Məhkəmə qərarları › İş №2(125)-3082/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3082/2025

25.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3082/2025 25.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaka ½ mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaka ½ mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi cavabdehlər-Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə Göygöl Rayon Məhkəməsinə verilməli olduğu halda, Gəncə Şəhər Məhkəməsinə verilmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilən məlumatlardan müəyyən edilir ki, hazırki işdə cavabdeh olan Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu X2 da iş üzrə cavabdeh kimi göstərilsə də, onun nəyə görə cavabdeh olması iddia ərizəsindən müəyyən edilmir. Məhkəmə hesab edir ki, baxılan işdə Gəncə şəhəri 1 saylı Notariat ofisi üçüncü şəxs kimi işdə iştiraka cəlb oluna bilər ki, bu hal da iddianın Gəncə Şəhər Məhkəməsinə verilməsinə əsas vermir. Məhkəmə həmçinin hesab edir ki, iddia müstəsna aidiyyət qaydasında baxılmalı olan iddia da deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və ərazi aidiyyatı üzrə cavabdehin yaşayış yerinə görə Göygöl Rayon Məhkəməsinə müraciət etmək hüququnun olduğu iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaka ½ mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia ərizəsi ilə ərazi aidiyyatı üzrə cavabdehlər- Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə qeydiyyatda olduqları yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar