Məhkəmə qərarları › İş №2(103)-6252/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6252/2025

14.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6252/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavbdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilələrin ləğv edilərək onunla yeni müqavilələrin bağlanması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(003)-2741/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İB və "xxxx" ASC-yə qarşı “müqavilələrin ləğv edilərək onunla yeni müqavilələrin bağlanması” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2741/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4532/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2741/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin mümkünlüyünə (icraata qəbuluna) yenidən baxılması üçün mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(003)- 2741/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 İB və "xxxx" ASCyə qarşı “müqavilələrin ləğv edilərək onunla yeni müqavilələrin bağlanması” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini belə izah etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı bununla bağlı iddia ərizəsinə heç bir sənəd əlavə etməmişdir. Həmçinin İddiaçı cavabdehlər Cavabdeh1 İB və "xxxx" ASC-yə qarşı yönəltdiyi tələblər bir biri ilə əlaqədar deyil. İddiaçının cavabdehlərə qarşı iddia tələbləri bir-biri ilə əlaqədar deyildir. Çünki iddiaçı bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. Ona görə də qeyd edilən cavabdehlərə qarşı iddia tələbləri birlikdə baxılıb həll edilməməlidir. Həmin qərardaddan İddiaçı şikayət verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(003)-2741/2025 saylı qərardadını ləğv edib, mülki işin icraata qəbul edilməsi barədə iş üzrə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı və təbii inhisar subyektlərinə qarşı işlər üzrə iddiaçının pretenziya qaydasında müraciət etməli olması nəzərdə tutulmamışdır. Məhkəmə iddia ərizəsini diqqətlə yoxlamadan və Ali Məhkəmənin Plenum Qərarını nəzərə almadan mübahisə predmetinin inzibati məhkəməyə aiddiyətinin olmamasına hüquqi qiymət verməmişdir. Bakı şəhəri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2(003)-2741/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Mübahisələndirilən qərardaddan göründüyü kimi məhkəmə elektron qaydada daxil olmuş iddia ərizəsinin geri qaytarılmalı olmasını, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməməsi ilə əsaslandırmışdır. Halbuki məhkəmə müvafiq qərardada əsasən işə mahiyyəti üzrə baxmayan hakim tərəfindən iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməməsinə istinad etsə də, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı və təbii inhisar subyektlərinə qarşı işlər üzrə iddiaçının pretenziya qaydasında müraciət etməli olması nəzərdə tutulmamışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 26-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Görünür ki, məhkəməyəqədər məcburi pretenziya proseduru nəzərdə tutulmur. Qanunda bu sahədə pretenziya prosedurunun tətbiqi ilə bağlı heç bir məcburi norma mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə İddiaçı mübahisələndirilən müqavilələr üzrə tərəf qismində çıxış etmir. Məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin qərardadında qeyd etdiyi digər məsələyə-cavabdehlərin müxtəlif ünvanlarda qeydiyyatda olduğundan iddiaçının həmin ərazilər üzrə məhkəmələrə müraciət etməsinə münasibətdə hesab edir ki, iddiaçı MPM-nin 36.9-cu maddəsinin tələblərinə uyğun olaraq (İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər) hazırki iddia tələbini öz yaşadığı yerə görə verə bilər. Nəzərə almaq lazımdır ki, məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olmaqla, hər bir kəsin məhkəməyə çatımlıq, hüquq və azadlıqların məhkəmə qaydasında təminatına imkan hüququdur. Bu imkanın hər hansı formal əsaslarla məhdudlaşdırılması həmin hüququn əsassız pozuntusuna gətirib çıxarar, həm də məhkəmələrin lüzumsuz yüklənməsinə şərait yaradar. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Odur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(003)-2741/2025 saylı qərardadı ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(003)- 2741/2025 saylı qərardadı ləğv edilsin. İddiaçı cavbdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilələrin ləğv edilərək onunla yeni müqavilələrin bağlanması” tələbinə dair iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar