Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6256/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 10 saylı Notariat ofisi, X6 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6256/2025 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 10 saylı Notariat ofisi, X6 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3505/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində birinci icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ ilə mərhum babası X7 məxsus olmuş və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsində yerləşən 1 saylı fərdi yaşayış evinin paylı mülkiyyət əsasında ona məxsus olan 1/4 pay hissəsi ilə bağlı cavabdeh ilə onun arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 10 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 3M-110 nömrə altında qeydə alınmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun xx.xx.1991-ci il tarixdə vəfat etmiş babası X4 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi miras əmlakı olaraq qalmışdır. xx.xx.2020-ci il tarixdə həmin fərdi yaşayış evinə 10 saylı notariat kontorunda reyestrdə 2V-125 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik haqda Şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş 39oz/y saylı reyestr kitabının 6016-cı səhifəsində 30/6016 sayı ilə qeydə alınmış MH 105231 saylı Qeydiyyat vəsiqəsinə və AR ƏMDK DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 06A4/894 saylı arayışa əsasən mərhum X7 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsində yerləşən ümumi sahəsi 60,2 kv.m., o cümlədən yaşayış sahəsi 36.9 kv.m., yardımçı sahəsi 23.3 kv.m olan 3 (üç) otaqlı 1 saylı fərdi yaşayış evindən və ümumi sahəsi 55.8 kv.m olan həyətyanı tikililərdən ibarət olmuşdur. Həmin Şəhadətnamə üzrə qeyd olunan miras əmlakında cavabdeh bibisi Cavabdeh payı 1/2 hissədə, atası X8 vəfat etdiyi üçün ona çatası 1/2 payın 1/4 hissəsində iddiaçının, 1/4 hissəsində isə bacısı X3 payı müəyyən olunmuşdur. Notariat ofisində vərəsəlik işi rəsmiləşdirilən gün bibisi iddiaçını razılığa gətirdi ki, evə bir Çıxarış alaq satanda da rahat olsun ki, hər kəs öz payını deyil, bir əldən satsınlar. Təbii ki, paylı mülkiyyətdə olan əmlakı almaqda hər kəs maraqlı olmadığı üçün belə bir qərar vermişlər. Elə həmin gün notariat ofisində bibisi ilə iddiaçıya məxsus payın bibisinə bağışlamaq müqabilində gələcəkdə ev satıldıqdan sonra iddiaçının payına düşən hissədəki məbləğdə iddiaçıya ev alınması, bu olmadıqda həmin paya müvafiq satış məbləğinin iddiaçıya ödənilməsi, yaxın müddətdə ev satılmadıqda isə payının iddiaçıya geri qaytarması barədə razılığa gəlmişdir. Evi tezliklə satdıqdan sonra isə payının dəyərində ya iddiaçıya ayrıca ev alınsın, ya da payına uyğun pul verilsin. Lakin artıq 3 ildən çox vaxt keçməyinə baxmayaraq bibisi tərəfindən nə evin satılması, nə də payının iddiaçıya geri qaytarılması baş verməmişdir. İddiaçı dəfələrlə bibi ilə əlaqə saxlamağa çalışsa da təəssüf ki, onunla görüşməsi mümkün olmamışdır. Bu günlərdə isə iddiaçı məlum olmuşdur ki, bibisi bacı ilə razılığa gəlmək, evin onların ikisinin arasında natura bölgüsünə nail olmaq niyyətindədir. İddiaçı olduqca ağır maddi vəziyyətdə yaşayan bir insandır. İddiaçı bu evdə illərdir yaşayır, bu ev iddiaçının baba, ata evidir. İddiaçının bu evdən başqa heç bir evi, başqa əmlakı olmamışdır.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-3505/2024 nömrəli, 21 oktyabr 2024-cü il qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia tələbi təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 340, 354, 1292-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətlərinin dəlilləri
5. İddiaçı apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdeh X1 nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir.
d) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1462/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfin bildirdiklərindən, iş üzrə tərəflərin miras əmlakı “bir əldən” satıb, satışdan gələn vəsaiti bölmək üçün bu əqdi bağlamağa razılaşdıqlarını, yəni iddiaçının belə bir niyyətinin olduğunu müəyyən etmək mümkün deyil. Eyni zamanda, iddiaçının nümayəndəsi cavabdehin “tərəflərin əsl niyyətinə” çatması üçün evi satmaqdan yayındığını, bununla da əsassız varlandığını əsas gətirsə də, əksinə məhkəmə prosesi gedişatında cavabdehin çıxış yolu tapmaq üçün (əmlakı naturada bölmək və sataraq payları bölmək və s.) iddiaçı və digər payçı olan iddiaçının bacısı Yelena Hüseynova ilə əlaqəyə girmək istədiyi, lakin qarşı tərəfin bundan boyun qaçırdığı müşahidə edilmişdir.
10. İddiaçının, ümumiyyətlə, miras payı bağışlama müqaviləsini imzalamasından xəbərdar olmamasına, onun sənədləşmə işləri ilə bağlı etibarnamə verməsini düşünməsinə münasibətdə isə məhkəmə vurğulamışdır ki, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Lakin bu kimi sübutlar iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir.
e) Kassasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-2655/2025 saylı qərarı ilə (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), İspəndiyar Şəfiyev və Əhməd Əhmədov) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (103)-1462/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
13. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...həm iddiaçının, həm də cavabdehin mövqeyindən aydın olur ki, mübahisəli ev iddiaçının yeganə yaşayış yeridir, bağışlama əslində ümumi əmlakda iddiaçının pay hissəsinin qorunmasının təmin edilməsi ilə bağlı olmuş, çünki mirasın qəbulu zamanı iddiaçının bacısının həmin əmlak hissəsini öz payına daxil etmək niyyəti olmuşdur. İşin digər halları ilə müəyyən olunur ki, cavabdeh paylı mülkiyyətin ¾ hissəsinin mülkiyyətçisidir, o, həmin payın ayrılması üçün ayrıca icraatda tələb irəli sürmüşdür. Belə tələbin irəli sürülməsini isə mövcud olan tikilinin sökülərək, payına uyğun ayrılacaq hissədə yeni ev tikilməsi ilə əlaqələndirmişdir. İddiaçının mövqeyindən isə aydın olur ki, cavabdehin bu iddiasından sonra baxılan iş üzrə iddia tələbi irəli sürmək məcburiyyətində qalmışdır. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr, Mülki Məcəllənin 340.2-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtlərinin baxılan işə tətbiqinin mümkünlüyünü yoxlasa da, həmin maddənin 1-ci hissəsinin dispozisiya şərtləri əsasında həll yoxlanmamışdır. İşə yenidən baxan apellyasiya məhkəməsi nəzərə almalıdır ki, etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4). ...”
d) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.
19. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
20. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
21. Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
22. Maddə 340.2.Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
23. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
24. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
25. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
26. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Kollegiya tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir.
35. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və bu da qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır.
36. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
37. İşin faktiki halı ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında Miras payın bağışlanma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2V-125 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən vərəsəlik yolu ilə ona çatası payı cavabdehə bağışlamışdır. Hazırda İddiaçı sözügedən müqavilənin etibarsız hesab olunması və onun hüquqi nəticələrinin ləğv edilməsini istəyir. Cavabdeh isə iddia tələbini qəbul etmir və etirazını onunla əsaslandırır ki, tərəflər arasında notarial qaydada imzalanmış müqavilə var, notariusda hansı müqaviləni imzaladığı və bunun nəticələri ona izah edilmişdir. İddiaçı bacısına güvənmədiyi üçün özünə çatası miras payı ona bağışlamışdır.
38. Kollegiya ilk növbədə kassasiya instansiyası məhkəməsinin də göstərişlərini nəzərə alaraq qeyd edir ki, hazırki işin mahiyyətindən də göründüyü kimi iddiaçı cavabdehlə onun arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və onun nəticəsində həmin müqavilə əsasında hədiyyə verdiyi pay hüququnu geri almaqla ona miras qalmış əmlakla bağlı pozulmuş mənafelərini müdafiə etmək niyyətindədir. Bu isə o deməkdir ki, tələb əqdin etibarsızlığı ilə bağlı olsa da, bu etibarsızlığın nəticəsində mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması baş tutacaqdır. Odur ki, kollegiyanın qənaətinə görə hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir.
39. İddianın mahiyyəti üzrə əsaslılığına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir.
40. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, notariat qaydasında bağlanmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Hazırki işdə isə miras payın bağışlanması müqaviləsinin başqa əqdi pərdələmək üçün bağlanan yalan əqd olması, eləcə də həmin müqavilənin aldatma yolu ilə bağlanması məhkəmə iclasında təsdiqini tapmamış, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsi zədələnməmişdir.
41. Kollegiya rayon məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bu isə onu deməyə əsas verir ki, bağışlama həyata keçirən şəxs hansısa əvəz gözləmədən özünə məxsus əmlakı digərinə verir və bu halda hardasa o nəticəyə gəlmək olur ki, həmin əmlak ona lazım deyil və ya onun olması başlıca zərurət təşkil etmir. Hazırki işin isə hallarından və hər iki tərəfin izahatlarından təkzibolunmaz formada görünür ki, mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olmaqla cavabdeh tərəfindən öz maddi durumuna görə hətta “dilənçi” kimi adlandırılmışdır və bu halda iddiaçının mübahisəli əmlak üzərindəki pay hüququnu və bu hüquqdan irəli gələn bütün mülkiyyət hüquqlarını heç bir qarşılıq gözləmədən cavabdehə verməsi, bu halda həmin əmlakdan istifadəyə dair hansısa xüsusi razılaşmanın mövcud olmaması müqavilənin, həqiqətən də, bağışlama niyyəti ilə həyata keçirildiyini ciddi şübhə altına alır. Hətta iş materiallarındakı birinci instansiya məhkəməsinin iclas protokollarından da görünür ki, cavabdeh öz izahatında “Mən dəfələrlə Ruslan və Yelenaya dedim ki, gəlin, birlikdə söhbət edək. Biz birlikdə yaşaya bilməyəcəyiksə, gəlin əmlakı sataq, hər kəs öz payını götürsün. Ruslan da buna görə payını mənə verdi”. Qeyd edilənlər də ilkin olaraq onu deməyə əsas verir ki, bağışlama, əslində, ümumi əmlakda iddiaçının pay hissəsinin qorunmasının təmin edilməsi ilə bağlı olmuş, çünki mirasın qəbulu zamanı iddiaçının bacısının həmin əmlak hissəsini öz payına daxil etmək niyyəti olmuşdur.
42. Bundan başqa, iş materiallarında olan səs yazısının tədqiqi zamanı müəyyən edilir ki, cavabdeh “Siz bu evlə nə etmək istəyirsiniz? Mən 3 variant təklif edirəm. Birinci, biz evi birlikdə satırıq, mən Ruslanın payını verirəm, hansı ki, o mənə vermişdi, bu mənə lazım deyil. İkincisi, mən öz payımı ayırıram. Üçüncüsü, məhkəməyə müraciət edirəm və bu zaman sizin razılığınız və qərarınız olmayacaq, qərar verin, sonra deməyin ki, mən sizi xəbərdar etmədim” kimi ifadələr səsləndirmiş, bununla da iddiaçının öz payını müvəqqəti ona verdiyini və bir sıra üsullarla həmin payın ayrılması ilə bağlı təkliflərini dilə gətirmişdir.
43. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
44. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim olunan səs yazıları tərəflər arasında olan razılaşma ilə bağlı olduğundan və həmin razılaşmanın təsdiqi ilə bağlı məlumatları özündə əks etdirdiyindən, sözügedən səs yazıları hazırki iş üzrə sübut qismində qiymətləndirilərək cavabdehlə iddiaçı arasında, həqiqətən də, bağışlama müqaviləsi adı altında digər bir razılaşmanın nəzərdə tutulduğunu və nəticədə iddiaçının həmin əqdi bağlayarkən öz gözlədiyi nəticələri almadığını deməyə əsas verir.
45. Kollegiya vurğulayır ki, etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
46. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli əmlakla bağlı bağlanılan bağışlanma müqaviləsi uydurma olduğundan əhəmiyyətsiz əqd hesab olunmaqla bağlandığı andan etibarən etibarsız sayılmalıdır. Nəticədə apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iddia təmin edilməlidir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
48. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, iddia ərizəsinin və iddiaçı tərəfindən verilən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3505/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsində yerləşən 1 saylı fərdi yaşayış evinin paylı mülkiyyət əsasında İddiaçı məxsus olan 1/4 pay hissəsi ilə bağlı Cavabdeh ilə onun arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 10 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 3M-110 nömrə altında qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə cavabdeh X2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarış və onun əsasında aparılmış dövlət qeydiyyatı ləğv edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının dəyəri, cəmi 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov