Məhkəmə qərarları › İş №2(103)-6261/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6261/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6261/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 09 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ona məxsus “Mercedes Benz S350d minik” markalı, 10- BH-111 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixli sığorta şəhadətnaməsi əsasında "xxxx" ASC-də sığortalanmışdır. 23 oktyabr 2024-cü il tarixində Bakı şəhərində intensiv yağış yağan günü İddiaçı ona məxsus “Mercedes Benz S350d minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili Böyükşor-Pirşağı magistral avtomobil yolunda idarə edərkən, güclü yağan yağış nəticəsində daxilinə xeyli su yığılmış tunelə daxil olmuş və həmin su avtomobilin mühərrikinə dolmaqla, mühərriki və digər hissələri zədələmişdir. Bununla da iddiaçının nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Qeyd olunan hadisə ilə əlaqədar iddiaçı cavabdeh şirkətə müraciət etsə də, cavabdeh hadisənin sığorta hadisəsi olmadığını bildirərək, sığorta məbləğini ödəməkdən imtina etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Mercedes Benz S350D minik” markalı **-BH-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə təbii fəlakət nəticəsində dəymiş 11.940 manat maddi və ona dəymiş 1.000 manat mənəvi ziyanın cavabdeh "xxxx" ASC-dən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz S350D minik” markalı 10- BH-111 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi onun mülkiyyətindədir. O, qeyd edilən nəqliyyat vasitəsini xx.xx.2024-cü ildə "xxxx" ASC ilə bağlanmış müqaviləyə əsasən tam olaraq sığortalamışdır. 23 oktyabr 2024-cü il tarixində Bakı şəhərində yağan intensiv yağışların nəticəsində avtomobil yollarını və tunellərini su basmış və gölməçələr yaranmışdır. O, 23 oktyabr 2024-cü ildə qeyd edilən nəqliyyat vasitəsi ilə təzə inşa edilmiş Böyükşor – Pirşağı avtomobil yolunda hərəkətdə olarkən tunellərin birindən keçərkən geriyə dönmə mümkünsüz olduğundan orada yaranmış gölməçədən keçmək məcburiyyətində qalmışdır. Bunun nəticəsi olaraq nəqliyyat vasitəsinin mühərrik hissəsinə su daxil olmuş və mühərrikdə və digər hissələrdə nasazlıq yaranmışdır. Bundan sonra o, sığortaçıya dərhal məlumat vermiş və onlar iddiaçıya məxsus maşının onlara xidmət göstərən servisə evakuator vasitəsi ilə aparmalı olduğunu dedilər. Buna əsasən o, evakuator vasitəsi ilə avtomobilini sığortaçıya məxsus texniki təmir servisinə aparmış və orada maşına baxış keçirərək ona məlumat verəcəkləri deyildi. Lakin, üstündən bir müddət keçdiyindən iddiaçı onlardan avtomobilinin təmir edilməsini tələb edəndə, avtomobili ona geri qaytarıldı və 8986/c saylı 18 noyabr 2024-cü il tarixli imtina məktubu ona təqdim edildi. İmtinanın əsası kimi isə guya onun qəsdən nəqliyyat vasitəsini su gölməçəsinə salaraq nasazlıq yaratdığı göstərildi. O, bunu qəbul etmir və hesab edir ki, cavabdeh bu qanunsuz və əsassız imtina cavabı ilə təbii fəlakət nəticəsində dəymiş maddi ziyanı qarşılamaqdan boyun qaçırmaq istəyir və bunun nəticəsində onun hüquqlarını kobud şəkildə pozur. Bundan sonra o, dəfələrlə nəzarət orqanı Mərkəzi Banka şikayət ünvanlasa da, hər-hansı bir cavab ala bilmədiyindən və çıxılmaz vəziyyətdə qaldığından nəqliyyat vasitəsini öz hesabına təmir etdirmək məcburiyyətində qalmışdır. Ona avtoservis tərəfindən təqdim edilmiş qüsur aktına əsasən avtomobilinə dəymiş ziyan 11.940 manat təşkil etmiş və o, həmin pul vəsaitini ödəyərək nəqliyyat vasitəsini təmir etdirmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1724/25 saylı iş üzrə 03 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Musayeva) iddia tələbi qismən təmin edilmiş, dəymiş zərərə görə 11.625 (bir on bir min altı yüz iyirmi beş) manat məbləğində sığorta pulu, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 300 (üç yüz) manat və 150 (bir yüz əlli) manat ekspertiza xərcinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə hadisənin sığorta hadisəsi olub-olmaması ilə bağlı qeyd edir ki, hadisə baş verən zaman yəni, 23 oktyabr 2024-cü il tarixində Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində şəhərin bir çox yollarının sıradan çıxdığı, tunellərə xeyli su dolaraq yararsız hala düşməsi və hətta tunelə su dolması nəticəsində su altında qalaraq insan həyatının belə itirilməsi ilə nəticələnməsi hamıya bəlli olan haldır. Bu zaman kəsiyində hər kəsin gündəlik istifadə etdiyi magistral yolla (magistral yolda sürət həddinin 90-110 km/saat olması nəzərə alınmaqla) hərəkət edərkən tuneldə maşının mühərrikinə su dolmaqla sıradan çıxması hər gün baş verəcək bir hadisə deyildir. Bu halın iddiaçının əvvəlcədən güman etməli olduğu bir hal olmasını məhkəmə ağlabatan hesab etmir. Bu səbəbdən də qeyd olunan hadisə sığorta hadisəsi hesab edilməlidir. Cavabdehin avtomobilin qayıq olmaması və buna görə də gölməçəyə daxil olmamasına dair dəlili ilə bağlı məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, şəhərin yeni istifadədə verilmiş yolunda (tunel hissəsində) əmələ gəlmiş gölməçə coğrafi məkan olaraq qapalı su hövzəsini ehtiva edən göl anlayışının əhatəsinə daxil deyil. Bu baxımdan quru nəqliyyatı vasitəsi olan avtomobilin şəhər yollarında yağış nəticəsində əmələ gələn gölməçəni keçməsini su nəqliyyatı vasitəsi olan qayığın göldə hərəkəti ilə eyniləşdirmək məntiqə uyğun deyil. Habelə sığorta hadisəsindən zərərçəkmiş şəxsin zərərin məbləğini azaltmağa yönələn hərəkətləri bağlı məhkəmə qeyd edir ki, iddiaçının avtomobilinin dəyərini və onu məhz tam sığorta həddində sığortalaması şəxsin heç də öz əmlakına qarşı biganə olmadığını deməyə əsas verir. Dəymiş zərərin məbləği bağlı məhkəmə onu qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində İddiaçı məxsus “Mercedes Benz S350d minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 11.625 manat təşkil etdiyi müəyyən edilmişdir. Bununla da məhkəmə qeyd olunan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğunu əsaslı hesab edir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884.1, 922, 926.1, 926.2, 933.1-ci və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6, 63.1, 63.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İ-MİC-4826/24 nömrəli sığorta müqaviləsində təminata daxil edilən sığorta riskləri sadalanmışdır. Lakin Nəsimi rayon Məhkəməsi öz qətnaməsində hətta hadisənin hansı sığorta riskinin təsir dairəsinə düşə biləcəyi barədə düşünməmiş, hüquqi əsası olmayan mücərrəd mülahizələrlə kifayətlənmişdir: “Bu zaman kəsiyində hər kəsin gündəlik istifadə etdiyi magistral yolla hərəkət edərkən tuneldə maşının mühərrikinə su dolmaqla sıradan çıxması hər gün baş verəcək bir hadisə deyildir. Bu halın iddiaçının əvvəlcədən güman etməli olduğu bir hal olmasını məhkəmə ağlabatan hesab etmir. Bu səbəbdən də qeyd olunan hadisə sığorta hadisəsi hesab edilməlidir”. Vurğulamaq istəyirik ki, iddia olunan hadisə İ-MİC-4826/24 nömrəli sığorta müqaviləsi ilə təminata daxil edilən hər hansı sığorta riskinin təsir dairəsinə belə düşmür. Əksinə, mövcud olan sübutların kompleks təhlilinə əsasən İddiaçı: • Su gölməçəsini əvvəlcədən müşahidə etmişdir; • Təhlükənin fərqində olmuşdur; • Buna baxmayaraq, hərəkətini davam etdirmişdir; • Avtomobili su gölməçəsinə daxil etmişdir; • Bununla da avtomobilin zədələnməsinə səbəb olmuşdur. Yəni hadisənin təsadüfi xarakter daşımadığı, iddiaçının su gölməçəsini əvvəlcədən müşahidə etməsi, buna rəğmən hərəkətini davam etdirməsi sübut edilir. Hər hansı hadisənin “sığorta hadisəsi” hesab olunması üçün “təsadüfilik” əlaməti mövcud olmalıdır, bu hadisə isə təsadüfi xarakter daşımaqdan çıxaraq iddiaçının hərəkəti nəticəsində baş vermişdir. İddiaçının davranışı“sadəcə riskli davranış” deyil, zərərin bilavasitə səbəbidir. Yağış su gölməçəsinin yaranmasına şərait yaratsa da, məhz iddiaçının davranışı zərərin yaranmasında mütləq amildir. Qeyd edir ki, sığortaçı Mülki Məcəllənin 935.1.2-ci maddəsi ilə deyil, Mülki Məcəllənin 935.1.4-cü maddəsi ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir. 935.1.2-ci maddədən fərqli olaraq, 935.1.4-cü maddəyə əsasən sığortalının qəsdi hadisənin baş verməsinə münasibətdə deyil, əmlaka dəyən zərərin qarşısını almamağa münasibətdədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına əsasən “qəsd” elementi “şüurlu davranışı” ehtiva edir. İddiaçı hadisənin və zərərin qarşısını almaq iqtidarında olmasına baxmayaraq, şüurlu surətdə bunu etməmiş, hərəkətini davam etdirmişdir. Nəsimi Rayon Məhkəməsi qeyd edir ki, iddiaçının avtomobilini tam sığorta həddində sığortalaması şəxsin heç də öz əmlakına qarşı biganə olmadığını deməyə əsas verir. Amma və lakin şəxsin avtomobilinin sığortalanmış olmasını bilməsi onu “nəsə olsa, sığortaçı qarşılayacaq” məntiqi ilə hərəkətini davam etdirməsinə təkan yaradan əsas amillərdən biri qismində çıxış edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən, sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3-cü maddəsinə əsasən, icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

10. Apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının yolun su yığılan hissəsindən keçməsi onun avtomobilə qəsdən ziyan vurmaq istəyinin olduğunu sübut etmir.

11. Məhkəmə kollegiyası hadisənin sığorta hadisəsi olub-olmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin bununla bağlı dəlilinə münasibətdə qeyd edir ki, hadisə baş verən zaman yəni, 23 oktyabr 2024-cü il tarixində Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində şəhərin bir çox yollarının sıradan çıxdığı, tunellərə xeyli su dolaraq yararsız hala düşməsi və hətta tunelə su dolması nəticəsində su altında qalaraq insan həyatının belə itirilməsi ilə nəticələnməsi hamıya bəlli olan haldır. Bu zaman kəsiyində hər kəsin gündəlik istifadə etdiyi magistral yolla (magistral yolda sürət həddinin 90-110 km/saat olması nəzərə alınmaqla) hərəkət edərkən tuneldə maşının mühərrikinə su dolmaqla sıradan çıxması hər gün baş verəcək bir hadisə deyildir. Bu halın iddiaçının əvvəlcədən güman etməli olduğu bir hal olmasını Kollegiya ağlabatan hesab etmir. Bu səbəbdən də qeyd olunan hadisə sığorta hadisəsi hesab edilməlidir. Cavabdehin avtomobilin qayıq olmaması və buna görə də gölməçəyə daxil olmamasına dair dəlili bağlı məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, şəhərin yeni istifadədə verilmiş yolunda (tunel hissəsində) əmələ gəlmiş gölməçə coğrafi məkan olaraq qapalı su hövzəsini ehtiva edən göl anlayışının əhatəsinə daxil deyil. Bu baxımdan quru nəqliyyatı vasitəsi olan avtomobilin şəhər yollarında yağış nəticəsində əmələ gələn gölməçəni keçməsini su nəqliyyatı vasitəsi olan qayığın göldə hərəkəti ilə eyniləşdirmək məntiqə uyğun deyil.

12. Habelə, sığorta hadisəsindən zərərçəkmiş şəxsin zərərin məbləğini azaltmağa yönələn hərəkətləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının avtomobilinin dəyərini və onu məhz tam sığorta həddində sığortalaması şəxsin heç də öz əmlakına qarşı biganə olmadığını deməyə əsas verir

13. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, həmin yolda “avtomobillərin hərəkəti qadağandır, yol təhlükəlidir” yol nişanları olmamışdır. Adi qaydada digər avtomobillər də hərəkət etmiş və yolda nasazlığa görə dayanan hər hansı digər avtomobil də olmamışdır. Yəni, cavabdeh o vaxt haqlı olardı ki, avtomobilin oradan keçə bilməyəcəyinə dair iddiaçıda kifayət qədər məlumat olsun, lakin buna baxmayaraq yenə də iddiaçı həmin yoldan keçməyə cəhd etsin.

14. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.

15. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

17. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

18. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 03 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar