənzər məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

23. Cavabdeh məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatlarında göstərmişdir ki, təmsil etdiyi şəxs mübahisəsi gedən mənzili qanuni əsaslarla satın almışdır və iddiaçının müvafiq müqaviləni mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Cavabdeh mənzili aldığı tarixdən etibarən kommunal ödənişləri özü həyata keçirmişdir və bununla bağlı arayışlar, qəbzlər, Bələdiyyəyə əmlak vergisi barədə ödəniş sənədləri məhkəməyə təqdim olunmuşdur. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdan tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci va üçüncü elementleri birinci elementin mövcudluğu ila bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlerinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı, olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən və qanunvericiliyə zidd olmayan şərtlərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, şəxsiyyətə və məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Cavabdeh Ramin Rüstəmovla bağladığı müqavilənin etibarsızlığını şərtləndirən hallar isə mövcud deyildir.

24. İddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X12 işə baxılmasının vaxtı (yeri) barədə məlumatlandırılsa da məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir.

Tətbiq edilən hüquq

Azərbayca Respublikasının Konstitusiyası

25. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

30. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

32. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

33. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

34. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

35. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

36. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

37. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

38. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

49. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

51. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

52. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

53. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

54. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, işləri ilə bağlı tez-tez Türkiyəyə gedib-gəldiyi və Raminin ona verdiyi mənzili onsuz da gələcəkdə satmaq fikrində olduğu üçün alqı-satqı müqaviləsi Cavabdeh ilə rəsmiləşdirilmiş, lakin sonradan Tereza onun etibarından sui-istifadə edərək əmlakı ələ keçirmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbini əsaslandırarkən iddiaçı həm də, mübahisələndirdiyi müqavilənin əslində onunla bağlanmalı olduğunu, yəni əqdin yalan olduğunu vurğulamışdır.

55. Kollegiyanın qənaətinə görə iddiaçının irəli sürdüyü sözügedən faktiki hallar, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

56. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 27) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

57. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

58. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində (§ 28) əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

59. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.

60. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

61. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

62. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

63. İddiaçının bilavasitə özünün bildirdiklərinə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən müqavilə bağlanarkən müqavilə tərəflərinin aldatma yolu ilə hərəkət etmələri qənaətinə gəlmək mümkün deyildir; yuxarıda qeyd olunduğu kimi iddiaçı, müqavilənin onun özünün istəyi ilə Cavabdeh və Ramin Rüstəmov arasında rəsmiləşdirildiyini irəli sürmüşdür – bu isə o deməkdir ki, adı çəkilən müqavilə tərəflərinin biri-birilərinə qarşı aldadıcı hərəkətlər etmələrindən bəhs oluna bilməz. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iddia tələbini müqavilənin tərəfi olmayan şəxs irəli sürmüş, müqaviləni bağlamış Ramin Rüstəmov isə aldadılığına istinadla hər hansı tələblə çıxış etməmişdir.

64. Bu kontekstdə kollegiyanın qənaətinə görə, müvafiq müqavilənin aldatma yolu ilə bağlanması deyil, görünüş (uydurma əqd), yaxud başqa əqdi pərdələmək (yalan əqd) üçün bağlanıb-bağlanmadığı müzakirə oluna bilər.

65. Belə ki, hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir (§ 34, 35). Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.

66. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

67. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.

68. X5 Məhkəməsi həmçinin vurğulamışdır ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir”.

69. Şərh olunanları, xüsusilə müqavilə bağlanarkən iddiaçının özünün də notariat kontorunda olduğunu bildirdiyini və müqavilə tərəfi kimi iştirakına hər hansı maneənin olmadığını, müqavilə tərəflərinin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətlərinin müəyyən olunmadığını, müqavilənin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdirildiyini nəzərə almaqla kollegiya hesab edir ki, həmin müqaviləni subyekt tərkibinə görə yalan əqd hesab etmək də mümkün deyildir.

70. İddiaçının istinad etdiyi “WhatsApp” yazışmalarına münasibətdə kollegiya qeyd edir ki, həmin yazışmaların məzmunu iddianın təmin olunmasına əsas yaratmır. Sözügedən yazışmaların məzmunu məhkəmə iclaslarında verilən izahatlarla birlikdə təhlil edildiyində belə qənaətə gəlmək mümkün olur ki, Koray Gürbüzün öz atası – "xxxx" MMCnin digər təsisçisi Şinasi Gürbüzlə münasibətləri gərgin olmuş, mübahisəsi gedən mənzil MMC-nin gördüyü işlər (xidmətlər) müqabilində Şinasi Gürbüzün istəyi əsasında Cavabdeh adına rəsmiləşdirilmiş, Koray Gürbüzün yazışmalarda “baş şeytan” olaraq xarakterizə etdiyi atası ilə münasibətlərinin gərginləşməsi fonunda mənzilin onun tərəfindən etibarnamə əsasında satılmasının qarşısı etibarnamənin ləğv etdirilməsi yolu ilə alınmışdır.

71. Kollegiya hesab edir ki, əgər mənzil "xxxx" MMC-nin gördüyü işlər (xidmətlər) müqabilində Cavabdeh adına rəsmiləşdirilmişdirsə, bu hal müvafiq müqavilənin legitimliyinin (etibarlılığının) müzakirəsi üçün əsas yarada bilər; bununla belə həmin müzakirənin Koray Gürbüzün iddia tələbi əsasında deyil, MMC-nin müvafiq hala istinadən irəli sürdüyü (sürəcəyi) tələb əsasında aparılması mümkündür.

72. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Gürbüz Korayın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2666/2022 saylı iş üzrə 07 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. X14 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar